Bu məşhur zəncinin qeyri-adi həyatı, düzünə qalsa, onun ölümüylə başlayıb - daha doğrusu, onun həyatındakı ən həyəcanlı hadisələr o, birinci dəfə öləndən sonra baş verib. O vaxta qədər onun haqqında heç nə məlum deyildi, amma sonra onun haqqında çoxlu xəbər eşitməyə başladıq; onun haqqında təkrar-təkrar eşidirdik. Onun karyerası o qədər heyrətamizdir ki, həyatını yazmaqla bioqrafik ədəbiyyatımıza töhfə vermək qərarına gəldim. Buna görə də inandığım mənbələrdən topladığım materialları kütlənin ixtiyarına verirəm. Bütün şübhə doğuran materialları gözümü qırpmadan sildim, çünki bu yazını ölkəmizin məktəblərinə dərs vəsaiti kimi verməyə hazırlaşıram.
Vaşinqtonun məşhur nökərinin adı Corc idi. Öz dahi ağasına yarım əsr cani-dildən qulluq etmişdi, onun inamını və etibarını qazanmışdı və nəhayət, axırıncı borcunu da yerinə yetirərək sevimli ağasını Potomak çayının sahilindəki tənha məzara tapşırmışdı. On ildən sonra - 1809-cu ildə illərin bəxş etdiyi yaş və mükafatlarla zənginləşmiş Corc özü də ölüb onu tanıyanların hamısını dərdə saldı. Boston "Qəzet"i bu barədə yazırdı:
"Dördüncü gün Virciniya ştatında, Riçmondda mərhum Vaşinqtonun nökəri Corc 95 yaşında vəfat edib. Sonuncu dəqiqəsinə qədər ağlı və yaddaşı yerindəydi. Corc vaxtikən Vaşinqton ikinci dəfə prezident postunu qəbul edəndə və onun dəfn mərasimində iştirak etmişdi və hər iki əlamətdar hadisəni xırdalıqlarına qədər xatırlayırdı".
O vaxtdan 1825-ci ilin mayınadək, Corc ikinci dəfə vəfat edənə qədər onun haqqında heç kim heç nə eşitmədi. Filadelfiya qəzeti bu kədərli hadisəni belə şərh edirdi:
"Keçən həftə Corciya ştatında, Meykonda general Vaşinqtonun sevimli nökəri zənci Corc heyrətamiz yaşda - 95 yaşında vəfat edib. Ömrünün axırına qədər yaddaşı yerindəydi və Vaşinqtonun ikinci dəfə prezident seçilməsini, onun həyatını və ölümünü, Kornvallisin məğlubiyyətini, Trenton döyüşünü, Velli-Fordeddəki hadisələri və s. yaxşı xatırlayırdı. Bütün Meykon əhalisi mərhumu son mənzilə qədər müşayiət elədi".
1830, 1834 və 1836-cı illərdə bu oçerkin qəhrəmanının adı Dörd iyul münasibətilə nitq söyləyən natiqlərin dilindən eşidildi, 1840-cı ilin noyabrında isə Corc yenə öldü. Sent-Luisdə çap olunan "Repablik" qəzetinin həmin ayın 25-də çap olunan nömrəsində bu barədə yazılmışdı:
"İnqilabın daha bir veteranını itirdik
Dünən şəhərimizdə, cənab Con Levenvortun evində bir vaxtlar general Vaşinqtonun sevimli nökəri olmuş Corc 95 yaşında vəfat etdi. Öldüyü saata qədər yaddaşı aydın idi və Vaşinqtonun birinci və ikinci dəfə prezident seçilməsini, həmçinin ölümünü və dəfnini, Kornvallisin məğlubiyyətini, Trenton və Monmaute döyüşlərini, Velli-Fordj hadisələrini, Azadlıq bəyannaməsinin elanını, Patrik Henrinin Virginiya deputatlar palatasındakı çıxışını və uzaq keçmişin başqa həyəcanverici hadisələrini xırdalıqlarına qədər xatırlayırdı. Bir çox ağdərilinin dəfnində heç bu qoca zəncinin dəfnində olan qədər adam olmamışdı. Onun üçün möhtəşəm dəfn mərasimi təşkil edilmişdi".
Növbəti on-on bir il ərzində oçerkimizin qəhrəmanını ölkənin dörd bir tərəfində keçirilən Dörd iyul bayramlarında yad etdilər, natiqlər onun haqqında tərifli sözlər söylədi. Amma 1885-ci ildə o yenə öldü. Kaliforniya qəzetləri bu barədə yazırdı:
"Daha bir qoca qəhrəmanı itirdik
Martın 7-si Datç-Fletdə bir vaxtlar general Vaşinqtonun inanılmış nökəri olan Corc 95 yaşında vəfat etdi. Ölənə qədər ona xəyanət etməyən yaddaşının xəzinəsində çoxlu maraqlı hadisə yatırdı. O, Vaşinqtonun birinci və ikinci dəfə prezident seçilməsini, həmçinin onun ölümünü, Kornvallisin məğlubiyyətini, Trenton, Monmaute və Banker-Hill döyüşlərini, Azadlıq bəyannaməsinin elanını və Breddok məğlubiyyətini aydın şəkildə xatırlayırdı. Corcun Datç-Fletdə böyük hörməti vardı və təqribi hesablamalara görə, dəfnində təxminən on min nəfər iştirak edirdi".
Bu oçerkin qəhrəmanı axırıncı dəfə 1864-cü ilin iyununda öldü; ondan sonra daha bir xəbər çıxmadığına görə güman etmək olar ki, bu dəfə həmişəlik ölüb. Miçiqan qəzetləri bu kədərli hadisə haqqında yazırdı:
"Daha bir inqilab veteranını itirdik
Keçən həftə Detroytda 95 yaşlı patriarx, bir vaxtlar general Vaşinqtonun sevimli nökəri olan zənci Corc vəfat edib. Ölənə qədər yaddaşı aydın idi və Vaşinqtonun birinci və ikinci dəfə prezident seçilməsini, həmçinin onun ölümünü, Kornvallisin məğlubiyyətini, Trenton, Monmaute və Banker-Hill döyüşlərini, Azadlıq bəyannaməsinin elanını və ingilis kolonistlərinin gəlişini yaxşı xatırlayırdı. Onun böyük hörməti vardı və dəfni insan axınıyla müşayiət olunmuşdu".
Qoca və sadiq nökər artıq yoxdur! Təzədən dirilməyənə qədər bir də onu görməyəcəyik. Bu dəfə onun parlaq karyerası sona çatdı və o, istirahətə haqqı çatan adamlar kimi rahat uyuyur. Corc bütün mənalarda gözəl insan idi. Tarix hələ onun kimi adam tanımayıb, o, nə qədər çox yaşayırdısa, bir o qədər yaddaşı yaxşılaşır, itiləşirdi. Əgər bir də ölmək üçün yaşasaydı, onda Amerikanın kəşf olunmasını da xırdalığına qədər xatırlayardı.
Zənnimcə, Corcun burda təqdim etdiyimiz qısa bioqrafiyası əsas etibarilə həqiqidir, amma ola bilsin ki, arada iki dəfə gözdən iraq yerlərdə öldüyü üçün ölümü qəzetlərin nəzərindən yayınıb. Onun ölüm xəbərlərinin içində cəmisi bir dənə səhv tapdım və onu mütləq düzəltmək lazımdır. Bütün xəbərlərdə o, 95 yaşında ölür. Bu mümkün deyil. Bir yaşda cəmisi bir dəfə ölmək olar, uzaqbaşı iki dəfə, daha həmişəlik yox ki. Əgər 1864-cü ildə birinci dəfə öləndə 95 yaşı vardısa, onda axırıncı dəfə öləndə 151 yaşı olmalıydı. Amma bu yaş da Corcun yadında qalan hadisələrə cavab vermir. Axırıncı dəfə öləndə kolonistlərin gəlişini dəqiq xatırlayırdı, o hadisə isə 1620-ci ildə olub. Corc bu hadisənin şahidi olanda təxminən 20 yaşlarında olmalıydı, buna görə də ehtimal etmək olar ki, general Vaşinqtonun nökəri həmişəlik öləndə hardasa iki 260 - 270 yaşlarındaydı.
Oçerkimizin qəhrəmanının axırıncı dəfə öldüyündən və bir də dirilməyəcəyindən əmin olmaq üçün kifayət qədər vaxt keçməsini gözləyəndən sonra bu bioqrafiyanı çap etdirib ictimaiyyətin ixtiyarına verirəm.
P.S. Elə indicə qəzetlərdən öyrəndim ki, bu şərəfsiz qoca fırıldaqçı bu dəfə də Arkanzasda ölüb. Beləliklə, o, altıncı dəfə, bu dəfə də tamam başqa yerdə öldü. Artıq general Vaşinqtonun nökərinin ölüm xəbəri öz təsir qüvvəsini itirib, bu daha bizə maraqlı deyil, biz daha boğaza yığılmışıq, bəsdir. Bu yalançı qoca altı şəhərin əhalisini məcbur edib ki, onun üçün dəbdəbəli dəfn mərasimi təşkil etsinlər, hər şəhərdə də onu son mənzilə yola salan minlərlə adam bu şərəfə nail olduğu üçün özünü xoşbəxt hesab edib. Gəlin onu həmişəlik basdıraq. Gələcəkdə hansısa qəzet general Vaşinqtonun sevimli nökərinin öldüyünü dünyaya xəbər versə, onu şiddətlə qınayarıq.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!