Xuan Ramon Ximenes (1881-1955) - böyük ispan şairi, görkəmli lirik, modernist. "İspandilli poeziyada xalis bədii ifadə və yüksək ruhi saflığa, böyük lirizmə" görə 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
***
Sakit, ilıq, səmirsiz
gecə də dönməyəcəm,
Öz tənha hilalının
şöləsi arasında
yatacaq bütün aləm.
O vaxt ki, bu yerlərdə
kölgəm də qalmayacaq,
sərin hava şırnağı
ruhum üçün axacaq
açıq pəncərələrdən.
Gözləyən olacaqmı,
məni, düzü, bilmirəm
ikiqat və upuzun
ayrılıqdan bezəndə,
Öpüşlə, göz yaşıyla
dolu xatirələri
anacaqlarmı görən?
Amma güllər, ulduzlar,
ümidlər də və ahlar,
budaq və divarların
kölgəli küçəsində
busə alan dodaqlar -
- bax, bunlar olacaqdır.
Royal, bax, bu səmirsiz
gecədə olduğutək
yenə də səslənəcək.
Pəncərə ağzındakı
o dalğın dinləyici
taybatay qapıları
bir daha örtməyəcək.
***
Qəlbimi qızılıya
qürub günəşi saldı,
Gecə onu çıxarıb
baxdım: yalnız parıltı...
Bir ovuc gümüş atdı
Sübh vaxtı qəlbimə Ay,
Qapıları bağlayıb
baxdım: yalnız parıltı....
***
- Uçuş vaxtı quşların batıq səsi heç olmasa...
- Dərdli gözdə qızılgülün unudulmuş rayihəsi.
- Heç olmasa göy üzünün göz yaşında öləziyən mavisi...
***
Mən də gedəcəyəm. Əvvəlki kimi
o quş oxuyacaq.
Yenə həmin bağca, bağçada ağac,
bir də ki ağ quyum mənim qalacaq.
Günün axırında şəffafca, sakit
qürub donacaq.
Ətraf qüllələrin zəngləri isə
məni anacaq.
Küçələr illərlə özgələşəcək,
Mənim sevdiklərim qalmayacaqdır.
Bağçama hasarın bəyazlığından
həsrətlə tək kölgəm boylanacaqdır.
Mən gedəcəyəm, tək və kimsəsiz.
Mehindən, şehindən sübhün xəbərsiz,
bir də ağ quyumu qoyub gedəcəm...
Quşlarsa elə hey, hey oxuyacaq,
əvvəlki kimi...
***
Elə yenə səni sevərdim, qadın,
Daş kimi doğulsaydım.
Elə yenə səni sevərdim, qadın,
Dalğa olub coşsaydım.
Elə yenə səni sevərdim, qadın,
Atəş kimi yansaydım.
Elə yenə səni sevərdim, qadın,
Çaşsaydım,
Kişi kimi doğulsaydım...
***
Soyuq buğ. - Xoruzların banlaması.
Şimşək və Ay. - Çağanın ağlaması.
Bomboş dalan. - Sadəlövh köpək.
Qaranlıqdı hələ. - Fikirli adam.
***
Kasıb uşaqlara bənzəyirəm,
əlimdən tutub
dünya adlı əşya bazarında
gəzdirirlər məni.
Dörd olur gözlərim,
o qədər qüssə verirlər ki mənə.
Ən pisi, əliboş qaytarırlar.
Roberto Xuarros (1925-1995) - görkəmli Argentina şairi, esseist, tərcüməçi və ədəbi tənqidçi. Argentina Elmlər Akademiyasının həqiqi üzvü olan şair Argentina Poeziya Fondunun Ali mükafatına, Jan Malro mükafatına layiq görülüb. 1958-1997-ci illərdə çıxan 14 şeir kitabının hamısı "Şaquli poeziya" adlanır.
***
Düşünürəm ki, çox güman
bu dəqiqə mənim haqqımda heç kim düşünmür.
Mənim haqqımda yalnız mən düşünürəm,
və elə indi, bu dəqiqə ölüb-eləsəm,
heç kim, hətta mən özüm belə
özüm haqda düşünməyəcəm.
Elə bu zaman uçurum açılır qarşında,
yuxuda olduğu kimi.
Sən demə, mən öz-özümün dayağıyam
və bundan imtina edirəm.
Bu da boşluğun doldurulması üçün
mənim tərəfimdən bir töhfə olsun.
Bəlkə ona görə
insan haqqında düşüncə
onun xilası kimi görünür.
***
Eyni vaxtda həm böyük, həm balaca
əllərin birəbir yerləşdiyi bir yer tapdım.
Elə bir yer tapdım ki, əllər həm olduqları qədər,
həm də xeyli böyükdülər.
Amma orda hökmən tapmalı olduğum bir şeyi,
məni gözləyən başqa əlləri
tapmadım.
***
Göz ağ tavanda
nazir qara xətt cızır.
Tavan gözün sərsəmliyini qəbul edir,
qaralır.
Qara xətt itir,
göz yumulur.
Beləcə, tənhalıq başlayır.
***
Biz heç vaxt üzü ağlamaya köçürülməyəcək
mətnin qaralamasıyıq.
Qara-qura,
təkrarlanan,
dil xətaları,
hərf səhvləri ilə dolu sözlərin sırası.
Gözləyirlər -
bütün sözlər kimi,
atılıblar,
ikiqat tənhadırlar
bu ağır, ağaclaşmış səhifələrdə.
Amma hər necəsə bu kor-kobud qaralamanı
bircə dəfə uca səslə oxumaq bəs edərdi ki,
biz hər hansı son mətni
bundan belə daha gözləməyək.
***
Vaxt yetişir,
insan öz tərcümeyi-halından qurtulur,
elə onda keçmişin bu ilğımından,
bu rüsvayçı kölgəsindən imtina edir.
Bundan sonra özünün bu darısqal düsturuna
nə xidmət eləmək,
nə onun işğallarına yardım etmək,
nə də seçim anında ağlamaq tələb olunur.
Öz tərcümeyi-halından imtina eləmək,
öz sənədlərini tanımamaq
o deməkdir ki, səfər qabağı yükünü yüngülləşdirirsən.
Sanki divara boş çərçivə asırsan ki,
heç bir təsvir orda sıxılmasın bir də.
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!