Corcone Məktəbi
...Lessinqin "Laokoon"da poeziya və heykəltəraşlığın sferalarına dair analizi gözəlliyin variasiyaları fəlsəfəsinə mühüm bir töhfə olmuşdur. Lakin bu məfhumların doğru-dürüst qiymətləndirilməsi yalnız belə sənət - kazuistikasının bütöv sisteminin işığında mümkündür. İndi rəssamlıq tənqiddə bu həqiqətin ən çox gücləndirilməsinə ehtiyac duyulan sənətdir, çünki bütün sənətlərin poeziya formasında qondarma ümumiləşdirilməsi rəsm əsərləri haqqında olan populyar mühakimələrdə böyük üstünlük təşkil edir...
Həqiqi anatomik proporsiyalardan qafil, özünəməxsus təsviri temperament, ya da quruluşdan proyektlənmiş dizaynda nə olur-olsun, bütün poeziya, bütün ideyalar, necə olur-olsun, abstrakt, yaxud dumanlı, bütün hər şey, görünən mənzərə, yaxud təsvir kimi üzə çıxırsa - bu, rəsmdir. Tisianın "Krujevalı qız"ındakı paltarın, bədənin, atmosferin içərisindən keçən sadəcə qızılı saplar kimi qavranılan işığın o toxunuşu, əşyanın bütün strukturunun yeni, məftunedici fiziki keyfiyyətlə boyanışı bir boyakarlıqdır. Bu halda Tintoretin uçuşan fiqurlarının havada iz qoyan arabeskası, Tisianın ağac budaqları rəsmdir; Tisianın "Krujevalı qız"ının atmosferinin çalarları və işığın sehrli vəziyyətləri, yaxud Rubensin "Xaçdan endirilmə"si - bu mühüm təsviri keyfiyyətlər, hər şeydən öncə, hissi vəcdə gətirməli, birbaşa və hissiyyatla zövq verməlidir; və yalnız bu zövqün sayəsində yaradıcının niyyətində onlardan kənarda qala bilən hər hansı bir elm, yaxud poeziyaya vasitə olur. Özünün başlıca aspektində, hər hansı bir böyük rəsm əsərinin bizə, döşəmə, ya da divar üzərində gün işığı və kölgənin bir neçə anlıq təsadüfi oynaşmasından daha artıq müəyyən mesajı yoxdur. Həqiqətdə, bu düşən işığın əhatə etdiyi sahə bir Şərq xalçasındakı rənglər kimi qavranılır, lakin təbiətin özündən daha çox cilalanmış, incə və mükəmməl hesab olunur. Bu əsas və mühüm şərt yerinə yetirildi, biz yuxarıya doğru incə ardıcıllıqla poeziyanın rəssamlığa gəlişini izləyə bilərik; məsələn, bizim əvvəlcə yalnız abstrakt rənglə rastlaşdığımız həvəskar yapon rəsmindən sonra sadəcə azacıq poeziya duyğusu qarışmış gülləri; sonra bəzən mükəmməl gül rəsmini və beləliklə, irəliyə doğru, Tisiana qədər, Ariadnedə onun poeziyası kimi bizim də bir poeziyamız olur, beləliklə, əslində, Venesiyada, onun "Müqəddəsin Təqdimatı" rəsmində özünün ipək xalatında qəribə, xırda fiqur kilsənin pillələrini qalxır ki, biz burda əsl uşaqsayağı yumorun fərqli xarakteristikasını görürük.
Walter Horatio Pater (1839-1894)
Lakin baxmayaraq ki, hər bir sənətin özünəməxsus spesifik təəssüratlar qaydası və tərcümə olunmaz cazibəsi var, sənətlərin əsas fərqlərinin doğru dərk edilməsi estetik tənqidin başlanğıcıdır. Bundan savayı, görünən odur ki, hər bir sənət özünün verilmiş materialının xüsusi işlənmə tərzindən başqa digər sənətin vəziyyətinə keçməsi ilə müşahidə oluna bilir. Alman tənqidində bu, Anders-streben termini ilə adlanır ki, mənası sənətlərin, əlbəttə, tam bir-birini əvəzləməsi deyil, əksinə, qarşılıqlı olaraq bir-birinə yeni güc verərək öz məhdudiyyətlərindən qismən uzaqlaşması anlamına gəlir.
Beləliklə, ən ecazkar musiqilərdən bəzisi həmişə rəsmə, şəkli tanımlamaya yaxınlaşır kimi görünür. Arxitekturanın, baxmayaraq ki, özünün qanunları var - yetərincə ezoterik olan, yalnız əsl memarın yaxşı bildiyi qanunlar - ancaq bəzən şəklin öhdəliklərini yerinə yetirməyi hədəfləyir. Arena məbədində olduğu kimi; bəzən də heykəltəraşlıq nümunəsində, Florensiyada qüsursuz Giotto qülləsində olduğu kimi... Luar ölkəsinin qəsrinin o qəribə şəkildə burulan pillələrində olduğu kimi, sanki özünün qəribə döngələri arasında həyatın teatral yaşam tərzində aktyorların bir-birinə görünmədən ötüb keçə bilmələri amaclanmışdır; memarlığın tez-tez böyük fayda qazandığı sırf zamanın effekti və həmçinin yaddaşın poeziyası da mövcuddur. Beləliklə, yenə də heykəltəraşlıq məhz rəngin yaxud onun ekvivalentinin təmiz formasının çətin limitasiyalarından qurtulmağa can atır. Poeziya, həmçinin bir çox yolla, başqa sənətlərdən bəhrələnir, Yunan faciəsi və Yunan heykəltəraşlıq nümunəsi arasında analogiya, sonet və relief arasında, ümumən fransız poeziyası ilə qravür sənəti... ümumilikdə, bütün sənətlərin musiqi prinsipinə doğru can atdığını görürük...
Sənət musiqinin durumuna doğru can atır. İncəsənətin bütün başqa növlərində məzmunu formadan ayırmaq mümkün olduğu və ağlın həmişə bu fərqi ayırd etdiyi halda bunu yox etmək sənətin sürəkli çabasıdır.... Bu abstrakt dili biz real nümunələrlə əsaslandırsaq kifayət qədər aydın olar. Faktiki mənzərədə biz qəflətən təpədə gözdən itən uzun, ağ bir yol görürük...
Biz bir də onu deyə bilərik ki, bu qızılı sapın samanlığın içərisindən keçərək qovaqlara, otlara toxunuşu mənzərəyə sənətkarlıq keyfiyyəti verir, bu da bir rəsm əsərinə bənzəyir....
Poeziya, yenə də, ilk etapda sırf intellektə yönəlik sözlərlə işləyir və çox tez-tez müəyyən mövzu, ya da situasiya ilə ilgilənir. Bəzi zamanlar, bu tez-tez Viktor Hüqonun poeziyasında rastlaşdığımız kimi əxlaqi və siyasi istəklərin çatdırılmasında xeyirxah və tamamilə hüquqi funksiya tapa bilər. Belə hallarda forma və məzmun arasındakı anlaşmanı fərqləndirmək kifayət qədər asandır...
Vilyam Bleykin ən xəyalı kompozisiyalarında və Şekspirin nəğmələrində tez-tez rast gəlinən, xüsusilə "Tədbirə qarşı Tədbir" ("Qisasa qisas" kimi də tərcümə olunur) də Mariananın o nəğməsindəki kimi bütün pyesin alovlandırıcı gücü və poeziyası sanki bir anlığa əsl musiqiyə çevrilir.
Giorgione (1478-1510)
Və bu prinsip bədii keyfiyyətlərin hər hansı bir dərəcəsində iştirak edən bütün şeylərdə, evlərin mebelində, paltarda, məsələn həyatın özündə, jestdə və nitqdə, gündəlik ünsiyyətin detallarında keçərlidir. Bunlar, həmçinin necə həyata keçirilmək yollarından bilinir, bu da özü-özlüyündə onlara dəyər verir. Şirinliyə və cazibəyə həssas olan bilicilərin də nəzərindən yayınmaz. Yenə də burada paltar, manera və nitqin xırdalıqlarını yüksəldən dövrün modası adlandırılan şeylərdə dəyərli və sadəcə cəlbedici olanlar onların yerinə yetirilməsinə sirli gözəllik və cəlbedicilik verir.
Sənət, yenə də, sırf qavrayış məsələsi olmağa, öz mövzu ya da materialının məsuliyyətindən yaxa qurtarmağa, həmişə məhz ağıldan asılı olmamağa çalışır; İdeal rəssamlıq və poeziya nümunələrində kompozisiyanın daxili elementləri elə şəkildə birgə çulğalaşır ki, mövzu və məzmun, artıq yalnız intellektə, forma isə yalnız gözə, ya da qulağa can atmır; lakin forma və məzmun özlərinin birlik, ya da eyniliyində "xəyali gücə" yeganə effekt kimi təqdim olunur. O kompleks güc üçün hər fikir və duyğu özünün həssas analoq ya da simvolu ilə əkiz doğulmuşdur.
Bu, musiqi sənətidir ki, forma və mövzunun bu mükəmməl identifikasiyasını, bu bədii idealı ən mükəmməl şəkildə həyata keçirir. Özünün qüsursuz anlarında mövzu ifadədən, məzmun formadan, sonluq vasitədən fərqli olmur. Onlar bir-birinə məxsusdur və tamamilə bir-birinə qovuşur. Buna görə də özünün mükəmməl anlarının halətinə uyğun bütün sənətlərin daima ümidləndirməsi və istənilməsi ehtimal oluna bilər. Yenə də musiqidə poeziyadan daha çox bitkin sənətin əsl tip, yaxud ölçüsünə rast gəlinir. Buna görə baxmayaraq ki, hər sənətin özünün ayrılmaz elementi, təəssüratlarının tərcümə olunmaz qaydası, "bədii təxəyyülə" çatmağın özünün unikal üsulu var, yenə də sənətlər sürəkli musiqinin prinsipi, yaxud qanunu, musiqinin təkbaşına mükəmməl şəkildə reallaşdırdığı vəziyyət uğrunda mübarizə aparırmış kimi təqdim oluna bilər; və estetik tənqidin başlıca funksiyalarından biri sənətin (istər təzə, istərsə köhnə) məhsulları ilə bağlı - o məhsulların hər birində musiqi qanununa yaxınlaşma dərəcəsini qiymətləndirməkdir.
Rəssamların heç bir məktəbi tərəfindən rəssamlıq sənətinin vacib məhdudiyyətləri Venesiyan məktəbi tərəfindən olduğu kimi instinktiv olmasına rəğmən səhvsiz dərk edilməmiş və şəkildə təsviri olanın mahiyyəti belə ədalətlə hiss olunmamışdır. İndi deyilmiş, təklif olunan fikir axını, ola bilsin ki, Corcone haqqında bir neçə səhifəlik yararsız giriş deyildir, belə ki, son dövrlər tənqidi küll halında başqa rəssamdan daha çox onun hesab olunan əsərdən cox şey götürmüşdür. Biz Venesiyan məktəbinin ruhunu Corconenin yazılarında və sənətində görürük.
Rubens "Xaçdan endirilmə"
...Həmin dövrlərdən bu yana mədəniyyətdə böyük rol oynamış sənətin təşəbbüskarı Corconedir. Hər necə olsa da, hələ də onda qədim Venesiyan aydınlığı və ədaləti - rəssamlıq sənətinin əhəmiyyətli limitasiyalarının qavranılması - pozulmamışdır. Öz rəsm əsərini yüksək poeziya ilə uzlaşdırarkən birbaşa zəngin və yüksək həyat tərzini ön plana çəkir, onun mövzu, yaxud mövzu fazası seçimində, sırf mövzunu təsviri dizayna, şəklin başlıca məqsədinə tabe etdirməyin, bütün sənətlərin musiqiyə - məzmun və formanın mükəmməl eyniliyinə doğru can atmasının tipik örnəyidir.
Güman edə biləcəyimiz kimi, Corconenin şöhrətinin parlaqlığına həmişə nəsə əfsanəvi və xəyali bir şey qarışıb. Əvvəllər müəllifi bilinməyən çox əsərlər - rəsmlər, portretlər, boya ilə çəkilmiş idilliyalar, həm də kifayət qədər füsunkar şəkillər - müxtəlif kolleksiyalarda onun adıyla təqdim olunurdu. Hələ də Drezden, Florensiya və Luvrda altı, ya səkkiz məşhur şəkil şübhəsiz ona aid edilir və bu şəkillərdə, əgər hardasa varsa, Venesiyan insanpərvərliyinin ehtişamına aid nəsə bir şeylər qorunmuş kimi görünür. Lakin həmin o altı, ya səkkiz məşhur şəklin indi yalnız birinin Corconenin əl işi olması şəksizdir.
Corconenin parlayan şöhrətinin asılı olduğu işlərin çoxu ani effekt üçün görülmüş işlər olub, çox böyük ehtimalla demək olar ki, onun öz dövründə yox olub getmişdir. Venesiyada Fondaco dei Tedeschi fasadındakı freska kimi. Lakin hələ də Rialto səhnəsinə bəzi al-qırmızı rəng əzəmətin qəribə əlavə çalarını verir. Və bir də zaman baryeri, yaxud dövrün sərhədi vardır, təxminən XVI əsrin ortalarından keçərək dəyişən ənənə və Corconenin əsəri və şəxsiyyətinin həqiqi konturları qaranlığa bürünür. Orijinallığın tənqidi standartından bixəbər zəngin sənət aşiqləri üçün Corconenin əsərlərini toplamaq dəbə çevrilmişdi...
Hələ də yetərincə mətləblər izahata açıq qalır ki, nə üçün əfsanə addan çox böyüyür, bir çox hallarda nə üçün ad başqa adamın ən cürətli işini öz adına çıxır. Piti Palasda konsertdə kapüşonlu tonzurlu bir rahib klavikordun dillərinə toxunur, onun arxasında yer alan klark violun qulpundan yapışır və oxumağa başlamaq üçün olan intervalda gözləyən şleyfli adam görünür. Bu, şübhəsiz, Corconenindir. Yuxarı qalxmış barmağın konturu, şleyfin izi, əla kətanın gözəl sapı - bütün bunlar sakit ilahi şəfəqin içərisində tamamilə yox olmazdan öncəki anda özünü yaddaşa hopdurur. Dolaşan səs dalğalarını tutmaq, onları əbədən dodaqlarda və əllərdə saxlamaq səriştəsi - bunlar şəksiz sənətkarın özünündür. İndiyə qədər Corconeyə aid olduğu hesab olunan çox şeyi rədd edən tənqid məhz bu şəklə iddialarını bildirmiş, onu sənət dünyasında ən qiymətli şeylər sırasına qoymuşdur.
Diqqətçəkən odur ki, bu Konsertin fərqliliyi, onun mükəmməlliyinin davamlı dəyişməzliyi, dizaynda, icraatda və şəxsi üslubun seçimindəki kimi eynilik "yeni Vasari" üçün Corconenin həqiqi əsərinin standartına çevrilir. Sənətkarlığın həqiqi möhürünü və onun təsirini izah etmək baxımından yetərli olanı taparaq müəlliflər Luvrda "Müqəddəs Pelleqrinoda San Daniele Ailəsi"ndə bəzi nöqtələri nəzərə alıb bu standarta uymadığını təyin edir. Bu cür çatmazlıq, necə olsa da, onun müqəddəs personajlarının gözlərini, dodaqlarını, hətta geyimlərini küləyin yaratdığı parlaqlıq və enerji ilə dolduran bütün şəklin sövq-təbii göründüyü maye havanın müstəsna sehrindən tamaşaçının zövq almasını çətin ki azaldacaq. Uzaqda aşkarca müəyyən olunmuş aydın havanın mavi zirvəsi sanki görünən piyadaya bənzəyir. Eynilə Luvrda bir şairin (Dante Gabriel Rossetti) füsunkar şeirinin mövzusu olan başqa bir sevimli şəklin müəllifinin çəkdiyi əsər ağla gəlir - Fete Şampetre Sebastian del Piombonun təqlidçisinin adına yazılır, Venesiya Akademiyasındakı "Fırtına" Paris Bordoneyə, yaxud bəlkə də XVI əsrin hansısa qabaqcıl sənətkarına aid edilir. Drezden qalereyasında, bir ledini qucaqlayan cəngavərin sınmış əlcəyi sanki davamına qulaq asmağı çox istədiyimiz bir hekayədəki məşhur pauzaya işarə edir - "bir Breşan əlinə" və Raşeli qarşılayan Yakobun isə Palmanın bir öyrəncisinə aid olduğu etiraf edilir. Və bir də onların cazibəsi nə olur-olsun, güman ki, Belliniyə aid etdikləri "Allahın sınağı"ndan və özünün mücevhəri andıran su çarhovuzları ilə "Musanın Tapılması"ndan vaz keçməmiz istənilir.
Onun orijinal əsərlərinin sayını belə asanlıqla azaldan tənqid adamın şəxsiyyətinə və həyatının bilinən məlumatlarına mühüm heç nə əlavə etməmişdir, yalnızca, bir az daha dəqiqliklə o, bir, ya iki tarixi, bir, ya iki şəraiti dəqiqləşdirmişdir. Corcone 1477-ci ildən əvvəl doğulmuşdur və uşaqlığını Venesiya Alpının son qayalıqlarını romantikcəsinə nəfis parkabənzər düzəngaha qədər parçalamış Kastelfrankoda keçirmişdir. Vedelaqolu bir kəndli qızından olan Barbarelli ailəsinin özəl bir uşağı olan Corcone, saray adamlarının-mötəbər şəxslərin çevrəsinə erkən yol açır. O Pitti Palas Konsertindəki həmin "fərqin" ən yaxşı anlaşıldığı insan tipi, manera və hətta geyimin o fərqliliklərinin icinə daxil edilir. Onun evindən çox da uzaq olmayan bir yerdə əvvəllər Kiprin Kraliçası olmuş Kornaralı Katerina yaşayır; və yuxarıda hələ də qalan qalaların içində, sürətlə dəyişən sivilizasiyanın arasında məşhur kondotier (pulla döyüşən əsgərlərin başçısı) - orta əsr adətlərinin koloritli qalığı. Corcone onların portretlərini çəkir; Tuzionun oğlu Mateo erkən gənc yaşında öləndə, onun xatirəsini Kastelfranko kilsəsində ibadətgahla zinətləndirir, bu münasibətlə çəkilən, güman ki, qurbangah hissə, hər şeydən öncə onun orijinal əsərləri arasında - hələ də orda görünən incəliklə parıldayan, gümüşü-boz rəngli zireh - müqəddəs döyüşçü Liberalın fiquru Milli Qalereyanın böyük xəzinələrindən biridir. Həmin fiqurda, ona şamil olunan bir çox digər çəngavər personajlarındakı kimi, adamlar güman ki, rəssamın özünün lütfkar iştirakının eyniliyini təsəvvür edirdilər. Nəhayət, onun özü ora, evə, Venesiyadan, çox tez dünyasını dəyişərək məşhurlaşmış halda gətirildi. Bu, təxminən ömrünün otuz dördüncü ilində, dostlarını öz musiqisi ilə əyləndirdiyi partilərin birində baş verdi, o, bir lediyə rast gəldi, çox aşiq oldu və hər iki tərəf öz sevgisinə çox sevindi - Vasari yazır. Bununla əlaqəli iki tamamilə fərqli əfsanə bu yerdə uzlaşır ki, ölümünə bir ledi bais olub; Ridolfi onunla əlaqəli yazır ki, ledi onun şagirdlərindən biri tərəfindən qaçırılır və o, ikiqat xəyanətin dərdindən ölür; Vasari yazır ki, ledi vəbaya tutulur, Corcone isə həmişəki kimi onun yanına gəlir, öpüş yoluyla ölümcül xəstəliyə yoluxur və beləcə, ayrılırlar.
Həqiqi məktəb, əslində doğru, ya da yanlış olaraq ona aid edilən o füsunkar əsərlərlə birlikdə böyüdü; naməlum, yaxud qeyri-müəyyən işçilər tərəfindən onun əsərlərinə edilmiş variasiyalar, yaxud çoxsaylı surətlərdən rəsmlər və dizaynlar cürbəcür səbəblərdən onunku kimi dəyərləndirildi; öz müasirlərinə göstərdiyi ani təəssüratdan və insanların ağlında davamlı qalması ilə; həqiqətən, ondan bizim dövrümüzə gəlib çatan mövzu və traktovkanın çoxlu ənənələrindən və orijinal obrazdan geriçəkilməni görürük. Corcone, beləliklə, bir növ Venesiyanın özünün təcəssümünə çevrilir, onun proqnozlaşdırılmış refleksi, yaxud idealı, onda güclü, ya da arzuolunan hər şey bu ecazkar gənc adamın xatirəsində kristallaşır.
Və indi, axırda, qoyun mən bu Corcone Məktəbinin (biz onu adlandırdığımız kimi) bəzi xarakteristikasını göz önündə canlandırım. "Yeni Vazari"nin bütün o neqativ tənqidinə rəğmən bizim çoxumuz Florensiyada, Drezden və Parisdə olan o məşhur şəkilləri müəyyənləşdirəcəyik. Bizim üçün orda müəyyən sənətkarlıq idealı xarakterizə olunmuşdur - bizim corconeşünaslıq kimi anlaya biləcəyimiz, onu harda olur-olsun, üzə çıxardığımız sənətdə özünəxas məqsəd və prosedurun konsepsiyasıdır. Pitti Palasda təsvir olunan həmin Konsert, şəksiz, Corconenin əsərinin tipik nümunəsidir və məktəbin, məktəbin ruhunun sənətkarla əlaqəsinin təsdiq olunmasının girovudur.
Mən sənət əsərinin məzmun, yaxud mövzusunun formaya nüfuz etməsindən, mütləq şəkildə yalnız musiqidə reallaşan şərtdən, hər bir sənət formasının əbədi olaraq can atdığı şərtdən danışdım. Rəssamlıq sənətində bu ideal şərtə nail olunması, mövzunun rəng və dizayn elementlərinə mükəmməl nüfuz etməsi, əlbəttə, böyük ölçüdə həmin mövzunun, yaxud mövzu fazasının çevik seçimindən asılıdır və belə seçim Corcone Məktəbinin sirlərindən biridir. Bu, janr məktəbidir... Baxmayaraq ki, onun məhsulları rəsm olunmuş şeirlərdir, onlar poeziyanın elə növünə aid olur ki, ifadəli hekayə olmadan özü danışır. Qəfil hərəkət, düşüncənin sürətli ötürülməsi, keçici ifadə - bunları o elə canlılıqla təsvir edir ki, Vasari bunları ona aid etmiş və bunu "il fuoco Ciorgionesco" ("Corcone atəşi") termini ilə adlandırır. Belə ideal məqamları Corcone Məktəbi özünün heyranedici taktı ilə Venesiyanın qədim sakinlərinin atəşli, gurultuya boyanmış dünyasından seçir - bu rəsmə daldığımız zaman insanı həbs edən elə əla pauzalar yaranır ki, biz həyatın kvintesensiyası, yaxud hansısa əla ekstraktına bənzər varoluşun dolğunluğunun seyrçisi kimi görünürük.
Musiqinin şərt və qanununa görə, dediyim kimi, buna bənzər bütün sənətlər gercəkdən musiqililiyə həvəslidir və Corcone məktəbində də, musiqinin özünün qüsursuz anları, musiqi bəstələmə və dinləmə, nəğmə və onun akkompanementi özü mövzu kimi önə çıxır. Ziyarətçinin çox təsirli sandığı Venesiya səssizliyinin fonunda italyan musiqi dünyası formalaşırdı. Mövzu seçimində, hər şeydə olduğu kimi, Pitti Palas Konserti, öz təsiri ilə toxunduğu hər şeydə özünü büruzə verən, özü təqdirəşayan musiqiçi olan Corcone üçün tipikdir. Eskiz, yaxud tamamlanmış şəkildə, müxtəlif kolleksiyalarda biz bunu çoxlu qarmaqarışıq variasiyalar vasitəsilə izləyə bilərik - musiqi dinləyəndə huşunu itirən kişilər, adamlar balıq tutarkən göldə səslənən musiqi, ya da quyuda küpün səsinə qarışmış, yaxud axan sudan, ya da sürülər arasında eşidilən, instrumentlərin köklənməsindən gələn musiqi; Platonun "Respublika" əsərinin dəyərli hissəsinə bənzər, qulaq asırmış kimi görünən diqqətcil simalı adamlar; musiqi səsinin ən kiçik intervalını aşkar etmək, havada ən kiçik dalğalanmanı, simsiz bir musiqi aləti haqda düşüncədə musiqini duyma, xoş səs uğrunda qulaq və barmağın özlərini hədsiz dərəcədə saflaşdırması; təsadüfi bir kampaniyada birisinin hansısa tanış olmayan otaqdan keçdiyi kimi alatoranlıqda musiqi alətinə ani toxunuş.
Elə isə bunlarda, Corcone Məktəbinin sevimli hadisələri, bizim varoluşumuzda musiqi, yaxud musiqi intervalları, həyat özü, bir növ - musiqi dinləmənin, Bandellonun romanlarının oxunuşunu, suyun səsini, uçan vaxtı dinləmə kimi düşünülmüşdür. Çox zaman belə anlar, həqiqətən, bizim oyun anlarımızdır və biz zamanımızın ən az əhəmiyyətli qismi kimi görünə bilən gözlənilməz xeyir-duaya təəccüblənirik.
Bu susuz torpaqda insanlar xoşbəxtdirlərsə, su çox da uzaqda olmamalıdır və Corcone Məktəbində suyun mövcudluğu - quyu, yaxud mərmərlə haşiyələnmiş hovuz, suyun qrafikası yaxud süzülməsi, Fete Şampetredə mücəvhərli əli ilə bardaqdan su tökərkən eşidilən rahatladıcı, boruların musiqisinə qarışmış səsi dinləyən qadın - demək olar ki, musiqinin özü kimi xarakterik və düşündürücüdür. Təbiət özü duyur və bundan şad olur - aydınlıqla, suyun effektləri, havadan yenicə ötüb keçmiş yağış və otlu kanalda toplanmış su.
Onun mənzərəsi İngiltərədəki kimidir, biz onu "park mənzərəsi" adlandırırıq, ağac qrupları, seçilmiş otlar, kənd evlərində rastlanmayan nəfislik hiss olunur, incə effekt xatirinə səthi kələ-kötür işlənərək ustalıqla qənaət edilmişdir. Yalnız İtaliyada bütün təbii şeylər sanki qızılı sapla toxunmuş kimidir, hətta öz qaranlıq qıvrımlarının arasından onu açığa çıxaran sərv ağacları belə. Görünür ki, bu Venesiyan rəssamları gözəl ipləri möhtəşəm insan bədənindən, küləş daxmaların ağ suvaqlı divarları içərisindən keçirərək qızılı toz, ya da qızılı sapla işləyirlər. Dağların daha sərt detalları ahəngli bir məsafəyə çəkilir, üfüqün üzərində dayanan tünd mavi rəngli yeganə zirvə burda bizim hamımızın Alplardan istəyəcəyimiz özünün qaranlıq yağmurları və axar suları ilə ehtiyacımız olan o sərinliyin məntiqli bir sübutu olur. Yenə də sürülər arasında Yakobun Rakeli qucaqladığı uzun vadi boyunca göz bir səviyyədən digərinə keçincə nə gerçək, havalı bir boşluq! O balansın daha həqiqi örnəyi heç yanda yoxdur, mənzərə və insanların o modulyasiyalı birliyi - insan obrazının və onun aksesuarlarının- artıq Venesiyan məktəbinin xüsusiyyəti kimi bilinir, belə ki, orda nə personaj, nə də mənzərə başqası üçün bəhanə deyildir.
...Corcone yalnız bizim bütün tənqiddə riayət edə biləcəyimiz dəyərli ümumi xəbərdarlığın illüstrasiyasından başqa bir şey deyil. Corconenin özünə gəldikdə, biz, şübhəsiz, bütün o inkarları və istisnaları nəzərə almalıyıq, belə ki, bunların vasitəsilə "yeni Vasari" görünür ki, bizim irsimizdə keçmiş zamandan dəyərli görünən nə vardısa, izah etməkdən boyun qaçırmış, sadəcə, cazibədar obyekt haqqında bizim düşüncəmizi qarışdırmışdır. Bir də məsələ heç də hər kəsin elə indi tərk edə biləcəyi, hətta o istisnaların tam başa düşülməsində deyildir. Lazımi kriteriyalara malik belə istisnalar bilgimizdəki orijinallığın duzudur; bütün bu dəqiq təsbit edilmiş faktlardan savayı, biz, məsələn, Corcone kimi birisinin daimi fəaliyyətini artırdığını və gerçəkdən mədəniyyətimizdə özünü hiss etdirdiyi təsirə diqqət yetirməliyik. Burdan doğan ədalətli təəssüratda ona aid olan (vraie verite) əsl həqiqət dayanır.
1877
Tərcümə etdi: Suqurə MƏHƏRRƏMOVA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!