Dünya klassikləri: Mixay Emineskudan şeirlər - Tərcümə

 

Mixay Eminesku (1850-1889) - moldovan-rumın ədəbiyyatının klassiki, Avropa romantizminin və rumındilli poeziyanın görkəmli nümayəndəsi. Ölümündən sonra Rumıniya Elmlər Akademiyasının üzvü seçilib.

Tanınmış şairə və tərcüməçi Fəridə Hacıyevanın çevirisində Emineskunun "Ulduzlardan pay istərəm" adlı şeirlər toplusu ilk dəfə 2001-ci ildə nəşr edilib. Hazırkı tərcümələr şairin yaradıcılığına ikinci və ən əsası orijinaldan olan müraciətdir.

 

 

İllərdi ki, canımda...

 

İllərdi ki, canımda

Ölüm gəzinir niyə?

Niyə sözlər tükənir,

Yumulur gözlər, niyə?

 

Niyə başda hava var,

Havalıdır ömür də?..

Bircə sən sual etmə -

Yaşayanlar bilir də...

 

Sevgi nədir?

 

Sevgi nədir? Yalnız ağrı,

Ağrımaqçün səbəbdir.

Göz yaşların olsa sarğı,

Qoy çox axsın, savabdır.

Aşiq sirrə aşinadır,

Ovsunladıb qəlbini.

Unutmaqlar boşunadır

Bütün ömrü uzunu.

Bax, hələ də kandardadır,

Bir kölgəlik künc tapır.

Doğma kimi qarşılayır,

Öpüb bağrına basır.

Pusur səni həftələrlə,

Asta addım ləpirlər.

Toxunuşlar gül əllərə

Və kəpənək kirpiklər.

 

Gündüzləri səni Günəş,

Axşamlar Ay izləyir.

Bəlli ki, bu sönməz Atəş,

Ağ işıq nə istəyir.

 

Beləcə yazılıb illər -

Xiffət payı çox düşüb.

Nilufərtək xatirələr

Qucub səni, büzüşüb.

 

Bircəcik arzum var

 

Bircəcik arzum var

Dinc, sakit axşamda -

Sahil və göy sular -

Mən köçüm dünyadan.

Arxamca ucadan

Ağlayan olmasın,

Yarpaqlar ağacdan

Sızlayıb boylansın.

Ətrafa yayılsın

Bulağın şırşırı,

Şamlıqdan saçılsın

Qoy Ayın işığı.

Axşamlar sərin yel

Zınqırov tərpətsin,

Qocaman cökə hey

Budağın yellətsin.

 

Yolumdan saxladı

Məni xoş anlar.

Səyyah da olmadım,

Dayandım yarıda.

 

Bax Zöhrə parlayır

Kölgəli budaqdan,

Təbəssüm paylayır

Dost kimi uzaqdan.

 

Və bir ah qopacaq

Coşanda dalğalar.

Tənhalıq hopacaq

Mən yatan torpağa.

 

Dan ulduzu

 

Dan ulduzu, Dan ulduzu, min bir cürə oduyla

Həyatımın zülmətini dağıdır öz nuruyla.

Bu işığa, bu atəşə zillənirən yuxulu,

Əllərimi uzadıram mən o ulduza doğru.

 

Nağılların pərsitək ucadadır, pənbədir.

İşti axır gözlərindən füsunkardır, incədir.

Buruq sarı saçlarının teli düşür gözünə,

Ağıl yağır çiçək açmış təbəssümlü üzündən.

 

Səndən uzaq

 

Yenə bəxtsiz günlərimlə bərabərəm mən,

Bir ocağın başındayam, uzaqda səndən.

Yaşayıram bu dünyada yüz ildi sanki,

Lap qış kimi qocalmışam, sən də yoxsan ki.

Çisələyir xatirənin narın yağışı,

Yada düşür olub keçən, pis ilə yaxşı.

Pəncərəni soyuq əli döyür küləyin,

Sarır mənə iplərini hüzünlü eşqin.

Sanki bir an sən dumanın içindən keçdin,

Gözün yaşlı, bumbuz idi gözəl əllərin.

Qollarını dolayıb sən boynuma durdun,

Nəsə demək istədinsə yenə də susdun.

Gözəllik, eşq sərvətdi ki, qucuram şövqlə

Bəxtsizləri birləşdirir xəyallar zövqlə.

Susqun səsi vardır indi xatirələrin,

Sükut ilə pıçıldayır sən də xoşbəxtdin.

Əllərimdən uçub getdin quş kimi sanki.

Qocalmışam, tək-tənhayam, sən də yoxsan ki.

 

Tərcümələr Səlim Babullaoğlunundur

Jalə İsmayılın rumın dilindən

sətri tərcümələri əsasında


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!