Məhəmməd İqbal məşhur "Kurtuba camesi" qəsidəsini 1931-ci ildə, 1492-ci ildən bəri xristianların kilsəyə çevirdiyi Əndəlusda (indiki İspaniya) İslam memarlığının incisi sayılan Kordova məscidini ziyarət edərkən yazıb. 400 ildən sonra bu məbədin divarları arasında namaz qılan ilk müsəlman "zamanının Rumisi" Məhəmməd İqbal oldu. Üləma İqbalın bu möhtəşəm əsərini ilk dəfə olaraq oxucularımıza təqdim etmək şərəfi mənə nəsib oldu. Yaxın günlərdə İqbalın seçilmiş əsərləri də oxucularımıza təqdim olunacaq. Bu həm də Vətən savaşında bizimlə omuz-omuza olan Pakistan xalqına minnətdarlığımızın ifadəsidir.
Elxan Zal
Məhəmməd İqbal "Kurtuba camesi"
Poema-qəsidə
Gecə-gündüz zinciri, hadisələr fəslidir,
Gecə-gündüz zinciri, həyat ilə ölümün əslidir.
Gecə-gündüz zinciri bir yumaqdır iki rəng,
İlahi əlbisəni bunlar hörərlər qəşəng.
Odur bizə çatdıran əzəl sazının naləli səsini,
Bunlardan yapır Allah zil və bəm pərdəsini.
Gecə-gündüz zinciri, cahanın sərrafıdır,
Həm səni, həm də məni, yönəltməsi kafidir.
Həm sənə, həm də mənə belə cızılıb əyar,
Həm sənin, həm də mənim fərmanımda ölüm var.
Bu gecəylə gündüzün əsli astarı nədir?
Bu zamanın axışı görən hansı yönədir?..
Hər şey fani, keçici, bilgilər də, sənət də,
Bir iz qalmayacaqdır bu binadan, bu kənddən.
Zahirin və batinin fanilik var zatında,
Yaradılan nə varsa, yox olur bircə anda.
Yalnız Allah dostunun ölümsüzdür əsəri,
Əbədiyyət evində hazırdır onun yeri!
Onun hər bir işinin eşq var mahiyətində,
Ölüm ona haramdır, çünki eşq var içində.
Önünə çıxanları dağıdıb keçir zaman,
Amma eşqin selləri onu durdurar hər an...
Eşqin təqvimlərində zaman ayrı cür axar,
Orda adı olmayan başqa məfhumlar da var!
Eşq Cəbrayıl nəfəsi, eşq Mustafa qəlbidir,
Eşq Allahın kəlamı, Allah Peyğəmbəridir!..
Topraqdan olan insan eşq cəzbindən canlıdır,
Eşq öylə bir şərabdır, içəndə zəm-zəm dadır!
Eşq Kəbənin fəqihi, ordular öndəridir,
Eşq hüluslu canların sığınacaq yeridir.
Eşq mizrabı çaldırır bizim həyat sazını,
Canımız eşqdən alır atəş imtiyazını.
Ey Kurtuba Camesi, eşqdən yoğrulmusan sən,
Sən tükənməz eşq kimi, əbədisən, baqisən!
Sənətin gözəlliyi nə rəng, nə söz, nə səsdir,
Ciyər qanıdır edən onu hər şeydən üstün.
Daş sütunlar könültək asılıb asimandan,
Səs, yanğı, nəşə, nəğmə doğur ciyər qanından.
Ey Kurtuba!
Sən könüllər açansan, mənim şeirim yandıran,
Sən könülə huzursan, mən yanış və həyəcan.
Torpaqdan yaranan da göyə bağlanır bir az!
Köksündə iman olan səmadan kiçik olmaz.
Nə olsun ki, mələklər səcdəyə dayanırlar?
Onların səcdəsində nə yanış, nə yaxış var.
Mən hindli bir kafirəm, eşqimə, cəzbimə bax,
Səlat, salama duran qəlbimə, dilimə bax!
Eşq mənim dilimdədir, eşq mənim neyimdədir,
"Allah hu" nəğməsi qanımda, beynimdədir.
Kurtuba! Gözəlliyin, əzəmətin misilsiz,
Səni inşa edənə əhsən söyləyirik biz.
Əbədidir o memar, hesabsızdır sütunlar,
Onların duruşunda palma əzəməti var.
Sinanın nuru sayaq, bərq vurur qapı, qübbən,
Cəbrayılın təcəlli yeridirmi minarən?
Hər yana yayır azan mübarək kəraməti,
Bununçün var olacaq hər vaxt İslam ümməti.
Qədimlərdə İslamın gözəl günləri vardı,
Onun mədəniyyəti günəş kimi parlardı...
O köhnə devirlərə köç əmrini verdilər,
İrfan sahiblərindən nur aldı cahil bəşər.
Eşqin cəng meydanında onlar süvarilərdi,
Şərabları tərtəmiz, qılıncları hünərdi...
"La ilahə illallah" ərlərin zirehiydi,
Qılınclar kölgəsində tövhid sığnaq yeriydi.
Kurtuba! Aşikarə çıxırdı möminin sirri səndə,
Gündüz vəcdin anıydı, yanğı gecə düşəndə!
Yüksəklik məqamının nəşə imtiyazı var,
Sən göstərdin bizlərə, eşqin naz, niyazı var.
Allah dostunun əli, Allahın öz əlidir,
İş bacarıb, iş yapır, həll edib qalib gəlir.
İlahi sifətləri qurşayan qul, mələkdir,
Hər iki cahanda da minnət etməz, o ərkdir.
Çox yüksəkdir qayəsi, arzusu azdan da az,
Baxışı könül oxşayır, tavırlırı sehri-naz.
Sözündə Haqq gəzmənin qaynar həyəcanı var,
Cəngdə də, söhbətdə də, iffətli bir canı var.
Həqqin inikasını təcəlli edər iman,
İman yoxsa, gerçəkdə görüntüdür bu cahan.
Eşqdir mömin könlündə ağlın sığnacaq yeri,
Eşq verir hərəkəti, eşq verir atəşləri.
Ey Kurtuba! Sənət aşiqlərinin Kəbəsisən, nurusan,
Əndəlüs torpağını göylərə qaldırmısan!..
Əgər varsa dünyada sənin tayın, bənzərin,
Müsəlman möminlərin qəlbidir həmin yerin.
Ah! O haqq yolcuları, İslamın öndərləri,
Doğruluğun, imanın uca əxlaq ərləri.
Ortaya qoymuşdular bir sadə həqiqəti,
Fəqr əhli dövlətiydi onların səltənəti.
Şərq də, Qərb də pay aldı onların işığından,
Qaranlıq çağlarında Avropaya gəldi dan.
İspanlar öylə-böylə tutmadılar dünyanı,
Axı damarlarında axır möminlər qanı.
Bu gün o məmləkətdə çoxdur ahu gözlülər,
O gözlər atan oxdan vəcdə gəlir ürəklər!..
Əndəlüs havasında bir az Yəmən rəngi var,
Onun mahnılarında Hicazın ahəngi var!
Kurtuba! Göy qübbə sayağıdır ay-ulduzlu zəminin,
Azan səsi yayılmır daha çevrəndə sənin.
İslamın eşq ordusu bir gün yenə dönəcək,
Bu mənim inamımdı, eyləmirəm buna şəkk...
Almanlar tənzim etdi devrimlə dinlərini,
Papa xurafatını dəyişdirdi bu yeni...
Günahsız zənn olunur xristian papası,
Guya ki, çox zərifdir onun fikir dünyası.
Fransada elədilər o müdhiş inqilabı,
Yeni səhifə açdı Avropanın kitabı.
İtaliya qədəm basdı intibahlar dövrünə,
Daha qaranlıq çağı orda cücərməz yenə.
Müsəlmanın ruhunda inqilab deyir bir səs,
Bu Allahın sirridir, lisan izah edəmməz.
Görək bizim dəryada tufanlar qopacaqmı?
Müsəlman ümmətinin yalvarışı nahaqmı?
Bədəxşan yaqutuna bəzənib qürub tamam,
Görən hansı yanğıdır onu alovlandıran.
Köylü qızın şərqisi, yanğılı ürək didir,
Gənclik, könül gəmisi üçün bir sel kimidir.
Önündən axıb gedir Kəbir çayı, Kurtuba,
Mən sahildə dayanıb görürəm bir intibah.
Müqəddərat pərdəsi gizləyib istiqbalı,
Mən pərdəsiz görürəm gözlənilən cəlalı.
Fikirlər üzərindən qaldıracam pərdəni,
Avropa mat qalacaq öncəgörməmə mənim.
İnqilabı olmayan hayat ölüm deməkdir,
Millətə hayatını dəyişdirmək gərəkdir.
Mənlikli millətlərin gecəsində də nur var,
Qəza, qədər əlində kəskin bir qılınc olar.
Hər səhər dan yerini ciyər qanı nurladır,
Ciyər qanı olmadan şairlik boş sevdadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!