Çağdaş dünya şeiri: Marqareta Kurtesku - Tərcümə

 

Marqareta Kurtesku

Çağdaş moldovan poeziyasının

tanınmış nümayəndəsi, şair, tənqidçi, esseist,

Belts Universitetinin professoru,

filologiya elmləri doktoru.

 

 

Deməyə söz qalmayanda

 

Deməyə söz qalmayanda və adamlar

şirniyyat yemək, rom qurtumlatmaq,

araq içmək kimi vərdiş etdikləri işlə məşğul olanda

qorxunun əşyalarının arasında vizildadığı

otağıma çəkilirəm.

 

Bu nağıl deyil, həqiqətdir.

Yazıram və sözlər

eynən podiumda, yaşıl ürək şəkilli işıq altında

ədayla yeriyən gəlinlər kimi

əlimin kandarına basabas yaradırlar.

 

Mən olsa-olsa  əsəbi ürək döyüntüsündən

qalan hisslərin və sancıların tullantılarında ibarəy sarkofaqam.

 

Deməyə söz qalmayanda adamlar

öz üzləri ilə fəxr edirlər,

mən isə yazıram və sifətim ağlamsınan adamın üzü kimi

salxır, rəngsiz gözlərimin altındakı torbalar

                                    sanki böyüyr, dərinləşir.

İdeal şəkildə çirkinləşirəm,

mən gözəl qadınların təskinlik yeriyəm,

mən varam.

 

 

Didilmiş şeir

 

Mariyaya ithaf

 

Kolluqda quyruğunu buraxıb getmiş

kərtənkələyə bənzər qorxu dolu günlər sovuşdu,

buludlar fleqmatik tövrlə dağıldılar,

leysan yağışları altında

əhəng dağları əridilər

və nəhayət bütün vulkanlar söndülər.

 

Yalnız yaxınlıqda kimsə gəzişir və o mənə elə yaxındı ki.

 

Bədənimi nəm caynaqları ilə didik-didik eləmək üçün

göylə yer arasında gücsüzlük bala qoyur.

 

Günü bütün sözləri ilə bərabər qəfil yaxalayasan,

sonra da mənim çılpaq bədənimdə

didilmiş bir şeir yazasan.

 

 

Bir başqa məhəbbət

 

Əlimi ovcundan götürürəm,

sanki qaranquş yuvasından çəkirəm,

bizi az qala

birisinin bellə kəsdiyi pöhrə kimi öldürəcək

səfehliyin ağzını qapadıram.

 

Küçəyə, işığa çıxırıq qaranlıqdan,

az əvvəl qalmağımızı istəyirdin hərçənd.

 

Bundan sonra on gün əsəblərimi oksibralla mürgüyə verəcəm,

sonra mövsümü titrəməklə yola salacam,

eyni vaxtda zamandan kənar şəkildə elliptik

payız yağışı kimi davranacam,

səninlə danışan personajlar seçəcəm,

onları təhlil edəcəm,

pauzalarda elliptik şəkildə susacam,

yüz il susacam

Və hər şey ötüb keçəcək.

 

 

Bizim ağ pişiyimiz

 

Ürəyimi yemək otağındakı mebeli

Sibir pişiyi cırmaqlayan kimi yaralayır,

ağ idi, tez-tez həyatı seyr edirdi pəncərədən.

 

Bir gün onu bir başqasına hədiyyə etdim nahardan sonra,

qızımız durdu və ağlamağa başladı.

 

Eynən mənim kimi,

dəhşətli yuxuda ağlayıram, evə dolanmış

itburnu kollarını qırıram,

tikanları ayağımla tapdayıram ki,

bir daha boy atmasın döşəmədən,

baxışlarımdan, boğazımdan yapışmasın.

 

Yürüdüyüm bütün yollar istiqamətini dəyişir,

sancıdan qıvrılıb burulur, yəqin, həmişə

ağ pişiyimizi düşündüyümü hiss edirlər:

o çoxdandır ki, pəncərədən boylanmır,

eləcə sözlərin arasından görünür

tənbəlcə quyruğunu yellədərək.

 

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!