Görkəmli Norveç yazıçısı Daq Sulstad “66-cı qrup”un mərkəzi fiqurlarından biridir. Sənədli eksperimental nəsrin estetikası istiqamətində yazdığı bir sıra realist əsərlər ona öz vətənində, eləcə də Avropada xüsusi populyarlıq gətirdi.
Həmin dövrdə modernizm estetikasından qətiyyətlə uzaqlaşan Daq və onun “66-cı qrup”dan olan dostları real həqiqətləri bədii ümumiləşmələrlə əks etdirməyə başladılar. Daq Sulstadın yazdığı “Norveç nəsri - Avropa modernizmi” məqaləsi “Profil qrupu”nun proqram sənədi kimi qəbul edildi. Məqalədə Norveç ədəbiyyatının yeniləşdirilməsi və “burjua” romanının tənqidi ideyası demək olar ki, tam əksini tapmışdı.
“Profil” jurnalının eyni sayında onun və Espen Xovardsxolmın məqaləsinin dərc edilməsi gələcəkdə roman janrının forma və inkişaf mərhələsini daha dəqiqliklə təyin etmiş oldu. Sulstad nəsr sahəsində aparılan yeni bədii təsvir və forma axtarışlarını istisnasız olaraq modernizmlə bağlayır. Beləliklə o, hətta Dostoyevskini və onun “qeyri-ənənəvi”, “fraqmentar” yaradıcılığını modernizmin yaranması səbəbi kimi izah etməyə çalışır. Kafka, Coys, Prust, Pob-Qriye kimi dövrün qabaqcıl yazıçılarından ilham alan Sulstad öz həmfikirlərinin istəklərini ifadə edərək yazır: “... bu vaxta qədər kiçik əyalət olan Norveçdə köhnə “burjua” romanını aradan götürülməsinə kifayət qədər lazımi cəhd edilməyib”.
Burada “burjua” termini “ənənəçilik” ifadəsinin sinonimi kimi vulqar- sosiologiya ifadəsi yerində işlədilir. Məqalədə “yeni fransız romanı” və K.Yunqanın “kollektiv şüursuzluq” nəzəriyyəsi ilə bağlı digər ideologiyalarla səsləşən ifadələr də yer alır.
Sulstad hamının eşidəcəyi səslə deyir ki, özünün parlaq zəngin milli ənənələri olan Norveç ədəbiyyatı üçün lazım olan əsas istiqamət bundan sonra da folklora, Skandinaviya mifologiyasına arxalanaraq öz yolu ilə irəli getməkdir. Bu gün irrosional şüurun tələbi belədir.
Norveç nəsri
Avropa modernizmi
Problemin həllinə doğru
Yəqin ki, ənənəvi roman digər janrlarla müqayisədə bilavasitə müəyyən ictimai strukturla və dünyagörüşlə bağlıdır. Burjua cəmiyyətinin məhsulu olduğundan, sənayeçi tərəfdarları romanla bağlı parlaq ifadə də işlədirlər, “roman-cəmiyyətin ideologiyasıdır”. Lakin, bu qəbildən olan romanın məhdudluğu ondan ibarətdir ki, ictimai struktur dəyişəndə, yaxud yazıçı fərd olaraq həyatı duymaq məsələsində kəmiyyət etibarı ilə cəmiyyətdən fərqlənəndə, onun funksiyası öz mənasını itirir. Biz bununla Dostoyevskinin dahi əsərlərini öyrənəndə tez-tez rastlaşırıq. Bu əsərlərdə forma dağınıqlığı göz qabağındadır. Ecazkar yaradıcılığın zirvəsi olan Dostoyevskinin şəffaf obrazları kimi nümunələri ənənəvi roman hələ görməmişdi. Onun bədii nailiyyətləri olduqca böyükdür. Nəsr yaradıcılığının dahiyanə nümunəsini yaradan Dostoyevski qəhrəmanlarının dilini, hadisələrin cəzbedici təhkiyə üsulunu hər hansı şərti çərçivəyə salmaq qeyri-mümkündür.
Təxminən 1910-cu ilə yaxın dövrdə ayrı-ayrı yazıçılar roman forması sahəsində eksperimentlərə başladılar. Burjua cəmiyyətinin həmişəlik qəbul etdiyi idraka və proqresə birbaşa inam konsepsiyası onlar üçün öz mövcudluğunu itirdi. Onlar başqalarının idrak və səliqə-sahman gördükləri yerdə, düşüncə ilə dərk edilməyən, ağıla zidd hərəkətlər (irrosionalizm) və xaos gördülər. Hər şey aydın idi, artıq ənənəvi roman öz ömrünü başa vurub.
XX əsr Amerika və Avropa romanının böhran dövrüdür. XX əsr adekvat ifadə formaları tapmaq üçün roman janrında cəsarətli eksperimentlər dövrüdür. Ənənəvi romanla mübarizənin genişliyini, onun miqyasını təsəvvür etmək üçün təkcə Kafka, Prust, Coys, Folkner, Rob-Qriye, Bekket, Dos Passos kimi nəhənglərin adını xatırlamaq kifayət edər.
Norveçdə bu cür cəhdlər çox az olmuşdur. 20-30-cu illərdə onların amerikalı, avropalı həmkarları forma sahəsində inqilabi dönüşlər əldə etdikləri bir vaxtda, Norveçin yazarları hələ də sosial-psixoloji romanlar yaradırdılar.
Doğrudur, yaxşı, bəzən də parlaq əsərlər də yaradılırdı, lakin hal-hazırda Norveç ədəbiyyatında hökmranlıq edən əyalətçilik mühiti onların gözlərini və qulaqlarını bərk-bərk qapadığından dünya miqyasında gedən ədəbi proseslərdən, digər xalqların yaratdıqları ədəbi-bədii nümunələrdən xəbərsiz idilər. Onların bir çoxu ən yaxın dostlarının yaradıcılığından da xəbərsizdi. Hətta bəzilərinə elə gəlir ki, onun bu gecə yazdığı beş-altı cümlə dünya miqyaslı ədəbi hadisədir... Ayıbdır, Vallah!..
Şəxsən mənə hələ də anlaşılmaz olaraq qalır ki, bizim kifayət qədər nüfuzlu yazıçılarımızdan kimsə Norveç ədəbiyyatında uzun müddət davam edən bu susqunluqla, ənənəvi romanla bağlı öz tənqidi fikirlərini söyləməkdən niyə çəkinir? Tanınmış yazıçılar özünü ifadə etmək yolunda müəyyən yeni fikirlər səsləndirsələr də, roman forması ilə əlaqədar analizlərin aparılmasına rəhbərliyi niyə öz üzərilərinə götürmək istəmirlər? Hələ də heç bir Norveç nasiri yeni roman forması sahəsində özünü yoxlamağa cəhd etməyib. Əgər bu deyilənlər baş versəydi, bu gün Norveç ədəbiyyatı tamam başqa cür görünərdi. Mənə elə gəlir ki, biz məşğul olduğumuz yaradıcılıq işi haqqında geniş məlumata malik deyilik. Biz öz sahəmizlə əlaqəli olan hər bir yenilik barədə geniş məlumat almalıyıq, oxumalıyıq, özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. Öz mətbəximizin istehsal etdiyini tərifləmək kimi zərərli və konservativ düşüncədən yaxa qurtarmalıyıq.
Sən əgər özünü nəsrdə ifadə etmək istəyirsənsə, onda gərəkdir ki, nəsrin imkanlarını, onun sərhədlərini biləsən. Müasir roman janrının ustalarına, onun tədqiqatçılarına yaxınlaşmaq, onların yaradıcılıq laboratoriyasına nüfuz etmək lazımdır. XX əsrdə yaşadığını dəqiq bilən və bunu qəbul edən norveçli nasir onu da bilməlidir ki, bu yüzillikdə hər bir sahədə olduğu kimi, ədəbiyyatda da keyfiyyət dəyişikliyi qaçılmazdır. Keçmişə ədəblə “Salamat qal!” -deyib, qanunauyğun olaraq Avropa və Amerika yazarları ilə əlaqə yaratmağın zamanı çoxdan çatıb. Fransız modernizmi ilə tanışlıq bizə bir çox məsələlərin mahiyyətini anlamaqda əsaslı rol oynaya bilər. Rob Qriye, Bütor, Sartr, Kamyu və Bekket kimi məşhur yazarların əsərlərini dərindən təhlil edib, həmin əsərlərin strukturunu, əsərin əsasını təşkil edən fəlsəfi mahiyyətini, onların seçdikləri cazibəli metofizik formanı öyrənəndən sonra Norveç yazıçısı dərhal nəyi götürmək və nədən imtina etməyin vacibliyini duyacaq. Tezliklə başa düşəcək ki, bir çox halda ən məşhur yazının dünyagörüşünü qəbul etmək belə mümkün deyil...
Fransız və Norveç mədəniyyətinin kökü müxtəlif olduğu kimi, onların inkişaf mərhələsi də müxtəlifdir. Fransızların qədim ədəbi ənənəsi var. İntellekt baxımından onlar yüksək savada malik olublar. Bizdə isə belə deyil. Barokko, klassizm bizim üçün real məfhum olmayıb, biz onların yalnız adını eşitmişik... Biz norveçlilər fransız mədəniyyətini pis anlasaq da, öyrənmək xətrinə fransız yazıçılarının romanlarına müraciət etməliyik. Bununla yanaşı, Fransa mədəniyyətinin əsarətinə düşməmək üçün bizə məxsus olan dayanıqlı Norveç ənənələrinə əsaslanmalıyıq. Bizim fransız modernizminə əks münasibətimiz onu göstərdi ki, biz şimal xalqı olaraq fərdi xüsusiyyətlərə malik insanlarıq. Məsələ bundadır ki, biz öz yaradıcılığımızda bu fərdiliyi necə təqdim edirik. Biz keçmişimizin bədii köklərinə lazımi qədər bələdikmi? Nə vaxtsa, biz həmin kökləri görüb üzə çıxaracağıq, onun müasir modernist ədəbiyyatla uyğunluğunu tapacağıq, bax, onda biz müəyyən uğurlar qazana bilərik.
Mən indi ciddi-cəhdlə çalışıram ki, Norveçin bütün gənc nasirləri üçün konkret proqram işləyib hazırlayım. Qartımış təfəkkürlərlə işləmək çox çətindir. Onlara həqiqəti anlatmaq üçün ikinci ömür lazımdır ki, Yaradan belə bir şansı hələ heç kimə verməyib. Gənclərə izah etmək istəyirəm ki, Norveç nəsri bütün milli xüsusiyyətlərini saxlamaq şərti ilə hansı üsullardan istifadə etməlidir ki, Avropanın tərkibinə daxil ola bilsin. Başqa sözlə, Norveç modernizmi necə olmalıdır? Biz nəzərlərimizi keçmişimizə yönəldən kimi xalq poeziyasının; saqa, nağıl, mahnı dolu ecazkar dünyanın ağuşuna düşürük. Bax, biz hər şeyi oradan - xalq yaradıcılığı bulağından götürməliyik. Mən qəlbən inanıram ki, ən yaxşı təzə unudulan köhnədir. Ədəbiyyatımızın Avropaya çıxışında bizim xalq yaradıcılığımız əvəzolunmaz tramplindir. Yaradıcı improvizasiya mədəniyyəti və özünə inam. Məhz bu gün Fransa ədəbiyyatı digər xalqların ədəbiyyatına mayak kimi təqdim edilirsə, bunun əsas səbəbi fransız xalqının öz keçmişinə, ədəbi ənənələrinə, folkloruna yaradıcı münasibətindən doğmuşdur. Fransada elə bir novator-yazıçı yoxdur ki, o qəlbən xalqın mədəni ənənələri ilə bağlı olmasın. Biz də çox zəngin mədəni ənənələrə malik bir xalqıq. Biz hələ o zəngin xəzinədən çox uzaqlaşmamışıq. İmkanlar genişdir, sadəcə bu zənginliyi müasir ədəbiyyatın nəbzi ilə bir vurması üçün istedadlı qələm sahibləri olmalıdır. Mənim dediklərim heç də yeni deyil. Müxtəlif vaxtlarda bizim şairlərimizin ilham mənbəyi folklorumuz, xalq yaradıcılığımız olub. İbseni (“Per Günt”), Byörüson (kənd povestləri), Kink və s. Başqa adlar da çəkə bilərik. Məsələ bunda deyil, biz xalq yaradıcılığından elə tərzdə istifadə etməliyik ki, bu günümüzlə əlaqə yarana bilsin. Yeni ifadə vasitələri və formaları tapılsın. Yeni yanaşmanın mahiyyətini anlamaq üçün biz gərək XIX əsr nəsrimizə təhlili nəzər yetirək və obyektiv qiymətləndirək. Bu dövrdə yaranan hansı romanı nəzərdən keçirsək eyni fikrə gələcəyik: mühit, xarakter və hərəkət bir-birilə çox zəif bağlıdır. Mühit-statik, xarakter-statik, hərəkət-yorğun-statik. Budur XIX əsr nəsrimizin ümumi mənzərəsi. Arxayın həyat tərzi başqa cür yazmağa imkan yarada bilməzdi. Əslində XIX əsrin kifayət qədər daxili dramaturgiyası var idi, sadəcə buna cəsarətli və istedadlı qələm sahibi lazım idi. Təəssüf ki, beləsi bizdə olmadı. XIX əsr ədəbi qəhrəmanların xarakteri yazıçının özündən irəli gedə bilmir. Qəhrəmanın taleyi yazıçı qələminin insafına möhtacdır. Yazıçı istəsə onu öldürər, istəsə əfv edər. Artıq müasir roman janrı, Avropa modernizmi ədəbiyyatda xaraktersiz xarakterləri rədd edir. Dəxli yoxdur qəhrəman kimdir. O, oxucunu cəlb etməlidir. Özünün sevgisi və nifrəti ilə. Özünün zalımlığı və mərhəmətilə.
Avropa yazıçıları keçmiş əsrdə yunan mifologiyasına tez-tez müraciət edirdilər. Onlar bir qayda olaraq, təkcə mifik qəhrəmanın adını saxlayır, obrazı isə yazıçıya tanış olan vəziyyətlərdə təqdim etməyə çalışırdılar .Onların qəhrəmanları özlərini evdəki kimi hiss edirdilər. Təbiidir ki, belə qeyri orijinal yanaşma həmin yazarlara uğur gətirə bilməzdi. Onlar mifologiyaya sarı getmək istədilər və unuduldular. Əgər biz Norveç nəsrini, bütövlükdə Norveç ədəbiyyatını Avropaya tanıtmaq istəyiriksə, onda Skandinaviya mifologiyasını bu günümüzə gətirməyi bacarmalıyıq və bununla da Norveç modernizminin nə demək olduğunu isbat etmiş olarıq.
Tərcümə edən: Zakir ABBAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!