Hamı öldürür sevdiyini - Şeir - Oskar UAYLD

 

Məni diqqətlə dinləyin, diqqətlə!

Bilirsiniz,

hamı öldürür sevdiyini,

hamı.

Misal üçün, kimsə bir sərt baxışıyla səssiz,

kimsə də bunu hiyləli sözlərlə edir.

Qorxaqlar qəfil öpüşlə öldürür sevdiyini,

cəsurlarsa nümayişkaranə qılınc gücüylə.

 

Kimsə gənc ikən sevdiyinə qənim kəsilir,

kimsə də ahıl yaşında.

Sevdiyini şəhvətə bulaşmış əlləriylə öldürən də var,

parlamağı qızılandan öyrənən əlləri ilə də.

Mərhəmət sahibi isə bıçaqla öldürür sevdiyini.

Çün qanundur, bıçaqla ölən tez soyuyur.

 

Eşqlərin, eşqlərin deyirəm

ömrü bəzən uzun, bəzənsə qısadır.

Kimsə alan, kimsə də satandır.

Kimsə göz yaşına dönər öldürərkən,

kimsə də ah çəkməz tərpənməz tükə.

Beləcə, sevdiyini hamı öldürür,

hamı.

Amma hamı öldürərkən ölmür,

axı ölmək də bir bacarıq istəyir...

 

Tərcümə edən: Fuad CƏFƏRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!