XX əsr Ukrayna şeiri: Vasil Stus - Tərcümə

 

Sovet dövründə sistemə uyğun danışmayan, yazmayan Ukrayna ədibləri çox olub. Özü də həmişə: Stalinin qılıncının dalının-qabağının kəsdiyi vaxtda da, sonra da Brejnevin durğunluq adlandırılan "şahlıq" dövründə də. Vasıl Simonenko, Lina Kostenko, Oles Qonçar, İvan Dzyuba, Valeriy Marçenko, İvan Svetliçnı, Vasıl Qoloborodko, Mikola Rudenko, Oleksa Tixi və başqa müxtəlif miqyaslı sənətkarlar barədə bir qayda olaraq geniş məlumatlar verilmir, "kütləvi" lənətləməyə, "daşqalağ"a məruz qalan bu şair və yazıçılar adətən "gecikmiş tarixlə" parlayırdılar böyük ədəbiyyat səmasında.

Böyük Ukrayna şairi Vasıl Stus da belə sənətkarlardandı. Vinnitsada 1938-ci ildə anadan olmuşdu, "millətlər ata"sının adını daşıyan, sonralar bu "atalığı" rədd edən Donetsk vilayətində boya-başa çatmış, pedaqoji institutu bitirəndən sonra bir müddət Kirovoqrad tərəflərdə müəllim işləmiş, şairliklə yanaşı, fəal ictimai xadim kimi də ad çıxarmışdı. 1963-cü ildə Kiyevə gəlib Şevçenko adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu. Donbas mühitinin mühüm təsirləri yaradıcılığında və ictimai baxışlarında əsaslı iz qoymuş, sonradan daha da dərinləşmişdi. Belə ki, Donbas demoqrafik göstəriciləri, milli-ictimai fikir baxımından Ukraynanın ən çox ruslaşdırılmış bölgəsi idi, indi nə baş verdiyini isə hamımız çox yaxşı bilirik. İvan Dzyubanın sözləri ilə desək ("Daş qaranlıqda şam" məqaləsində) Donbasda Ukrayna dili qəribliyə salınır, əsasən kəndlərdə, qəsəbələrdə işlənirdi. Bu vəziyyət, təbii ki, milli mənliyi, vətəndaş təəssübkeşliyi olan Ukrayna ziyalılarında etiraz ovqatını doğurur, körükləməyə bilməz, rəsmi ideologiyaya, imperiyaya qarşı olan ziyalıların azadlıqsevər baxışlarına təkan verməyə bilməzdi. O cümlədən Vasıl Stusun yaradıcılığına da. Amma yazılan, deyilən hər bir kəlmə qeydə alınır, sistemin "sədaqətli" məmurlarının gözündən yayınmırdı. Altmışıncı illərin "ilıqlığı" elə Xruşşovun öz vaxtında ötüb-keçir, İttifaq çapında Sinyavski, Daniel, Brodski və başqa hadisələrlə müşayiət edilən yeni repressiya dalğaları başlayır. Ukrayna da kənarda qalmır. 1972-ci ildə yanvarın 12-dən 13-nə keçən gecə Vasıl Stusu (və başqalarını da) da həbs edirlər. Hər şey qabaqcadan hazırlanmış, bütün ittihamlar "sübuta yetirilmişdi". Stus "antisovet fəaliyyət"də ittiham edilmiş, "xüsusi təhlükəli dövləti cinayətkar" kimi qəbul edilmişdi. "Gedər-gəlməzə" qapılar açılmışdı. Kolıma, Maqadan, dəhşətli soyuqlar, şaxtalar, gözyoran buzlu çöllər, vətən həsrəti. Üstəgəl, işıq üzü görmüş bir-iki kitabı yasaqlanmışdı.

Layiq olduğu şöhrət, öləndən sonra (1986) onu tapdı.

1990-cı ilin iyul ayında Ukrayna SSR prokurorunun imzasıyla "Vasıl Semyonoviç Stus haqqında məhkəmə hökmünə xitam verilməsi və onun əməllərində cinayət tərkibi olmadığına görə məhkəmə işinin bağlanması" barədə məlumat verildi, prokurorun etirazı respublika Ali Məhkəməsinin plenumu tərəfindən qənaətbəxş bilindi...

Şair ölümündən sonra Şevçenko adına Dövlət Mükafatına layiq görüldü...

 

 

Vasil Stus

 

Xatirə

 

Qızıl qumlu sahildə

                        köpüklü sular,

Duzlu, tünd sifətimdə

                        nəsə sancı var.

Cod baxışım bələnir

                        ipək kimi istiyə,

Günəş axşamı enir

                        uzaqdakı gədiyə.

Yatmasa da günbatan,

                        ulduz hey gülümsəyir,

qürubun arxasından

                        bu gecəni gözləyir.

 

Meşə məni buraxıb

qucağından

Meşə məni buraxıb qucağından

boş çöllərə ismarladı. Gedirəm

qalın qarla. Nə bir yol var, nə cığır.

Qarışdırıb hər şeyi qış yenidən.

Bəs eləysə yolu necə tapasan?

Həm də ki sən özün bir ağacsansa:

başın kəsik, qəlbin qırıq, içində

yenə qərib təlaş gəzir, vurnuxur.

Külək əsir, ləpirini qar tutur.

Getmək... getmək... lap ağlın çaşanacan,

üzüqoylu yıxılıb duranacan.

Sən gəzdim satqın bacı, cadugər,

Səni gəzdim, ey Qış, daim, sərasər.

 

Hardasa gizlində

tufan yetişir

Hardasa gizlində tufan yetişir,

Hardasa toy çalır, vurulur təbil.

Mənim qismətimsə qışqırıq, təhdid

Hər küncdən boylanır gözətçi kimi.

Niyə? Nədən ötrü? Axı bilmirəm.

Boğaz arıtlayır mis boru yenə.

Qazamatda zaman sürünür yernən,

Rəislər qışqırır, işıqlar sönür.

 

Sütül ot-ələfə

həmən şeh düşür

Sütül ot-ələfə həmən şeh düşür,

Palıd budağında oxuyur bülbül.

Gecənin içindən səssiz ötüşür -

Çayın dərin yeri qəlbim kimidir.

Başımın üstündə titrək ulduzlar

Cələdə quş kimi çırpınır ürkək.

Zülmətin, küləyin yolayrıcında

Gündüz öz işində yenə bərq vurur.

Müqəddəs torpağın ağuşunda mən

Yıxılıb çəmənə uyuyacağam,

Ölümün qoşunu gəlir ardımca

Rəbbə güvən ilə sığınacağam.

Yaddaşım, geri dön,

düz mənə doğru

Yaddaşım geri dön, düz mənə doğru,

Qoy gözəl bəlatək qəlbimə dolsun

Hüznlə, sevgiylə vətən qoxusu,

Qoy bülbül sevgiylə ötsün, oxusun

Bütün meşə üçün. Qayıt yaddaşım,

Yayda kəklikotu ətriylə qayıt.

Payız cövhəriylə qoy almaların

qızılı yuxuda qonağım olsun.

Vüqarlı Dneprin suları axsın,

Açılsın qırışı yuxularımda.

Çağırım, qoy məni Vətən eşitsin,

Geri dön yaddaşım, yarım-yoldaşım.

 

***

Düşünmə. Yat. Yum gözünü. Yuxula.

Yumuldusa, açmayasan gözünü.

Bütün sirlər faş olacaq yuxuda

Olmadısa, dəyməz, üzmə özünü.

İşıq qılınc kimi girər qınına,

Üfüq də keçmiştək uzaq, görünməz.

Qalxantək üstünə enər qaranlıq,

Boş günlərdən ömür necə hörülsün.

 

***

Qazamat sərçəsinin nəğməsi arasından

Ucaltmağa başladı arıquşu səsini,

Dərdin göy ipliyini əyirdi asta-asta,

Qar altında qəddini novruzgülü dirçəltdi.

 

***

Səni xatırladım cavanlığım, sən

Məni dolanbacda aramaqdasan.

Qorxunc gözəlliyin nişanəsitək

Başının üstündə qara buludlar.

Can atdım zirvədən zirvəyə, göyə,

Yalnız içimdəki doğru sözləri

Yollar bir yerlərə varıb çıxartdı,

Şəxsi qismətimsə bəladı, dərddi -

Ötən illərimi alıb apardı.

Sən isə gəncliyim, sirlim, pünhanım,

Axı, harda qaldın, yox oldun, itdin?

Axırım, deyəsən, o qədim yoldu:

Sonunda qurumuş ağac - xaç kimi.

 

***

Balzak, qibtə elə: bax, bu da cübbə,

sakitlik, tənhalıq, bir də qaranlıq.

Çox tezdir yatağa girmək əlbəttə,

gözünü döyürsən odur ki, yalnız.

Sanki teleqüllə işığısan sən -

simlərlə axışan yaqutu bir ruh.

Budur baş qaldırır yenə ilhamın,

Xəyallar içində azmağa qoymur.

Şirin arzuların belini qırıb,

"Ali ucalığı tanı!" - əmr edir.

- Orda nə ümid var, nə də ki sevinc,

Orda Sənin evin: halal və təmiz!

 

***

Tikanlar dalında cənnət varıymış:

güllər, günəş rəngli arılar, çəmən,

sükut, sevinc, bir də gülərüzlü yat -

Rəbbin bəxşişidir! Çox şey istəmə.

 

Unut, arzuların uçuşunu qır,

Həsrətin yuxusu dağılsın orda,

Görüş və ayrılıq bitsin, yox olsun,

Dərdlərin hesabı silinsin, itsin.

 

Ot üstə qaçışsın mordov küləyi,

Bulud sürüsünü çəkib gətirsin.

Şükürlə duanın dur arasında,

Və bacar xoşbəxt ol, sən ey gənc əsir!

 

***

Ömrün keçib getdi, olmamış kimi.

Səslər eşidilmir, gün isə ağır.

Qəlbin vəhşi kimi, qəlbin ağıyır,

Gözəllik göz üçün deyil ki indi.

Gecə ötüb keçir, alıb aparır

Sübhün yuxusunu, xəyallarını.

Mənim gözüm şeir, gözəlim şeir,

Əvvəlmi yaşadım səndən, sonramı?

 

Tərcümələr və təqdimat yazısı: Allahverdi Şahbazov, Səlim Babullaoğlu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!