Şeirlər - Luiza Elizabet Qlük - Çağdaş ABŞ poeziyası

Luiza Qlük/Louise Elisabeth Glück - XX əsrin görkəmli ABŞ ədibi, şairə, esseist, tərcüməçidir. 1943-cü il aprelin 22-də Nyu-Yorkda anadan olub. Uşaqlığı Lonq-Aylenddə keçib. 1961-ci ildə Corc V.Hyulett orta məktəbini bitirib. Təhsilini daha sonra Sara Lourens kollecində və Kolumbiya Universitetində davam etdirib. Qlük 1993-cü ildə "Yabanı süsən" adlı şeir kitabıyla poeziya nominasiyasında Pulitser mükafatına layiq görülüb. Şairə bundan başqa "Axillesin zəfəri" kitabıyla Milli Kitab Tənqidçiləri Birliyinin, "İlkin" kitabıyla isə Amerikan Şairlər Akademiyasının mükafatlarına layiq görülüb. Qugenheym və Rokfeller Fondlarının, eləcə də Milli Sənət Fondunun təqaüdlərini alıb.

Hal-hazırda Kembricdə, Massaçusets ştatında yaşayır. Əvvəllər bu ştatdakı Vilyams Kollecində ingilis dili ixtisası üzrə baş müəllim kimi çalışıb. Şairə hazırda Yel və Boston universitetlərində yaradıcı yazı sənətindən dərs deyir.

"Axillesin zəfəri" (1985), "Ararat" (1990), "Yabanı süsən" (1992), "Çəmənliklər" (1996), "Vita Nova" (1999), "Yeddi yaş" (2001), "Averno" (2006) və başqa 11 şeir kitabının müəllifidir.

Ödülləri sırasında Boston Qloub Ədəbi Mətbuat Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Melvil Keyn Mükafatı, Konqres Kitabxanasının Rebeka Conson Bobbit Milli Poeziya Mükafatı, Amerikan Poeziya Cəmiyyətinin Vilyam Karlos Vilyams Mükafatı, "Nyu-Yorker" Poeziya Mükafatı da var.

O, eyni zamanda "Sübutlar və nəzəriyyələr: Poeziya haqqında esselər" (1994) kitabına görə Pen-Marta Albrand mükafatına, Yel Universitetinin "Poeziya sənətində ömür boyu qazandığı uğurlara görə" iki ildə bir verilən "Bollingen" Mükafatına (2001) layiq görülüb. Luiza Qlük Amerika Akademiyası İncəsənət və Ədəbiyyat İnstitutunun üzvüdür. Şairə 1999-cu ildə Amerikan Şairlər Akademiyasının kansleri seçilib, 2003-2004-cü illərdə isə (Billi Kollinzdən sonra) ABŞ-ın ən yüksək poetik titulu olan laureat-şair adını alıb.

Qlük 2020-ci ildə "individual mövcudluğu sadə gözəlliklə universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb.

 

 

Yer və Göy

 

Birinin bitdiyi yerdə o biri başlayır.

Yuxarıda - mavi zolaq var, altında -

yaşıl və qızılı, yaşıl və tünd-al boyalı.

Üfüq xətti Conu cəlb edir: o həm bunu,

həm də onu istəyir, hər şeyi bir dəfəyə,

bütöv.

İfrat - sadəlöhvlükdür. Yalnız orta bir şey

adamı çaşdırır. Yayın ortasında

hər şey mümkündür.

Yəni: həyat bitmir heç vaxt.

Bağda, əlində yaba

qalib ədasıyla öz yeni fikrini faş etmək istəyən,

bu sayaq xəyallara qapılmış ərimi necə

tək qoya bilərəm,

özü də adamı qarsan günəş də

hərəkətsiz dayanıbdı,

bağın sərhədindəki

ağcaqayınlardan çəkinərək.

 

 

Səhər duası

 

Əlçatmaz atamız, biz cənnətdən qovulanda

sən oranın surətini yaratdın, elə bir yer ki,

yeganə fərqi təyinatındaydı,

bizə dərs vermək üçün belə etdin;

qalan hər şey büsbütün oxşardı:

ora da, bura da gözəldi, özü də qənirsiz.

Bir şey aydın deyil: sənin vermək istədiyin

dərs nədən ibarətdi? Özbaşına buraxdığın bizlər

öz-özümüzü haldan saldıq. Ümidsiz illər bir-birini

əvəzləməyə başladı; növbəylə bağda çalışdıq;

gözlərimiz yaşardı torpağı örtəndə

tünd-qırmızı, zərfi al rəngli ləçəklər.

Biz sənin barəndə düşünmürdük,

halbuki ibadət etməliydik.

Eləcə onu bilirdik ki, insan yalnız

sevgi ilə cavab verəni sevə bilməz.

 

 Qışın sonu

 

Donmuş dünyanın üzərində

qara budaqların çevrəsində

oyanmış quş cəh-cəh vurdu.

Doğulmaq istəyirdiz? Sizə icazə verdim.

Məyər kədərim nə vaxtsa

arzularınıza mane olub ki?

İrəli, işığın qaranlıqla qarışdığı yerə

can atanlar,

özünü ifadə etməyə cəhd edən

yeni yaradılış təki

dəli həzlər axtaranlar,

həyat və parıltı dolu olanlar,

bir anlıq aqibəti düşünməyənlər,

anlamayanlar ki, mənim səsim

sizdən çox fərqlidir -

başqa bir dünyada bunu

bu quşun cəh-cəhi,

yaxud bir körpənin qışqırığındakı tək

belə aydınlıqla bir daha eşitməyəcəksiniz,

bildinizmi ki, bu səs yox,

geridönməz əks-sədadır,

mənası əlvida, əlvidadır;

bizi bağlayan bir arasıkəsilməz

not.

 

 

Qapı arasından baxan

 

Bu daim hərəkətli dünyada

hərəkətsiz olmağı arzulayırdım,

yayın ortasında yox, bir az əvvəl,

ilk qönçələr görünəndə,

keçmişin olmadığı zamanda,

yox, əsla yayın adamı məst edən

oğlan çağında yox,

yazın axırında,

hələ ki bağın kənarlarında ot dizə qalxmayıb

və zanbaqlar açmayıb, bax, bu vaxtı -

ilk olmağa ürək etmişləri,

toparlanmış, başqasının uğursuzluğundan,

ürəksizliyindən dərs almış,

zəifliyini üstələmiş

özünə sarsılmaz inamı olanları izləyən

qapı arasında donub qalan uşaq kimi...

elə bir zaman ki, qüdrətdən, çiçəklənmədən,

sahib olmaqdan, vardan-dövlətdən əvvəldi...

 

 

Qürub

 

Sənin məni çağıran səsini

eşidəndə,

hətta təlaşlı günlərimdə sevinirəm;

və kədərlənirəm ki, sənə

anlayacağın bir dildə

cavab verə bilmirəm.

Sən nitqə etibar etmirsən,

onunçün də rəmzlərə əl atırsan,

hərçənd onların da

                       dəqiq yozumunu bilmirsən.

Hər necəsə, səsin mənə çatır.

Həmişə cavab verirəm,

qəzəbim qış kimi ötüb keçir.

Cavabım sənə bir yay axşamının

sərin mehi kimi,

öz cavabına çevrilən sözlər kimi

aydın olmalıdır.

 

 

Kədərim kimsənin

kədərinə bənzəməz

 

Kişi nümayişkaranə alaq edirsə,

qadın axsayır, paltarını dəyişmək,

saçlarını qaydaya salmaq istəmirsə,

könül sıxan fikirlərə dalmısınızsa,

bu bağ sizin yeriniz deyil.

Fikirləşirsiz ki, sizin davanız

vecimədir.

Bilin ki, sizdən,

bir-birinizə qayğı göstərmək bir yana,

heç olmasa bir-birini anlamaq üçün

yetərincə ağıl verilmiş iki varlıqdan

daha çox şey gözləyirdim.

Kədərlə nişanlanmısınız.

Bütün nəsliniz də.

Beləliklə, vəhşi Skillanın mavi nişanlarını,

meşə bənövşəsinin bəyazlığını

tanıdığım kimi sizi də tanıyacam.

 

İtmiş sevgi

 

Bacım yerdəki ömrünü başa vurdu.

Doğuldu və öldü.

Arada heç bir şüurlu söz

və baxış olmadı.

 

Bütün çağalar kimi ağlayırdı,

amma yemək yemirdi.

Anam onu yellədirdi, əvvəl taleyini,

sonra tarixi dəyişmək istəyirdi.

 

Bacım dünyadan köçəndə,

nəsə dəyişdi.

Onun ürəyi daşlaşdı, soyudu,

balaca dəmir boyunbağı-ürək kimi.

 

Mənə elə gəlir ki,

bacımın bədəni maqnitə çevrildi.

İndi anamı özünə, özünə torpağa doğru

çəkir ki, yenidən cücərsin.

 

 

Şah haqqında əfsanə

 

Böyük hökmdar irəli baxanda

taleyi yox, adsız ada üzərindəki

parıltını görür yalnız. Bir şah kimi o,

əmrlərlə düşünür: ən yaxşısı hücuma

keçməkdir; parıltılı sularda irəliləməkdir.

Tale tarixi qabaqlamaq,

bu gün keçmişlə (yəni şah qiyafəsindəki

gənc şahzadə ilə) şanlı (gözəl cariyələr dolu) gələcək

arasında qaçılmaz əlaqəni görmək deyilmi ki?

Hər nədirsə odur, bəs, bu parıltı nədir?

Kim bilə bilərdi ki, bu, adi şəfəq deyil,

dünyanı yandıracaq alov dilləridir.

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!