XX əsr Meksika şeiri

 

Oktavio Pas (1914-1998) - görkəmli Meksika yazıçısı, şair, esseist, kulturoloq, siyasi publisist, tərcüməçi, ədəbiyyat üzrə Nobel mükafatçısı (1990).

 

 

Küçə

 

Bir səs belə yoxdu sonu görünməyən küçədə.

Ayaqlarım bir-birinə dolaşır, gözüm yolu seçmir, yıxılıram,

qalxıram, kor-koranə addımlayıram,

quru yarpaqları, lal daşları tapdayıram,

arxadakı adam da onları tapdayır:

dayanıram - dayanır, gedirəm - gedir.

Baxıram, kimsə gözə dəymir.

Göz-gözü görmür, yolu itirmişəm.

Heç kim yoxdur - elə hey dolanıram.

Dalanlar məni yenidən

birisinin arxasına düşdüyüm küçəyə çıxardır,

onun da gözü yolu seçmir, yıxılır,

qalxaraq mənə zillənir, pıçıldayır:

"Heç kim yoxdur...".

 

 

Daş

 

Yuxuda öz ömrümü görürdüm,

gedirdim,

bacardıqca uzağa, uzaqlara,

təzəliyə heyrətlənərək.

Yuxular qırıldı,

mən isə həyatdayam,

bir daşa zəncirlənmişəm,

qandalı qıra bilmirəm.

Daşa zəncirlənmişəm,

başımı əymişəm,

məzar daşına

yuxularla zəncirlənmişəm.

 

 

Yaradıcılıq

 

O kimsəsiz saatlarda

qələm vərəqin üzərində sürüşəndə

kim tutur onu?

Mənim əvəzimə yazan o kimsə

dodağın və xəyalların,

sakit bir soyuğun və körfəzin

kəsişməsində,

bütün dünyadan üz çevirərək

kimin üçün yazır, görəsən?

Mənim əvəzimə kim yazır,

kim gəzdirir əlimi vərəqin üzərində,

kim seçir sözləri, dayanıb durur,

mavi dənizlə yaşıl təpəlik arasında

tərəddüd edir?

Atəşimi yatırıb

yazdıqlarıma baxıram.

Qoy, o saflaşdıran alov hər şeyi yandırsın!

Amma bu hakim - eyni zamanda müttəhim,

məni ittiham etməklə özünü də ittiham edir:

heç kimə yazmır o, heç kimə səslənmir -

özünə yazır, yaddaşsızlıq axtarır özündə,

unudub yenidən mənə çevrilir.

 

 

Alfonso Reyes (1889-1959) - Meksika söz sənətinin görkəmli nümayəndəsi, yazıçı, tərcüməçi, hüquqşünas, jurnalist və diplomat.

 

Sükut

 

Şimşəyi ovsunla ram etmək üçün

səsi pıçıltıya çevirmək gərək.

Boşuna deyil ki, ən güclü zəhər

dəf olur ən xalis balı içərək.

Ən adi, ötəri yuxu da belə

özünün naqafil nəşəsi ilə

mənə kömək edir tutub zamanı

saxlayım bir anlıq başlanğıcında:

sükutdur cavabım, bax, bundan sonra

beləcə günlərin gurultusunda.

Onsuz da parlayan ani qığılcım

eyni gur işığın bir zərrəsidir,

sevgi sözsüz olsa yenə sevgidir,

səssizlik sözlərin Yer kürəsidir.

Vaxt ötür, kəlmələr bir-bir azalır,

amma qalanları vəhy kimi ağır;

hər sətir elə bil qandır-damlayır,

həm damla elə bil qədim dünyadır.

Yer yenə fırlanır sədaqət ilə -

gizlənib sonsuzluq kiçik bir anda -

fırlanır nöqtənin başına elə,

fırlanır durmadan, nəfəs dərmədən.

Uçuşla yaşayır hər ox bəlli ki,

amma sancılmaqdır axır-aqibət,

Biz də susmalıyıq zamanı gəldi,

biz də susmalıyıq, ey nəğmə, əlbət.

    

Xayme Sabines (1926-1999) - Meksika şeirinin ulduzlarından biri, görkəmli şair olmaqla yanaşı, tanınmış ictimai-siyasi xadimdi. Dünyanın onlarca dilinə tərcümə edilən şeirləri dillər əzbəridir, adına küçə və meydanlar, məktəblər var.

 

Əfsanə

 

Anam mənə danışardı: "Bətnimdə olanda ağlayardın".

Ona deyiblər ki,

bəxtəvər olacaq övladın.

Və kimsə bütün günü qulağıma

aram-aram həyatımdan danışmağa başladı sonradan,

elə hey dedi: "Yaşa, yaşa!".

Bu, ölüm idi...

 

 

Amado Nervo (1870-1919) - görkəmli Meksika şairi, maarifçi, jurnalist, modernizm cərəyanının təmsilçisidir. Meksika Dil Akademiyasının  üzvü olub, bir müddət diplomat kimi fəaliyyət göstərib.

 

 

Məni çox öpərdi

 

Məni durmadan öpməyi vardı,

sanki tez gedəcəyindən qorxardı.

Onun nəvazişi narahat və həyəcanlıydım

Mənsə bu səbirsizliyi heç anlamırdım.

Kobudluğum məni  uzaqgörən olmağa qoymadı.

Amma o vardı...

"Vaxt azdır" - o deyirdi.

Amansız küləkdən yaralanmış şam

artıq gözləyirdi...

və həyəcanla hər qucaqlayanda öz qəlbini,

hər öpəndə əbədiyyəti mənə vermək istəyirdi.

 

İspan dilindən tərcümələr:

Günel Məmmədova, Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!