Çağdaş rus yazıçı və şairi Mariya Stepanovanın şeirləri - Tərcümə

Mariya Stepanova "Yaddaşın xatirəsinə" adlı essesi ilə ingilisdilli ədəbiyyat sahəsində verilən 2021 "Buker" Beynəlxalq Mükafatının (The 2021 Booker International Prize) "qısa siyahı"sına daxil edilmişdir.

 

***

Bax, götürüb bir də

şeir yazmayacam,

Bax, götürüb bir də,

Heç vaxt şeir yazmayacam...

 

Mən Dmitriy Aleksanıç deyiləm,

Dmitriy Aleksanıç ölüb.

Mən Aleksandr Sergeyeviç deyiləm,

Aleksandr Sergeyeviç yaşayır...

 

Ədəbiyyat simasında

Mən bir bəzək kimiyəm,

Mən çiçəklənən kimiyəm,

Səsim, saçım qıvrım,

Elektrik fənəriyəm,

Sürətli və nizamsız elektrik kimiyəm...

 

***

Eyvanda, hansısa aprel günündə,

İstilik karamel kimi axır.

Quş civiltisi və qadın səsi,

Qulağımı batırır.

 

Gah yarpaqlar sıçrayır,

İçməli fəvvarələrin gözündən.

Gah adamlar harasa gedir,

Ötüb-keçənlərin izindən.

 

Mən də balaca it kimi,

Unudulmuş, bir ana, bir qadın kimi.

Səs edirəm görünüm deyə,

Yerimi bilsinlər deyə...

 

***

Baş-ayaqlar-baş-qollar-baş,

Yerimdə qurcuxuram,

Köhnə qanunları tələb edirəm,

Axı onlar çoxdular...

 

Bir quş uçuşu edəcəm,

Açıq səma altında,

yerin düz sinəsində,

Bir dükana qonacam,

bir şey alacam ancaq,

əllərini çək məndən.

Ancaq bədən alacam,

 

Mən - nənəmdən gəldim,

Mən - ulu babamdan gəldim.

Mən valideynlərimin içindən

Lazım olanı götürüb gəldim.

 

Hər şeyi qoşa verdim,

Yatdım vaxtı daşa verdim,

Oyandım - gördüm ki,

Ömrümü boşa verdim...

 

***

Səhər Günəşi səhər doğur,

Nə qədər cazibədar imkanlar var.

Axı niyə sən mənzildə gəzişirsən,

Topuqlu ayaqqabı ilə yeri döyərək?!

 

Sənə nə lazımdı, göyərçinim mənim?

Çevrilib sonluğu dəyiş görüm.

Bu qızıl güzgüdə özünü gör,

Get, arxana baxmadan irəli get.

Və budur, bir səs eşidirəm,

Bütün bədənimə istilik gəlir.

Sənin mələk kimi qanadlarına

Çox yoldaşların paxıllıq edir.

 

Təkcə qanadlarını tərpətsən bəsdi,

Buna dözməyəcək çoxu bilirəm.

Mənim qohumlarım, bağışlayın siz,

Mənə uzaqlardan yazın mümkünsə...

 

Mən əbədiyəm, ölümsüzəm beləcə,

İlahə Stiks də mənə əngəl ola bilməz!

 

***

Gözlərim qaranlıqdı, dilim də susur,

Qulaqlarım sükuta qərq olub beləcə,

Hamıda belədi ya görəsən -

Mənə nəsə olur gizlicə...

 

Düşünürəm öz-özümə,

Quşların fəth elədiyi zirvələrdən -

Görəsən, cökə yarpaqlarından

Zavod boruları da nəfəs alır,

Ya almır?!

 

Bir hərəkət edib and içirəm,

Andımı təkrar edirəm, unutmamaq üçün.

Özümü atıram dağın başından,

Yeni mənalara qovuşmaq üçün...

 

Tərcümə etdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!