"Bilirdilər nədir sevinc, əzab nədir bilirdilər” - Şeirlər - Adam Zaqayevski

 

Adam Zaqayevski 21 martda, Dünya Poeziya Günündə dünyaya da, poeziyaya da əlvida dedi. 76 yaşında. Təəssüfləndim. Görüşmək imkanımı əldən vermişdim. 2011-ci ildə. Sonra bir dəfə yazışdıq. XX əsrin Miloş, Rujeviç, Herbert və Şimborskadan sonra adı ən çox hallanan böyük polyak şairi idi. Polşa ədəbiyyatı "Yeni Dalğa"sının öndərlərindən, "Altmış səkkizlər nəsli"nin nümayəndəsiydi. "Qriffin" mükafatı, Asturiya şahzadəsinin mükafatını, Noyştatd və başqa nüfuzlu ədəbiyyat ödüllərini almışdı.

 

 

Atəş

 

Qışın dərin və sərin nəfəsini,

musiqinin qayğısızlığını, əfv

kəlmələrini söyləyəcək dodaqları,

bir damcı, nə qədər ki, sağıq

yalnız bircə damcı qürur bəxş elə

bizə.

Heyrəti və ucalıqda, aydınlıqda

yanan atəşi bəxş elə bizə, Rəbbim!

 

 

Bərabər dinlədiyimiz musiqi

 

Bir vaxtlar bərabər dinlədiyimiz musiqi

sədəcə musiqi deyildi... qanım coşurdu

damarımda... yox, sadəcə qan deyildi,

nəysə başqa şeydi, yalnız içimizdəki

xoşbəxtlik eləcə xoşbəxtlik idi ki, buna

görə də mən minnətdaram və bunu

nə qədər ki, gec deyil, elə indi deməliyəm.

 

 

Sevimli şairlərim

 

Daim yoldaş olduğum sevimli şairlərdən

heç kəs bir-birini tanımırdı: müxtəlif vaxtlarda,

başqa-başqa ölkələrdə yaşamışdılar,

kədər də, zəfər də bəlliydi onlara,

bəlliydi xeyirxahlar da, bədxahlar da

və onlar ilin hər Allah verən günü hay-küysüz,

qorxusuz-hürküsüz və budaqda

bir az daha yetişən alma kimiydilər;

 

İçlərinə çəkib yaşıl təravətini bağın

başlarını göyə qaldırırdılar,

kölgə və işıq ordusunun axdığı

sonsuzluğa baxırdılar -

göyün hərəkətli ekranında

əbədiyyətin nəhayətsiz filminə.

Bilirdilər nədir sevinc, əzab nədir bilirdilər -

hər şey yuxu sürətiylə baş verib itirdi.

 

Bəzən anlayırdılar gedişatı,

sözlə duyurdular, duyururdular,

bəzən nə tufanı, nə qarı

uşaqtək veclərinə almırdılar.

 

Bəzən məktəb qarşısındakı meydançada

yağış tökməyə başlayan anda

sərgərdan gəzən uşaqlar kimiydilər,

sonrası isə yalnız duzlu su idi.

 

 

Səndəllər

 

Xatırlayıram, bu səndəlləri

uzun illər əvvəl 20 avroya aldım,

Tasos adasındaydıq, turist kimi;

parıldayırlar, sanki bu gün alınıb.

Görürsən? Onların da

bilmədiyimiz bir sirri var,

bəlkə də mənim bəxtimə

təsadüfən çıxıblar -

amma əvvəllər

bir sərgərdan dərvişinmiş,

inamı çox möhkəmmiş,

onu gəzdirirmiş öz üzərində.

Amma indi məni kimi

bir günahkara öyrəşmək asandımı?

 

Venetsiya, noyabr

 

Noyabr, yağış, Venetsiya tufan vaxtı

dənizdir elə bil; San-Corco; kilsə qaranlığa

qərq olub, Piranezi yenə yüz il əvvəlki

qorxulu yuxuları görür; bu şeylər gənclər

üçün maraqsız və darıxdırıcıdır: onlar başqa

qorxular, başqa dəhşətlər, başqa əbədiyyət

arzulayır və həyəcanlanırlar.

 

Kölgə və kabus dolu,

həbəşi şəbəkələrə bürünmüş

Venetsiya tarixin damından düşüb

qış gecəsinə doğru addımlayır:

şah sarayına yollanan

diqqətcil, sərt həkim kimi.

 

 

O gün

 

Ya yaxınımızın, ya dostumuzun, ya uzaqdan tanıyıb fəxr etdiyimiz

birinin ölüm xəbərini aldığımız ilk dəqiqələrdə, ilk saatlarda bu xəbəri

telefonda həyəcanla çatdıran adama, yaxud radio diktoruna

könülsüz şəkildə inanırıq, inanmırıq, bu ölüm təsdiqlənibsə də,

nə olur-olsun, bu xəbəri qəbul edə bilmirik, yox o ölməyib,

sonadək ölməyib, ya da yoxa çıxmayıb,

əksinə, bəlkə o varlığın ən gözgörən bir yerindədir,

böyüyür, artır, sözsüz də olsa danışır, qələbə çalır,

hərçənd kiməsə - zamanamı, bədəninəmi məğlub olub;

yox, bu doğru deyil, o qalibdi, həyatı bütünüylə dadıb,

ən dolğun şəkildə və bu o qədər böyük və təəccüblüdür ki,

həyata belə yerləşməyib,

həyatın kövrək gəmisini yellədir,

dirilərin başı üzərindən ucalır,

sanki başqa bir materialdandır,

deyək ki, ən möhkəm bürüncdən; eyni zamanda başa düşməyə

başlayır, bilirik ki, bütün bunlardan sonra səssiz və köməksiz

ağlama, göz yaşları var.

 

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!