Qürur
Hətta qayalar da parçalanır - deyim biləsən
Və bu, zamanla bağlı deyil.
Uzun illər soyuq və istinin təsirindən
Bu qədər uzun illər ərzində
Yorğunluq öz sözünü deyir...
Qayalar öz yerlərindən uzun illər tərpənmir
Çatlar görünməsin deyə,
Bəlkə də qürurla bağlıdı bu da...
Uzun illərin xəyalından dolanıb gəlir -
Qayaları bir gün məhv edən gələcək
Hələ uzaqdadı...
Sonra ilk çatlar görünəcək və yosunlar bitəcək
Dəniz çəkilib öz yerini tutacaq...
Sükunəti qayalara sürtünmək üçün gələn
Suiti pozacaq bir sübh çağında...
Beləcə gedib-gələcək o suiti,
Qayaları yaralayıb gedəcək,
Bir andaca qayaları uçuracaq,
Gözlənilmədən...
Düşün:
"Gör insalar necə olur?!".
Mənim evim
Evimin dəhlizi çox gözəldi,
Ancaq otağımdakı bitki quruyub
Yarıyacan...
Və yarpaqları pilləkən boyunca tökülüb
Yüngül və incə bir görüntü var -
Gəzmək istəmirəm yarpaqların üstündə...
Uzun müddət gözlədikdən sonra
Saatın əqrəbləri xoşbəxtliklə dolanır
Rəqəmlərin başına...
Bütün gecəni işıq yanır
Eyvandan baxıram
Evə sirli adamlar gəlib-gedir,
Çöldə hər şey yavaş-yavaş dağılır sanki
Gözümün önündə yox olur hər şey...
Hər şey başqa bir zamana,
Başqa bir dövrana aiddir sanki...
Bura Dikkensin evi deyil axı,
Bura mənim evimdi...
Mərkəzi Qala
Şimal ilə Cənub arasında,
Şərq ilə Qərb arasında,
Bir qala var -
Sakinlərin tək ümidi...
O qalada həyat səltənəti var -
Ruhların dolaşdığı
Ruhların yaşadığı
Ölümü tanımayanların yeri olan
Bir qala var...
Ruhlar ölmür, bilirik,
Hamısı burada - Orta qaladadı,
Atamın ruhu da burdadı...
Günəşin doğulmasına baxan çiçək kimi
Günəşin batmasını seyr edən bir çiçək kimi...
Həmin qalada dua edin,
Həyat səltənətində ona həmd edin...
Bütün ruhumuz qaladadı,
Ölü deyil, diridilər...
Atamın ruhu da ordadı,
O gülür,
Gülüşləri kainata
Yayılır beləcə...
Axın
Gedən əbədi olaraq getdi,
Nə dərdimiz var, vay onun halına!
Kül halına gələn kəs üçün yaxşıdır, bəlkə də,
Çünki mən özümə qayıtdım.
Və getdiyi yerdə,
Əgər xoşbəxt deyilsə?!
Bütün ömrü boyu axtardığı
Yer də belədirsə...
Hər şey belə idi və təkrar davam elədi,
Hər şey yaxşı olacaq ümid ilə yaşadıq.
Müdriklər seçdiyi yolun pulunu ödəyəcəklər:
"Ümidsizlik onların müdrikliyinin mahiyyətidir".
Yolda bir adam dayanmışdı
Bir adam gecə yolda dayanmışdı,
Atam kimi dayanmışdı o yolda.
Onun durduğu yerə getməliyəm,
Çünki mən onun böyük qızıyam.
Və gecə-gündüz orada tək dayanır,
Və aşağı enib onun yanına getməliyəm.
Ondan nə qədər borcum olacağını soruşmaq istəyirəm,
Və əvvəlcədən bilirəm ki, borcumu deməyəcək...
Durduğu yer indi təhlükəlidir,
yolda gedərkən və qəzaya düşərkən olduğu kimi...
Onu tanıdım və işarələr verməyə başladım:
"O adam bir vaxtlar mənim atam idi".
Mənə heç bir "sevgi" sözü demir,
Bir vaxtlar atam olsa da,
Və mən onun böyük qızı idim,
Amma mənə bir "sevgi" sözü deyə bilməz.
Tərcümə: Tural Cəfərli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!