Şeirlər - Oljas SÜLEYMENOV

Axşamüstü

 

Bilirəm, asan deyil

Şirin dilə aldanmaq -

Bu evdən o evə daşınmaq.

Uşaq arabası, yorğan-döşəklə.

Uzağı yarım ay

Ərinlə birtəhər yola gedirsən.

Aradan çıxırsan,

Külək kimisən.

Yağı kəsilmisən ev sahibinə.

 

Anadan olandan

şimşək kimisən

 

Məni qoruyursan dedi-qodudan,

Bilirəm dəyişdin mənim xətrimə.

Ananın evini yad bir bucağa,

Bir kərə vurmadın ancaq üzümə.

Qəndsiz də şirindi dəmlədiyin çay.

Şirin dodağından qopan sözlərin

Mənə şirin gəlir, mehriban gəlir.

Xeyirxah mələksən,

Özün də bilmədən yaşa dolursan,

Yox olsun üzünə düşən qırışlar,

Deyirəm, yorğunluq çəkilsin axşam.

Məni isidəsən isti qanınla,

Sən tənha mələksən, istiqanlısan

Heç vaxt yaxşılığı vurmursan üzə.

Mənsə unutqanam, keç günahımdan

Dünən nə olmuşdu görəsən bizə?

 

Bir neçə il sonra

Sənin yorğunluğun, isti sözlərin

Yuxulu hənirtin yaddan çıxacaq.

Sən nələr çəkmisən mənim üzümdən

Səni ağrıdacaq  döyülməyim də.

Bir də yada salma…

Alışmaq gərəkdi

üzünün qırışlarına.

Baxıram heyrətlə,

Həsəd aparıram yad bir kişiyə

Hələ də kef çəkir, gülür gözləri…

Alışmaq istərəm qız baxışından

Sənin  gözlərini unudacağam…

Yəqin ki, o zaman heç yada  düşməz,

Sən necə durmuşdun mənim yanımda

Örtmüşdü üzümü qızılı saçın,

Nədən  çeynəyirdin hörüklərini.

 

İndi uzanmışam yad bir mənzildə

Solğun işıq düşür əyri divara.

Örtüm gödəkçəmlə ayaqlarını,

Burda nəmişlikdi, yoxdur həvəsin…

Bir küncdə dayanıb

Uşaq arabası - toy hədiyyəsi…

 

Bir az yuxuya get,

Yalandı hamısı dediklərimin.

Yenə də həvəsi yoxdu ərinin.

Hirsini tökməyə  adam gəzirsən

Yenə cingildədi hansı qulağın?!

Adını çəkirmiş kim isə sənin…

 

1961

 

***

Bilirəm, məğrursan,

Çox qürurlusan!..

Məğrur görünürsən mənimlə ancaq.

Bir az diqqətlisən başqalarına,

Kənardan baxana üzüyolasan.

Üstündən amansız illər ötsə də

Məğrur qalacaqsan mənimçün ancaq.

Sevmirəm 

Kiminsə önündə

Əyiləndə şux qamətin.

Görmək istəmirəm bu qədər cılız,

Sıxır ürəyimi fağır görkəmin.

Sənin sərvətindir, sənin qürurun!

Sənin qiymətini bilən tapılar.

Görmək istəmirəm belə çarəsiz…

Mənim qürurumsan,

Sən qürurlu ol

İllər keçsə də…

Birlikdə, bir yerdə  qürurluyuq biz.

 

***

Söylə yadındamı ilk  nağılların,

Mənim əziz anam, narahat anam?

İş belə gətirdi - payıza qaldım…

«Mən sənə nə deyim, yaramaz uşaq».

Məktəbdə dedilər:

«Verin kitabları, zorla oxusun».

İndi ana kimi  ver cavabını…

Söylə yadındamı,

Sən necə gətirdin ilk kitabımı.

Qapının önünü kəsib oturdun

Hörməyə başladın, tikiş tikməyə

dizinin üstə.

Mən də oxumağa əcəb girişdim,

Bu da bir işdi…

Dostlarım pioner düşərgəsində

İndi baş vururlar dağ çaylarına,

Dırmaşır sürüşkən qayalıqlara,

Mənsə nağıllarla qaldım baş-başa…

Üç gün keşik çəkdin qapı önündə

Gah tikiş tikirdin, gah da hörürdün,

Üstəlik bacımı yedizdirirdin.

Nağıl oxuyurdum kitab əlimdə.

İgidlər at belində,

Bəzən hay çəkirdim igidlər kimi…

Bir il sonra çıxdı

balıncın altdan bir əl fənəri

Unudulmaz heç zaman

uşaqlığın bu anı.

Əlimə nə keçsə mən oxuyurdum

İstər şeir olsun, istərsə lüğət.

Başıma çəkirdim hərdən yorğanı,

Kitab dənizində üzürdüm sanki

Bir dəfə anam

Əlimdə «Kapital» kitabı görüb

Gözləri böyüdü  heyrət içində:

«Bu qədər oxumaq nəyinə gərək?

Kitabdan qiymətlidir

mənim üçün gözlərin.

Birdən xarab olar…

Dilim-ağzım qurusun…»

Heç zaman yadımdan çıxmaz sözlərin

Mənim əziz anam,  sadəlövh anam.

Ağzı dualıydı, gözləri yaşlı,

İnana bilmirdi ərköyün oğlu

Bu yay böyümüşdü, yaşa dolmuşdu…

 

1960

 

Qum üstə nar dənəsi

 

Bu narın qabığı möhkəmdi bir az

Beyni qan içində, al qırmızıdı.

Kolluqda bar verib bir nar ağacı

Tacik köynəyini sərib kolluğa.

Burda oturmuşam  sanki min ildi

Yanıb qaralmışam zəncidən betər.

Deyirəm azacıq alım dincimi,

Uzaqdan gəlirəm -

Yerlə-yeksan olmuş Mərv şəhərindən.

Narı kəsmək olar, satmaq da olar

Basdıra bilərsən nar çubuğunu,

Yüzlərlə meyvə var saplağın üstə

Elə bil nizə tək saplanıb göyə

Ekvator kəmər tək  dolanıb Yerə,

Kimsə boğazadək qum içindədi

Baxıram qırmızı nar şirəsinə,

Səni əldən salar səhrada bürkü,

Əksinə getməyin nə mənası var?

Kölgə axtarıram daldalanmağa,

Kölgə gizlənibdir nar qabığında.

Kölgə sıxılıbdır nar şirəsinə.

Düzü, nə gizlədim, mənə yaxşıdı

Dincəlim  sözlərin sərinliyində.

Mənim qulluğumda dayanıb qışlaq

De kimə gərəkdir əlavə söz-sov,

Kimdir qulaq asan uzunqulağa?

Qazan qayanayanda, bişəndə plov.

 

1960

 

***

Bilirəm, məğrursan,

Ürəyin təmiz.

Çılğınsan,

Bu adi, quru söz deyil.

Hər an can atırsan

dava-dalaşa.

Qorxu, hürkü  nədir,

Bilmədin heç vaxt.

Yaşa, min yaşa!

Amma mən səninçün

qorxuram, qardaş.

İllər ötüb keçir,

Çıxmağa çalışır kimsə heyfini.

Sən demə, şair,

Bir şirin yuxuymuş yaşadıqların.

Göy üzü balaca, mavi bir çətir

Göy üzü sehrli işıq,

Saymaqla qurtarmaz naxışlarını.

Düşdüyün yerdən

qaldıra bilməzsən baxışlarını.

- Səni xatırlamaq asan deyilmiş

Hər şey çətinləşib, hər şey zorlaşıb,

Zarafata salma, qardaş,

Yaşamaq istəyirəm,

Ancaq yaşamaq!..

- Yaşamaq nə demək,

Gözəl bilirsən.

Sanki bir-birini

əvəz etməsidi gözəl hisslərin.

Yoxsa nahar vaxtı

Yağlı bir yemək?

Yaxud  bir divanda qəzet oxumaq?!

Bunların hansı?!

Bəlkə ürəkdəki sevgi yarası?!

Budurmu yaşamaq?

Pis deyil divanı olmaq. 

Vallah, bu ürəklə

Ürək yarasını

tikmək olar ipəklə.

Razıyam, sevəsən arvadını,

sevsinlər səni.

Burda pis nə var ki?

Andını unutmusan,

Torpaq andını.

Bağışla, qoy deyim

Yüz illər boyu

Bu torpaq çiynində daşıyıb sizi.

Yaşıl otlarını yandırsanız da

Yad atlar tapdayıb

dırnaqlarıyla

Onun gəncliyini.

Şər vaxtı atəşə verildi

bərəkətli torpaqlar

Sənə saxlamışdı gücünü,

inamını, sözünü.

Dağları, boz çölləri.

Çaylar axıb gedir damarlarından.

Yad atlar tapdayır dırnaqlarıyla

Onun gəncliyini, cavanlığını.

Atəşə verdiniz boz torpaqları.

Mən onu unutmadım.

Qara kölgələr qaçır,

Qara pişik tək

Qoy qaçsın, qışqırsın

Bax budur «budur kölgə»!

Bilirəm, onsuz da günəşsiz gündə

Bu qara kölgələr görünən deyil.

Gecə-gündüz,

gündüz-gecə…

Yaxşısu budur əl çək,

Kölgəni arxanca çək.

Günəş qürub edəndə

Arxana baxarsan, kölgən yox olar.

- Qardaş, şairəm, məni başa düş

Mənimki yazmaqdı,

güldən-çiçəkdən.

Qızların çiynindən,

hörüklərindən,

Nakam sevgilərin göz yaşlarından.

Nə var yer üzündə duadan ağır?

Başqası anlamaz, sən anla barı.

Uzağa getməzsən, qorxursa ürək

Çaylar sel olmasa quruya bilər.

Sevgisiz yox olur qəzəb də, kin də.

Əkiz doğulubdur nifrət-məhəbbət,

Sevginin, sevincin qədrini bilək.

Ölümə məhkumdur sevgi qəzəbsiz.

Sevgi özü boyda uğur gətirər,

Qələbə sevinci döyər qapını.

Sevgi olan yerdə qələbə vardır

Heç nəyə biganə qalma, şairim.

Atalar keçdiyi şərəfli yolu

Nəvənə sən necə vəsf edəcəksən?

Ağır döyüşlərdə tökülən qanı

Sən necə dəyişdin şirin şəraba?

Sən nə deyəcəksən nəvələrinə?

Bir zaman əkilən qızıl güllərin

Üstündən tapdayıb keçdi yad atlar.

Biz qaldıq qan-tər içində.

İndi həvəsimiz yox

O ötən günlərin

həsrətini çəkməyə.

Yaşamaq!

Gözəldir, şirindir bu söz.

Yaşamaq!

Havada bir anlıq qılınc çalmaqdı.

Yaşamaq!

Günəşin altında, ya qaranlıqda

Qalmaqdı.

Yaşamaq yaddaşdı,

Uzaq yollarda daşdı,

Bizimlə birlikdə

yol başlamaqdı.

İndi çəkinirsən deyəsən, qardaş,

İllər ötüb keçdi bir qorxu kimi,

Bir ömür yaşandı

Pis yuxu kimi.

Başının üstündə göy -  qara  çətir

Ayağa durmazdım sən olmasaydın,

Qaldıra bilməzdim yerdən başımı.

Mən indi bilmişəm daşürəklisən,

İndi tanımışam öz qardaşımı.

 

1961

 

Tərcümə etdi: Akif ƏHMƏDGİL


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!