XX əsr Pakistan şeiri - Məhəmməd İqbal və Fəxxar Zaman

 

Məhəmməd İqbal

Böyük Pakistan şairi, filosofu, ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi və nəhayət, Pakistanın "mənəvi atası" titulunu almış Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində, sufi ailəsində anadan olub. İlk təhsilini dini elmlər və "Qurani-Kərim" üzrə alıb. Mədrəsə təhsilini bitirdikdən sonra ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən İqbal Lahurda ali təhsilini başa vurub Şərq dilləri fakültəsində müəllim kimi çalışıb. İlk şeirlərinin dərci də həmin dövrə təsadüf edir. 1905-ci ildə Kembric Universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən İqbal Londonda yaşadığı 3 il ərzində Ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil edib. Sonrakı illərdə o, Almaniyanın Münhen şəhərində fəlsəfə üzrə doktorantura təhsili də alır. 1908-ci ildə Hindistana qayıdan, orada böyük heyranlıq və coşqu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak edib, xalqının maariflənməsi istiqamətində böyük işlər görüb.

O, şeirləri ilə Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan verib, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə misilsiz xidmət göstərmişdir. Məhəmməd İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat edib. "Əsrar və rumuz", "Məşriqdən xəbər", "Cəbrayılın qanadları", "Ziyarətçi" və başqa əsərlərin müəllifidir. Əsərlərini urdu, pəncabi, fars və ingilis dillərində yazıb.

 

 

Şeir

 

Sən "həyatlı ölümün", ya da "ölümlü həyatın" səhnəsindəsən,

vəziyyətini dəqiqləşdirmək üçün kömək istə üç şahiddən

Birinci şahid şüurundur:

özünə özünlə işıq salaraq bax.

İkinci şahid başqa bir sənin, nəfsinin şüurudur:

özünə o başqasıyla da işıq salaraq bax.

Üçüncü şahid Tanrının şüurudur:

özünə Tanrı işığında bax,

özünü Onun qədər əbədi və canlı hiss edərək, sayaraq.

Yalnız niyyət və qeyrət edən həqiqidir,

yalnız həqiqi olan layiqdir Tanrı ilə üz-üzə gəlməyə.

Merac nədir ki? Şahid axtarışı.

Elə bir şahid ki, təsdiqi əbədiyyətdir.

Kim ki, təsdiqləyəcəkdir

qarşısında titrəmədən durmaq mümkün deyil.

Kim ki, duracaq, bax, yalnız o, xalis qızıldır.

 

Sən sadəcə bir toz dənəsisən,

nəfsinin kəndirini möhkəm çək.

Və möhkəm yapış öz kiçik varlığından.

Necə də gözəldir nəfsini arındırmaq

və yoxlamaq onu günəşin işığı altında.

Yenidən yığ bir yerə o qədim çərçivəni

və yarat öz yeni mənliyini

Bax həmin mənlikdir həqiqi olan,

yoxsa nəfsin sadəcə bir tüstü halqası.

 

Şair

 

Bədən - xalqdır, bədənin hissələri - adamlar;

Ayaqlar, əllər elə hey durmadan çalışar.

İqtidar sükanını ucaldanlar - Siması;

Şairlər öz xalqının görən Gözü, aynası.

Bədən ağrısa əgər Gözü yaşlı görərsən,

Xalqa sonsuz sevgini şairlərdən bilərsən.

 

Dördlük

 

Sorursan köksündəki o könül nədir axı?

Sualına cavabım belədir əvvəl-axır:

Könül ağlın yanması, ürəyin cəfasıdır,

Olmasa könül deyil, o palçıq parçasıdır.

 

 

Fəxxar Zaman

Fəxxar Zaman (1943) - Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şair, ictimai-siyasi xadim. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi və Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz və Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə də XX əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb.

 

Həyat üçün ödənişlər

və bəzi şərtlər

 

Əzablar, yoxsulluq, problemlər -

pərakəndə satış qiymətinə.

Qulaqlarını bağlasan -

əlavə endirim.

Yumsan gözlərini -

daha bir endirim.

Üstəlik, qıfıllasan dilini -

ən yüksək endirim.

Hələ fikir bərəsinə bütün keçidləri bağlasan

Daşqınlar Zamanı Yardım Fondundan

mükafat da alacaqsan o zaman.

Əzablar, yoxsulluq və problemdir yekun;

danışmanın, görmənin və düşüncənin yoxluğu.

Neynəmək olar, belədir pərakəndə satışın şərtləri,

ödənişlər, endirimlər və mükafatlar.

 

Bağlı qapılar

 

Giriş qapıları bağılıdır:

Kim bilir nə vaxt gələcəkdi bu qatar?

Və hansı qatar gələcək:

adi sərnişin qatarımı, sürət qatarımı,

ya bəlkə kiçik stansiyalarda

dayanıb durmayan qatar var ha, onlardan biri,

yaxud manevr imkanı olan parovoz?!

Olmaya yoxlanış qatarı gələcək,

içində səlahiyyətli məmurlar,

belələri, əlbəttə ki, var...

Hardan, hansı səmtdən, ha tərəfdən:

yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?!

Hər halda işıqlar bildirəcək,

bircə yansın yaşıl...

Hələ ki yol bağlıdır, bağlı.

Qapı ağzında

hər iki tərəfdən tıxac yaranıb.

Amma bu, sərnişinlərin günahı deyil,

yollar da idarəetmə otağındakı

yüksək rütbəli

komendantlara tabedir...

Nə vaxt açılacaqdı yollar,

kim bilir?

 

Yazıçı

 

Həqiqi yazıçı

Hind çayının balığıdır,

şiddətli axına qarşı üzür.

Həqiqi yazıçı - təkandır,

dəyişdirir,

duzlu suyu şirin edir.

Ürək dərmanıdır

həqiqi yazıçı,

ürək döyüntüsü

həddini aşanda

onu ram edir.

 

Boşluq

 

Hamı heç kimdir,

heç kim hər şey demək deyil.

Boşluq var

hamıyla heç kim arasında,

Anlaşılmaz

və keçilməz.

 

Tərcümələr Səlim Babullaoğlu və Sona Səlimlinindir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!