***
Bundan artıq, bəli...
Bundan artıq da səssiz qalmaq olar.
Uzun saatlarca
Ölülərin baxışıyla, sabit
bir siqaretin tüstüsünə baxmaq olar.
Baxmaq olar bir fincanın quruluşuna
Rəngsiz bir xalça üstündə gülə...
Anlaşılmayan divar üzərində bir xəttə...
Qupquru bir əl ilə pərdəni qırağa çəkib,
küçənin ortasında, yağışın altında
Rəngli çərpələngiylə dayanmış bir uşağı görmək olar
Bu anda,
çürümüş bir araba uca səslə boş meydanı tərk edər...
Öz yerindəcə durmaq olar,
Elə pərdənin kənarında...
amma kor...
amma kar...
Bağırmaq olar,
yalançı bir səslə, olduqca özgə
"Sevirəm...!!".
Bir kişinin güclü qolları arasında
Gözəl bir nəsnə olmaq olar
Bədəni dəridən süfrə
İki bərkimiş döşlə
Bir sərxoşun yatağında,
bir dəliylə,
bir avarayla
kirlətmək olar bir eşqin təmizliyini...
Bir ömür diz çökmək olar
Bükülmüş boyunla məbəddə
Qəbirdə Tanrının məchulluğunu görmək olar.
Bir qara qəpiklə iman gətirmək olar
Bir məscidin hücrəsində çürümək olar
Dua oxuyarkən pirdə...
Bir ləhzənin gözəlliyini gülünc bir qara şəkil kimi
sandığın tərkində gizlətmək olar...
Bir boş çərçivədə
bir məhkumun, bir məğlubun şəklini asmaq olar.
Maskalarla divarın çılpaqlığını örtmək...
yaxud absurd rollarla gizlətmək olar.
Bir qurulmuş kukla kimi
Şüşəli gözlərlə dünyaya baxmaq olar
Qutu içində bir qumaşdan,
İçi dolu samandan,
illərlə torla zərin arasında uyumaq olar
Bir gözəlçənin əli altında
səbəbsiz bağırıb
"Ah... mən çox xoşbəxtəm" də demək olar!
***
Bir payız olaydım kaş,
Payız təki həzin və sönük.
Arzu yarpaqlarım bir-bir saralmış,
Gözlərimin günəşi soyuq,
Sinəmin göyü dərddən dolu...
Birdən kədər fırtınası salaydı canıma caynağını
Göz yaşlarım yağmur kimi rəngləyərdi ətəyimi.
Ah... nə gözəldir,
əgər payız olsaydım...
Vəhşi, təlatümlü, rəngarəng,
Gözümün içində oxuyur bir şair göy üzünün şeirini
Yanımda alovlanaydı bir aşiqin ürəyi,
Odun alovlarında gizli bir kədər...
...mənim mahnım
Qanadı qırılmış bir meh təki,
hüzn ətri calayırdı yorğun ürəklərə...
Qarşımda;
Gənc qışın acı baxışı
Arxamda;
Qəfil sevginin yay üsyanı
Sinəm;
Kədərin, dərdin, ümidsizliyin düşərgəsi...
Bir payız olaydım kaş...
***
Ölümüm çatacaqdır bir gün
Nur dalğasından işıqlanmış bir baharda
Toz basmış uzaq bir qışda
Ya da sevincdən boş bir son baharda
Ölümüm çatacaqdır bir gün
Acı və şirin bu günlərdə
Başqa günlərə bənzər boş bir gündə
Bu günlərin, dünənlərin kölgəsində.
Tor dalanlar kimi gözlərim
Ağ mərmər kimi yanaqlarım.
Bir yuxu alacaq məni birdən
Ağrı naləsindən boşalacam mən.
Sürünürlər astaca dəftərimə
əllərim şeir sehrindən uzaq.
Yadıma salıram,
Bir zaman əllərimdə alovlayırdı qanlı şeir...
Tərcümə edən: Ümid NƏCCARİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!