Reseptiv nəzəriyyə - Hans Robert Yauss

 

Müasir türk dilində “alımlama” kimi işlədilən bu termin latınca qəbul etmək, almaq mənası daşıyan “receptio” sözündən gəlir, iqtibas kimi də başa düşmək olar. Keçən əsrdə feminologiya çərçivəsində formalaşmış estetik-nəzəri cərəyandır. Bu nəzəriyyəyə görə, bədii əsərin varlığı müəlliflə oxucu arasında münasibətə əsaslanır və əsrin mənasını bu münasibət yaradır. Mətnlə oxucunun (resipientin - mətni qəbul edənin) görüşü qavrama məkanı kimi təqdim olunur: bunların qarşılıqlı fəaliyyəti sayəsində canlı əsər gerçəkləşir. 

Bir qədər sadələşdirib desək, ədəbiyyat sahəsində reseptiv nəzəriyyə yazıçının mətndə buraxdığı boşluqları oxucunun mətnin təsiri ilə öz həyat təcrübəsi əsasında doldurması kimi başa düşülür. Oxucu mətndəki boşluqları öz yozumları və mühakimələri, duyğuları ilə tamamlayır. Beləliklə, reseptiv nəzəriyyə sənətin məna problemini araşdırır: sənət əsərinə məna verən yazıçıdır, sözlərdir, yoxsa oxucu? 

Almaniyada formalaşmış bu cərəyanın əsas nümayəndələri Almaniyada Hans Robert Yauss və Volfqanq İzer, Amerikada isə Stenli Fişdir. 

Reseptiv nəzəriyyə Hans Robert Yaussun (1921-1997) 1967-ci ildə yazdığı “Ədəbiyyat tarixi təxribat kimi” adlı əsərində gündəliyə gətirlilmişdir. Yauss bununla strukturalizmin üfüqlərini və miqyaslarını genişləndirmişdir. Yaussun qarşı çıxdığı nəzəriyyələr marksist təhlil və formalist məktəbin yanaşmaları idi. Onun mövqeyinə görə, hər iki nəzəriyyə reseptiv amili - qəbul edən tərəfi nəzərə almamışdır. “Həm marksist, həm də formal ədəbiyyat nəzəriyyəsinin  bitərəfliliyi ziddiyyətə gətirib çıxarmışdır, bu ziddiyyətin aradan qaldırılması yalnız tarixi və estetik təhlilə yeni münasibət gətirməklə mümkün ola bilər”.

Yauss qeyd edirdi ki, həmin ədəbi nəzəriyyələrdə oxucu, dinləyici, tamaşaçı, bir sözlə, publika faktoru son dərəcə məhdud rol oynayır: “Mənim ədəbiyyat ilə tarix, tarixilik ilə estetiklik arasında uçurumu aradan qaldırmaq cəhdim hər iki məktəbin dayandığı yerdən başlayır”.

Yaussa görə, yazının ünvanı oxucudur. Buna görə də yazıçı-əsər-oxucu üçbucağında  oxucu daha böyük təsir gücünə malikdir. “Yazıçı, əsər və oxucu üçbucağında oxucu sadəcə passiv bir hissə, saf reaksiyalar zənciri deyil, əksinə, yenidən bir tarix yaradan enerjidir. Ədəbi əsərin tarixi həyatı oxucunun fəal iştirakı olmadan təsəvvür oluna bilməz”.  Yauss daha çox yazılı mətni oxucunun yenidən yaratması qənaətini ortaya qoymuşdu. Onun fikrincə, əsər oxucu ilə qurduğu münasibətdən asılı olaraq müxtəlif formalarda gerçəkləşir. 

Bu nəzəriyyənin başqa bir nümayəndəsi Volfqanq İzerə görə, sənət əsərinin mənası mətnin içində hazır şəkildə olmur, oxucu tərəfindən oxu prosesində yaradılır. Məna mətndə potensial şəkildə mövcud olur: yazıçının yaratdığı mətn sənət qütbünü, oxucunun qavradığı mətn isə estetik qütbü təşkil edir. Bu iki qütb əmələ gəlmədən əsər yaranmaz, çünki oxucunun rolu yazıçının boş buraxdığı qeyri-müəyyənlikləri aradan qaldırmaqdır. Oxucu mənanı özü kəşf edir, hər şeyin hazır verildiyi mətn oxucu üçün maraqsızdır. Buna görə də əsəri qəbul edən də onun müəllifi qədər həmin əsərin yaranmasında əhəmiyyət kəsb edir.

Stenli Fiş isə mətnin potensial mənası anlayışını qəbul etmir. Onun qənaəti belədir ki, oxucunun əvvəllər oxuduqları, hissi-emosional vəziyyəti, duyumlarının yaratdığı bir şüur ilə subyektiv qavrama əmələ gəlir və nəticədə oxucuda bir gözlənti yaranır. S.Fiş belə hesab edirdi ki, oxucu əsərə tamamilə öz yaşantılarına görə məna verir.

Reseptiv estetika sahəsində daha bir nüfuzlu ad da Umberto Ekodur. O, “nümunəvi oxucu” və “nümunəvi yazıçı” anlayışlarını irəli sürmüşdür. Nümunəvi oxucu odur ki, hər şeydən öncə, mətnə yaradıcı yanaşır, nümunəvi yazıçı isə romanında oxucunun hansı duyğuları hiss etməsinin gərəkli olduğunu bilir və mətnə oxucuların duyğularına təsir göstərə biləcək yön yerir. 

Hans Robert Yaussun sizə bir hissəsini təqdim etdiyimiz “Ədəbiyyat təxribat kimi” məqaləsi reseptiv nəzəriyyənin manifesti sayılır.

Məti Osmanoğlu

 

 

Hans Robert Yauss

 

Ədəbiyyat tarixi təxribat kimi

 

VI

Ədəbiyyat tarixinin yenilənməsi tarixi obyektivizm xurafatı zehniyyətinin dağıdılmasını və qavrama və təsir estetikası prinsipləri ilə ənənəvi səmərəli-təsviri estetikanın əsaslandırılmasını tələb edir. Ədəbiyyatın tarixiliyi müəyyən edilmiş post festumda “ədəbi faktların” qarışılıqlı əlaqəsində deyil, ədəbi əsərin oxucu tərəfindən indiyəqədərki dərkindədir. Ədəbiyyat tarixi də bu dialoji münasibətdən çıxış etməlidir. Ədəbiyyat tarixçisi ədəbiyyatı başa düşməkdən və qiymətləndirməkdən öncə öz mövqeyinin oxucuların tarixi sıralanmasında müasir olduğunu dərk etməlidir.

R.Q.Kollinqvud  “tarix - keçmişin fikirlərinin tarixçi idrakında ifadə olunmasından başqa bir şey deyildir” postulatını tarixşünaslıqda hökmranlıq edən obyektivlik ideologiyasını tənqid edərək irəli sürmüşdü. Bu ideologiya hələ də ədəbiyyat tarixinə geniş miqyasda tətbiq edilir.

Tarixin pozitivist (keçmişdəki hadisələrin ardıcıllıqla “obyektiv” təsvir olunması) dərki bədii  xarakter kimi əlçatmaz olduğu qədər ədəbiyyatın səciyyəvi tarixiliyi kimi də əlçatmazdır. Ədəbi əsər tam yetərli deyil, o hər bir müşahidəçiyə bütün zamanlarda eyni obrazı təqdim etmir. Bu, öz əbədi varlığını monoloji şəkildə ortaya qoyan heykəl deyil. Ədəbi əsər, hər şeydən öncə, mətni söz materiyasından azad edən, ona aktual  varlıq verən yeni oxucu rezonansı üçün zəruri olan oxu partiturasını xatırladır. “Söz özünün ifadə etdiyi ilə eyni zamanda onu başa düşməyə qadir olan adresat yaradır”. Əsərin bu dialoji xarakteri filoloji biliyin nə üçün yalnız mətnlə arasıkəsilməz qarşıdurmada olduğuna və filoloji biliyin nə üçün faktlar barədə biliyə çevrilməli olmadığına da aydınlıq gətirir.  Filoloji bilik daim interpretasiya ilə bağlıdır, interpretasiyanın məqsədi isə yeni qavrama anı kimi öz predmetinin qavranılması aktlarının dərk olunması və təsvir edilməsi olmalıdır.

Ədəbiyyat tarixi - ədəbiyyatın estetik resepsiyası (iqtibası) və istehsalı prosesidir, qavrayan oxucunun, tənqidçiyə və yaradıcıya, başqa sözlə, ədəbi prosesdə daim iştirak edən yazıçıya reaksiya verən oxucunun səyləri ilə bədii mətnlərin gerçəkləşdirilməsində həyata keçirilir. “Ədəbi faktların” əndazəsiz, daim böyüyən məcmusu, ənənəvi ədəbiyyat tarixlərində olduğu kimi, üst-üstə yığılmış və çeşidlənmiş keçmişin “qalığından” və ya  izindən başqa bir şey deyil, elə buna görə də tarix deyil, yalançı tarixdir. Ədəbi faktların bu cür düzümünə ədəbiyyat tarixinin tərkib həssəsi kimi baxan tədqiqatçı sənət əsərinin hadisəlilik xarakteri ilə tarixi  həqiqəti dəyişik salır. Kretyen de Truanın “Perseval” əsərinin “tarixiliyi” ədəbi hadisə kimi “tarixiliklə”, məsələn, onunla eyni vaxta düşən üçüncü səlib yürüşü ilə eyniyyət təşkil etmir. Bu, ilkin situativ şərtlərlə və münasibətlərlə, yaxud məqsədlərin, tarixin hərəkətinin, tarixin zəruri və ya təsadüfi nəticələrinin motivlərinin rekonstruksiyası vasitəsilə səbəbiyyətə görə izah oluna biləcək “fakt” deyil. Əsərin araya-ərsəyə gəldiyi tarixi kontekst üçün müşahidəçidən asılı olmayaraq mövcud olan faktiki hadisələrin cəmi tam yetərli deyil. "Perseval" Kretyenin yalnız o oxucusu üçün ədəbi hadisə ola bilər ki, onun əvvəlki əsərlərini xatırlayaraq son əsərini oxuyur, başqa sözlə, “Perseval”ı yazıçının bu və ya digər tanış əsərləri ilə müqayisə edərək oxuyur. Bununla da o, gələcək əsərləri müqayisə edə bilmək üçün yeni miqyas qazanır. Siyasi hadisədən fərqli olaraq ədəbi hadisə yeni nəsilləri özünə cəlb edə biləcək kifayət qədər zəruri nəticələrə malik olmur. Ədəbi hadisə yalnız yeni nəsillərə, o cümlədən keçmişdə yaranmış əsərləri yeni mövqedən başa düşməyə çalışan oxuculara, həmin əsəri təqlid etmək, ondan yaxşısını yazmaq və ya onu inkar etmək istəyən müəlliflərə yenidən təsir göstərməkdə və onlar tərəfindən qavranılmaqda davam edir.  Müasir və gələcək oxucuların, tənqidçilərin, müəlliflərin ədəbi təcrübəsini təşkil edən gözləntilərin üfüqü əvvəlcə ədəbiyyatın hadisəlilik əlaqəsini strukturlaşdırır. Sonra isə gözləntilərin bu üfüqünün gerçəyə çevrilmə imkanı ədəbiyyat tarixini və onun ədəbiyyat tarixinə xas tarixilik üzrə düzülüşünü başa düşmək potensialını müəyyənləşdirir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!