Yazıçı və jurnalist, Biyelo Pole şəhəri yaxınlığında, Zatonedə doğulub. Podqoritsedə yaşayır və işləyir. “Əsl göz yaşları və iki məktub”, “Doğmalardan”, “Doğmalara”, “Vot”, “Kəpənəkdə Ay” , “Sarayevo tufan öncəsi və əfsanələr üçün alqışlar” kimi kitabların müəllifidir “İntervü” dərgisinin, “Zaton” qəzetinin və “Odgovor.me” portalının baş redaktorudur.
Eşq
Çedomir Çupiçə ithaf
Heç kim belə sakit
gülməmişdi -
necə də ucadan səslənirdi.
Heç kim qəddarlığa
belə xəsiscə sevinməmişdi -
lap cəlladın özünə də
ağrılı gəlirdi bu.
Yenə də gülümsə
Çedomir!
Bir eybəcər zaman gəlib,
yenə cəllad qarğa kimi,
çapıcanın ətrafına dolanır.
Bıçaqlar itilənir, tüfənglər təmizlənir.
Gülümsə, gülümsə
Çedomir.
qoy karlar görsünlər ki,
ruha güllə atmaq olmur.
Günahkarsan, Risto
Tale yaxınlaşanda
uğursuza, qolları budaqlanmış,
o cibli və qəmli qurşağını sıxacaq.
Onda, Slobonun tabutda dedikləri
bir neçə kəlməyə sığacaq:
“Afərin, Risto!”.
Risto, sən günahkarsan,
amma bircə şeiri də
kilidləmədiyin üçün
sənə sağ ol düşür.
İndi mən, oraya
bir fikir, ya nöqtə qoya bilərəm.
“Poeziya, sənə görə utanıram!”,
bunu bəzən bağırtıyla deyirdin,
çünki bunun necə ağrılı olduğunu
söyləməyə söz çatmırdı.
mən də dayanacağam
şeirlə yarıyacan,
yalnız mənə söylə görüm,
zamanın insanı aldatması necə olur,
Risto?
Son
Qaranquşlar uçub getsə
bu hələ sonun sonu deyil;
o, geriyə qayıtmasa
bu, sonun sonu olacaq.
Kədər
Göy üzü məni
ulduz tozuna bələdi.
Arzular məndən qaçdı -
şeytan xaçdan qaçan kimi.
Heç özüm də məndə yoxam,
ayrı şey də məndə yox,
gümanlardan hara qaçım,
əsasən də əzabdan.
Əllərimi yelləyərəm,
dualar şığıyar ki,
Allahdan xahiş eləyim:
“Məni bir də oyatma”.
Yenə
Bax, yenə buradayam,
dəniz sahilində, sıldırımın yanında,
burada nə zamansa dan yeri bizi oyatmışdı;
Ay bizə əl edirdi, Günəş qucaqlayırdı.
Mən yenə buradayam
bir zaman səadət qiyafəsindəydim,
indi qayğılardan toxunmuş şineldəyəm,
addımlar palçığa çəkir.
Mən yenə buradayam,
açıq dənizə açılmış bir görünüşdə,
bəyaz qağayının qığıltısında
nəvaziş və əlac axtarıram.
Mən yenə buradayam
qumların üstündə ləpir gəzirəm,
sənin kiçik ayaq izlərin və mənimki
burda gecə yarıyadək neyləyirdi?!
Mən yenə buradayam,
fəqət sən yoxsan
Ay fərar eyləyib, Günəş gecikib,
çiynimdəki şinel intizar çəkir.
İnqilabsız zaman
Səhər səmasında qiyam eyləyən,
yalnız parıltıdır, ayrı şey deyil,
hər şey qədəriylə artıq barışıb.
Yox olub inqilablar,
yalnız hay-həşir qalıb.
İtib şairin sözləri,
onları növbə ilə
qarşındakı qazana batırırlar.
Gündəlik həyat şeiri yeyib,
şair daha ulduzlara baxmır.
Daha quduzluq yoxdu,
hər şey çox rahatlanıb;
ifrat sakitlikdir, mənalar itib,
lap məzara oxşayır.
Bu, qatı tüstünün titrəməsidir,
ya ucuz rakiyanın adi damlası,
siqaretin yandırdığı bir süfrə,
artıq “ehtiramın” ölçüsü olub.
Asılmış havadan, astaca quruyur
sanki əyiriblər onu qart yundan,
məni isə, bu sakitlikdə
qorxu bürüyür.
Tərcümələr Elxan Zalındır
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!