Bizans şairi və romançısı, salnaməçisi, ömrünün sonuna yaxın isə Navpakt mitropoliti olan Konstantin Manassinin həyatı barədə ətraflı məlumatlar yoxdur. Onun 1130 - 1187-ci illərdə yaşadığı ehtimal edilir. Varlığının son dönəmini yaşayan Bizansın imperatoru I Manuil (1143-1180) dövründa yaşayıb-yaradan şair o dövrdəki müasirləri Feodor Prodrom və İohann Seslə bərabər əsasən əsilzadə-əyanların toplaşdığı, ekfrasis və monodiya kimi antik süjetlərə, klassik janrlara böyük maraq, canatım olan intellektuallar dərnəyinin üzvü idi.
Konstantin Manassinin günümüzə qədər gəlib çıxan əsas əsəri dünyanın yaranmasından III Nikifor Votaniatın (1081) şahlığına qədər olan dövrü əhatə edən, ümumi tarixi hadisələrin məcmusu olan "Tarix icmalı" (yaxud "Tarixi icmal", "Tarix") əsəridir. 6733 misradan ibarət əsər "siyasi şeir" formasında yazılıb. Bu poetik salnamədə eyni zamanda rus-bizans müharibəsindən də (970-971) bəhs edilir. Bizans poeziyasında və ədəbiyyat tarixində İohann Sesin əsərləri xaric, şeirlə yazılmış yeganə tarixi əsərdir "Tarix icmalı". XIV-XV əsrlərdə təkara böyük məşhurluq qazanan əsərin sonradan sərbəst nəsr formasında və xalq dilində olan versiyaları da yaranıb. Əsər bolqar, latın və başqa slavyan dillərinə tərcümə edilib.
1335-1345-ci illərdə Manassi salnamələrinin əski slavyan dilinə tərcüməsi yaranır və həmin nüsxəyə gözəl miniatürlər çəkilir ki, bu nüsxə də hal-hazırda Vatikan kitabxanasında saxlanılır.
İlk böyük xaçpərəst şahı Konstantinin dövranı
"Tarix icmalı" ("Manassi salnaməsi") əsərindən
Atası Konstantdan taxt-tacı miras alan Konstantin
İç savaşlardan parça-parça olmuş Romaya baxdı.
Nə çox hakim vardı - Maksimin, Severin, Maskensi.
Savaşla üzərinə getdi onların, zəfər qazandı, şahlığı aldı, möhkəmlətdi.
İsanın saf sürüsünə çobanlıq etdi, qorudu onları,
Onun dininə ürəkdən iman edən padşahların əvvəlincisi oldu.
Bütün yalançı məbədləri çökdürdü,
ellinlərin əcinnələr üçün qurban kəsdikləri qurbangahları,
murdar, iyrənc ayinlər keçirilən yerləri məhv elədi.
İsanın inancını dünyanın bir ucundan o biri ucuna yayan, faş edən
gümüş ağızlıqlı həqiqi şeypura çevrildi.
Şəhər salmaq eşqilə korların məskəni hesab edilən Xalkidona (müasir Kadıköy) getdi,
Oranı tikib-qurmağa başladı.
Elə bu vaxt böyük qanadlı quşlar gəldi,
Daşları götürüb gözə Vizantiyə (Bizansla qarışdırmamalı-tərc.) apardı.
Konstantin anladı ki, quşlar bunu öz istəyi ilə etmədilər,
Odur ki, şah bütün nəzərlərini ora yönəltdi, şöhrətli Vizanti şəhərinə.
Konstantin orda gözəl şəhər saldı, yeni Romanı. Basılmaz Roma, qocalmayan Roma,
həmişə cavanlaşan və dəyişən, zərif yellərin əsdiyi,
suların sahillərini yuduğu, Asiyanın dodaqlarından öpdüyü,
Avropanın ovcuyla sığallanan Yeni Roma.
Amma şahanə şəhər barədə biz başqa bir fəsildə tərif açacağıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!