Xuana de İbarburu
XX əsr ispandilli Amerika poeziyasının ən görkəmli nümayəndələrindən biri də Uruqvay şairi Xuana de İbarburudur. O, dörd dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib. Ölkəsinin ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülən ilk şairdir. Xuana de Amerika kimi də tanınır. "Küləklərin qızılgülü", "Brilyant dillər", "Zərər" və s. şeirlər kitabının müəllifidir. Şeirləri rus, ingilis, fransız və alman dillərinə tərcümə olunub. Xuana de İbarburunun şeirləri Azərbaycan oxucuları üçün ilk dəfə tərcümə olunur.
Ölümsüzlük
Əzizim, mən öləndə
məni qəbiristanlıqda
Dəfn eyləmə...
Torpağın bir az altında dəfn eylə,
Quşların səsini eşidə bilim,
Axar çayın söhbətini duya bilim...
Çox da dərin olmayan,
Torpağın lap üzündə,
Günəşin istisi düşsün,
Gözlərimə gizlicə...
Baxışlarım - gün batımını
İzləyə bilsin beləcə...
Məni dayaz dəfn edin,
Cəsədim üsyan edəcək,
O biri dünyaya -
Qaranlığa və soyuğa
Asan olacaq keçidim...
Orada əllərim sinəmin üstdə,
Dinclik tapacaq,
qayğılardan uzaq.
Mənə məlhəm olacaq,
Üstümə atılan torpaq...
Çiçək əkin, gül əkin üstümdə,
Qoy kökləri üzümdəki kədərdən
Boy atsın göyə.
Sənə baxacam həmişə
Çiçək açan güllərin gözüylə...
Görüş
Çobanyastığı ətri...
Çobanyastığı, qızılı-ağ - kənd qadınları
Saxlayırlar onu bir dərman kimi...
Və hər yerdə -
dağların yamaclarında,
nəmli ovalıqlarda, şirəli və yaşıl,
tarlalar arasında dolanan yollarda
və köhnə fermer təsərrüfatlarının
yanında - burada və orada -
çobanyastığı günəşdə isinir,
ədviyyatlı qoxusunu içimə çəkirəm.
Mənə tanış olan yolda
ağacların kölgəsində gəzirəm,
və çobanyastığı qoxusu məni qarşılayır
qoca, sadiq bir it kimi tələsir üstümə...
Çay içirəm,
Şəfalı və sərt olsa da,
Bir az boğazımı yandırsa da,
Təmiz və təravətli bir qurtumla
Yenidən dünyaya gəlirəm...
Yenidən üzümü çiçəklərə qərq edirəm
qonaqpərvər və məsum olan qoxuları ilə,
ləçəkləri ağ diş kimi,
qızıl tacın naxışları kimi...
Çölün nəfəsini küləklər gətirir evə,
Hər yanı əsir alır çobanyastığı ətri.
Qəlbimdə çiçək açır, üzümdə günəş,
Məni xoşbəxt eyləyir bu görüşün sevinci...
Ümid
Ey kətan! Daha çox xatırlanan,
Yatağımın şirin yuxu qaynağı.
Sevgilim qayıdacaq tezliklə,
Qayıdacaq yaxın edib uzağı...
Ey qızılgül! Qönçə oldun bir anda,
Naxış kimi düzüldü ləçəklərin.
Bütün rənglərini, bütün ətrini,
Sevgilim özüylə gətirəcək yenə də...
Bağımda hər yerə lalələr əkib,
Yolları unuda bilsin bu dəfə.
Ey ehtirasla onu özünə bağla,
Ey zəriflik, onu sadiq eylə bu evə...
Tərcümə: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!