Kalmık yazıçısı Rimma Xaninovanın “Geryuş” nağılı - Tərcümə

 

O, alaçıqda hardansa birdən-birə peyda oldu. Əvvəlcə gözə dəymirdi, eşidilmirdi, belə ki, yalnız inandığı adamların gözünə görünürdü. O isə yalnız uşaqlara inanırdı: uşaqlar xeyirxah olurlar, onu incitmirdilər, onun barəsində isə danışa bilmirdilər, çünki danışmağı bacarmırdılar.  Buna görə də çöl sakinini heç kim görmürdü və o yerini tez-tez dəyişir, bir yerdən başqa yerə köçürdü. Köçmək ona asan başa gəlmirdi - alaçıq ayrı-ayrı əşyalardan ibarət idi: keçələr, taxta barmaqlıqlar, ikilaylı qapıla, kəndirlər, yurd yerini əhatə edən digər yaşayış vasitələri və daha nələr... Bütün bu yaşayış vasitələrini dəvələrə, at arabalarına yükləyirdilər, uzun yol gedirdilər, sıxlaşa-sıxlaşa, səs-küylə gedirdilər. Yeni məskəndə kişilər hər şeyi boşaldır və təzədən qururdular, alaçıq da öz yeni gökəmini alırdı.

Bir dəfə o, üzücü köçdən sonra yorğun-arğın vəziyyətdə gözünü yummaq üçün sandığın içinə girdi. Bu dəfə yuxudan onu körpənin ağlamaq səsi ayıltdı. Hamı yatmışdı. Körpənin anası da ayıla bilməmişdi yuxudan. Buna görə də o, qarmaqdan asılmış taxta beşiyə sarı qaçdı, özünü beşiyin içinə saldı. Körpə ocağın kəsif işığında naməlum qonağı görüb qəflətən susdu.

- Mən səni görürəm, - körpə dedi.

- Əlbəttə, çünki bunu mən özüm istədim.

- Bəs sən kimsən?- körpə ağlamağını kəsib maraqla soruşdu.

- Geryuş*, - qonaq dedi. - Alaçığın ruhu.

- Bəs sən nə işlə məşğulsan?

- Evi qoruyuram. Yəni, "ger" ev deməkdi, elə buna görə də adım Geryuşdu.

- Məni də qoruyursan?- körpə maraqlandı.

- Bu alaçıqda kimlər yaşayırsa, hamını...

- Bəs necə qoruyursan? - körpə dinc durmadı, yuxudan qabaq ağzına alıb sorduğu quyruq yağını çıxartdı.

- Alaçığı və onun sakinlərini bütün bəlalardan və hücumlardan qoruyuram ki, onlar sağ- salamat olsunlar, dörd növdə saxladıqları mal-qara məhv edilməsin, çarpayılarda daha çox qız, ədyalların altında daha çox oğlan uşaqları yatsın, yaxşı qonaqlar kandardan içəri girəndə toz-torpaq olmasın.

- Hə, sənin çox işin var ki!- körpə rəğbət hissiylə dedi. - Özün isə lap balacasan. Neçə yaşın var?

- Bilmirəm. Amma mən də uşağam.

- Tək yaşayırsan, yoxsa ata-ana, bacı-qardaşların da var?

- Təkəm, hə, belə görünür...

- Hə, təklik pis şeydi, - körpə ah çəkdi. - Görürsən də, mənim alaçıqda və ondan kənarda nə qədər qohum-əqrabam var! Amma indi məni sakitləşdirməyə heç kim gəlmədi. Mənə bir beşik laylası oxu, yenə  yuxuya gedə bilim.

Geryuş vaxtilə alaçıqda eşitdiyi bir beşik laylasını xatırladı, başladı oxumağa, bildiyi kimi oxudu:"Lay-lay-laylay! Lay-lay..."

Az sonra körpə yuxuya getdi. Geryuş özü də beşikdə körpəylə birgə yatdı.

 

* Geryuş - "ger"(ev) sözündən və

"yuş" şəkilçisindən əmələ gəlmiş addır.

 

Tərcümə etdi: Kamran NƏZİRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!