“Deyirlər oralarda hava elə istidir ki, qar südə çevrilir” - Yeni Ukrayna şeiri

 

Dmitro Kremin (1953-2019) - məşhur Ukrayna şairi, tərcüməçisi, publisisti. 30-dan çox poetik məcmuə müəllifidir. Taras Şevçenko adına Ukrayna Dövlət Mükafatının, Nikolay Qoqol və digər ünlü ədiblərin adını daşıyan ədəbi mükafatları alıb. Uzun müddət “Sobornaya küçəsi” jurnalının baş redaktoru işləyib. Şeirləri bir çox dünya dillərinə tərcümə edilib.

 

Limanlı Don Kixot

 Ukraynada çox şeyə baxıb və bezib,

Ah çəkib deyəsən “get cəhənnəmə”.

Nuh nəbidən qalma maşına minib,

Şossedə dəlitək çapasan yenə.

At olsa - ağ kitab olaydı, sən də

O boş fəsilləri vərəqləyəydin,

Şərəfsiz tarixə baxaraq gendən
Mənasız yerlərə baş yelləyəydin.

Ruhuna nə dədər yadlar giriblər!

Hərəsi içində bir kin gətirib.
Bu qaratorpaqda ya qan töküblər,
Ya da səs salıbdır, dəmir, cingilti.

İndi Don Kixot və Lorka yurdunda

Muzdur ukraynalı ömür keçirir.

Panlarsa yığılıb yenə paytaxta

Vətəni heç cürə bölüşdürəmmir.

Bir vaxt İspaniyada cəngavər vardı,

Küləyin köksünə nizə sancardı.

 

Yabanı bal

Otuz-qırx ildən sonra, ya da ki, əlli,

Bir səs geri dönüb verir təsəlli.

Bizdə yabanı bal qızılı, parlaq,

Payız işığında sən dadına bax.

Artiq yay bitibsə , payız da deyil 

Hörümçək torları qırılır sim-sim.

İlahi, hər tərəf mövsümə uydu,

Bardaqlar şərabla, balla doluydu.

 

 

Svetlana Koronenko (1960) yazıçı və jurnalistdir.  Ukrayna ədəbiyyatı “80-cilər” ədəbi nəslinin parlaq nümayəndəsidir. “Çillərin bürcü” (1982), “Yağışın səsi” (1988), “Uçan itlərin işığında” (2009), “Qədim manuskriptdən” (2014), “Payızdan şeirlər” (2017), “Misteriyalar”(2019) və b. şeir kitablarının müəllifidir. D.Nitçenko, V.Svidzinski, İ.Franko,  Q.Skovoroda adına ədəbi ödüllərin,  N.Qoqol adına “Triumf”, V.Sösür adına “Qızıl Şir” mükafatlarının sahibidir. Bir müddət Ukrayna radiosunda çalışıb. “Yaroslavov Val” nəşriyyatının direktorudur.

 

Ey pasxa payızı

Ey pasxa payızı,  bu qara, bu dikbaş hirsə görə görə məni bağışla,

Tənhalıqdan, bu dəlisov halımdan qurtara bilərdimsə özümü, nədənsə istəmədim.


Ey pasxa payızı,  bu bayramlıq olmayan, adi və yaxasını nişan üzüyü olmayan əlimlə
düymələdiyim donumdakı  diyircəkli qələmin mürəkkəb izinə görə məni bağışla.


Ey pasxa payızı, bağışla, heç kim bu mürəkkəbin, bu ağır təkliyin
gecəki göz yaşlarının əridə bilmədiyi  qara izlərinin səbəbini bilmir.


Ey pasxa payızı, muncuq kimi düzülən bu sözlərə görə bağışla,
bilirsən onları bu sayaq adətən vağzalda ilişib qalan səyyah qadınlar edərlər.

Ey pasxa payızı, bağışla bu ətir və nəmişlik qoxuyan
qızılı perqamentin üzünə mürəkkəbin mavisi.
 

Ey pasxa payızı, bağışla. Qələm köhnə masadan yerə düşdü.
Bu vəhşi qəlb soyusun deyə daha hansı dərdə dözməlidir?

Ey pasxa payızı, bağışla. Nəm lələklər və ağır mürəkkəblər
yandırılmış məktubların gümüşü şahlığında artıq öz rejissorlarını gözləmirlər.
 

Ey pasxa payızı, bağışla  məni, payız xəzanı kimiyəm.
Ucalıqdan yıxılmaq ağrıdırmı?  Bunu yoluna daş döşənmişlər bilməlidir.

Ey pasxa payızı,  bu qara, bu dikbaş hirsə görə görə məni bağışla,
Tənhalıqdan, bu dəlisov halımdan qurtara bilərdimsə özümü, nədənsə istəmədim.
 

Ey pasxa payızı, bağışla...
 

 

Yelena Dorofiyevskaya (1982) Kiyevdə anadan olub. 2012-ci ildən Vişqorodda yaşayır.  “Dnepr”, “Saksağan”, “Periskop”, “Cığırlar”, “Vitrajlar” və b. toplularda şeirləri dərc edilib. “Yaradıcı laboratoriyalar” petryage.com.ua müsabiqəsini və başqa ədəbi yarışmaların təşkilatçısıdır.

 

Həzz təcrübəsi

Sabahın kəhrəbasına dalmaq,
qanadlarınla, kökünlə,
hərəkətsizliyə öyrəşmək,
nəfəs dərməmək-
bu həzz təcrübəsidir.

Otaqda səliqəsiz yataq ağalıq edir,
dünya da hələki burdan ora qədərdir,
heç kim sərhədləri dəqiq tanımır
heç kim onları pozmağı da bacarmır,
ayrılığa mane olmağı da.

Bütün gecəni yatmadıq, yata bilmədik.

Səhər tramvay, cırcırama səsiylə uğurldayırdı,
burda hava da qəribəydi- sanki itmiş mezozoydu,
şüşənin dərisi parıldayırdı;
səma pəncərəmiz ağzındaydı,
donmuşdu.


Artıq söhbət bizdən getmir,

yalnız olanlar və olacaqlar var;
otaq dərin bir boşluğa, uçuruma yuvarlanır,
soyuqluğa, gözləntiyə- gedən kim olacaq?
bu iyul kəhrəbasının qızılı qınını kim qıracaq,
kim yandırıb sındıracaq hər şeyi?
Bəlkə mən?
Ya sən bəlkə?
 

 

Anna Maliqon (1984)yazıçı, şair, “Blaqovest”, “Vaterliniya”,   Oles Qonçar Ukrayna-alman Beynəlxalq Mükafatın və başqa ədəbi ödüllərin sahibidir. “Qapı çalınır” (2003), “Atılmış gəmilərə” (2012), “İbtidai yağış” (2013) şeir kitablarının müəllifidir. Bundan əlavə roman və povestləri çap edilib. Əsərləri bir çox dünya dillərinə çevrilib. Ukrayna Prezidentinin  təqaüdünə layiq görülüb.

 

Çoxdan soruşmaq istəyirdim, o tərəfdə, savaşın o üzündə necəsən?

Deyirlər, oralarda hava elə istidir ki, qar südə çevrilir,
skripkalı oğlan isə bütün ili qısaqolda dayanıb durur,
və bir də göyərçinlər, bələdiyyənin üzərinə qalxıb
havadan asılı qalırlar qarla musiqinin arasında,
sanki qəlb və bədən arasındakı çovumuş güllələrdilər.
 

İndi mən özümüz barədə yazmayacam,
o şəhərlər barədə yazacam ki, həmin şəhərlərə
uzun ağır zərflərdə məktub yerinə uşaqlar gəlir,
günəş don vurmuş portağal kimi
həftədə bir dəfə gözə dəyir;
tüstünün arasından tüstü,
ölümün arasından yalnız ölüm görsənir.

Sinəni yar, batinindəki cəhənnəmi göstər,
göstər necə olur tənhalıq,
göstər toxunmağa, yaralanmağa kimsənin olmadığı yeri,
divarların dilini öyrət mənə,
mən də sənə elə şəhərləri göstərim ki,
sənin düşünüb yaratdığın oğlan palto almaq üçün
skripkasını satır.

Çoxdan soruşmaq istəyirdim: Niyə? Nə vaxt bitəcək bütün bunlar?
Gör bir nə qədər vaxt ötüb, mən isə hələ də
üzü yaydan bəri ciblərdən alışqan tapıram.
Bu qədər odu neynəyək?
Od istidən çoxdur axı.
Qapılardan çoxdu divarlar.

Mənə divarların dilini öyrədə bilərsən?

 

 

Vano Krüger (1986). Şair. Filosof. PEN-klubun üzvü. Siyasi elmlər üzrə magistr. “İliçin vida öpüşü”, “Ziqqi Freyd & Ktulxu”, “Dibsiz badya” şeir, “ “Mədəniyyət” sözünü eşidəndə”, “Didik-didik çiçək” ədəbiyyatşünaslıq və esse kitablarının müəllifidir. Oles Qonçar Ukrayna-alman Beynəlxalq Mükafatının laureatıdır.



“Dnepropetrovsk yolundakı balaca kəpənəyim”

          Şavarskayaya

Dnepropetrovsk yolundakı balaca kəpənəyim,
Zülmət qaranlıqda, sübhdən əvvəl,
sənin kimi günəşin deyil, ayın,
göydəki və yerdəki ulduzların,
Kiyev-Dnepr yolçuluğundakı maşın işıqlarının 
solğun parıltısı düşən çiçəklərdən-kişilərdən
 bal toplamaq üçün  
 qatı dumanın soyuğunda
 uçursan.
 

Dnepropetrovsk yolundakı balaca kəpənəyim,
sən də bir arısan... Hanı sənin pətəyin?
Sənin acı balın hanı?
Sənə də, çiçəklərinə də gün düşmür,
yalnız ayın,
göydəki və yerdəki ulduzların,
lənətlənmiş qatı dumanda
Kiyev-Dnepr yolçuluğundakı maşın işıqlarının 
solğun parıltısı düşür.

Bu gecə
sənin məğrur burnun ovulacaq,
bu göydəki və yerdəki parıltılar
işə yarayacaq,
gün düşməyən çiçəklərdən
az olsa bal toplanacaq.

Sabaha lap az qalıb.
Haqq-hesab vaxtına da.
Saçlarına toxunmayacam.
Dodaqlarına dəyməyəcəm...
Amma dayan, de,
səhərləri yuxuda nə görürsən
ey mənim,
Dnepropetrovsk yolundakı
balaca arım, kəpənəyim?


 

Xurmayı yuxular

Ayaqlar altında

                   Günəşin
                               boş

                                    şüşə qabları

 

Tərcümələr Allahverdi Şahbazov, Elxan Zal, Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!