Avropa postmodernizmi. Uilyam Qoldinq - Tərcümə

 

İngilis yazıçısı Uilyam Cerald Qoldinq 19 sentyabr 1911-ci ildə  Kornuoll qraflığının Sent-Kolamb Maynor kəndində, müəllim ailəsində anadan olub. Məktəb illərində riyaziyyata və bədii əsərlərə xüsusi maraq göstərirdi. Yazıçılığa həvəs də o vaxt yaranıb. Oksford Universitetində oxuduğu dövrdə əsasən təbiətə və cavabsız sevgiyə həsr etdiyi şeirləri tələbə dostlarından biri toplayıb Makmillan nəşriyyatına göndərir. Nəşriyyat həmin vaxt gənc şairlərin kitablarını çap eləməyə hazırlaşırdı və o siyahıya Qoldinq də düşdü. Beləliklə, 1934-cü ildə gənc Uilyamın ilk kitabı işıq üzü gördü, hətta buna görə beş funt sterlinq qonorar da aldı. Lakin kitabın uğursuzluğu  Qoldinqi sarsıtdı və o, əlinə keçən bütün nüsxələri məhv etdi. Bundan sonra Qoldinq düz iyirmi il susub heç bir kitab çap etdirmədi. 

1935-ci ildə Oksford Universitetini “ingilis dili və ədəbiyyatı” ixtisası üzrə bitirən Qoldinq orta məktəbdə ədəbiyyat və fəlsəfə dərsi deyirdi. 1939-cu ildə ailə həyatı quran gələcək yazıçı pedoqoji fəaliyyətini  Solsberidə davam etdirir. İkinci Dünya müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanan Qoldinq kral hərbi-dəniz qüvvələrində xidmət etmiş, müharibədən sonra yenidən Solsberiyə qayıdaraq pedoqoji fəaliyyətini davam etdirmişdir.

1952-ci ildə Qoldinq “Daxilən yad adamlar” adlı roman yazmağa başlayır və bir ildən sonra əlyazmalarını müxtəlif nəşriyyatlara göndərir. Fəqət, iyirmi il əvvəl yaşadığı uğursuzluq ovqatını yenidən yaşamalı olur: naşirlərin hamısından “yox” cavabı alan qırx iki yaşlı Qoldinqin bütün ümidləri puç olur. Xoş bir təsadüf nəticəsində bəxti gətirməsəydi, yəqin ki, Qoldinq ya yenidən iyirmi il də susmalı olacaqdı, ya da yazmağın daşını birdəfəlik atacaqdı. Lakin  təsadüfən onun əlyazmaları həmin vaxt “Faber and Faber” nəşriyyatına təzəcə redaktor təyin olunmuş Çarlz Monteytin əlinə düşür. Monteyt romanı oxuyub bəyənir və  çətinliklə də olsa nəşriyyat rəhbərliyini dilə tutub əlyazmanın gülünc bir qiymətə - cəmi altmış funt-sterlinqə satın alınmasına nail olur. Əsər redaktə olundu, onun adı da dəyişdirildi və 1954-cü ildə “Milçəklər kralı” adlanan roman çapdan çıxdı. Monteyt olmasaydı, bəlkə də, zibil yeşiyinə atılıb məhv olacaq roman Qoldinqə dünya şöhrəti gətirdi.

Əsərdə təyyarə qəzası nəticəsində uzaq tropik adaya düşmüş bir dəstə ingilis uşağının başına gələnlərdən danışılır. Ada meyvə ağaclarıyla doludur; düzdür, uşaqların çörəyi yoxdur, lakin vəhşi qaban ovlayıb ət əldə edə bilərlər və onlar bu işin də öhdəsindən gəlirlər. Adada yırtıcı heyvanlar yoxdur deyə, uşaqların həyatı üçün heç bir təhlükə gözlənilmir. Lakin uşaqlar öz evlərinə qayıtmaq istəyirlər və bunun da yeganə yolu ondan ibarətdir ki, onlar tonqal qalayıb onu gecə-gündüz sönməyə qoymamalıdırlar ki, okeanda üzən gəmilər ocağın tüstüsünü görüb adaya yan alsınlar - uşaqları xilas etsinlər. Ağıllı ingilis balaları yığışıb vəziyyəti müzakirə edir və qərara gəlirlər ki, özlərinə başçı seçib nizam-intizamla yaşamalı, səbirlə dözüb xilas gününü gözləməlidirlər, əks təqdirdə hamısı məhv ola bilər. Bəs başçı kimi seçsinlər: yaşca böyük olan ağıllı,savadlı, xeyirxah, güclü və sağlam Ralfı, yoxsa vəhşi təbiətli, dar düşüncəli,  amansız və qəddar Ceki? Uşaqlar yığıncaq keçirib məsələni səsə qoyurlar. Səsvermə nəticəsində Ralf başçı seçilir. Cek narazı qalır və bu qələbəni heç cür Ralfa bağışlaya bilmir.  Adada yaşamaq üçün kifayət qədər yaxşı şərait olsa da, valideyn himayəsindən məhrum olmuş uşaqların qarşısına problemlər çıxır. Cek yatmır, oturub-durub Ralfı pisləyir, yaranmış bütün çətinliklərdə onu ittiham edir; bu yolla özünə həmfikirlər tapır, onları öz ətrafında toplayaraq narazılar qrupu yaradır. Narazıların sayı get-gedə artır və nəhayət, elə bir vəziyyət yaranır ki, Ralfın sözü keçmir, onu saymırlar, adada hərc-mərclik başlayır; hətta iş o yerə çatır ki, uşaqlar tonqal da qalamırlar. İki qoçun başı bir qazanda qaynamaz, - Cek qərara gəlir ki, Ralfı məhv edib adanın mütləq hakimi olsun...  Əsərdə bədxahlıq və qəddarlıq simvolu olan Cek qalib gəlir, ağıl və xeyixahlığı təcəssüm edən Ralf isə məğlub olur.       

Müharibə qurtaranacan müxtəlif  hərbi gəmilərdə xidmət eləmiş Uilyam Qoldinq tam fərqli bir həyat məktəbi keçdi. Yazıçı özü də sonralar etiraf edirdi ki, müharibə illəri onda insan təbiətinin mahiyyətiylə bağlı heç bir illüziyaya yer qoymayıb. “İnsanların nəyə qadir olduğunu mən artıq dərk etməyə başladım. Bal arısı bal düzəltməklə məşğul olduğu kimi, insanların da pislik və bədxahlıq törətdiyini görməyən müharibə iştirakçısı ya kordu, ya da onun ağlı başında deyil,” - bu sözlər Qoldinqə məxsusdur. Başqa bir yerdə isə yazıçı belə deyir: “İnsanların biri-birinə nələr edə biləcəyini biləndən sonra həyatım boyu dəfələrlə sarsılmışam, az qalıb ağlım başımdan çıxa - dəli olam. Bəşəriyyətin xəstə olduğuna heç bir şübhəm qalmayıb... Mən o xəstəliyi axtarıram... Ona görə də gücüm çatan qədər yazır, aləmə car çəkib deyirəm: “Baxın, baxın, baxın, görün dünyada ən təhlükəli varlıq olan insanın təbiəti əslində necədir!”

“Milçəklər kralı” romanından sonra yazmaq həvəsi birə-beş artan Uilyam Qoldinq 1955-ci ildə “Varislər” romanını yazdı; yazıçı bu əsərdə göstəmək istəyir ki, insanın içtimai qüsurları çox dərin tarixi köklərə malikdir, hətta hesab etmək olar ki, bu, anadangəlmə naqislikdir.

1956-cı ildə Qoldinqin “Oğru Martin”, 1959-cu ildə “Sərbəst düşmə”, 1964-cü ildə “Şpil” romanları çap olundu, 1967-ci ildə yazıçının üç novelladan ibarət olan “Piramida” əsəri işıq  üzü gördü; 1971-ci ildə  “Əqrəb - Allah” adlı povestlər kitabı, 1979-cu ildə isə “Görünən zülmət” romanı çap olunmuşdur.

1983-cü ildə Uilyam Qoldinq “əsatirin universallığı və rəngarəngliyilə çulğaşaraq realist sənətə məxsus olan bir aydınlıqla insanın müasir dünyadakı mövcudluq şəraitinin dərk olunmasına yardım edən romanlar yazdığına görə” ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüşdür.

Hesab etmək olardı ki, yazıçı öz sözünü deyib, məqsədinə çatıbdı. Lakin Qoldinq öz işindəydi: yazıb-yaradır, yeni-yeni əsərlər çap etdirirdi. 1984-cü ildə yazıçının “Kağız adamlar”,  1987-ci ildə “Rombun dörddəikisi”, 1989-cu ildə “Aşağıdan alov” romanları çap olundu. 1993-cü ilin əvvəllərində 82 yaşlı yazıçı növbəti roman üzərində işə başladı. Lakin o, bu əsəri tamamlaya bilmədi - ölüm imkan vermədi. Uilyam Qoldinq 1993-cü ildə vəfat etdi.

 

 

Ovçu  qışqırığı

“Milçəklər kralı” romanından

Ralf ot-ələfin arasına vurdu özünü, lağım açıb bir az da dərinə getdi. Əlindəki payanı düz böyründəcə yerə qoydu və qaranlıqda uzandı. Yaddan çıxartmaq olmaz: lap erkən oyanmalıdır ki, vəhşiləri barmağına dolaya bilsin, onlara kələk gəlsin. Heç özü də hiss eləmədi yuxu necə tez gəlib onu qaranlıq uçruma yuvarladı.

Oyansa da, gözlərini hələ açmamışdı və lap yaxınlıqdan eşidilən səslərə qülaq asırdı. Gözünün birini açıb yanağından bir düyümlük məsafədəki torpağı gördü, barmaqlarıyla torpağı qamarladı; yarpaqların və budaqların arasından süzülən işıq düşürdü üstünə. Hələ vaxt var idi və fikirləşdi ki, nə vaxtsa yuxuda gördüyü  yıxılma və ölüm keçmişdə qalıb, indi səhərdir. Elə bu məqamda yenə səs eşitdi. Sahil tərəfdən ulartı səsi gəldi, ovçulardan biri eyni ulartıyla cavab verdi, onların səsinə başqası səs verdi. Uçan quşun qışqırtısına oxşayan ulartı səsləri dənizdən körfəzəcən yayıldı. Ralf düşünüb vaxt itirmədən dərhal ucu-şiş payanı qapdı və özünü qıjıların arasıyla dərinliyə vurdu. Bir neçə saniyə sonra isə sürünərək pöhrəliyin içinə girdi - ona tərəf gəlməkdə olan vəhşilərdən uzaqlaşdı. Otlar, budaqlar tapdanıb yerə yatmışdı, uzun otların arasıyla gələn vəhşilərin ayaq səsləri eşidilirdi. Vəhşilərdən hansısa iki dəfə ulayıb siqnal verdi, hər iki istiqamətdə onu təkrar etdilər, sonra səs kəsildi. Ralf pöhrəlikdə büzüşüb sakitcə durmuşdu, bir müddət səs-səmir eşitmədi.

Nəhayət, öz sığınacağını nəzərdən keçirdi. Əslində, onun bəxti gətirib, çünki burada ona hücum etmək, tutmaq, ələ keçirtmək, demək olar ki, mümkün deyil. Piqqini öldürən həmin o böyük qaya pöhrəliyin mərkəzinə - düz elə bura düşmüşdü və yeri dağıdaraq hər tərəfdən bir neçə fut enində şırım açmışdı. Ralf sürünüb ora girdi və hiss elədi ki, təhlükəsiz yerdədir, həm də ağıllı adam olduğunu anladı. Sınıb əzilmiş budaqların arasında ehtiyatla oturub gözlədi ki, ovçular keçib getsinlər. Budaqların arasından baxanda gözünə nəsə qırmızı bir şey dəydi. Qalanın zirvəsidi ora, uzaq və təhlükəsiz yerdi. Qalib ədayla oturub gözlədi ki, uzaqlaşmaqda olan ovçuların səsini eşidə bilsin.

Səs-səmir yox idi. Dəqiqələr keçdikcə, qələbə əhval-ruhiyyəsi onu tərk edirdi.

Nəhayət, səs eşitdi. Cekin səsi idi, amma bir az boğuq çıxırdı.

- Dəqiq bilirsən?

Sualın ünvanlandığı vəhşi dinmədi. Olsun ki, işarəylə cavab verdi. Sonra Rocer danışdı:

- Bax ha, əgər yalan desən...

Dərhal da ağrıdan inləyib-sızlayan kiminsə həniri eşidildi. Ralf sövq-təbii olaraq büzüşdü. Deməli, orada dayanıb danışanlar Cekdi, Rocerdi və əkizlərdən hansısa biridir.

- Sən əminsən ki, o burada gizlənmək istəyirdi? 

Əkiztayı əvvəlcə inildədi, sonra qışqırdı:

- Burada gizlənmək istəyirdi o?  

- Hə, hə... Oy!...

Gümüşü gülüş səsləri ağacların arasına yayıldı. Deməli, onun yerini artıq bilirlər.

Ralf nizəsini yuxarı qaldırıb döyüşə hazırlaşdı. Onlar ona neyləyə bilərlər? Ralf nizəsinin iti ucuna əliylə toxundu. O adam payını alacaq və aldığı nizə zərbəsindən donuz kimi qışqıracaq.

Onlar uzaqlaşıb qalaya tərəf gedirdilər. Ralf kiminsə ayaq səslərini, kiminsə hırtıldadığını eşitdi. Quş səsinə oxşayan bayaqkı səs yenə adaya yayıldı.  Deməli, kimsə burada dayanıb onu güdür. Görəsən, kimdir?

Uzun sürən bir sükut oldu. Ralf bir də baxdı ki, əlindəki payanın qabığını dişiylə qoparıb yeyir. Ayağa qalxıb Qalaya tərəf baxdı və bu vaxt Cekin lap yuxarıdan gələn səsini eşitdi.

- Qaldırın! Güc verin! Qaldırın!

Ralf nizəsini yerə qoyub, yenə qaldırdı. Alnına düşən saçlarını əsəbi halda geri elədi, özünün dar sığınacağında tələsik iki addım qabağa atıb geri qayıtdı. Budaqların sınmış uclarına baxa-baxa yerində donub qaldı.

Hələ ki sakitlik idi.

Sinəsinin necə qalxıb-endiyinə fikir verdi, tez-tez nəfəs aldığını görüncə təəccübləndi. Sinəsinin sol tərəfində ürəyinin necə döyündüyü aşkar görünürdü. Nizəsini yerə qoydu.

- Qaldırın! Qaldırın! Bir də güc verin!

Sonra da xeyli müddət kəsilməyən qışqırıq səsi eşidildi.

Qayanın başında nəsə bir uğultu qalxdı, elə bil, yer atılıb-düşdü, davamlı şəkildə silkələndi, səs get-gedə gücləndi. Zərbə dalğası Ralfı vurub yerə sərdi, budaqların arasına pərçimlədi. Sağ tərəfdən lap yuxarıda pöhrənin başı əyilib yerə gəldi, kökləri yerdən çıxdı və Ralf onu da gördü ki, yuxarıda dəyirman daşı kimi nəsə bir şey yavaşca fırlandı. Sonra o qırmızı şey ötüb-keçdi, get-gedə sürətini azaltmaqda olan fil kimi, dənizə tərəf getdi.

Ralf şırımlanan torpağın üstündə dizi üstə çöküb yerin silkələnməsinin nə vaxt dayanacağını gözlədi. Ağacların parçalanmış gövdələri, sınıb ətrafa səpələnmiş budaqlar və yaprıxıb yerə yatmış pöhrəlik tezliklə yenidən sakitləşdi. Bədənində nəsə bir ağırlıq var idi, nəbzinin necə vurduğunu hiss edirdi.

Yenə sükut çökdü.

Amma bu sükutun içindən nəsə bir pıçıltı da eşidilirdi və qəflətən onun sağ tərəfindən iki yerdə budaqlar silkələndi, nizənin iti ucu göründü. Ralf qorxub öz nizəsilə güclü zərbə endirdi.

- Aaa-ah!

Nizə əlində titrəyəndə Ralf dərhal onu geri çəkdi.

  - Ooh-ooh...

Kimsə inildəyirdi. Orada bərkdən danışıb dilləşirdilər. Yaralı vəhşi isə qışqırır, inildəyirdi. Sonra yenə sükut çökdü və bu dəfə danışan iki nəfərin səsi gəldi. Ralf hiss elədi ki, bu, Cekin səsi deyil.

   - Gördün? Axı mən dedim ki, o təhlükəlidir.

Yaralı vəhşi yenə inildədi.

- Bəs sonra? Sonra nə olacaq?

Ralf çeynənmiş nizəni əlində möhkəm sıxdı, saçları üzünə dağıldı. Danışanlar ondan bir neçə yard aralıda, Qala tərəfdəydilər. Vəhşilərdən birinin əsəbi halda “yox!” dediyini eşitdi, sonra boğuq gülüş səsi gəldi. Ralf ayaq pəncələri üstə dayanıb çömbəltmə oturdu, dişlərini ağardaraq budaqların əmələ gətirdiyi divara baxdı, nizəsini qaldırdı, pusquda durub gözlədi.

O tərəfdə yığışmış dəstə üzvləri yenə gülüşdülər. Sonra nəsə axırmış kimi, bir səs gəldi, nəsə şaqqıldadı, - elə bil, böyük selafon parçasını şaqqıltıyla qatlayıb yığırdılar. Budaq çartıldadı, Ralfı öskürək tutdu; nəfəsi kəsilirdi. Budaqların arasıyla ağ-sarı tüstü gəlməkdəydi, yuxarıda görünən səma parçası tufan buluduyla örtülübmüş kimi, dərhal qaraldı; tüstü hər tərəfdən Ralfı bürüyürdü.

Kimsə sevinclə güldü, kimsə qışqırdı:

- Tüstü!  

Ralf tüstünün altında mümkün qədər aşağı əyilib, az qala, yerə yataraq pöhrəliyin içi ilə meşəyə tərəf getdi. Budur, bu da tala və pöhrəliyin qırağındakı yaşıl yarpaqlar. Qırmızı-ağ zolaqlarla rənglənmiş balaca vəhşi əlində nizə tutaraq Ralfın meşəyə gedən yolunu kəsmişdi, amma o, tüstüdən heç nə görməyərək boğulub öskürür və əlinin arxasıyla gözünü silib rəngi yayırdı. Ralf pişik kimi pusa-pusa yaxınlaşıb qəflətən onun başının üstünü aldı, nizəylə zərbə endirdi. Balaca vəhşi ikiqat oldu. Pöhrəliyin o tərəfindən qışqırtı səsi gəldi və Ralf qorxudan özünü şax-şəvəlin içinə vurub qaçmağa başladı. Donuz çəhliminə çatıb yüz yarda qədər qaçdı, dönüb qırağa çıxdı. Arxada kiminsə ulartısı yenidən adaya yayıldı və tənha səs üç dəfə eşidildi. O saat bildi ki, bu, hücuma keçmək üçün verilən siqnaldır, sürəti artırdı, ürəyi az qalırdı partlasın. Özünü kolun dibinə pərçimləyib gözlədi ki, ürək döyüntüləri sakitləşsin. Dilini dişlərinə və dodaqlarına sürtdü, onu izləyənlərin ulaşmasına qulaq asdı.

Çox şey eləmək olar, məsələn, hündür bir ağacın başına dırmaşa bilər. Yox, bu, çox təhlükəli addımdır. Yerini bilsələr, sadəcə, oturub bir xeyli gözləyəcəklər, vəssalam.

Vaxt olsaydı, fikirləşib nəsə tapmaq olardı.

Elə həmin o yerdən iki dəfə siqnal verdilər və Ralf artıq onların planının nədən ibarət olduğunu başa düşdü: meşədə ilişib qalmış hər bir vəhşi iki dəfə siqnal verirdi ki, ayaq saxlayıb onu gözləsinlər. Bu yolla onlar bütün adanı ələk-vələk eləmək istəyirdilər. Ralfın yadına qabanın necə asanlıqla cərgəni yarıb aradan çıxdığı düşdü. Əgər onun izinə düşənlər lap yaxınlaşsalar, o da mühasirəni yarıb aradan çıxmalı olacaq və geriyə qaçacaq... Amma geriyə qaçıb hara gedəcək? Onu izləyənlər də geri dönəcəklər və yenə onu izləyəcəklər. Gec-tez yemək yeməli olacaq, yatıb dincəlməli olacaq və yuxudan ayılanda görəcək ki, onların əlinə keçib.

Bəs onda neyləməlidir? Ağaca dırmaşmaq? Qabanın elədiyi kimi, mühasirəni yarmaq? Hər iki yol təhlükəlidir.

Yenidən eşitdiyi tək ulartı səsi onun ürəyini şiddətlə döyündürdü, ayağa qalxıb sıx cəngəlliyin arasıyla okeana tərəf qaçdı və nəhayət, lianaların arasında ilişib qaldı. Bir anlığa yerində donub tərpənmədi, ancaq qılçaları titrəyirdi. Əgər arada barışıq əldə edilsəydi, çox yaxşı olardı; heç olmasa uzunmüddətli fasilə olsaydı, o da fikirləşib vəziyyətdən çıxış yolu tapardı.

Budur, yenə də adamın beyninə işləyib qulaqlarını deşən və qaçılmaz kimi görünən ulartı adanı başına götürdü. Bu səs onu yerindən dəbərdərək lianaların arasıyla ürkmüş at kimi qaçmağa məcbur elədi və o qədər qaçdı ki, təngənəfəs oldu, az qalırdı ürəyi sinəsindən çıxsın. Özünü sıx kolluğun arasına verib gizləndi. Neyləsin: ağaca dırmaşsın, yoxsa mühasirəni yarsın? Nəfəsini idarə etməyə çalışdı, ağzını sildi, cəhd elədi ki, özünü sakitləşdirsin. Onun üstünə gələnlərin arasında Samnerikgil də var, onlar bu işə zorla cəlb olunublar. Bəlkə də, elə deyil. Hər halda, tutaq ki, cəhd elədi, amma Samnerikgilə yox, qəbilə başcısına rast gəldi, Rocerə rast gəldi; Rocer də cəlladın biridir, - bəs onda necə olsun?

Üzünə tökülən saçlarını geri elədi, şişməyən gözünün tərini sildi. Bərkdən öz-özünə dedi: “Fikirləş.”

Bu vəziyyətdə neyləmək olar?

Piqqi burada olsaydı, heç olmasa onunla məsləhətləşərdi. Ciddi məsələləri müzakirə etmək üçün yığıncaq da yoxdur, buynuzun gətirdiyi əzəmət də yoxdur.

- Fikirləş.

Ən çox qorxduğu da hərdən beynini dumanlandırıb əsas məsələdən yayındıran o pərdə idi və hər an yellənib onu arxayınlaşdıra bilər, pis vəziyyətdə qoyardı.

Üçüncü fikir ondan ibarət idi ki, əgər yaxşıca gizlənə bilsə, onu görmədən keçib-gedə bilərlər.

Başını yerdən qaldırıb qulaq asdı. Əvvəlki səslərə yeni bir səs də əlavə olunmuşdu - haradansa dərinliklərdən gələn şikayətli uğultu idi, elə bil, meşənin özü də ondan inciyib deyinirdi; qalın, tox səs idi, vəhşilərin ulartısı onunla müqayisədə saxsı parçasının üstündə tələm-tələsik yazılmış cızma-qara təsiri bağışlayırdı. Ralf əvvəllər bu səsi hardasa eşitmişdi, amma indi o barədə fikirləşməyə vaxtı yox idi.

Mühasirəni yarmaq.

Ağaca dırmaşmaq.

Gizlənmək, vəhşilərin keçib getməsini gözləmək.

Yaxındakı qışqırtı səsi onu dərhal da ayağa qalxmağa məcbur etdi, kolların və sıx şax-şəvəlin arasıyla sürətlə qaçmağa başladı. Qəflətən həmin o açıq sahəyə - talaya çıxdı. Amma donuz kəlləsi öz geniş təbəssümüylə gülmürdü artıq, talanın üstündəki tutqun-mavi səma parçasına baxıb dişlərini ağartmırdı, tüstü pərdəsinin altında ikrahla gülümsəyirdi. Yenə qayıdıb ağacların altına girdi və bayaqdan bəri adadakı səslərə əlavə olunmuş yeni səsin - tutqun uğultunun səbəbini anladı: onu tüstüylə boğmaq üçün bütün adaya od vurublar.

Ağaca dırmaşmaqdansa, gizlənmək yaxşıdır, çünki əgər onu görsələr də, bu hələ son deyil və mühasirə həlqəsini yarıb aradan çıxmaq olar.

Axır ki, gizlənməyə qərar verdi.

Görəsən, onun bu hərəkəti donuzun xoşuna gələrdimi? Adada çox sıx bir pöhrəlik tapmalı, orada qaranlıq və dalda yerə girib gözləməlidir. İndi o qaça-qaça həm də ora-bura baxırdı. Günəş şüaları onun bədənində oynaşır, çirkli və parlaq dərisində parlaq zolaqlar əmələ gətirirdi. Ulartı səsləri artıq uzaqlaşmışdı və güclə eşidilirdi.

Qərarı tez-tələsik qəbul etsə də, hər halda, axtardığı yeri axır ki, tapa bildi. Liana budaqları və şax-şəvəl elə sıx idi, ora günəş şüaları da düşmürdü, aşağıdan isə onun seçdiyi yerin altına paralel gedən, ya da yuxarı qalxan budaqlardan düzəlmiş və hündürlüyü hardasa bir fut olan döşəmə var idi. O yerin ortasına girib, kənardan beş yard aralıda gizlənmək olar və əgər vəhşilərdən kimsə yerə uzanıb baxsa, qaranlıqda onu görməz; işdi, birdən görüb-eləsə də, vəhşinin üstünə atılıb cərgəni yararaq aradan çıxmaq və arxaya keçmək imkanı da var.

Ralf nizəsini arxasınca sürüyərək ehtiyatla budaqların arasındakı həmin o yerə girdi. Düz ortaya çatanda uzanıb ətrafı dinşədi. 

Yanğın böyük idi və tappıltı, guppultu onun təsəvvür etdiyi kimi, arxa tərəfdən uzaqda deyil, yaxındaydı. Görəsən, yanğın öz sürətiylə dördəm qaçan atı ötüb keçə bilərmi? Onun uzandığı yerdən əlli yard aralıdakı əraziyə günəş şüalarının ləkələri düşmüşdü, o tərəfə baxanda isə günəş şüaları ona göz vururdu. Hərdən beynini dumanlandırıb fikrini dolaşdıran həmin o pərdəyə oxşayırdı bu və bir anlığa ona elə gəldi ki, şüaların o cür göz vurması onun öz içindədir. Sonra şüalar sürətlə oynaşdı və o gördü ki, ada ilə günəşin arasında nəhəng bir tüstü təbəqəsi əmələ gəlib.

Əgər şax-şəvəlin arasına baxıb orada kiminsə gizləndiyini görən Samnerikgil olsa, onlar özlərini elə göstərəcəklər ki, guya, heç nə görməyiblər, heç kimə də heç nə deməyəcəklər. Ralf yanağını şokolad rəngli torpağa söykəyib qurumuş dodaqlarını yaladı, gözlərini yumdu. Şax-şəvəlin altında yer yavaşca silkələnirdi, bəlkə də, bu, açıq-aşkar eşidilən yanğın gurultusu və güclə eşidilən ulartı səsindən də yavaş çıxan bir səs idi.

Kimsə qışqırdı. Ralf yanağını yerdən aralayıb bulanıq işığın içinə baxdı. “Onlar indi yaxında olmalıdırlar,” - Ralf belə fikirləşdi və ürəyi şiddətlə  döyünməyə başladı. Gizlənmək, mühasirə xəttini yarmaq, ağaca dırmaşmaq, - bunların hansı yaxşıdır? Bütün çətinlik də ondan ibarətdir ki, bunların ancaq birini seçə bilərsən.

Alov indi lap yaxında idi, od tutub yanan ağacların gövdələri, qol-budaqları şaqqıldayır, partıldayırdı.  

 

İngilis dilindən tərcümə etdi:

Ramiz ABBASLI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!