Besik XARANAULİ
(1939)
XX əsrin görkəmli gürcü şairidir. Ədəbi debütünü 1968-ci ildə edib. "Ədəbiyyat və incəsənət", "Mnatobi", "Nakaduli" kimi ədəbi nəşrlərdə çalışıb. Yaradıcılığı boyu Gürcüstanın nüfuzlu Şota Rustaveli və İlya Çavçavadze mükafatlarına layiq görülüb. 2010-cu ildə İsveçrə ədəbiyyatçıları tərəfindən Nobel mükafatına namizəd olaraq irəli sürülüb. Dəfələrlə "Saba" mükafatını alıb.
Ədəbi məramını belə ifadə edir: "Mənim həyatımın və yaradıcılığımın məramı şəfqətli olmaq, xeyirxahlığa yaxınlaşmaqdır...". Əsərləri dünyanın onlarca dilinə tərcümə edilib.
Şair haqqında bu qısa rəsmi informasiyadan sonra Besik Xaranauli ilə onun evindəki görüşü xatırlayıram. 2007-ci il idi. Gürcüstanda kitabım nəşr olunmuş, Şota İataşvilinin təklifi ilə həmin kitaba Besik Xaranauli də qısa rəy yazmışdı. Tiflisin kənar rayonlarının birindəydi evi. Oğlu və özü idi evdə. Deyəsən, oğlunun qolu sınmışdı, gipsdəydi. Razılaşdırılmamış görüş idi. Bir az söhbət etdik. Necə deyərlər, ordan-burdan. Sonra şeirlərimdən danışdı, qısa. Mən onun şeirlərini diqqətlə yalnız Bakıya dönəndə, qatarda oxuyacaqdım. Mənə hədiyyə olunan rusca kitablarından birini su kimi içəcəkdim. Hələliksə bir neçə şeirini oxuduğumu söylədim. Nəzakətlə gülümsündü. Bir sözü yaddaşımda əbədilik həkk olub. Türklərlə dostluq eləmək olar. Mən onlara çox hörmətlə yanaşıram.
Qaçılmazlıq
İstedad nədi ki, hasara almasan?
Hasar nədi ki, səbr tikməsə?
Səbr nədi ki, hər gün, hər gecə
bu haqda sormasan?
Şair
Nə bir tikəylə, nə bir qəpiklə,
nə bir saman çöpüylə, nə güclə,
nə ağılla - yalnız bir cüt göz yaşıyla
sizdən varlıyam.
Sevgi
Bu gecə sizə gəlmişdim,
amma nə sən evdəydin,
nə yaşadığın ev şəhərdəydi,
nə şəhər
bu yer üzündəydi.
Şairin həyatı
Çox az-az, o da ki, bir anlıq
içimdə bir işıq parlayır.
Amma bu anları da şeir əlimdən alır.
Qalan vaxtları mən həmişəki kimi
öz-özümə belə lazım deyiləm.
Durna
Elə ki yatağa çul kimi düşürəm
üzüqoyulu, balışla siftəmi gizlədirəm,
yana doğru açıram əllərimi,
bilirsən, gülüm, kimi yamsılayıram?
Uzaq uşaqlıq günlərində
ovçu gülləsinə tuş gələn durnanı
O da elə çul kimi yerə doğru uçmuşdu,
Başıyla nəm samanlığa girmişdi,
qanadlarını açmış, canını taşırmışdı.
Yalvarış
Mənə yönəlin bütün oxlar!
Bağçamdakı kölgəlikdə
yorğun-arğın oturub gözləyirəm.
Yanıma gəlin, mənə doğru
yönəlin bütün oxlar,
bircə sinəsi yekəlmiş,
gözə girən nişangaha çevrilmiş
oğluma toxunmayın.
Qocalar sirkdə
Biz bura niyə gəldik -
uşaqlığımızı yada salmaqçünmü?
Bəlkə kəndir üstündə gözyaşı kimi qaçan
kəndirbaza təəccüblənməkçünmü?
Ya günbəzdən qırılmış sim kimi asılan
akrobata tamaşa etməkçünmü?
Yox-yox, qətiyyən!
Biz bura bu sirlərə, bicliklərə,
nağıl fəndlərinə baxa-baxa
bircə şeyi - bizə qarşısında
indikindən savayı minlərlə yol olan
o gəncliyimizi qaytara biləcək
şey üçün gəldik.
***
Mən səni gözləyirəm,
gözləyirəm və xəyal edirəm -
qəfəsə salınmış, yorulmadan azadlığı düşünən
və xəyal edən, məftillərin arasından qaralan
ağacların kölgəliyinə doğru dartınan,
bu cürbəcür ləkələrin arasında
ana döşünü axtaran bir bəbir kimi,
xəyal edirəm.
Deyilməyənlər
Bizim evlərin arasında bir çinar ucalırdı,
erkən yazdan payız bitənə kimi
onun sıx yarpaqları sənin pəncərəni
mənimkindən gizlədirdi.
Ona görə ötən qış o çinardan dərilən
hər bir vərəqdə mən sənə
hüznlü məktublar yazırdım.
Uşaqlar kimi
günahsız günlər
Mənim qəlbim beləcə -
tərəddüd bulağının şırhaşırında,
şırnağında bərkiyib,
ucaldığım qum təpələri isə
öz günahsız oyunlarını oynayan
uşaqlar dağıdıb, uçurdub,
öz günahsız ayaqları ilə.
Zəhmətkeşlər
Minlərlə və minlərlə çəmənlərin
fleyta və tütəklərindən
arının topladığı nektar bal dadır.
Şair həyatın künc-bucağından
zəhər toplayır və hələ uzun-uzadı
yumulmayacaq onun dodaqları.
Sükut
Ah bu sükut, məgər o vədlərlə dolu deyil?
Tələs, qaç, o səni gözləyir -
ətəklərinə sürt üzünü,
ananın dizinə baş qoyan kimi başını qoy,
və hər şeyi ona danış,
hər şeyi, hər şeyi ətraflı danış.
Əzab
Belə də olur ki,
özündən və ulduzlardan gizləndiyin halda
döşəmə əclafcasına cırıldayır.
Qəzəb
Tərk eləmə məni qəzəb
olsun ki, dişlərimiz əvvəlki deyil.
Görürsən qanımızı içən
ürəklər necə canlanır,
bizdən alınmış havayla
ciyərlərimiz necə şişir,
dişlər adlarımızı gəmirərək
necə itilənir.
Təmas
Elə ki poeziyaya toxunuram
bütün qaranlıq şeylər məndən geri çəkilir,
bütün çirkli şeylər, həyatın zir-zibili,
və mən körpəlikdəki kimi köməksiz oluram,
öz uzağa uzanmış köklərimlə bərkiyirəm...
Deyirəm -
niyə axı həmişə ondan qaçıram?
Axı mən heç vaxt başqa bir şeyə
dayaqlanmamışam,
heç nədən bu qədər umidlənməmişəm.
***
Mənə elə gəldi ki,
Bomboş düzəngahda yüzlərlə
daşyonan səpələnib
və onlar mənim kədərimin qayalarını
xırda daşlara çevirirlər.
***
Bu gün dəniz
insanlardan aldıqlarını
geri qaytarır.
Amma kimdi cəsur,
kimdi o adam ki, bu hədiyyələr üçün
o dəliyə əl uzatsın?
***
Küləklərin və yellərin ağ ov tulaları
güngörməz çəmənlərə üz tutdular.
Kəndin kənarındakı
evim dovşan kimi əsir.
***
Sübhün uğurlu günəş şüası,
o qədər uzun yol gəlmisən ki
ayaqqabıların cırılıb,
ona görə pəncərəmin ağzında
ayaqyalın dayanmısan.
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!