Əsl həyatı, tərcümeyi-halı çoxlu sayda müqəddəs rəvayətlər içərisində görünməz olmuş, türkdilli təsəvvüf poeziyasının yaradıcısı, türk dünyasının ən böyük düşüncə ərənlərindən olan və Türküstan müdriki adlandırılan Xoca Əhməd Yasəvi (1093-1166), həmin dövrdə Qaraxanlılar dövlətinə daxil olan, indiki Çimkənd yaxınlığındakı Sayram şəhərində doğulub, məzarı isə Yasıda, indiki Türküstan şəhərindədir. Onun miras qoyduğu və müridləri tərəfindən "Divani-hikmət" adıyla tərtib edilmiş kitabı türkdilli müsəlman ədəbiyyatının ilk üç incisindən (Yusif xas Hacib Balasaqunlunun "Qutadqu biliq"i, Əhməd Yasəvinin "Divani-hikmət"i, Əhməd Yüqnəkinin "Atibətül-həqaiq"i) biridir. Qeyd edim ki, "Divanü lüğət-it türk"ün müəllifi Mahmud Kaşğari də bu üç nəhənglə eyni zamanda yaşayıb və biz inamla Qaraxanlılar zamanını Türk intibahı zamanı adlandıra bilərik.
Xoca Əhməd Yasəvi xalqa və müridlərinə söylədiyi hikmətlərində dönəminin din və mədəniyyət dili olan ərəb və fars dilindən deyil, anadili Türkcədən istifadə etmiş, Türkcəni bir elm, eşq və irfan dili halına gətirmişdir. Bu gün geniş bir coğrafiyada, Türkiyədə, Azərbaycanda, Özbəkistanda, Türkmənistanda, Uyğurustanda danışılıb yazılan ədəbi bir Türkcədən söz edilirsə, bunun banisi Xoca Əhməd Yasəvidir. Ondan sonra Oğuzlar arasında təşəkkül tapan ozan-aşıq ədəbiyyatı, bu günə qədər, Yunus Əmrədən başlamış, Zəlimxan Yaquba qədər Əhməd Yasəvi təməli üzərində dayanır. Yəni Piri-Türküstan Xoca Əhməd Yasəvi müsəlman Türk dünyasının mənəvi həyatında əsrlərlə təsiri davam edən bir Haqq müdrikidir. O, Türk dünyasında ilk dəfə müqəddəs kitabımız "Quran"dan və Hz. Peyğəmbərdən aldığı əsasları sevgi və bilgiylə yoğuraraq, aşıqlarımızın və şairlərimizin bu günə kimi gen-bol faydalandığı türk irfan ədəbiyyatının təməlini qoydu.
Sovetlər dönəmində Əhməd Yasəvi yasaq olunmuşlar sırasındaydı. Böyük mənada, Sovetlərin formalaşdırdığı təfəkkür indi də davam edir. Buna görə də bir çox Türk ulularının əsərləri hələ də xalqımıza təqdim olunmayıb.
Azərbaycanda Xoca Əhməd Yasəvinin şeirləri ilk dəfə Xalq yazıçısı Anar tərəfindən "1500 illik Oğuz şeiri" antologiyasında dərc edilib. "Divani-hikmət"in böyük bir qismi ilk dəfə 2004-cü ildə akademik Nizami Cəfərov tərəfindən kitab şəklində geniş ön sözlə nəşr edilib. Hər iki kitabda şeirlər qədim türkcədə, yəni çağdaş dilimizə tərcüməsi olmadan verildiyindən, geniş oxucu kütləsinin onları anlamaq imkanı olmayıb. Xoca Əhməd Yasəvi ilə bağlı Azərbaycanda ilk elmi konfrans isə mənim təşkilatçılığımla Mahmud Kaşğari adına Beynəlxalq Fond və Gəncliyə Yardım Fondu tərəfindən keçirilib. İndi də 9999 ərənin mürşidi, Piri-Türküstan Xoca Əhməd Yasəvinin ilahi şeirlərini poetik şəkildə müasir Azərbaycan türkcəsində səsləndirmək də mənim öhdəmə düşür. Orijinalın dili və ruhu mümkün olduğu qədər saxlanılıb.
Elxan Zal Qaraxanlı
Mən o (Hikmət-1)
Bismillah deyib hikmətimi bəyan etdim,
Taliblərə dürrü-gövhər saçdım, mən o.
Riyazəti möhkəm dartıb, qanlar udub,
Min dəftəri-sani sözin açdım, mən o.
Söz söylədim, hər kim olsa dıdartələb,
Canı cana peyvənd qılıb eylədim tab,
Qərib, fəqir, yetımlərin könlün alıb,
Könlü bütün xəlayiqdən qaçdım, mən o.
Harda görsən könlü sınıq, mərhəm olgil,
Hansı mazlum yolda qalsa, həmdəm olgil,
Ruzi-məhşər dərgahına məhrəm olgil,
Mənlik güdən xəlayiqdən qaçdım, mən o.
Qərib, fəqir yetımləri Rəsul sordu,
Həmin gecə Merac ilən Haqqı gördü,
Qayıdanda, yetimlərin halın sordu,
Qəriblərin izlərinə düşdüm, mən o.
Ümmət olsan qəriblərə tabi olgil,
Ayət, hədis hər kim desə, sami* olgil,
Rizqi-ruzı hər nə birsə, qane olgil,
Qanan olub şövq şərabın içtim, mən o.
Mədinəyə Rəsul varıb oldı qərib,
Qəriblikdə qəribsəyib oldu həbıb,
Cəfa çəkib, Yaradana könül verib,
Qərib olub mənzillərdən aşdım, mən o.
Aqil isən qəriblərin könlün ovla,
Mustafatək ellər gəzib yetim qovla,
Dünyapərəst nacinslərdən boyun tavla,
Oyun tavlar dərya olub daşdım, mən o.
Mövlam açan eşq qapısı mənə dəydi,
Torpaq qılıb, hazır ol deyib boynum əydi,
Yağmur təki, məlamətin oxu dəydi,
Oxu alıb ürək, bağrım deşdim, mən o.
Könlüm qatı, dilim açıq, özüm zalim,
"Quran" oxuyub əməl qılmaz saxta alim,
Qərib canı sərf eylədim, yoxdur malım,
Haqdan qorxub, od olmadan bişdim, mən o.
Altmış üçə yaşım yetdi, ötdüm qafil,
Haqq əmrini bərk tutmadım, özüm cahil,
Oruc, namaz qəza qılıb oldum kahil,
Yaman üçün yaxşılardan keçdim, mən o.
Va dirığa, eşq qədəhin canım içməz,
Əhlü-iyal xanimandan bütöv keçməz,
Suç və üsyan düyününü çözüb aşmaz,
Şeytan qalib, can verirkən çaşdım, mən o.
İmanıma çəngəl vurub etdi qəmnak,
Piri-muğan hazır ol deyib saçdı tiryak,
Şeytan ləin məndən qaçıb getdi bipak,
Bihəmdullah, nuri-iman saçdım, mən o.
Piri-muğan xidmətində yollar yordum,
Xidmət qılıb, göz yummadan hazır durdum,
Mədəd qildı, Əzazili qovub sürdüm,
Bundan sonra qanad çırpıb uçdum, mən o...
Xoca Əhməd qəflət ilə ömrün ötdü,
Vah nə həsrət, gözdən, dizdən qüvvət getdi,
Vah vəyləta, peşmanlığın vaxtı çatdı,
Bir əməlsiz karvan olub köçdüm, mən o.
Altmış üçdə girdim yerə (Hikmət-2)
Aya dostlar, qulaq verin dediyimə,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Merac vaxdı Haqq Mustafa ruhum gördü,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Haqq Mustafa Cəbrayıla etdi süal,
"Bu necə ruh, təndən öncə tapdı kamal,
Közü yaşlı, xalqa başdı, qəddi hilal,
Ol səbəbdən altmış üçdə girdim yerə...
Bir yaşımda ərvah mənə bir pay verdi,
İki yaşda peyğəmbərlər gəlib gördü,
Üç yaşımda Qırxlar gəlib halım sordu,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Dörd yaşımda Haqq Mustafa verdi xurma,
Yol görsətdim, yola girdi neçə gümrah,
Hara varsam Xızır Babam mənə həmrah,
Ol səbəbdən altmış üçdə girdim yerə...
Altı yaşda uzaq qaçdım xəlayiqdən,
Göyə çıxıb dərs öyrəndim məlayikdən,
Uzaq qaçdım bütün əhli - əlayiqdən,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Yeddi yaşda Arslan Babam məni tapdı,
Hər çür sirri pərdə ilə büküb yapdı,
Bihəmdullah, gördüm dedi, izim öpdü,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Səkkizimdə səkkiz yandan yol açıldı,
"Hikmət söylə" deyə-deyə nur saçıldı,
Bihəmdullah, piri-muğan mey içirdi,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Doqquzumda dolanmadım doğru yola,
Təbərrük deyib yol yürüdüm eldən elə,
Sevinmədim bu sözlərə, qaçdım çölə,
Ol səbəbdən altmış üçdə girdim yerə.
On yaşında oğlan oldun, Xoca Əhməd,
Xocalığa bina qoyub qılmaz ibadət,
Xocayam deyib yolda qalsan, vay, nə həsrət,
Ol səbəbdən altmış üçdə girdim yerə.
Camalını görərmiyim (Hikmət-7)
"Qul Hüvallah, sübhanallah"ı vird eyləsəm,
Bir və Var'ım, camalını görərmiyim?
Başdan ayağa hasrətində dərd eyləsəm,
Bir və Var'ım, camalını görərmiyim?
Əlli birdə çöllər gəzib çayır yedim,
Dağa çıxıb taət qılıb gözüm oydum,
Camalını görəmmədim, candan doydum,
Bir və Var'ım, camalını görərmiyim?
Əlli iki yaşda keçdim xanimandan,
Xanimanım nə görünə bəlkə candan,
Başdan keçdim, candan keçdim, həm imandan,
Bir və Var'ım, camalını görərmiyim?
Əlli üçdə vəhdət meyin ruzı qıldı,
Yoldan azan suçlu idim, yola saldı,
Allah dedim, ləbbeyk deyib əlim aldı,
Bir və Var'ım, camalını görərmiyim?
Şiri-Xuda Əlidir
(Hikmət-45)
Dördüncüsü yar olan şiri-Xuda Əlidir,
Həm Meracda var olan şiri-Xuda Əlidir.
Dediyi söz rəhmani, görsən üzü nurani,
Kafirlərin qıranı şiri-Xuda Əlidir.
Hümmət kəməri belində, Mövlam yadı dilində,
Zülfüqarı əlində şiri-Xuda Əlidir.
Minib çıxsa Düldülə, yerə düşər zəlzələ,
Kafirlərə vəlvələ şiri-Xuda Əlidir.
Düşmənlərə müqabil, oldı kafirə qatil,
Qılan batili zayil şiri-Xuda Əlidir.
Rəhmət qıla Bir və Var, hər nə etsə gücü var,
Xoca Əhmədə mədədkar şiri-Xuda Əlidir.
Səhər vaxtı olanda
(Hikmət-46)
Nə xoş dadlı Hu yadı, səhər vaxtı olanda,
Baldan şirin Hu adı səhər vaxtı olanda.
Səhər vaxtı durarlar, canın fəda qılarlar,
Eşq oduna yanarlar, səhər vaxtı olanda.
Səhər vaxtı xoş saat, duranda olar rahat,
Açılır dövlət, səadət, səhər vaxtı olanda.
Hər gün göynər bu canım, qulluqda yox dərmanım,
Canım ərşə dırmanır səhər vaxtı olanda.
İman şəmin yandıraq, ruh quşunu qaldıraq,
Xudamıza sığınaq səhər vaxtı olanda.
Göylərə qalxanda ah, günbəgün artır günah,
Əfv etsin bizi O Şah, səhər vaxtı olanda.
Xoca Əhməd saatı, bir zərrə yox taqəti,
Zikir canın rahatı səhər vaxtı olanda.
Nəsihət
Həqiqəti özlərlər, kəraməti gizlərlər,
Eşq ilə can gözlərlər, rəngi sarı dərvişlər.
Dünya mənim deyənlər, açık-saçık geyənlər,
Haram loxma yeyənlər, fəlakətə batmışlar.
Molla, müfdi olanlar, yalan fitva verənlər,
Ağa qara deyənlər, cəhənnəmə girmişlər.
Qazı, imam olanlar, haqsız dava qılanlar,
Haqq yolunu azanlar, yük altında qalmışlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!