Bir iş var
Hər gün bu qədər gözəldirmi bu dəniz?
Beləmi görünür göy üzü hər zaman?
Hər zaman gözəldirmi bu qədər,
Bu əşya, bu pəncərə?
Deyil,
Vallah deyil;
Bir iş var bu işin içində.
Maqqaşlı şeir
Nə atom bombası,
Nə London konfransı;
Bir əlində maqqaş,
Bir əlində ayna;
Nə vecinədir dünya?!
Gün gələr
Gün gələr, başımı götürüb gedərəm,
Dənizdən yeni çıxmış torların qoxusuyla
O ada sənin, bu ada mənim,
Yelqovan quşlarının ardıyla.
Dünyalar vardır, gəlməz ağlınıza;
Çiçəklər gurultuyla açar;
Gurultuyla qalxar duman torpaqdan.
Hələ qağayılar, hələ onlar,
Hər tükündə bir ayrı təlaş!..
Gün gələr, başımacan mavi;
Gün gələr, başıma qədər günəş;
Gün gələr, sərsəm kimi...
Sizin üçün
Sizin üçündür, insan qardaşlarım,
Hər şey sizin üçün;
Gecə də sizin üçün, gündüz də;
Gündüz gün işığı, gecə Ay işığı;
Ay işığında yarpaqlar;
Yarpaqlarda maraq;
Yarpaqlarda ağıl;
Gün işığında min bir yaşıl;
Sarılar da sizin üçün, çəhrayılar da;
Bədənin ovuca toxunuşu,
İstiliyi,
Yumşaqlığı;
Yatışdakı rahatlıq;
Salamlar sizin üçün;
Sizin üçün limanda yellənən dirəklər;
Günlərin adları,
Ayların adları,
Qayıqların boyaları sizin üçün;
Sizin üçün poçtalyonun ayağı,
Dulusçunun əli;
Alınlardan axan tər,
Cəbhələrdə atılan güllə;
Sizin üçün məzarlar, məzar daşları,
Həbsxanalar, qandallar, edam cəzaları;
Sizin üçün;
Hər şey sizin üçün.
Birəli şeir
Nə əcaib bir tapmaca!
Nə gündüz bitir, nə gecə
Kimə söyləyək dərdimizi;
Nə həkim anlayır, nə xoca.
Kimi işində-gücündə,
Kiminin donu yox üstündə.
Ağız var, burun var, qulaq var;
Amma hamısı başqa bir biçimdə.
Kimi peyğəmbərə inanır,
Kimidən zəncirli saat sallanır;
Kimi katib olub yazı yazır;
Kimi küçələrdə dilənir.
Kimi qılınc taxır böyrünə;
Kimi uyur dünyanın seyrinə:
Qadın hesabına gecələri,
Gündüzləri ata xeyrinə.
Bu işlər beləmi gedəcək?
Birələr filləri udacaq;
Yeddi nəfərlik evə
Üç para çörək yetəcək?
Qarışıq bir işdir - vəssalam,
Dəli-dolur yazır bu qələm.
Yazdığı da nə? Bir yığın
İpə-sapa yatmayan kəlam.
Qəfildən
Hər şey qəfildən oldu
Qəfildən düşdü gün işığı yerə;
Göy üzü qəfil yarandı,
Səma qəfildən.
Hər şey qəfildən oldu;
Qəfildən buxarlanıb qalxdı duman torpaqdan;
Cücərti qəfil yarandı, tumurcuq qəfil,
Meyvə qəfildən yarandı.
Qəfildən,
qəfildən;
Hər şey qəfildən oldu:
Qız qəfil yarandı, oğlan qəfildən;
Yollar, çəmənlər, pişiklər, insanlar...
Eşq qəfildən yarandı,
Sevinc qəfildən.
Əbabil
Alıb içində səslər uçuşan bu axşamdan
Hafizəmi bir dəniz sahilinə çəkən yol,
Aydınlıq röyaların ardına düşən qondol
Mavi bir dənizdə üzürmüş kimi yanan şamdan.
Piano dillərinin üstündə qaranlığın kabusu
Və birdən qəlbə çırpıntılar verən xatirə,
Çəkməkdədir məni səadət dolu aləmlərə
Sədəf barmaqlarında sıralanan xülyası.
Sıyrılmaqdadır gözlərimdən illərdi gecələr
Və yalnız qalmaqdadır yayın əsiri sahil;
Uçuşmaqdadır göylərdə bir qatar əbabil;
Sevgimi, həsrətmi əbədiləşdirən yer.
Açıq pərdələr ardından səslərin tökülüşü,
Bir gölmü ürpərmədə ruhun uzaqlarında?
Ən yaxın sevgini duymayan dodaqlarında
Hər yaşantıdan daha gözəl olan gülüşü.
İlıq kölgələrdə uyudub düşüncələri
Bəyaz ətəklərilə mənə göründüyü an
Və qapıları yaşıl sabahlara açılan
İsti xəyallarla dolu yaz gecələri.
Rəngli fənərlərin altında doğan dünyası,
Çiyinlərində Ay işığından hörüklərlə
Dolmaqdadır içimə həsrət qaldığım yerlə
Sədəf barmaqlarında sıralanan xülyası.
Uyğunlaşdırdı: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!