XX əsr ingilis şeiri - Riçard MAKKEYN

 

Tanınmış ingilis şairi və tərcüməçisi Riçard Makkeyn 1947-ci ildə Melburnda (Avstraliya) anadan olub. Oksfordda rus dili və ədəbiyyatı üzrə təhsil alıb. Şeir yazmağa 1967-ci ildən, xüsusən Türkiyədəki hadisələrin təsirilə başlayıb. XX əsr türk və rus poeziyasının ingilis dilinə ən yaxşı tərcüməçilərindəndir. Başda Nazim Hikmət olmaqla bir çox türk şairlərini ingilis dilinə çevirib. Eləcə də rus şairləri Pasternakın, Axmatovanın, Mandelştam və Arseniy Tarkovskinin şeirlərini. Makkeynin "Metaforaların amforası" adlı ilk şeir kitabı 1993-cü ildə Londonda və Nyu-Yorkda çap olunub. Əsərləri bir çox dillərə, o cümlədən rus və ingilis dillərinə çevrilib, kitabları dünyanın bir çox ölkələrində nəşr olunub, maraqla qarşılanıb.

Təxminən 22 il əvvəl BBC-nin Bakı nümayəndəliyinin keçirdiyi radiokörpüdə Riçard Makkeyn və Ramiz Rövşən arasında maraqlı bir söhbət də baş tutmuşdu, həmin söhbətin mətni "525-ci qəzet"də dərc olunmuşdu. Riçardın Ramiz Rövşənin şeirləri haqqında necə ürəklə, sevgiylə danışdığını da xatırlayıram. 2012-ci ildə Londona gedəsi oldum. Səfərə qədər bir neçə dəfə yazışdığım Riçardla görüşdüm. Daha doğrusu, Londonda, yerə enən kimi hava limanındaca həmkarlarımdan ayrılıb, Farnham qəsrinə deyil, səfirliyimizin bir əməkdaşı ilə tam əks istiqamətə getdik. Məktubda yazdığı kimi "St Thomas Court off Queens Road" ünvanına üz tutduq. Saat yarımlıq yolçuluqdan sonra Riçardın mənə verdiyi ünvanı tapdıq. Sən demə, qocalar eviymiş və bunu bilərəkdən yazmayıb. Mükəmməl, amma ingilis ləhcəli ruscasıyla (hərçənd türkçəsi də vardı) danışdıq. Tənha qoca Riçardın ünvanına bir neçə xoş söz dedim. Kövrəldi. Bəzi kitabları verdim. Yenə Ramiz Rövşəni və Bəxtiyar Vahabzadəni xatırladı. Əlil arabasındakı qoca şairlə çox söhbət etmədim. Məlum səbəblərdən. Bir sözü indiyəcən qulağımda cingildəyir: "Londonda zalım bir səhiyyə var".

Səlim Babullaoğlu

 

 

Ahunun qəhvəxanasında

 

1

 

Yaz fəslidir, amma bax, lap bənzəyir payıza

Qərara gələ bilmir: yağsınmı, yağmasınmı?!

Yazıram ayələrtək misraları kağıza,

Unutmağa çalışıb dərdi, ağlamsınmağı.

 

Xoşbəxt olmalıyammış, var cibimdə xərcliyim,

Özünə yaxşı bir iş tapıbdır gözəl qızım.

Düzdü, çoxdur işlərim, amma şərhində Reynin

Hətta tərif edilib bu son tərcümələrim.

 

Doğrusu, öz-özümü uğursuz sayıram mən,

Hərçənd ruslar işimi kafi, yaxşı sayırlar.

Bütün bunlardan sonra nə keçsin könlünüzdən,

Əhvalını təlx etsin indi hansı naşılar?

 

Sevdiyim şairlər var, çəkim adları bir-bir:

Qumilyov, Nazim Hikmət və bir də ki, Aronzo.

Həyat nə qəribədir, maraqlıdır bu ömür:

Söz dənizində çoxdan dolaşıram mən onsuz.

 

2

 

Yaman xoş gəlir mənə bu qəhvəxana,

Baş-başa qalıram öz dəftərimlə.

Öndə qoca çinar, kölgəsi yana,

Nolsun ki, qəribəm burda da amma.

 

Bəzən də olur ki, heç çıxmır üzə,

Sevincim gizlənir içimdə dərin.

Dəli saymasınlar deyə, hər səhər

Üzümü qırxıram, əsir əllərim.

 

Çəliksiz yeriyə bilmir, bənzəyir,

Ruhum codsaqqallı bir patriarxa.

Mandelştam yadımda qalıb büsbütün,

Üstəgəl bir neçə sonet, Petrarka.

 

 

İlham pərim

 

İlham Pərimi ciddidən əyləndirmək istəsəydim -

Əlbəttə, sözlərlə indikitək oynamağı bir yana buraxıb -

Ya bir komediya, yaxud bir faciə qoyardım ortaya,

Uzaqbaşı bir dəftər əlyazma, ya bir email, ya da ki, bir vərəq.

 

Hardasa qara sayıla biləcək,

                        xallı, tünd lacivərd geyimləri var onun -

Yanıma gəlir kafedəki masaya,

ağız-ağıza öpüşür və yenə birlikdə

işləməyə dönürük,

            Qabilin Habili öldürməsindən əvvəlki dünyaya.

 

 - Sən mənimçün heç əsla o bəlli qafiyələr olmayacaqsan,

Xoşbəxtliyə-bədbəxtliyə, gəlincə isə

Zamanın içində və çölündə mənimlə bərabər yaşayacaqsan.

 

Saçlarıma dən düşüb, səninki isə tünd şabalıdıdır.

Heç kimi vecimizə almadan birlikdə gözəlliyi axtarırıq...

 

 

Nazim İstanbul üçün

"canım, sevgilim" deyə bilər

 

Şəhər sanki bir qadınmış kimi

Yalnız Nazim, İstanbul üçün "canım, sevgilim" deyə bilər,

Bilirəm, pis bir arzu deyil bu şəhərlə birgəlik,

Amma sevgili qızım Cülyetdən uzaqdayam.

 

Planktonlar Boğazın axar sularında

Hələ də suya fosfor buraxırlarmı,

Hələ də hilal biçimində üzürmü Ay,

Bizimçün yenə məzələr varmı?

 

Yeddi təpə üzərində tikilmiş bu şəhər...

 "Yeddi Təpə Yayınları"ndan alırdım kitablarımı.

Dindar dəqiqliyi ilə atırdım dərmanlarımı

Və beləcə qurtuluram böhrandan birtəhər.

 

Çox az kimsə qaldı dostlardan,

Yaşlıları seçmişdim daha çox,

Daha çox sol təmayüllü olanları.

Canla Oktay getdi aramızdan,

Olanlarla bərabər qeyd edək ölənləri.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!