Başqırd şairi Mustay Kərimin şeirləri - Tərcümə

 

Qış

 

Qar tüstü kimi,

Meşəyə yağır.

Qeybə çəkilir,

Göyün qurşağı.

Külək buz kimi,

Bozarıb əsir.

Şaxta burnumu,

Doğrayıb kəsir.

- Ay ana, o qaz

Bəs xəstə-xəstə,

Necə dayanır,

Bir ayaq üstə?

 

 

Uçub gəl

 

Sığırçınım, ay canım,

Tez ol, uçub çıxıb gəl.

Sənə yuva tikmişəm,

Saray kimi, gəl, dincəl.

Elə ev çəkmişəm ki,

Həm alı var, həm ağı.

Üstündə də sallanıb

Ağcaqayın yarpağı.

Tez ol, gəl, nəğmə oxu,

Yaşıl maydan cəh-cəhlə.

Hər şey hazır...

həyət də,

Bəzənib cah-calalla.

 

 

Quşlar pəncərəni

boş yerə döymür

 

Əgər külək səni tutsa qəfildən,

Əgər saçlarına toxunub donsa,

Əgər səhər-səhər bir ağ göyərçin,

Sənin pəncərənə boylanıb qonsa...

Qəm yemə, o quşa inan ürəkdən,

Demək, müjdəsi var qanadı altda.

Quşlar pəncərəni boş yerə döymür,

Demək, görüşərik ən qısa vaxtda.

 

 

 Üçüncü sirr

 

Məni üç möcüzə əsir edib

Həmişə;

Yer,

Göy,

Bir də qadın - üçüncü möcüzə.

Üç sirr məni düşünməyə vadar edir,

Heyrətləndirir;

Yer,

Göy,

Bir də qadın - üçüncü sirr.

Ancaq yerin sirri, daha sirr deyil,

Hər şey burda üzdədir.

Göydə də bir sirr qalmadı,

Dibi artıq görünür,

dayazlaşmaq üzrədir.

Yalnız qadın,

Ancaq qadın ...nədənsə,

Naməlum və gizli qalır,

Əbədi -

İlahi möcüzə kimi,

Sirr kimi,

Sehr kimi.

 

 

Cəbhəyə gedirəm

 

Atam öz atını gətirdi mənə,

Heyrətdən gözləri alov saçırdı...

Dəmir ayağıyla yer eşə-eşə,

Səbri şahə qalxıb qanad açırdı.

Anamsa yağıdan qisas almağa,

Verdi xəncərini ulu dədəmin.

Açıldı qarşımda yolu dədəmin.

Cəbhəyə gedirəm, dedim, a dostlar!

Ata, evdəkilər qoy darıxmasın.

Ağbuyzun vəfalı sirdaşım olsun.

Sənin göz yaşında yuyunan xəncər,

Ay ana, qoy mənim qardaşım olsun.

Cəbhəyə gedirəm mən də, a dostlar!

Qocalar yaşasın qocalığını,

Qızlar saflığını-ucalığını.

Qoy Ural yenə də məğrur dayansın,

Hər gün Ağideldə Günəş oynasın.

Cəbhəyə gedirəm bu gün, a dostlar!

Bu yaşıl bahara, bu göyə görə,

Bu bağ-bağçadakı ölkəyə görə.

Bir də ki, bal dadan balama görə,

Doğma yurd-yuvama, elimə görə.

 

 

Uçurumda

 

Puşkinin portretinə

 

Əlini qayanın köksünə qoyub,

Seyr edir dənizin dərin yerini.

Elə bil azadlıq axtarır orda,

Unudub bir qədər dərdi-sərini.

Əyilməz başını əyib aşağı,

Dənizin qəlbinə baxır elə bil.

Qara buludların bağrını dələn,

Qəfil ildırımlar çaxır elə bil.

Günün şəfəqləri görünür həmən,

Ucalır inamla göyə əlləri.

Qaçır dalğaların dalınca qaçır,

Tərk etmək istəmir lal sahilləri.

Ancaq şair yenə sahildə qalır,

Qayanın köksünə dirsəklənərək.

Baxır aşağıda qaçır dalğalar,

Birdən donub qalır heyrətlənərək.

 

 

Şair sevinci

 

Kim bölər şairlə sevinc payını,

Sevinən qəlbini kim ona açar?

Şair sevincsiz də dolana bilə,

Quşlar köməksiz də göylərə uçar.

Şair lazım olar, qan qaralanda,

Yuxu uçuranda öz quşlarını.

Nədənsə, son anda ona verərlər,

Kirpiyi ucunda göz yaşlarını.

Dünyada nə qədər bədbəxt adam var,

Hamının qeydinə qalmaq zor işdi.

Şair Allah kimi tənha olsa da,

Şair Allah deyil, nəsə dəyişsin.

Ancaq öz köksündə daşıdığı yük,

Nə illah eləsən, çəkiyə gəlməz.

Şair ürəyini çıxarıb verər,

Amma alma kimi ikiyə bölməz.

Birdən gözlərində doğar bir işıq,

Zülmət bir gecənin bir aləmində.

Heyrətdən sevinci sığmaz göylərə,

Yellənər uşaqtək Ay dilimində.

Görər ki, o qoca əl ağacını,

Unudub evində qarğı at kimi.

O da gözlərini ayırmaz ondan,

Dünyada ən böyük mükafat kimi.

 

 

Göyərçin gözü

 

Başqırd dilində çiçək

 

İlk ildırım çaxır,

Tufan ötüb keçir...

Şırıltıyla su,

Axır yol boyu.

Səngər döşündə,

Xırdaca bir gül - göyərçin gözü,

Üzümə gülür...

Döyüş meydanı.

Göydən od yağır.

Zalımın kini zəlzələ kimi,

Titrədir Yeri.

Üfüqdə bulud, toz kimi uçub,

Yerə tökülür.

Ancaq o çiçək, öz gözlərini,

Çəkib günəşdən,

Tutub gizləmir.

Kirpiklərində - şeh damcıları,

Titrəyib yanır,

Göz yaşı kimi.

Müharibədə bir əsgər üçün,

Ruhu oxşayan,

O zərif çiçək,

Ümidlə dolu

Bir sevinc idi.

Güllə yağışı, aman vermədən,

Yağır aramsız,

Fəlakət kimi.

Qəlbimdə isə - sənin gözlərin,

O çiçək kimi; nə olar,

Məni,

Unutma - deyir.

 

Başqırd dilindən tərcümə: Baloğlan CƏLİL


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!