Uinstan Hyü Oden (1907-1973) - XX əsrin görkəmli ingilis-amerikan şairi; intellektual lirikanın ustadlarından sayılır; "Təşviş əsri" (1948) əsərinə görə Pulitser mükafatına, poeziyasına görə Bollingen mükafatına (1953), "Axullesin qalxanı" toplusuna görə ABŞ Milli Ədəbiyyat Medalına (1967) layiq görülüb.
Blüz
Xanımlar və cənablar! Ey burda əyləşənlər -
Ey içkini, tütünü və yeməyi sevənlər!
Təzyiqiniz qalxsa da fərqində deyilsiniz
yaxınlıqdakı kimdir?! Ölüm! Bəs, nə bilmişdiniz!
Sarışın enlikürək, dikbaş oğlan kimi o
daim yanınızdadır - ya çimərlik, ya metro.
Evli, subay, ya cavan, ya da ki, halsız qoca -
gitarası oynadar hər kəsi öldürüncə.
Ölüm elə bilin ki, çox savadlı bir həkim.
Gecə-gündüz qapısı ağzında növbə çəkin.
"Hələ nəfəs alırsız? Darıxmayın, tez keçər..!"
söyləyib sizi həmən tabuta itələyər.
Ölüm hasar dalında torpaq satan dəllaldı.
Elə qazanc da güdmür, alıb-satmaz bahalı.
Dünyanın özü kimi qədim, asan bir alver:
qırıq-qırıq xətt olan yerə imza və əl ver.
Ölüm dahi və müdrik ustaddır, müəllimdir,
Kütbeyinlərə dostdur, onlarla mülayimdir.
Hərçənd ki, fərqi yoxdu, ya belə, ya da qəsdən
kim qaçıb indiyəcən "Qəbir" adlı o dərsdən.
Kazinoda zər atın, ya çarxı dingildədin,
Yağış altda islanın, ya da çaxır gillədin,
Ölüm onsuz da güdür sizi gündüz və gecə
Hazırdı gəlsin sabah, ya da ki, lap indicə.
Hər sirr özünü tapır
sonun hər dəfəsində
Hər sirr özünü tapır sonun hər dəfəsində,
Susuzluğu faş edir dil də çay süfrəsində
Mənim yerimə nağıl öz-özünü danışır,
Tüstüsüz alov olmaz, dərin sular lal axır.
Səkidəki cəsədin, gündüz uzun kölgənin,
Oynanılan o rəqsin, uzanan o örkənin,
Arxasında hər dəfə ah-ofun, başağrının
Gözlə görmədiyimiz səbəbi var bir yığın.
Monastır divarına yaxın qəfil nəğmələr,
Mətbəxdə qravürlər - ov edilən səhnələr,
Yaydakı şən oyunlar, - görüşlər də yerində -
Səbəbsiz olmadı ki, gizlənsə də dərində.
Matəm blüzü
Saatları saxlayın, telefonu, çıxardın,
Qoy kəssin hürüşünü, küçüyə sümük atın.
Asta çalınsın təbil, pianonu susdurun,
Yasa batanlar gəlib qoy tabut altda dursun.
Qoy, uçağın səmada uğultusu sızlasın,
Hamının başı üstdə "Öldü" sözünü cızsın.
Qara bantda görünsün, qoy, qulların qüssəsi,
Qara pambıq əlcəklər geyinsin yol polisi.
O mənim Şimalımdı, Cənubum, Qərbim, Şərqim,
Günortam, gecəyarım, sözüm, nəğməm və şərqim.
Mənim işgüzar həftəm, mənim boş-bekar şənbəm.
Eşq sonsuzmuş sanırdım, sən demə, səhv etmişəm.
Ulduzları söndürün, göyə bir də baxmayın,
Ayı da yığışdırın, günəşi söküb atın.
Atın dəryanı qabdan, süpürün meşələri,
Bundan sonra yoxdu ki, mənası bu şeylərin.
Bard
Diqqət çəkməzdi heç vaxt, o yalnızca bir quldu.
Nəfsani istəklərin, təşvişlərin kölgəsi.
Onda küləktək bütün dərdi-sər oxuyurdu,
Adamlar ah çəkirdi: Budur, Tanrı nəfəsi.
Tanrı şöhrətli olur. Lovğalandı o gerçək -
Daşıya bilmədi ki... ağırdı çiynindəki -
Məişətdən, fanidən usanmış beynindəki,
Hər cür sərsəmləməni gözəl nəğmə bilərək.
Öldürsə də özünü şeir ondan gen düşdü,
Uğursuz günlərini vird elədi boşuna.
Bir də ki, əşyagirlik canına mərəz oldu.
Xeyli sərgərdan gəzdi, "əclaf !" deyib düşündü
cəlladtək adamların susayaraq qanına.
Kimsə diş qıcıdanda qaçdı... əlqərəz öldü...
Qaçqın blüzü
Bu şəhərdə var yəqin, bir on milyon insanın
Ya yepyekə qəsri, ya da xırdaca bir koması.
Bizə isə qəhət olub duracaq yer, əzizim, yatacaq yer.
Bizlərin də vaxt vardı ki, var idi öz ölkəsi.
Xəritəyə baxsan əgər görəsisən, görəsi.
Amma ora geri yol yox, əzizim, dönmək olmaz.
Qoca qaraçöhrə vardı kənddə kilsə həyətində.
Görünərdi hər yaz yaşıl pöhrə onun gövdəsində.
Amma sənəd sayılmaz bu, pasportun vaxtı ötüb.
Konsul mizə yumruq vurub axırda belə dedi:
"O kəsin ki, pasportu yox, demək cansız cəsəddi".
Amma biz ki, dipdiriyik, əzizim, dipdiriyik.
Qaçqınkomun adamları daha mehriban idi,
Yer göstərib dedilər ki, bir ildən sonra gəlin.
Bəs bu günü nə edək biz, əzizim, hara gedək?
Mitinq vaxtı biri yenə peyğəmbərlik elədi:
"Ölkəmizə girsə onlar, oğurlanar ruzimiz".
Belə çıxır biz oğruyuq, əzizim sən də, mən də.
Avropanın başı üstə yenə də ildırımlar.
Hitlerin də dediyi bu - ölməlidi qaçqınlar.
Yəni ki, biz ölməliyik, əzizim, sən də, mən də.
Koftalı bir pudel gördüm, düyməsi parıltılı.
Pişik gördüm qabağınca qapılar da açılır.
Amma onlar cuhud deyil, dostum, alman cuhudu.
Düşüb baxdım körfəzə də buxovlamış suları.
Balıqları atlanırdı duyaraq istiqlalı.
Bizdən azca aralıda, dostum, azca aralı.
Meşələrin kölgəsində quşlar yuva toxuyur.
Siyasilər yoxdu deyə, gecə-gündüz oxuyur.
Axı onlar insan deyil, əzizim, insan deyil.
Yuxuda bir ev görmüşəm, saysız idi aynası.
Bir o qədər mərtəbəsi, bir o qədər qapısı.
Nə qapımız arasında, əzizim, nə aynamız.
Təlim üçün meydandaydım. Qar üstümü örtmüşdü.
On min əsgər dəstə-dəstə düz yaxınlıqdan ötdü.
Onlar bizi axtarırdı, əzizim, sənlə məni.
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!