ALEN MABANKUNUN ÜÇ AFRİKASI - Tərcümə

 

Müasir Afrika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Konqo yazıçısı Alen Mabankudur. O, fransızdilli Afrika ədəbiyyatının ən istedadlı imzalarından biri hesab olunur. "Günbəgün", "Ağaclar da ağlayır" adlı şeirlər kitabının, "Sınıq qab", "Sabah iyirmi yaşım olacaq", "Sus və öl" adlı romanların və esselərin müəllifidir. Yazıçı Alen Mabanku ilə fransız jurnalist Arian Puassonyenin müsahibəsini təqdim edirik.

 

- Sizin həyatınız üç ölkə ilə sıx bağlıdır: Konqo, Fransa və ABŞ. Bu üç ölkənin mədəniyyətlərinin kəsişməsində özünüzü necə hiss edirsiniz? Sizə çətin deyilmi?

- Mən hesab edirəm ki,  bunun mənə çox faydası var. Üç qitənin mədəniyyəti ilə toqquşma dünyanın müxtəlifliyini mənə açır, "gəzən Afrika" dediklərimi öyrənməyimə imkan verir. Birincisi, Afrikanı öz içində gəzmək: Konqoda yaşadığım vaxtlarda belə, qitənin bütün müxtəlifliyini həyata keçirməyimə kömək edən Qərbi Afrikadan olan mühacirlər ilə görüşmək fürsəti tapdım. Fransada mən Qərb mədəniyyəti ilə tanış oldum, təkcə tanış olmadım, həmçinin burada köç, səyahət, kölə ticarəti və müstəmləkəçilik nəticəsində Avropada gəzən Afrika sivilizasiyasının izlərini gördüm. Amerika Birləşmiş Ştatlarında, evimin qitəsini fərqli bir obyektivdən gördüm ki, bu da kölə sistemi və kölə ticarəti dövründə Amerika üzərində gəzərək başqa bir gəzən Afrikanın kölgələrini görməyimə imkan verdi. Nyu-York mənim üçün xüsusi bir "Afrika Amerikası" adlanan dünyanın qapılarını açdı. Onun bir parçasını XX əsrin birinci yarısında zənci düşüncəsində vacib yer turan "Harlem İntibahı" hərəkatının görkəmli nümayəndələri Riçard Rayt,  Çester Hayms və  Ceyms Bouldin kimi yazıçılar əhatə edir. Bu üç qitənin eyvanından mən gələcəyin dünyası bağlı düşüncələrimi axtarıram. Gələcəyin dünyası isə fərqli mədəniyyətlərin cəmindən başqa bir şey deyil...

- Bir çoxları günümüzdə neoliberalizmin elə bir vəziyyətdə olduğunu təsdiq edir ki, tənqid üçün tutarlı bir arqument tapmaq olmur...

- Düzü, mən belə düşünmürəm. Əgər belə olsaydı, neoliberal sistemin bütün tənqid alətlərini tamamilə ələ keçirməsi demək olardı. Mən daha nikbin düşünürəm. Hər zaman sistemə qarşı durmağın yollarını tapa bilərsiniz və bəzən bu sistemin dilinin hərtərəfli öyrənilməsi, hissələrə ayrılması, yeni düşüncə formalarının yaranmasına imkan verən boş məzmununun nümayişi kimi görünə bilər. Qoz qabığın içindədir, amma bu o demək deyil ki, mən onu qıra bilmərəm və içində nə olduğunu görüb yeyə bilmərəm!

Afrika sivilizasiyalarına nəzər yetirin: fəlsəfələrini yaymaq üçün Qərb düşüncəsindən istifadə etdilər. Buradakı zənci anlayışı Avropada, Fransaya təhsil almaq üçün gələn qaradərili və antillər arasında ortaya çıxdı. Onlardan biri, seneqallı Leopold Sedar Senqor idi. O, Fransız Akademiyasının üzvü seçildi. Ancaq Eme Sezarın  "Vətənə Dönüş Gündəliyi" əsərinin universallığını şübhə altına almaq mümkündürmü? Həmyerlisi Frans Fanonun "Qara dəri, ağ maskalar" əsərində irəli sürdüyü analitik nəticələrin gücünə şübhə etmək olarmı? Onlar müstəmləkə sisteminə qarşı öz silahlarından istifadə edərək içəridən müstəmləkə düşücələrinə zərbə vurdular.

- Belçika krallığının nümayəndələrinin  "Mərkəzi Afrika" muzeyini  ziyarət etdikdən sonra öz instaqramınızda "Belçikalıların müstəmləkə keçmişlərindən danışmaq istədiklərini" yazdınız. Bununla nəyi nəzərdə tuturdunuz?

- Muzeylər də insanlar kimidir. Görünüşləri ilə başqalarına həm səmimi, həm də bilərəkdən yalan ola biləcək bir informasiya göndərirlər. Bir adamın parik taxdığını düşünün. Bu dəbdəbəli saçla başın cazibəsinə düşə bilərsiniz və sonra onun saxta olduğunu bildiyiniz üçün çox məyus ola bilərsiniz. Muzeylə də eyni şeydir: əvvəlcə sizi heyran edir, amma sonunda məyus edir. Həmin muzeydə hər otağa baxdım, ancaq II Leopold dövrünün kəsilmiş əllərini görmədim.

Əlbəttə ki, müsbət bir məqam da var: muzey bir sıra Afrika nəslinin bizə öz hekayələrini izah etməsinə imkan verdi, bu da çox yaxşıdır. Məsələn, Fransada işlər bir az fərqlidir və müstəmləkə tarixinə gəldikdə hər kəs dərhal bizə əlifba öyrətdiyi iddia edilən Jül Ferri inkar etməyə və arxasında gizlənməyə başlayır.

Ancaq belə bir "Afrika" muzeyini yaratmağı xahiş etsəniz, bütün ziyarət zamanı bir ağ kişinin bir qaradərilini qamçı ilə döydüyünü, onu həbsxanaya sürüklədiyini, torpaqlarını talan etdiyini, onu dəmir yolu çəkməyə məcbur etdiyini görəcəksiniz. Hər kəsin sağ qalmadığı şərtlər var. Bu vəziyyətdə instaqramımda "müstəmləkə keçmişlərindən danışmaq istədiklərini" yazdım.

Müstəmləkəçiliyin qurbanı qiyaməti təqdim edəcək, qərbli isə sizə sivil təsirindən danışacaq. Həqiqət həm bunu, həm də o birisini özündə birləşdirir. Bu anda yalnız subyektiv şərhlərimiz olmalıdır.

- Fransızların Afrika mədəniyyətinə aid nümunələrin öz sahiblərinə geri qaytarması təşəbbüsünü necə qiymətləndirirsiniz?

- Fransa Prezident Administrasiyasından Felvin Starr və Benedikt Savoiyenin təqdim etdikləri Afrika mədəni irsinin qaytarılması ilə bağlı hesabatı bəyəndim, lakin bu günə qədər bu yalnız bir nəzəriyyədir. Hər şeyin praktikada necə keçdiyini görmək lazımdır.

Mirasın qaytarılması eyni sualı gündəmə gətirir: müstəmləkə tariximizi necə şərh etmək olar? Niyə fransız dilində və ümumiyyətlə, Avropa tarixi dərsliklərində irsin talan edilməsindən bəhs edən bir söz yoxdur? Müstəmləkəçilər sənət əsərlərimizin heç bir şey olmadığını düşünərək  səhv etdilər. Bu gün dünya sənət mədəniyyətinin formalaşması barədə tam bir təsəvvür əldə etməyimizə kömək edənlər bunlardır.

Afrikalılar yalnız talan edilmiş mirasın dünya mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu və qurucuları Afrika sənəti ilə tanış olmasalar, sürrealizmin ortaya çıxmayacağını etiraf etmək istəyirlər. Bu səbəbdən təkcə mədəni mülklərin qaytarılması kifayət deyil: Afrikanın böyük bədii potensiala sahib olduğu da qəbul edilməlidir.

- Sizcə, Afrika ədəbiyyatı dünya ədəbiyyatında layiqli yerini tuturmu?

- Afrikadakı frankofon ədəbiyyatı, yüz yaşında belə deyil, hələ gənc bir fenomendir. Ona güclənmək, özünü təsdiqləmək üçün vaxt verməlisən. Maraqlıdır ki, dünyamızın parçalanmasını əks etdirən və zəmanəmizin aktual problemləri barədə dialoqa girən qloballaşma yolunu tuta bildi.

- Özünüzü Afrikadakı bütün insanların fikirlərini ifadə edən bir yazıçı hesab edirsiniz?

- Belə bir açıqlama təvazökarlıqdan uzaq olardı. İngilis dilində danışanlar da daxil olmaqla, getdikcə daha çox afrikalının kitablarımı oxuduğuna, ruhən yaxın tapdığına və onlardan ilham aldığına inanıram. Bu maraq qarşılıqlıdır: əsərlərimdə onlara yaxın olan şeylərdən bəhs edirəm. Ümumi fikrin sözçüsü sayılmaq istəməzdim - bu, Məsihin taleyini çox xatırladır. Ancaq kitablarımı afrikalılarla birlikdə yazdığımı təəssüratı verməsi məni ancaq sevindirir.

- Nə vaxt özünüzdə "yazmaq" istəyini aşkar etdiniz?

- Orta məktəbdə şeir yazmağa başladım və dərindən özümü yalnız şeirə həsr etmək istədim. Eyni zamanda, yazmanın əsas məşğuliyyət ola bilməyəcəyinə inandım - yazı prosesini zehni əzablarımı yatırmağa, tənhalığın öhdəsindən gəlməyə kömək edən bir vasitə kimi gördüm. Yeri gəlmişkən, mən ailənin tək uşağı olmuşam. Yazı prosesi ətrafımdakı dünyadan qopub özümü yaratmağıma imkan verən dinim kimi oldu.

Əsas işimə paralel olaraq ədəbiyyatla yalnız ara-sıra məşğul olacağımı özümə təlqin edərək yazmağa davam etdim. Beləliklə, yazı bacarığımı tədricən artırdım və həyatımın işinə çevriləndə getdikcə daha inamlı addımlar atdım.

- İlk romanınız "Mavi-Ağ-Qırmızı" 1998-ci ildə nəşr olundu, ancaq bundan əvvəl dörd şeir toplunuz çap olunmuşdu. Şeir ilə roman arasındakı fərqi nədə görürsünüz?

- Şeir romantik gənclik ruhudur, ilk sevginin sərxoşluğudur, ilk xəyal qırıqlığı ilə doludur. Bu, Lamartin kimi, Hüqo kimi, de Vinni kimi romantizm klassiklərinə aşiq olduğumuz zamanın bir əksidir. Çikaya U Tamsi kimi görkəmli şairləri dünyaya gətirən vətənimdə şeirə həmişə xüsusi hörmətlə yanaşılmışdır. Romanın yeni növü yalnız 1979-cu ildə Konqonun ən böyük yazıçısı saydığım Sonia Labu Tansinin "Həyat və Yarım" romanı nəşr olunduqdan sonra həqiqi populyarlıq qazanmağa başladı. Onun bu işi bizə göstərdi ki, öz zehni əziyyətindən çox danışa bilərsən. Romanda qarşımızda açılan yazıçının ruhu deyil, qəhrəmanın ruhudur.

- Sizcə, bir yazıçının əsərləri ilə öz ruhunu oxşaması ifadəsi doğrudurmu?

- Əlbəttə! Dünyaya əsl mənliyinizi göstərmək üçün siyasi və mənəvi cəsarətə sahib olmalısınız. Yazıçının yolu hər hansı bir parkdakı baxımlı bir xiyaban deyil, daha çox daş, palçıq və gölməçə ilə dolanan dağ yoludur. Cəsarətdən məhrum olanlar çəkmə geyinəcəklər. Yazıçı cığırda ayaqyalın addımlayır və ayaqları yaralansa da sona qədər gedir. Fikrini həyata keçirməli, bu dünyanın bütün gücünü özündə cəmləşdirərək zehni məhsulunu ortaya qoymalıdı. Yalnız bundan sonra məqsədinə çata bilər.

 

Tərcümə etdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!