XX əsr rus şeiri: Timur Kibirov - Tərcümə

 

Timur Kibirov (1955) - son on ilin tanınmış rus şairlərindən biridir; onu bəzən "obıvatel" düşüncəsinin ifadəçisi, bəzən son illərin ən qüssəli şairi hesab edirlər. Rusiyanın çox məşhur poeziya mükafatlarını alıb, rus PEN mərkəzinin üzvüdür.

 

Monitorun qarşısında

 

Gecə vaxtı

monitorun qarşısında

yeniyetmə ər oturub.

Qəlbi hüznlə doludu,

ağlında  şübhələr var,

Dalğındı, Yandeksdən və

başqa axtarış sistemlərindən imdad diləyir:

 

"Həyatın mənasını mənim üçün açıqlayın,

Mənə kömək eləyin, bu tapmacanı tez tapın".

 

Rambler cavab verir,

Ramblerin bütün suallara həmişə cavabı var.

 

Click-i basan kimi

cavab o saat çıxır.

 

Sorğu: Həyatın mənası,

təklif olunan saytlar: 111444,

sənəd sayı: 2724010

yeniləri: 3915.

 

İnfinitiv poeziya

Jolkovskinin motivləri əsasında

 

Snikersləmək

Ara vermək və Tviks yemək

Sonra gərnəşmək

Fərqi hiss eləmək

 

Yeni nəcib dadı yoxlamaq

Lider olmaq

Ayaqyoluda yüngülləşmək

Özünü yaxşı hiss etmək

 

Billi qətlə yetirməli-1

Billi qətlə yetirməli-2

"Cek pot" oynamaq - qayğısız yaşamaq

Pörtməmək

Piar etmək

Havalı gəzmək

Ədalılaşmaq

Sığal çəkmək

 

Dəyərdən salmaq

gömrük vergisindən azad olmaq

Odlandırmaq

 

Utanmadan, usanmadan -

 

"Mənim gözəl Rusiyam, hələ bunlar nədi ki,

Daha pis vaxtların olub, amma düşməyib qiymətin".

 

***

Ağılla anlamaq olmaz ki, Rusiyanı -

Fransanı da elə, İspaniyanı da elə,

Nigeriya, Karfagen, Britaniyanı da elə,

Roma, Avstriya-Macarıstan, Albaniyanı da elə -

Hər birinin ayrıca yeri vardır onların.

 

Deyirsiz ki, Rusiyaya ancaq inanmaq olar?

Yox, yox, yalnız bircə Allaha inanmaq olar.

 

Qalan hər şey vecsizdir,

Nə desən də fərqi yox -

Bizə çatan onsuz da çoxdur, çox:

Rusiyada eləcə ömür sürmək gərəkdir,

Çar üçün, Vətən üçün həm də ölmək gərəkdir.

 

Relyativizm barədə

 

Şərti olmağa gəlincə, əlbəttə, hər şey şərtidir.

Mütləqi kim görüb ki.

Nə eşitmək olar,

Nə də təsvir eləmək mümkündür.

 

Amma di gəl bunu

o aşiq yeniyetməyə başa sal da!

 

Onun cananının gözəlliyi

əlbəttə, şərtidir.

Ayıq başla

hətta şübhəlidir.

 

Amma o axmaq üçün

nə fərqi var,

inan, mütləq ki,

heç bir fərqi yoxdur.

 

Bir də əgər, istəmirsənsə gözünün altı qaralsın,

ey müdrik, mütləq de ki, qoy

                        o dünya gözəli dünya durduqca var olsun!

 

Və bir də sən əgər, doğrudan da, müdriksənsə,

Onda bilirsən ki, mütləq bir şey deyil şərtilik deyilən nəsnə.

 

Göndərilməmiş sms-ismarış

 

A.Blokun məhəbbət lirikasının motivləri əsasında "Apşu" klubunda yazılıb

 

Elə ki, yolumun üstdə dayanıb durursuz mənim

Könlümdən bağırmaq keçir: "Çəkilin, yolu kəsməyin!".

 

Zira yalnız aşiqlərin yanımda vardır haqq-sayı

Yalnız onlar kəsə bilər mənim yolumu havayı.

 

Yoxsa nədən dayanmısız yolumda boş-boşuna siz,

Dovşan gözlü bir sərxoşa niyə axı zillənmisiz?

 

***

Dəlibaş şair olmaq yaman yaxşı bir şeydir

Ağlı başında olan adamların yanında!

Amma sənə sirr açım, inan, artıq çox gecdir -

Ağıllılar uyuyur torpağın altda çoxdan.

 

Çağırar öz səsiylə - dərə dərəni çəkər,

Boşluq cavab yerinə yenə səssiz dillənər.

 

 

***

Nabokov, Bayron kimi gəzəsən, dolanasan,

Kimsədən və heç nədən heç zaman  qorxmayasan,

Həmişə də hamıya lağ eləyib güləsən, -

Bir zamanlar könlümdən belə olmaq keçirdi.

İndi də dingildəyir arabir içim, indi.

Amma kobudluq  məni indi  çox qorxudur, çox,

Kütbeyinlik təbəssüm yaratmır sifətimdə.

Qatarların nəğməsi, məncə, boşunadır, boş.

Heç hara getməyəcəm, öləcəm xiffətimdən.

Artıq illər keçibdir, əsrlər ötüşübdür,

Artıq öyrəncəliyəm özümlə barışığa,

Artıq öyrənmişəm mən, ram etmişəm özümü.

Unutmuşam nifrəti, tərgitmişəm lap düzü.

Görünür, haqlı imiş o davakar tənqidçi,

Mənə yaxşı ad qoydu, qoca, dişsiz Lenski.

 

 

Varlıq haqqında ontoloji dünyagörüş

 

Ey oxucu və əziz dost!

Ətrafa soyuq nəzərlərlə göz atsan

Hər şeyin bir zibil torbası olduğunu anlayacaqsan.

Yox, əgər isti nəzərlə seyr eləsən ətrafı,

Həmin hər şeyi bir baş başqa cürə görəcəksən.

 

 

Yaradıcı emalatxanada

 

Əgər hali deyilsənsə, oxucu,

Sənə bəyan edim ki,

Hər şey kontekstdən asılıdır,

Hər şey, hətta mən də!

 

Hər şey kontekstdən asılıdır,

Məsələn, qızın gözəlliyi

"Smirnov''un kəmiyyətindən

Və keyfiyyətindən asılıdır.

 

Odur ki, mənim keyfiyyətim

Və sənin kəmiyyətin

Mütləq və bizdən

Heç cürə asılı deyil.

 

Təkrar edirəm,

Kontekstdən asılıdır, əziz oxucum,

Kontekstdən kənarda isə

Təəssüf ki, heç nə olmur.

 

Yalnız Allahdan başqa.

 

Bu isə gün kimi aydındır.

Hərçənd çox ayıbdır,

Ayıbdır ki, kontekst kimi

Axmaq bir şeydən asılıyıq.

 

Bu anlaşılandır,

Xoşa gəlməsə də əyandır.

Amma konteksti seçmirlər,

Elə səni də.

 

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!