...İsa, yoluna davam etmək istəyəndə bir nəfər irəli çıxıb onun qarşısında diz çökdü və belə soruşdu:
- Ey mənim qüdrətli ağam, əbədi həyatı qazanmaq üçün mən nə etməliyəm?
İsa cavab verdi:
- Niyə mənə "qüdrətli" dedin? Tanrıdan başqa heç kəs qüdrətli deyil. Əbədi həyat üçün nə etməli olduğunu bilirsən: Heç kimi öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, saxtakarlıq etmə, atana, anana hörmət elə.
Bu sözlərdən sonra İsaya sual verən adam dilləndi:
- Ağam, mən gənclik vaxtı bütün bu günahları öz həyatımdan uzaq tutmuşam.
İsa şəfqətlə ona baxıb dedi:
- Amma bir şey qalıb: Get, nəyin varsa, sat, payla kasıblara, əgər belə etsən, cənnətdə sənin xəzinən olacaq; sonra gəl və məni izləyənlərdən ol.
Kişi bu sözləri eşitcək dilxor oldu və qəmli-qəmli yola düzəlib İsadan uzaqlaşdı. Çünki onun böyük var-dövləti var idi. İsa ətrafına baxıb öz həvarilərinə nəzər saldı və belə dedi:
- Tanrının mülkünə ayaq basmaq varlılar üçün necə də çətin olacaq.
Həvarilər təəccüb içində ona baxdılar.
İsa sözünə davam etdi:
- Ey mənim övladlarım, Tanrının mülkünə girmək çox çətindir. Dəvənin iynə dəliyindən keçməsi varlı bir adamın Tanrının mülkünə girməsindən daha asandır.
Həvarilər daha da təəccübləndilər və belə soruşdular:
- Bəs xilas olanlar kimlər olacaq?
İsa onlara baxıb cavab verdi:
- İnsanlar üçün bu çox çətin bir şeydir, amma Tanrı üçün yox. Çünki Tanrı üçün hər şey mümkündür.
***
"...Əgər mənim yolumu izlədiyiniz üçün kimsə sizə bir qədəh su verirsə, onun bu yaxşılığı itməyəcək, bir gün o, öz mükafatını alacaq. Və əgər kimsə o gücsüz insanları öz imanından uzaqlaşdırarsa, bilin ki, boynuna dəyirman daşı bağlayıb özünü dənizə atmağı bu etdiyindən daha yaxşıdır. Əgər öz əliniz sizi yoldan çıxarırsa, onda əlinizi kəsin; bu həyatı tək əllə yaşamaq, cəhənnəmdə odun içinə iki əllə girməkdən daha yaxşıdır. Əgər ayağın səni yoldan çıxarırsa, onda ayağını kəs; bu həyatı tək ayaqla axsaya-axsaya yaşamaq, cəhənnəmə iki ayaqla girməkdən daha yaxşıdır. Əgər gözün səni doğru yoldan azdırırsa, özünü o gözdən məhrum etmək sənin üçün daha xeyirli olar, çünki Tanrının mülkünə bir gözlə girmək, iki gözlə cəhənnəmə atılmaqdan daha yaxşıdır. O cəhənnəm ki, ordakı ilan-çayanlar heç vaxt ölmür, o cəhənnəm ki, ordakı alov heç vaxt sönmür".
***
Onlar səhər-səhər yoldan keçərkən əncir ağacının, kökündən yarpaqlarına qədər quruduğunu gördülər; Piter dünən baş verənləri xatırlayıb ona (İsaya) dedi:
- Ağam, sənin dünən lənətlədiyin əncir ağacı quruyub.
İsa ona cavab verərək həvarilərinə səsləndi:
- Tanrıya inanın. Mən sizə həqiqəti deyirəm. Əgər kimsə bu dağa baxıb "yerindən qalx və özünü dənizə at" desə və ürəyində bunun baş verəcəyi ilə bağlı tərəddüd keçirməsə, dediyinin baş tutacağına inansa, onda, doğrudan da, öz istəyinə nail olacaq. Ona görə sizə deyirəm ki, nə üçün dua edirsinizsə, nəyi istəyirsinizə, onu əldə edəcəyinizə inanın, inanın ki, o sizin olacaq. Dua etdiyiniz vaxt kiminsə əleyhinə ürəyinizdə daşıdığınız hissləri unudun; unudun ki, Sahibiniz etdiyiniz yanlışlara görə cənnətdə sizi bağışlasın.
***
Sizdən öncəki nəsillərə "öldürməyin" deyə bir əmr verilmişdi. Yəqin ki, bundan xəbəriniz var. Kimisə öldürən adam mühakimə olunacaq. Mən isə sizə deyirəm ki, qardaşına qəzəbi tutan bir kəs də buna görə cavab verəcək. Qardaşına "axmaq" deyən bir kəs bu sözünə görə məsuliyyət daşıyacaq. Əgər siz, əlinizdə hansısa qurbanlıqla mehraba gəlsəniz və birdən yadınıza düşsə ki, qardaşınızla sizin aranızda hansısa inciklik var, onda yaxşı olar ki, gətirdiyiniz qurbanlığı mehrabın önündə qoyub ilk olaraq qardaşınızın yanına gedəsiniz və onunla barışasınız. Bundan sonra qurbanlığınızı verə bilərsiniz.
Yəqin, siz "zina etməyin" əmrini də eşitmisiniz. Və indi mən də sizə deyirəm ki, bir kişi hansısa qadına şəhvətlə baxarsa, artıq öz ürəyində onunla zina etmiş olur. Əgər sizin sağ gözünüz sizi yoldan çıxarırsa, onda gözünüzü çıxarıb yerə atın; Bədəninizin bir hissəsini itirmək bütün bədəninizin cəhənnəmə atılmağından daha yaxşıdır. Əgər sağ əlin səni doğru yoldan azdırırsa, onda əlini kəs. Bədəninin bir hissəsini itirmək bütünlüklə cəhənnəmə atılmağından daha yaxşıdır.
Yəqin, siz, sizdən öncəki nəsillərə verilən "yalandan and içməyin və Tanrıya and içdikdə buna dürüstlüklə əməl edin" əmrini də eşitmisiniz. Və mən də sizə deyirəm ki, heç vaxt and içməyin. Nə göyə and için, nə yerə, çünki göylər Tanrının taxt-tacıdır, çünki yerlər Tanrının öz ayaqlarını qoyduğu məkandır. Nə də Yerusəlimə and için, çünki ora böyük bir hökmdarın şəhəridir. Öz başınıza da and içməyin, çünki siz onun bir tükünü nə qaralda bilərsiniz, nə də ağarda. Nəyisə təsdiq edəcəksinizsə, sadəcə "hə" deyin, nəyisə inkar edəcəksinizsə, sadəcə "yox" deyin. Bundan artıq nəsə desəniz, bilin ki, şeytandan gəlmədir.
Ehtiyatlı olun ki, öz dürüstlüyünüzü insanlar qarşısında nümayişkaranə şəkildə göstərməyəsiniz. Əgər kiməsə xeyirxahlıq etsəniz, insanların sizi yaxşı adam bilməsindən ötrü sinaqoqlardakı və küçələrdəki ikiüzlülər kimi, bu yaxşılığı bağıraraq başqalarına bildirməyin. Çünki yaxşılıq edənlər onsuz da öz mükafatlarını alacaqlar. Kiməsə xeyirxahlıq etsəniz, elə edin ki, sağ əlinizin verdiyini sol əliniz bilməsin; Çalışın bu xeyirxahlığınız gizli qalsın. Çünki gizliləri də, aşkarları da görən Sahibiniz sizi onsuz da mükafatlandıracaq. İbadət etdiyiniz vaxt ikiüzlülər kimi olmayın. Onlar sinaqoqlarda və ya küçələrin bir küncündə ibadət edirlər ki, başqa insanlar onları görsün. İbadət etmək istədiyiniz vaxt sakitcə öz otağınıza girib, qapını bağlayın və gözə görünməyən Sahibinizə ibadət edin. Bütün gizlinlərdən xəbərdar olan Sahibiniz sizin mükafatınızı verəcək. İbadət edərkən bütpərəstlər kimi, ağzınıza nə gəlirsə deməyin; o bütpərəstlər elə zənn edirlər ki, nə qədər çox söz desələr, duaları bir o qədər yaxşı eşidiləcək. Bütpərəstlər kimi ibadət etməyin, çünki Sahibiniz siz ona dua etməzdən əvvəl də nəyə ehtiyacınız olduğunu bilir. Ona görə də bu cür dua edin: "Ey göylərdəki Sahibimiz, sənin adın müqəddəsdir, bu gün ehtiyacımız olan bir tikə çörəyi bizə yetir və borclarımızı bağışla, çünki biz də bizə borclu olanları bağışlamışıq. Bizi yolumuzdan azmağa qoyma, şeytanı bizdən uzaq tut". Bəli, bu cür dua edin, çünki siz insanların səhvlərini bağışlasanız, Sahibiniz də sizi bağışlayar, siz insanların səhvlərini bağışlamasanız, Sahibiniz də sizi bağışlamaz. Oruc tutduğunuz vaxt ikiüzlülər kimi qaşqabaqlı olmayın. Çünki onlar oruc tutanda üz-gözlərindən qəzəb yağdırırlar ki, başqaları onların oruc tutduğunu bilsin. Oruc tutduğunuz vaxt, gümrah görünməyə çalışın, üzünüzə su vurun ki, başqalarına oruc olduğunuzu göstərməyəsiniz. Bunu ancaq gizlində Sahibinizə göstərin. Bütün gizlinləri görən, bütün gizlinlərdən xəbərdar olan Sahibiniz sizi onsuz da mükafatlandıracaq.
Yığdığınız pulu, var-dövləti bu dünyada, yəni yer üzündə saxlamayın. Çünki burda güvələr pulunuzu yeyə bilər, qiymətli daş-qaşlarınız pas tuta bilər, burda oğrular o pulları, o daş-qaşları oğurlaya bilər. Ona görə də var-dövlətinizi cənnətdə yığmağa, orda saxlamağa çalışın. Orda nə güvələr pulunuzu yeyər, nə pas daş-qaşınızı korlayar, nə də kimsə oğurluq edə bilər. Bilin ki, sizin xəzinəniz hardadırsa, ürəyiniz də orada olacaq. Sizin bədəninizin çırağı gözlərinizdir. Buna görə də əgər gözləriniz təmiz və işıqlıdırsa, demək ki, bütün bədəniniz işıqlıdır. Əgər gözləriniz tutqundursa, ləkəlidirsə, deməli, bütün bədəniniz qaranlıq içindədir. Əgər içinizdəki işığı qaranlıq örtübsə, demək, siz dərindən də dərin bir qaranlığa qərq olmusunuz. Bir adam heç vaxt iki ağaya qulluq edə bilməz. Çünki belə olsa, həmin adam getdikcə onlardan birinə nifrət edəcək, digərini isə sevəcək. Ya da birinə sadiq qalacaq, digərinə isə yaxşı qulluq göstərməyəcək. Siz eyni vaxtda həm Tanrıya, həm də Sərvət ilahəsinə ibadət edə bilməzsiniz. Ona görə sizə deyirəm ki, daim öz həyatınızın fikrini edib durmayın, sabah nə yeyəcəyinizin, əyninizə nə geyinəcəyinizin dərdini çəkməyin. Məgər həyatınız yeyəcəyiniz qidadan daha önəmli deyilmi, yaxud bədəniniz geyinəcəyiniz paltardan daha vacib deyilmi? Göydə uçan o quşlardan nümunə götürün, onlar nə yer şumlayırlar, nə toxum əkirlər, nə də buğda anbarına ehtiyat toplayırlar, amma sizin göylərdəki Tanrınız onların ruzisini yetirir. Məgər siz onlardan üstün deyilsinizmi? Sizin hansınız fikir etməklə bir addım daha qabağa keçə bilərsiniz? Niyə sabah nə geyinəcəyinizin dərdini çəkirsiniz? Çöllərdə bitən o zanbaqlara baxsanıza; görsənizə onlar necə böyüyür. Onlar, nə geyinmək üçün özlərinə paltar tikirlər, nə də yaxşı geyinməkdən ötrü hansısa əzaba qatlaşırlar. Amma Süleyman belə o cah-calalın, o var-dövlətin içində onlar qədər gözəl geyinə bilmirdi. Bir düşünün və görün ki, Tanrı əgər çöllərdə bitən bir otu bu cür geyindirirsə, məgər siz insanları - içində zərrəcə imanı olan insanları daha gözəl geyindirməzmi? Halbuki o otlar bu gün göz oxşasa da, sabah quruyub çöpə dönəcək və siz onları sobaya atıb yandıracaqsınız. Ona görə də narahat olmayın, fikir edib düşünməyin ki, "sabah nə yeyəcəyik", "sabah nə içəcəyik", "sabah nə geyinəcəyik". Sizin göylərdəki Sahibiniz yaxşı bilir ki, nəyə ehtiyacınız var. Birinci onun mülkünə, onun ədalətinə can atın; istədikləriniz sizə veriləcək. Sabahın dərdini çəkməyin, sabah özü öz qeydinə qalacaq. Hər günün öz dərdi özünə bəsdir.
Kimisə mühakimə etməyin ki, sizi də mühakimə etməsinlər. Kimi necə mühakimə edirsinizsə, özünüz də o cür mühakimə olunacaqsınız; mühakimə etdiyiniz vaxt hansı meyara əsaslanmısınızsa, sizi də eyni ölçü və ədalətlə mühakimə edəcəklər. Niyə qardaşınızın gözündəki saman çöpünü asanlıqla görürsünüz, amma öz gözünüzdəki tiri görə bilmirsiniz? Öz gözünüzdə tir olduğu halda qardaşınıza necə deyə bilərsiniz ki, "qoy sənin gözündən o saman çöpünü götürüm". Sən ikiüzlü, əvvəlcə öz gözündəki tiri götür, sonra qardaşının gözündəki çöpün dərdini çəkərsən. Dəyərli şeyləri itlərə atmayın; mirvariləri donuzun qabağına tökməyin. Çünki bu heyvanlar onları ayaqlayıb keçəcək və nəyi əzdiklərindən xəbərləri də olmayacaq. Ürəyindən nə keçirsə, onu istə, bil ki, o, sənə veriləcək. Axtar, bacardığın qədər axtar, tapacaqsan. Hansısa qapıdan keçmək istəyirsənsə, çəkinmə, döy o qapını, həmin qapı sənin üçün açılacaq. Kim istəyirsə, əldə edir; kim axtarırsa, tapır; kim qapını döyürsə, onun üçün həmin qapı açılır. Aranızda elə adam varmı ki, oğlu ondan çörək istəsin, o da oğluna daş versin? Yaxud oğlu balıq istəsin, o isə ilan versin. Görürsünüzmü? Siz günahkar insanlar belə öz övladlarınıza gözəl hədiyyələr verirsiniz, belə olduqda göylərdəki Sahibiniz siz ondan nəsə istəyərkən sizə daha gözəl lütfdə bulunmazmı? İnsanların sizin üçün nə etməsini arzulayırsınızsa, özünüz də onlar üçün onu edin. Yalançı peyğəmbərlərdən özünüzü gözləyin, onlar sizə qoyun cildində görünsə də, əslində niqablarının arxasında ac canavar dayanıb. Siz onları öz əməllərinin bəhrəsindən tanıyacaqsınız. Tikanlı otlardan kimsə üzüm dərə bilərmi, yaxud kim qanqaldan əncir yığa bilər? Bu o deməkdir ki, hər yaxşı ağac yaxşı meyvə verir. Pis ağacların isə meyvəsi pis olur. Yaxşı ağacda pis meyvə olmaz, pis ağacda isə yaxşı meyvə tapa bilməzsiniz.
...Mənə qulaq asan və mənim dediyimə əməl edən kəslər öz evini möhkəm qayanın üstündə tikən ağıllı adamlara bənzəyirlər. Yağışlar yağsa da, küləklər əssə də, çaylar daşsa da, o evə heç nə olmaz. Çünki o ev qayanın üstündə tikilib. Amma kim ki, mənim sözlərimi eşidir və əməl etmir, onlar öz evini qumun üstündə tikən ehtiyatsız və vecsiz adamlara bənzəyirlər. Bir gün yağış yağsa, ya çaylar daşsa, ya da küləklər əssə, o ev uçacaq və onun uçması faciəvi olacaq.
İngilis dilindən tərcümə:
Təvəkgül Boysunar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!