Aldo Palasesski
(1885-1974)
Ana
- Oğlun yalan söyləyib, ana.
- O mənim oğlumdur.
- Oğlun yaman adamdır, ana.
- O mənim oğlumdur.
- Oğlun adam öldürüb, ana.
- O mənim oğlumdur.
- Oğlun tutulub, ana.
- O mənim oğlumdur.
- Oğlun dəli olub, ana.
- O mənim oğlumdur.
- Oğlun qaçıb, ana.
- O mənim oğlumdur.
- Oğlun ölüb, ana.
- O mənim oğlumdur.
Mariya Luiza Spasiani
(1922-2014)
***
Çox güman, evinizin üzərindən uçan
həmin quşdur
indi bizim artırmada
çörək qırıntılarını dimdikləyən.
O mənə səndən danışdı.
Səhəri necə qarşılamağından.
Sənin susqun ismarışını çatdırdı
Mənim pəncərəmə.
Mən bu elçi quşu tanıdım.
Sabahın qapıları
Düz mənə açıldı.
Özgə vaxt
Elçilər mələklər olardı.
Amma indi,
Hər şeyin lənətləndiyi vaxtda
Çörək dimdikləyən
Quş da pis deyil.
Tonino Querra
(1920-2012)
Təklik
Ana,
sənin oğlun tənhadır,
ağzında saman çöpü
divarın yanında
durubdu.
Birisi
vitrinlərin işığında
yağışın arasından
qaçaraq
addımlayır.
Ana,
sənin oğlun tənhadır,
boşluğa zillənib
solğun baxışı
və onun bu dünyada
heç kimlə
işi yoxdur.
Kremli kökə
Anama görə oxudum məktəbdə.
Məsələ beləydi ki, o, yazmağı bilmirdi.
imza yerinə eləcə xaç çəkirdi.
Çoxlu şəhərləri, dünyanı gəzdim,
yenə də anama görə, məsələ beləydi ki,
o öz kənddəki evindən
qırağa addım atmamışdı.
Dünən gəzməyə çıxdım,
kor anamı götürüb yaxındakı kafeyə getdim.
Sözə ehtiyac yoxdur,
indi hər şey gətirəcəkdilər,
hətta kremli kökə də.
Patrisiya Valduqa
(1953)
"Rekviyem" silsiləsindən
Eh, ata, ürəyimin atışı,
Çoxdandır ki, beləcə xəstəsən,
Gecələri və gündüzləri gəzirsən,
Sanki gizlənpaç oynayırsan
Sualtı qayıqla dəniz kimi.
Sanki hansısa ağlagəlməz filmdə
Öz dəli rəqsini edən görürəm -
Səni anlayanlar və görənlər üçün
Amma onlar üz tuta bilməzlər
Sənin hələ ki var olduğun dünyaya.
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!