Çaqqal - Pakistanlı yazıçı Dur Məhəmməd Kasinin hekayəsi - Tərcümə

 

İslamabad dünyanın o şəhərlərindəndir ki, bura təsadüfən gəlib düşən kənar adam şəhərin cəngəllikdə inşa edildiyini, yoxsa cəngəlliyin düz şəhərin ortasında bitdiyini kəsdirə bilməz.

Az qala rastıma çıxan hər kəsdən soruşurdum ki, görəsən, İslamabadın inşası planlaşdırılanda burada cəngəllik olubmu? Bəzi insanların fikrincə, burada şübhəsiz, cəngəllik olub, ancaq digərləri deyirdilər ki, əvvəlcə şəhər inşa edilmiş, cəngəllik daha sonra onun böyür-başında artıb-çoxalmışdı. Cəngəllik içindəki bu şəhər, yaxud şəhər ətrafındakı cəngəllik onun yeganə gözəlliyi və əzəməti sayılmalıydı. Şəhərin bəzi yerləri cəngəllikdən başqa bir təəssürat oyatmazdı, ancaq elə yerlər də vardı ki, şəhərlə cəngəlliyin unikal qovuşuğu sayılmalıydı.

İlk dəfə qalmağı qət etdiyim yer şəhərdən çox, cəngəlliyə bənzəyirdi. Burada çox sayda fərdi evlər, hostel kimi bu tərəflər üçün üstün sayılan yataqxanalar vardı. Çoxlu görüləcək işlərim olduğuna görə belə bir hosteldə qaldım.

Bu yerin ən özəl xüsusiyyəti hücrə atmosferi idi. Hər kəs bu atmosferin verdiyi tək qalma şansını həyatın digər aspektlərindən daha üstün hesab edir. Bu hosteldə çoxlu müştəri olsa da, onların hər biri tək qalırdı.

Cəngəlliyin ortasındakı hostel Kalam dağlarının qoynunda tənha evə bənzəyirdi. Bununla belə, bircə təzad vardı, o da buydu ki, ən əhəmiyyətli yollar hostelin böyür-başından dolanıb keçirdi. Bu yolların əhəmiyyəti onların strukturuyla bağlıydı, yəni avtomobilləri tam sürətlə sürməyə imkan yaradırdı. İkincisi, hansısa Tom, Dik, yaxud Harri bu yollardan hosteldə çox fərqli və tanınmış şəxsləri narahat edəcək dərəcədə istifadə edə bilməzdilər.

Otaqda elə cəngəllikdə olduğu kimi tək-tənhaydım. Pəncərədən çölə baxanda hər yer cəngəllik kimi görünürdü. Veranda və dəhlizlər bomboş idi. Sakit pıçıltı və gülüşlər ola bilsin ki, bəzi otaqlardan gəlirdi, sanırdın çox-çox yuxarıda Seyf-ül-Maluk gölünə daşlar düşüb gumbuldayır, səs salırdı.

Bu sirr və səssizlik okeanında ən azından bir bəni-insan vardı ki, heç bir sıxıntı hiss etmirdi, utanc hissi keçirmir, addımını geri qoymurdu. Bu, İslamabad cəngəlliyinin pələngi idi, yox, bağışlayın pələng deyil, çaqqal, bəli çaqqal. Bu səssizlik cəngəlliyində çaqqallar hökmran idilər.

Axşama yaxın, qaranlıq sürətlə hər tərəfi tutduğu zaman birdən çox qəribə ulartı səsi gəldi, daha sonra səs qoşalaşdı, bir azdan xora çevrildi.

Əvvəl-əvvəl mən bu səsi eşidəndə qorxdum. Bir az keçməmiş öyrəşdim. Müəyyən müddət keçdi, daha o səslər gəlmədi. Təəccübləndim, düşündüm ki, mənim təkliyimin qardaşları necə oldu bəs, hara getdi onlar. Ancaq uzun çəkmədi bu. Çox qısa fasilədən sonra dostlarımın xoru var gücüylə eşidilməyə başladı.

Bəzən sürətlə şütüyüb keçən avtomobillərin təkərlərinin qulaq deşən səsi bu həzin ulartı səsinə qarışırdı. Avtomobillərin səsi güclənən kimi çaqqalların səsi batırdı. Ancaq bəzən onlar özlərindən çıxır, narahat olurdular ki, işə bax, gecənin bu zülmətində də insanlar ondan əl çəkmirlər. Və etiraz işarəsi kimi var gücləriylə ulayırdılar.

Bəzən hiss edirəm ki, bu şəhər çaqqalları çox nəzakətsiz və kobud məxluqlardır. Bu dağlarda yaşayan insanlar həlim və nəzakətlidirlər. Əminəm ki, bu insanların əksəri ömründə çaqqal görməyib, yaxından, ya uzaqdan. Çünki bu çaqqallar çox çəkingəndirlər. Xüsusən adamlardan uzaq durmağa çalışırlar. Görünür, adamların nəcib olduqlarını da yaxşı bilirlər. Ac olduqda gizlincə, gecənin zülmətində dağlardan aşağı enir, həyətlərə girib toyuq-cücə oğurlayır və dərhal da gözdən itirlər. Gündüzlər heç yerdə çaqqal görə bilməzdin. Ancaq bu şəhər çaqqalları, Allah saxlasın!

Bir qayda olaraq hər səhər saat yeddidə əyri-üyrü, bəzi yerlərdə sökülmüş yollarla ofisimə gedirdim, yolda həmin o sürətlə şütüyən avtomobillərin əzib leşə döndərdiyi çaqqal cəsədləri görünürdü.

Bir dəfə mən bunu dostuma danışdım və belə bir biabırçılıq və nəzakətsizliyin səbəbini bilmək istədim. Həmin yaxın dostum dedi ki, "Qardaşım! Ədəblilik və ədəbsizlik həyatla, yaşamaqla bağlı olan bir şeydir. Əldə etdiyin qazanc halaldırsa, demək, ləyaqətlisən, əks təqdirdə, biabırçı, utanmaz". Ürəkdən güldüm. Dostum təəccüblə mənə elə baxdı ki, sanki dəli olmuşam. Nəhayət soruşdu ki, "Nə olub? Dəlisən?".

Dedim ki, "Yox, dəli olmamışam. Dəli deyiləm hələ. Dəli sənsən ki, çaqqallarla əlaqədar söhbətdə qanundan və ədalətdən danışırsan. Heyvandır o. Özü də ən biabırçı olanı, ən utanmazı".

Cavabında dostum belə dedi: "Yox, o, ləyaqətsiz deyil. Sadəcə, gücsüzdür. İndi dostum, dua eləyək ki, bu heyvan güclənməsin, əks təqdirdə, sən pələnglərin yırtıcılığını unudarsan".

Mən dedim ki, "Dostum, burax bu fəlsəfəni. Mənə bunu de ki, çaqqal dediyin halal azuqəni necə əldə edə bilər?". Dostum izah eləməyə başladı: "Bilirsən də İslamabadda çox böyük zatlar, siyasətçilər, torpaq sahibləri və başqa böyük sərvət sahibləri yaşayır. Onlar zəngindirlər, sərvətlərinin, mal-mülklərinin sayı-hesabı yoxdur. Bu şəhərdə kasıb-filan yoxdur".

Cavabım belə oldu ki, "Yaxşı, bəs bu arqumentin çaqqallarla nə əlaqəsi?".

"İşə bax! Çaqqallar onu zəhmət çəkib əldə edirlər. Oğruluq-filan da deyil. Bəs o necə haram ola bilər ki?".

Dostum bir az pərt olmuşdu, "Səni inandıra bilmirəm. Allah köməyin olsun. Dəlisən sən".

Xahiş elədim ki, əsəbləşməsin, "Sən haramdan və halallıqdan danışdın. Mənsə izah etməyini istədim". O, ah çəkib dedi ki, "Bu azuqə halal olsaydı zibil yeşiklərinə atılardımı ki, sonra da çaqqallar gəlib yesinlər?".

Ağlım qarışmışdı. Dostumun dedikləri doğrudan çox mühüm məqamlardan xəbər verirdi. Qızıl xırdalamışdı.

Bir gün mən bəzi ucuz mallar ala bilmək üçün cümə bazarına getmişdim. Orda gəzib-dolaşırdım ki, birdən azan səsi eşidildi. Saatıma baxdım. Cümə namazına az qalırdı. Rastıma çıxan adamdan suyun yerini soruşdum. O məni təmiz suyun axdığı bir yerə apardı. Mən ora gedib dəstəmaz ala bilərdim.

Burda kiçik bir çay vardı, sıx çəmənliyin və ağacların arasıyla axırdı. Gözəl bir cəngəllik idi bura. Aşağı düşdüm və dəstəmaz almaq istədim. Əlimi suya salanda meşədən və cəngəllikdən səs eşidildi.

Başımı qaldırdım və qabaq pəncələrini suya sallamış kök bir çaqqal gördüm, hirslə mənə baxır və donquldanırdı.

Təəccüb bürüdü məni, indi nə etməli, ilişdim mən, biixtiyar qışqırdım: "Rədd ol burdan!".

O mənim düşündüyümdən də qəzəbli idi, "Sən kimsən ki, məni mənim cəngəlliyimdən qovursan?".

Onun donqultusu ulartıya çevrildi. Sonra tövrümü dəyişdim, çalışdım nəzakətli görünüm. Dedim ki, "Qardaş, sən gəl pəncələrini sudan çıxar, çünki onlar çirklidir, mən dəstəmaz almalıyam, belədə mümkün deyil".

Mənim xahişim təhqirdən betər gəldi ona, sanki başına güllə sıxdılar. Üzünü yana çevridi və qışqırdı: "Qardaşlar, bura gəlin!". Üç, ya dörd çaqqal dərhal başlarını cəngəllikdən çıxardılar. Sonra onların başçısı üzünü mənə tutdu: "Sən kimsən, burda nə işin var? Əbləh! Kifayət deyilmi ki, indiyə kimi sizin burda gəzib-dolaşmağınıza dözmüşük? Bəli, bizim cəngəllikdə. Hələ bir cürət edib mənə sudan çıx deyirsən?".

Qorxdum, çox pis qorxdum. Hara qaçım, necə qaçım? Onlarla üzbəüz idim, onların sahəsindəydim. Tək idim, tam təkbaşına, onlarsa çox idilər. Anladım ki, qaçmağa heç bir yol qalmayıb. Çayın suyu dərin idi, cəngəlliksə hüdudsuz. Qaçıb yola çıxa bilərsən, ancaq ordaca nəfəsin tükənər. Qaçıb qorxaq kimi gəbərməkdənsə, burda şərəflə ölmək daha əfzəldir. Özümü ələ aldım, üzümü turşudub çaqqala tərəf çevrildim: "Sən, çaqqal! Sən çox çirkin heyvansan. Ayaqlarını, çirkli ayaqlarını təmiz sudan çıxar. Ölmək istəmirsənsə, qaç burdan. Mənim, igid Paxtunun hansı dağlara mənsub olduğumu bilmirsən?".

Çaqqal  əvvəlcə güldü. Sonra isə ağladı.

Təəccüb! Allahım! İmdadıma çat! Nə pis vəziyyətə düşdüm!

Çaqqal dedi: "Ona görə güldüm ki, sən bizdən də səfehsən. Mən ağladım həm də, bilirsən niyə? Çünki sənin ailəndən və tayfandan kimsə öldüyünü, cəsədinin hansı dərədə çürüdüyünü bilməyəcək, necə ki, hər səhər neçə-neçə çaqqal yolda avtomobillərin təkərləri altında qalır".

Hə, o, düz deyirdi. Mən hər səhər yollarda çox sayda çaqqal cəsədi görürdüm. Nə olsun? Məndəmi maşın altında qalacam? Bu düşüncələr içindəykən çaqqal dedi: "Qardaş! Görünür, sən qonaqsan. Bu şəhərdə yaşamaq necə olar, güman ki, xəbərin yoxdu. Sənə bir şans veririk. Çıx get, heç nə demədən, başını aşağı sal və get. Əks təqdirdə, sən də biz sudan necə istifadə ediriksə, elə edəcəksən. Ayrı cür ola bilməz. Sizə dözürüksə, siz də bizə dözməlisiniz".

Dedim ki, "Su pak deyil. Mən dəstəmaz almalıyam və bu suyla dəstəmaz düz olmaz, namaz qıla bilmərəm. Görünür, səni məcbur edəcəm ki, o çirkli pəncəni sudan çıxarasan".

Ayağa qalxıb böyük bir daş götürmək istədim. Ona əlimi toxundurmaq istəyirdim ki, ətrafımda çaqqal sürüsünü gördüm. Qoca çaqqal dedi: "Bilmirsənmi ki, mən bu cəngəlliyin şahıyam, bu gördüklərinsə mənim ordumdur".

Dedim: "Rədd olun! Cəngəlliyin şahı şir olar, çaqqal olmaz, ay səfeh!". O yenə də güldü, "Allahına şükür elə ki, bura İslamabaddır, bizi yaxşı yedizdirib-içirdirlər, əks təqdirdə, həyatının bircə anını da yaşaya bilməzdin. Buna bax. Bizi pələnglə, şirlə qorxudur, gəlsin qoy, onu bircə dəqiqənin içində ya çaqqala çevrirərdik, ya da gəbərərdi. Sənsə... sən heç ölməyə də layiq deyilsən. Heç çaqqal olmağa da layiq deyilsən. Rədd ol, itil gözmüzdən! Bir də burdan keçmək ağlına gəlməsin. Sən bizim rahatlığımızı pozursan".

Doğrudan da, onlar dəstə idilər. Güc idilər. Tək idim. Zəifsənsə başını aşağı salıb susmalısan. Belə də elədim.

Hətta indi də, zülmət gecədə tək olanda çaqqalın səsindən qolumun tükləri qalxıb-qabarır, eymənirəm mən, sonra ancaq acı verən ağır düşüncələrə dalıram.

Allahım! Mərhəmətini əsirgəmə! Bu qaranlığın üzünə işıq salma. Bu qaranlıq pərdədir. İşıq yanarsa, təmiz suda öz üzümü görərəm - üzümü, başımı - Allahım! Əllərimi, bədənimi, qulaqlarımı - mən də çaqqalam, yox, itəm, yox, goreşənəm - Allah göstərməsin. Bağışla bizi, Allahım, qiyamət gününə qədər keç günahımızdan, bağışla, əfv elə - ayılar, meymunlar, qabanlar, onlar da insanmışlar, ancaq bu çaqqallar... bu çaqqallar... Kimdi onlar, Allahım?

İngiliscədən çevirəni: Cavanşir YUSİFLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!