İvo Andriç: “Bir dəfə Azərbaycanda” məqaləsi və Nobel nitqi

 

2014-cü ilin sentyabrıdır. Sentyabrın 17-si. Elxan Zalla Belqraddayıq. Dünya Ədiblərinin Belqrad Görüşündə. Hava limanından tələsik otelə gəlib əynizimi dəyişib, yazıçılar birliyinə gəlmişik. Serb yazıçılarının ovaxtkı rəhbəri Radomir Andriçin xanımı Qordana hal-əhvaldan sonra bizi min ildir tanıyan biri kimi o saat bir vaxtlar böyük şairimiz Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı Moskvaya və Bakıya səfər etmiş yuqoslaviyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvo Adriçin yazdığı məqalənin faksimilesini göstərir, həm də böyük sevinclə. Hədsiz dərəcədə xoşlanıram və doğrusu, bu mənə rəmzi görünür. Xahiş edirəm, surətini mənə versinlər. Verirlər. Otaqların birində kompüter arxasında işləyən, rusca mükəmməl danışan (az əvvəl bizi rus dilində salamlamışdı) işıqlı bir yeniyetməyə yaxınlaşıram. Serbdir. Tələbədir. "Siz rusca yaza da bilirsiniz?" - soruşuram. Təsdiqləyir. Faksimilenin surətini göstərib soruşuram ki, bunu az vaxta tərcümə edib emailimə göndərə bilər? Təsdiqləyir. Qonorarın nə qədər olacağını soruşuram. Tələbə olduğundan istədiyi qonorarın iki qatını verib, sabah günortaya qədər yazının məndə olacağına ümidimi ifadə edirəm. Bozoviç ümidləri doğruldur.

İvo Andriçin ev muzeyində

İndi dahi şairinizin 880 illiyində Nobel mükafatı laureatı İvo Andriçin Nizaminin 800 illik yubileyi tədbirləri zamanı ölkəmizə səfər edərək yazdığı və 73 il əvvəl, 1948-ci ilin 17 fevralında "Knijne Noveine" qəzetində çap olunan (ovaxtkı Yuqoslaviya Yazıçılar Birliyinin mətbu orqanı olan bu qəzet bu gün də Serb Yazıçılar İttifaqının nəşri kimi fəaliyyət göstərir)  "Bir dəfə Azərbaycanda" ("Sa puta po Azerbjdzanu") adlı yazısını və görkəmli ədibin "Nobel nitqi"ni böyük məmnuniyyətlə "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

Səlim Babullaoğlu

 

 

 

İvo ANDRİÇ

Bir dəfə Azərbaycanda

 

Bakıda olmağımız və Azərbaycana qısamüddətli səfər biz əcnəbi nümayəndələr üçün böyük zövq və bilgi mənbəyi oldu. Bu, zəngin, maraqlı mədəniyyəti olan uzaq sovet respublikalarından biri ilə tanışlıq şansı idi. Sovet mətbuatında da deyildiyi kimi, Azərbaycan oğulları yaxın keçmişdə öz sovet vətənlərinin müdafiəsində qəhrəmanlıq göstəriblər.

Orada biz böyük şair Nizami Gəncəvinin həyat və yaradıcılığına - orijinal dilə bələd olmadan və şəraiti dərindən bilmədən bunu etmək nə qədər mümkündürsə - ötəri də olsa, nəzər saldıq. Biz bu şairin qüdrəti, miqyası, onun poetik formalarının zənginliyi, çox zaman ilk plana çıxan humanizminin və əxlaqi-sosial görüşlərinin paklığı barədə təməl bilgiləri əldə edə və beləliklə, böyük şairlə tanış ola bildik. Bütün sovet respublikalarının dəstəyi və iştirakı, xüsusən də rus yazıçılarının və alimlərinin yardımı ilə Azərbaycan Nizaminin yubileyini qeyd edirdi.

Bu bizə sovet xalqları arasında mədəni əməkdaşlığa nəzər salmağa imkan verdi. Bizlərdən əksəriyyətimiz Sovet İttifaqı barədə nəsə oxumuşduq və yeni quruluşa malik bu çoxmillətli dövlətin strukturu və respublikaların qarşılıqlı əlaqələri barədə az bilmirdik. Amma bu bayram bizə mahiyyətə daha yaxından diqqət yetirməyə və konkret halda, əməkdaşlığın təbiətini və üsullarını təcrübədə görməyə, Sovet İttifaqının müxtəlifdilli respublikaları arasında müəyyən zaman kəsiyində yaranmış mədəni maraqlar və resurs qruplarının arasındakı əlaqələri dərindən hiss etməyə şərait yaratdı.

Mən bu barədə detallı söz açmayacağam. Amma Bakıda Nizaminin 800 illik yubileyi bayram edilərkən diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm. Mən Sovet Yazıçıları İttifaqı, bu qurum və onun fəaliyyəti, işinin xarakteri, oradakı respublikalararası və şəxsi münasibətlər barədə danışmaq istəyirəm.

Sovet Yazıçıları İttifaqının quruluşu, yeni zamanda sovet yazıçılarının ölkələrinə və ölkənin də müəlliflərə münasibəti, Böyük Vətən müharibəsindəki rolu və bütünlükdə sovet ədiblərinin missiyaları barədə biz yetərincə bilirik. Şübhəsiz ki, bu barədə oxumuşuq və eşitmişik. Amma konkret halda biz əcnəbi nümayəndələr Sovet Yazıçıları İttifaqı adlanan nəhəng təsisatın mənəvi gücünü və maddi-texniki təminatını, işin keyfiyyətlə davam etdirildiyini və bu işdə istifadə olunan üsulları öz gözlərimizlə görə bildik. Sovet İttifaqı xalqlarının bu bayramında Latviyadan, Moldovadan tutmuş,  Özbəkistana qədər bütün respublikalar təmsil olunmuşdu. Elə ilk baxışdan da görünürdü ki, bütün yazıçıları çox məhrəm bağlar, bir çox hallarda isə şəxsi dostluq birləşdirir. Bu respublikalardan hər biri Azərbaycana ya Nizaminin əsərlərinin tərcüməsini, ya onun barədə araşdırma, ya da Nizami Muzeyi üçün şairin portretini hədiyyə göndərmişdi. Bir fransız məsəli ilə desək, yaxşı dostluğu kiçik hədiyyələr də yaşadır. Amma bu hədiyyələr təkcə hansısa bir şəhərin və onun sakinlərinin xoş münasibətinin simvolu, görünən ifadəsi deyil, həm də əsl mədəni və dərin insani münasibətlərin göstəricisidir.

Hər yubileydə olduğu kimi, indi də bir sıra digər tədbirlər keçirildi, banketlər, çıxışlar oldu, amma sovet  yazıçılarının səciyyəvi cəhəti budur ki, onlar burada, əvvəlcədən planlaşdırıldığı kimi, vahid komanda qismində işlərini görürdülər, missiyalarını az qala hiss olunmadan həyata keçirirdilər. Bunun üçün onlarda iradə ilə yanaşı, qüvvə və artıq genişlənməkdə, təkmilləşməkdə olan ənənəyə çevrilmiş təcrübə də var.

Bəzi şəxslər (Antokolski, Tixonov, Fadeyev, Vurğun kimi yazıçılar) mühazirə oxudular və birgə sovet poeziyası axşamını təşkil etdilər. Bu, həyatımda gördüyüm ən maraqlı mərasimlərdən idi. Burada Yer kürəsinin altıda bir hissəsinin ədibləri öz şeirlərini rusca və digər xalqların dillərində oxuyurdular, burada hisslər, düşüncələr rus dilinin harmoniyası ilə əlaqələnərək on beş dildə ifadə olunurdu. Bəlkə də, buna görə qırxdan çox şairin iştirak etdiyi axşamda dinləyicilərdən heç biri üç saat yarımdan sonra da dinləməkdən yorulmadı.

Təəssüf edirəm ki, bu şairlərdən ən məşhurları barədə daha geniş danışa bilməyəcəyəm, onlardan hər biri maraqlıdır və zəngin şəxsiyyətə malikdir: Vera İnber, Leonid Pervomayski, Svetlov, Qafur. Xüsusən təəssüf edirəm ki, bu məqamda ev sahibləri - odlu qəlbə və qaynar təbə malik azərbaycanlı yazıçılar barədə daha çox söz aça bilmirəm.

Bütün bunlardan başqa, bizim sovet dostlarımız "Ordu evi"ndə hərbiçilər üçün də ədəbi-bədii gecə keçirdilər. Xoşbəxt ovqatlı, şux görünüşlü sadə adamlar sanki macərapərəstlər kimi, amma ağıllı və tədbirli bir şəkildə öz vəzifələrini tam halda, vaxtında yerinə yetirirdilər, həm də bunu özlərini işgüzar və ya əhəmiyyətli adam görünmək üçün etmirdilər. 

Ən maraqlısı budur ki, tədbirlərdə yazıçılarla yanaşı, Moskva və Leninqraddan olan bir neçə naşir, nəşriyyat direktorları və katibləri də iştirak edirdilər. Yazıçı və ya incəsənət adamı olmayan bu şəxslərin işi ədəbiyyatla birbaşa bağlıdır, onlar ədəbiyyat biliciləri və yaxşı təşkilatçıdırlar. Onlardan hər biri sovet ədəbiyyatı qrupları üzrə ekspertdir. Nəşrlərin planını tutur, tərcüməçilər, redaktorlar  tapır, texniki-maliyyə məsələlərini həll edirlər. Əsl mədəniyyət işçiləri, hörmətli adamlar olan həmin şəxslər yazıçılarla eyni prosesdə iştirak edirlər, bu da sovet ictimai həyatının ən gözəl xüsusiyyətlərindən biridir.

Beləliklə, gözlərimiz önündə sovet xalqları ədəbiyyatının saysız-hesabsız təzahürləri, sosialist dövlətində yeni cəmiyyətə xas ədəbiyyatın inkişafı  canlanır, qarşımızda sovet xalqının ümumi həyat və fəaliyyət mənzərəsi açılırdı. Birinci katib Fadeyev də, Bakı fəhlələrinə müraciətlə oxuduğu, hərarətli mühazirəsində bu məqama toxundu: "Yoldaşlar, Azərbaycan xalqının böyük şairi Nizaminin parlaq yubiley günlərində  də biz, harada -  neft mədənində və ya masa arxasında - çalışmağımızdan asılı olmayaraq, həyatımızın hər saatında olduğu kimi, öz bəşəri işimizi irəli aparacağıq".

Və beləliklə, biz - qardaş xalqların nümayəndələri o tədbirlərdə təkcə bilgi deyil, həm də stimul və dəstək qazandıq.

 

 

Yazıçı və yazı haqqında

Nobel nitqi

Öz ali missiyasını yerinə yetirən İsveç Akademiyasının Nobel Komitəsi mötəbər beynəlxalq nüfuz və etiraf demək olan Nobel mükafatını bu dəfə, necə deyərlər, " kiçik ölkə"nin yazıçısına vermək qərarına gəlib. Bu etirafı qəbul edərkən, icazə verin, qısaca da olsa öz ölkəm haqqında danışım və buna bir qədər də sizin mükafatlandırdığınız prozaik əsərlər haqqında ümumi fikirlərimi də əlavə edim.

Mənim vətənim, bizim yazıçılardan birinin sözləri ilə desək, həqiqətən "dünyalar arasındakı kiçik bir ölkə"dir və o, bütün sahələrdə, həmçinin mədəniyyət sahəsində olduqca keşməkeşli və ağır keçmiş hesabına itirdiyi şeyləri böyük qurbanlar və ağlasığmaz gərginliklər hesabına, iti templərlə bərpa etməyə çalışır. Öz etirafınızla siz mənim ölkəmin ədəbiyyatına işıq tutdunuz, bütün dünyanın nəzərlərini onun mədəniyyət sahəsindəki səylərinə yönəltdiniz, özü də bunu bizim ədəbiyyatın yeni imzalar və orijinal əsərlərlə dünyayla çuğlaşdığı, bacardığı qədər dünya ədəbiyyatına öz töhfələrini verməyə çalışdığı bir dövrdə etdiniz. Bu ölkənin yazıçılarından birinin etiraf olunması tərəfinizdən sözsüz ki, belə səylərin müdafiəsi deməkdi. Ona görə də bu etiraf xüsusi minnətdarlıq hissləri doğurur və mən, təkcə öz adımdan deyil, həmçinin aid olduğum ədəbiyyatın adından səmimi və adi təşəkkürlərimi çatdırıram.

Vəzifəmin ikinci hissəsi daha çətin və mürəkkəbdir, belə ki, mən mükafatlandırdığınız yazıçının prozaik əsərləri haqqında nəsə deməliyəm.

Amma yazıçıdan və onun əsərlərindən danışanda, həmin əsərləri yaratmış və öz yaratdıqlarını, yəni elə özünün bir parçasını sizlərin ixtiyarına buraxmış adamdan üstəgəl, özü və yaradıcılığı haqqında nələrisə söyləsin deyə bir şeylər gözləmək nə qədər doğru olardı? Biz yaradıcı adamlara ya uzaq, dilsiz müasirlərimiz, ya da məşhur ölülər kimi baxmağa öyrəncəliyik və çox vaxt elə hesab edirik ki, bədii əsər, yaradıcısının diri və canlı dili eşidilməzsə, bizimlə daha aydın anlaşılan dillə təmas edir. Bu nə yeni, nə də yeganə nöqteyi-nəzərdi. Hələ Monteskyö deyirdi ki, "yazıçılar - öz əsərlərinin pis hakimləridir". Hötenin bu sentensiyasını bir vaxtlar vəcd və anlaşıqla oxumuşdum: "Sənətkarın işi danışmaq yox, yaratmaqdı". Sonradan eyni fikrin unudulmaz Alber Kamü tərəfindən bir ayrı cür ifadə edildiyinə rast gələndə oxşar hissləri keçirdim.

Ona görə də mənim kiçik çıxışımın ağırlıq mərkəzini ümumiyyətlə hekayə və nəqletmə məsələsinin üstünə keçirmək daha düzgün olardı və yerinə düşərdi. Əsrlərdən üzübəri, müxtəlif şəraitlərdə duruş gətirən və var olan, kasıb komaların ocağı ətrafında eşidilən qədim patriarxal nağıllardan tutmuş, bu dəqiqə dünyanın ən nəhəng nəşriyyatlarında çap olunan əsər müəlliflərinin müasir rəvayətlərinin nəql olunduğu minlərlə dildə insanlar bir-birinə hey durmadan yalnız bir şey - insan taleyini nağıl edirlər. Belə nağılların forma və üslubları şəraitə və yerə görə dəyişsə də, ona olan tələbat azalımır, elə hey uzanır, uzanır və sonsuzluğa üz tutur. Hərdən mənə elə gəlir ki, bəşəriyyət ağlı kəsməyə başlayandan bu yana eyni bir nağılı, hekayəni milyonlarla variantda nəfəsinə və nəbzinə müvafiq şəkildə danışmaqdadı. Və bu hekayət əfsanəvi Şəhrizadın rəvayətləri kimi, sanki cəlladı aldatmaq istəyir, bizi hədələyən faciəvi taleyin qaçılmaz sonluğunu bir az daha irəli atır, həyatın bitməz-tükənməz olması illüziyasını yaradır. Bəlkə nağılçı öz hekayəti ilə adamlara bu dünyada özünü tapmağa kömək göstərmək üçün cəhd edir? Bəlkə onun ali vəzifəsi odur ki, bu dünyada vaxtından əvvəl cəlladın-həyatın baltasına tuş gələrək özünü ifadə etməyə zamanı olmayanların da yerinə danışmalıdı? Ya bəlkə qaranlıqda qorxmamaq üçün oxuyan uşaq kimidi nağılçı, öz-özünə danışır? Bəlkə bu hekayənin məqsədi taleyin bizə tez-tez rast saldığı qaranlıq yolları işıqlandırmaq, yaşadığımız və heç də həmişə baş açmadığımız həyat haqqında, zəifliyimiz üzündən anladığımızdan, dərk etdiyimizdən daha artıq danışmaqdır? O qədər olur ki, elə usta nağılçının dilindən biz nə etdiyimizi və nəyi edə bilmədiyimizi, nəyi eləməli olduğumuzu və nəyi əldən buraxdığımızı öyrənirik. Ola bilsin ki, məhz bu yazılı və şifahi hekayələr öz-özündə bəşərin həqiqi tarixini gizlədir və o da ola bilər ki, məhz onları oxumaqla bizlər,  anlamasaq belə, həmin tarixin mahiyyətini hiss etmiş olacağıq. Özü də həmin tarixin indiyə və ya keçmişə aid olmasının heç bir fərqi yoxdur.

Predmeti keçmiş olan hekayədən, nəqletmədən söz düşmüşkən, qeyd etmək lazımdır ki, keçmişdən yazmanın çağdaşlığa xor baxmaq, müəyyən mənada həyata arxa çevirmək olması kimi bir təsəvvür də vardır. Düşünürəm, tarixi roman və povest müəllifləri bu fikirlə razılaşmazdılar, daha çox, bizim indi adlandırdığımız zamandan keçmiş adlandırdığımız zamana, yüzilliklərin kandarından o yana yalnız yuxuda mümkün olan rahatlıqla necə adladıqlarını özlərinin də anlamadıqlarını etiraf etməyə meyilli olardılar. Bir də məgər keçmişdə və indi rastlaşdığımız problemlər, hadisələr  oxşar deyilmi? İnsan öz icazəsi olmadan və iradəsinə rəğmən doğulur. Və budur, o artıq varlıq dəryasına atılıb. Üzmək lazımdır. Yaşamaq, öz-özünlə olmaq lazımdır. Bütün ətrafın atmosfer təzyiqinə davam gətirmək, bütün qəzalara, özünün və özgələrinin nəzərdə tutulmayan və tutula bilməyən əməllərinə, çox vaxt da gücümüz və imkanlarımız xaricində olan işlərə davam gətirmək lazımdır. Daha çətini isə bütün bunları anlamaq yükünü çəkməkdi. Bir sözlə, insan olmaq lazımdır.

Beləliklə, keçmişi və gələcəyi öz istədiyi kimi ayıran xəttin o tayında da yazıçı elə həminki insan taleyi ilə üzləşməli, onu görməyi və daha yaxşı anlamağı bacarmalı, onunla bir can olmalı, onu oxucularına daha yaxşı, rahatlıqla və inandırıcılıqla anladacaq təhkiyəsinə ram edənə qədər öz nəfəsi və qanı ilə qızdırmalıdır.

Buna necə, hansı üsullarla və yollarla nail olmaq olar? Bir qism buna azad və sərhədsiz təxəyyül oyunları, başqaları tarixi faktların və ictimai hadisələrin uzun-uzadı, incəliklə araşdırılması sayəsində, digərləri ötən dövrlərin mahiyyətinə və varlıqlarına sirayət etməklə, bəziləri isə "Tarix nədir? Romanlarımı asdığım mismardır" deyən həmin o məhsuldar fransız romançısı kimi möcüzəvi şən rahatlıqla nail olurlar. Kəsəsi məllifin öz əsərini yarada biləcəyi yüzlərlə üsul və yol vardır, amma yenə də əsas və həlledici mahiyyət kəsb edən əsərin özüdür.

Tarixi roman müəllifi müfəssəl izah və epiqraf yerinə qədimlərin bir fikrini götürə bilərdi: "Cogitavi dies antiquos et annos aeternos in mente habui!"

Ancaq heç bir epiqraf olmadan belə onun yaratdığı əsər də elə bu haqdadır.

Bir də nəhayətdə bütün bunlar texnika, metod və vərdiş məsələsidir. Az və ya çox dərəcədə maraqlı intellektual oyundu. Yazıçının keçmişi və ya indini təsvir etməsi, yaxud cəsarətlə gələcəyə tuşlanması bir elə vacib deyil; Vacib olan - onun təhkiyəsinin canındakı ruhdur, onun kitabının oxuculara ötürmək istədiyi başlıca mirasdır. Burda isə əlbəttə, qayda və qanunlar yoxdur və ola bilməz. Hər kəs öz hekayəsini ona miras qalmış və əldə etdiyi meyillərinə və baxışlarına uyğun olaraq öz daxili ehtiyacına, bədii imkanlarına görə qurur; hər bir kəs danışdığı hekayəyə görə mənəvi məsuliyyət daşıyır və hamıya hekayəsini danışmaq azadlığı verilib. Amma hesab edirəm, müasir nağılçının öz əsrdaşlarına danışdığı hekayənin forma və məzmunundan asılı olmayaraq nifrətlə zəhərlənməməsi, bu dəhşətli silahın gurultusu ilə kar olmaması, daha çox məhəbbətlə diktə olunması, geniş, aydın və azad insan ruhu ilə istiqamətlənməsini arzu etmək imkanı da verilib. Zira, hekayəçi və onun hekayəsi bu və ya başqa yolla insana, bəşəriyyətə xidmət etmirsə, deməli, heç nəyə xidmət etmir. Əsas və vacib olan da elə budur. Başlanğıcda olduğu kimi bir daha dərin və səmimi minnətdarlıq hissi ilə bitirmək istədiyim öz qısa çıxışımda mən məhz bunu qeyd etməyi lazım bildim.

 

Tərcümə: Səlim Babullaoğlu,

Rəbiqə Nazimqızı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!