Britaniya şairi Rocer Robinsonun şeirləri - Tərcümə

 

Çağdaş dünya şeiri

Rocer Robinson (1967) - Britaniya şairi, yazıçısı, musiqiçi. Trinidad əsillidir. Dörd şeir kitabının və üç musiqi albomunun müəllifidir. "Kəpənəklər oteli" (2013) Karib hövzəsinin Bocas Prize mükafatına layiq görülüb. "Cib cənnəti" (yaxud "Portativ cənnət") şeir kitabı 2019-cu ildə T.S.Eliot mükafatına layiq görülüb. Robinson, Derek Uolkottdan sonra bu mükafata layiq görülmüş ikinci trinidadlı şairdir.

Tənqidçilərin fikrincə, Robinsonun şeirləri birbaşa və etiraf poeziyasıdır. Onun poetik nitqi bəzək-düzəkdən uzaqdır, gündəlik danışığa yaxındır və geniş auditoriyaya ünvanlanıb. Robinsonun məqsədi öz tarixçəsini nəql etməklə cəmiyyətin tarixi təcrübəsinə toxunmaq, ona yaxınlaşmaqdır.

 

 

Qışın oğlan çağında

 

Saat 6-da,

qış səhərinin

qara məxmərində

boğazını yırtır qarğa:

mən artıq

səhərin soyuq yağışında

yuyunmuşam,

ətcəbalaları

soxulcan və ilbiz qarışığı ilə

yedizdirmişəm.

Günəşi doğuşuna qədər qarşıla,

özünçün bir gözəl sabah düşün.

Taxta qaşığı götür

və ailə sıyığını qarışdır

səhər yeməyində.

Özün üçün gözəl bir gün hazırla,

tənbəl və rəzil bəni-adəm.

 

 

Poeziya

 

Həyat işartısı olmayan almazda

kristal qəfəsin çubuqları arasından

əbədi həyatın titrəyişlə bərq vuran qığılcımı kimi

poeziya da bətnində gəzdirir sevgini,

bütünlüklə yox, yalnız bir zərrəni

və elə bununla da diri qalır.

Qəfil baş qaldıran ehtiras şairin səsini

kababxana çılğınlığı, süni qələbə ədası,

hədsiz-yersiz tar-kamanla

batırır, təhrif edir.

Sevginin şeirdəki aram nəfəsi

adsız bulağın rahat, şəffaf axışıyla

büruzə verir özünü, səslənir.

Laqeyd səmanın mavisi altda

suyun bu aydın olmayan pıçıltısı kimə görədir?

Heç kimə.

 

 

Fit

 

Ailəmizdə fit çalmağı

qadağan etmişdilər bizə.

Valideynlərimiz deyirdi ki,

ruhları narahat edə bilərik.

Təşvişlə bizi yarıda kəsirdilər.

Sanki nə vaxtsa fit çalmışdılar,

nəsə bir bədliyə səbəb olmuşdular

və indi bunu bizə arzulamırdılar.

Arabir göyə baxıram,

qara gecələrə,

dodalarımı lülələyib

ruhlar haqqında düşünürəm,

Notr-Damın tullanmağa

hazırlaşan qulyabanıları kimi.

 

 

Cib cənnəti

 

Əgər cənnət barədə danışıramsa,

demək, nənəm barədə də danışıram,

məhz o mənə hər şeyi sirr saxlamağı

tövsiyə etmişdi,

demişdi ki, heç kimə heç nə danışma,

məndən başqa.

- Belə olsa onu sənin əlindən

heç kim ala bilməyəcək... - belə deyirdi o.

Əgər nə vaxtsa çox çətin olsa sənə,

həyatın o qayışbaldır nəsnəsini cibində hiss elə,

onun şam ağacının ətrinə bənzər qoxusunu

ciyərlərinə çək cib dəsmalından,

onun himnini burnunun altında mızıldan.

Əgər əsəbiliklər hər gün bir az daha artsa,

boş bir otaqda qapat özünü,

otel, küləş daxma, ya yataqxana - fərq etməz.

Lampanı axtar tap,

çıxarıb cibindən

sər masanın üstünə cənnətini:

ağ qumu, yaşıl təpələri, təzə balığı.

Ümidin təzə-tər sübh işığı kimi

                        lampanı tut üzərinə,

yatana qədər diqqətlə bax ona.

 

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!