Payız səhəri
Gecənin gözündən tökülən yağış,
Kəsdi.
Dan üzünə bir külək əsdi.
Əritdi gözümdən boylanan qəmi,
Utancaq bir sevgi, bir ölüm kimi.
Kövrək ümid kimi sozalan günəş
Dünyanı nuruna boyadı yenə.
Yarpaqlar saraldı...
Mən sərxoşuydum...
Bu dəm ürəyim
Bələndi payızın şeriyyətinə.
Gözlərimə bax
Niyə kiridin, niyə?
Yoxsa nə olduğunu
Qaynar baxışlarımdan
Bu gün oxudun deyə?!..
Dayan, danışma daha,
Gözlərimə bax indi.
Sənə sözdən bir az da
Baxışlarımdan qopan
Sözüm daha yaxşıdır.
Təsəlli əvəzinə
Bütün suallarının
Cavabıdır baxışım,
Hələ yağmır yağışım.
Sənə möhlət olası
Kövrək bir aman kimi,
Qisasa təşnə ürək.
Dillənsən püskürərək,
Əriyən vulkan kimi!
Niyə susursan, ürək
Qədim nəğmədən qopan,
Uzaq dua kimisən.
Payız çiçəklərini
Şöhrətə çatdırmağa
Təşnə deyildinmi sən?
...İndi mənim gözümə
Nə gül-çiçək görünür,
Nə də o qədim nəğmə!..
Ürək, nə deyim sənə!..
Niyə susursan, niyə?
Dillənsənə, dinsənə!..
Sənin sağlığına
Tək-tənha gedirəm kafeyə yenə,
Ağ çaxır süzürəm iki badəyə.
Biri səninkidi (dərdə bax hələ,
Orda da beləydi, burda da belə),
Sənin sağlığına içirəm, nəsə,
Qurd kimi içirəm və... Alaverdi!
Məxməri səsiylə dillənmir kimsə,
Bir əl də toxunmur sənin badənə.
Yenə əzab ilə pıçıldayıram:
Dərdlə silələnib yenə də qəlbim.
Sən onsuz da cavab verməyəcəksən,
Mənim kədərimi kim böləcək, kim?
***
Gözəl məni lənətlədi,
Heç Allah da bilməz niyə.
Neyləmişəm görən ona,
Bəlkə beş-üç kəlmə deyə,
Bu gözəlin danlağını
Su əvəzi içəsiyəm,
Nə gizlədim, istəyərsə
Canımdan keçəsiyəm.
Nə təntiyəm, nə də çaşam,
Baxam sağa, baxam sola.
İstəyirəm can alanım
olsa, həmin gözəl ola!..
***
Yollar keçilib...
Yada ki,
Nişanlanıb ağrı ilə.
Heç yaddaşımdan
Yox, yox, pozulmayıb hələ.
Uçuruma gedir yoxsa
gedir dağın sinəsi ilə
dönə bilə həmayilə;
Yox, hələ bilmirəm bunu...
Hamısının, hamısının
Sonsuzluqda bitir sonu...
***
P.S.
Əzilib, tapdalanan,
Ovxarlanan ürəyim.
Dinc qalan, sakit keçən
Bir günün də olmadı.
Gürcü dilindən çevirəni: Həmzəli İlyas
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!