Çağdaş gürcü poeziyasından nümunələr: Omar Turmanauli - Tərcümə

 

Omar TURMANAULİ

(25.5.1959-23.3.2019)

Omar Turmanauli söz meydanına səksəninci illərdə gələn ədəbi nəslin ən parlaq nümayəndəsidir. O, eyni zamanda gürcü dilindən fransız dilinə etdiyi poetik tərcümələri ilə də tanınır. Ömrünün son illərini Gürcüstandan kənarda, Fransada yaşadı. Şair öz ömrünü elə qürbətdə - Strasburqda başa vurdu.

 

 

İki arzu

 

Əlində tabaşir şıltaq bir uşaq

Asfaltın üstünə ağ günəş çəkir.

 

Dilənən qocanın papağındakı

Sikkələrin üzərində də

Parlayır günəş.

 

Nə qədər yol var

Asfaltın üstündəki o ağ günəşdən

Papaqdakı günəşə qədər?

Asfaltda da, dilənçinin papağında da

Parlayır günəş...

 

Körpə qığıldayır,

Zümzümə edir küçədə əyyaş.

Nə qədər yol var

Bu qığıltıdan o zümzüməyə?

 

Bakirə qızın ilk öpüşündən

Fahişə qadının öpüşünədək

Nə qədər yol var?

 

Günəş yavaş-yavaş əyilir, batır.

Neçə-neçə adam iki arzuyla baxır günəşə;

"Ay günəş, batma!"

"Tez bat, ay günəş!".

Hardasa ömrün son axşamıdır,

Hardasa sevginin ilk gecəsi döyür qapını.

"Ay günəş, batma!"

"Tez bat, ay günəş!".

Günəş sürətini tənzimləyir

Bu iki arzu, iki niyyətlə...

 

 

Köhnə gündəlikdən

 

I

 

Qapını bağlayıb gedibdir hamı,

Evdə - mən, kədərim, ocağın külü...

Fikirlə doludur bu evin damı,

Bu şübhə xəlvətdə doğulan bictək

Utanmaz-utanmaz üzümə gülür...

Varmı bu dünyada haqlı, ya haqsız? -

Yer üzü cavabsız, göylər mürgülü.

 

II

 

Niyə rişxənd ilə yanır o ulduz,

Niyə bizdən üstün bilir özünü?

Görəsən, o bizi görürmü göydən?

Görmürsə, niyə bəs çəkmir gözünü?!

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

III

 

Bu dünya kimindir, bu aləm kimin?

Onu tanımamış özünü tanı...

Sinəmdə vurnuxan dustaq qəlbimin

Əvvəli burdadır, axırı hanı?

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

IV

 

Günah günah deyil, İlahi, bəlkə,

Savab bildiyimiz savab deyil heç.

Ay Allah, ağzımız dirənib bərkə,

Savab günahdırsa bu günahdan keç.

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

V

 

Hayana gedirik, yolumuz ulu,

Bu yolu götürüb yaramı sarı...

Bəlkə bu yol deyil Allahın yolu

Bəlkə bu yol gedir iblisə sarı?

Yer - göyün ovucu, şeytanın qabı.

Hanı sualların şəksiz cavabı!?

 

VI

 

Mələk baxışları çiynimə düşüb,

Bu eşqi boyuma biçə bilmirəm.

Sizinlə yaşamaq boynuma düşüb,

Dünyadan heç yana qaça bilmirəm.

 

Görünmür, tabutluq yoxdur ağacım,

Arxada nişan yox doğma beşikdən.

Eşikdə yaşamaq hər şeydən acı,

Beşiksiz, tabutsuz qaldım eşikdə.

 

Gürcü dilindən tərcümə edən: İmir Məmmədli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!