Builki Buker mükafatçısı David Diopdan şeirlər

 

Əzab vaxtı

 

Atamı bir ağdərili öldürdü -

Qürurlu atamı...

Anamı bir ağdərili biabır etdi -

Mənim gözəl anamı...

Qardaşımı bir ağdərili -

Qüdrətli qardaşımı,

Günəşin altında arxası üstdə

Uzanmağı məcbur etdi...

Ağdərili əlini uzatdı mənə -

Qana bulaşmış əlləri ilə

Və təkəbbürlə çığırdı:

"Ey, su ver, yuyunmağa...".

 

 

***

Sən ağlayırsan, kürəyini əyib,

Sən ölürsən, nə üçün öldüyünü bilmədən.

Özünü döyürsən, bütün gecə yatmayıb -

Başqaları istirahət etsin deyə...

Sən gülməyi unutmusan,

Qorxu və ağrı dolu gözlərinlə

Qalx və de qardaşım:

"Yox!".

 

 

Afrika

 

Afrika, mənim Afrikam,

Qədim savannalarda qürurlu döyüşçülərin

Afrikası...

Afrika, nənəmin uzaq bir çayın sahilində

oxuduğu nəğmə...

Mən səni heç vaxt tanımırdım,

Ancaq damarımda axan qanımla

Çöllərə axıdılan

Qara və əsrarəngiz qanımla,

Bütünlüklə sənə aiddir:

Sonra qul əməyi ilə

Övladlarının quldarlığı ilə

Mənim varlığım...

Afrika, söylə mənə, Afrika,

Bu əyilmiş kürək,

Təhqir və alçaldılmalara məruz qalan

Hər şeyə "hə" deyən -

Bu kürək,

Sənsənmi? Söylə!

Və mənə kobud səslə deyilir:

"Mənim səbirsiz oğlum,

Uzaqda bir gənc ağac görürsən?

Ağ qurudulmuş çiçəklər arasında -

Göz qamaşdırıcı dərəcədə yalnız...

Budur Afrika, budur Afrika -

səbirlə, inadla böyüyür,

və onun meyvələri

azadlığın şirin dadını verir...

 

Tərcümə etdi: Tural CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!