Çağdaş Ukrayna nəsri: Boris Finkelşteyn
Boris Finkelşteyn (1946) - Odessada, Ukraynada, riyaziyyatçı ailəsində anadan olub. İqtisad elmlər doktoru, professordur. Ukrayna Texnoloji Akademiyasının, İsrail İnkişaf Akademiyasının, Ukrayna Milli Yazıçılar Birliyinin və Beynəlxaq Yazıçılar Təşkilatının (London) üzvüdür. Ukraynanın Şalom-Aleyxem adına Ukrayna Dövlət Mükafatının, Krım Muxtar Vilayətinin Dövlət Mükafatının, başqa milli və xarici ədəbiyyat, sənət ödüllərinin sahibidir. Ukrayna dili ilə yanaşı, rus, ingilis, fransız, tatar, ispan və ivrit dillərində ümumilikdə 23 hekayə kitabı nəşr edilib.
Yazıçının əsərləri öz ölkəsində də, xaricdə də maraqla oxunur, nəsrində dərin yumor və elmilik, eyni zamanda poetik parçaların istifadəsi xüsusi yer tutur.
No limits
Hekayə
"Buenos dias, - habla el profesor y entra en la aula, - ?i como estas" "Muy buenos", - los estudiantes responden" ("Sabahınız xeyir, - deyə müəllim auditoriyaya daxil olur, içləriniz necədir?". "Əladır" tələbələr cavab verir; ispanca).
Mən də onlara qoşuluram.
Doğrudan da, hədd yoxdur. Neçənci dəfədir, bundan əmin oluram. Çoxdan bu hekayənin davamını yazmaq istəyirdim, amma indi "əlim çatdı". Mən "sonu yoxdur" qanununu kəşf etdiyim həmin o gündən düz 52 il keçir, son 6 ildə isə bu barədə oxucularımı da məlumatlandırmışam.
Lakin, demək olar, elə bir gün olmayıb ki, mən onun universallığı, insan kimi fani, (bəzən də qəfil sonluqlu) bir obyektə tətbiq olunmanın sərhədləri barədə fikirlərə dalmayım.
Hələ ki qanun məni yanıltmayıb, amma kim bilir, sonra nə olacaq? Son iki il mənə bu istiqamətdə geniş material toplamağa imkan verdi. Həyatımın bundan əvvəlki 20 ili tamamən konkret, öncədən müəyyənləşdirilmiş istiqamətdə inkişaf edirdi. Daim dəyişən dünyada öz həyat fəaliyyətimi dərinləşdirə və genişləndirə bilərdim, lakin bütövlükdə, həmin bu dünyanın özü tamamən proqnozlaşdırılandır. Bu qanunla istənilən istiqamətdə özbaşına çapmaq; imkanları tətbiq etmək mümkün idi. Üstünlüklərə görə daxilən qürurlanırdım; bu, ağır rəqabət mübarizələrində səma altındakı yalnız mənə məxsus yerimdə bərk durmaq üçün xeyli üstünlüklər verirdi. Elə bilirdim həmişə belə olacaq. Qanundan sui-istifadə etməməyə, üstəlik, ətrafdakılara zərər vurmadan, yalnız təyinatı üzrə yararlanmağa çalışırdım. Amma boş yerə demirlər ki, Allahı güldürmək istəyirsənsə ona planlarından danış. İki il əvvəl, qəfil, daim qalibi olmağa öyrəşdiyim oyunun qaydaları, yaşadığım dünyanın özü dəyişdi.
Ayrı-ayrı vaxtlarda seçim problemı barədə çox yazmalı olmuşam. Onun iki tərəfi var: seçim azadlığı və seçimin özü. Çox vaxt başqaları adamın yerinə seçim edir. Ən yaxşı halda, əmin etmək istəyirlər ki, ən doğru seçim elə budur. Əlbəttə, şəraitə uyğun, komfort zonasından çıxmadan seçim etmək də bir seçimdir, lakin, müəyyən mənada, necəsə xeyli məhdudlaşdırılmış seçimdir. Bu məsələdə hərtərəfli məsləhət vermək çətindir, çox güman qeyri-mümkündür, lakin, mənə elə gəlir, ümumi yanaşmalar ola bilər: əgər sən başqalarının oyun apardığı şahmat taxtasında fiqur olduğunu hiss edirsənsə, o zaman bircə ləyaqətli qərar var - oyun taxtasını tərk etmək. Mən də belə etdim; elə o vaxtdan özüm öz həyatımın ağasıyam, əlbəttə, bu çətin, müasir, qarşılıqlı, dünyada nə qədər mümkünsə.
Ətrafa boylananda gördüm ki, açıq səma altındakı bu dünya amansızdı, fəqət, elə də bədniyyət deyil. Məşhur lətifədə olduğu kimi: "Nə istəyirsən götür, onsuz da kassa irəlidədi". Variantların müxtəlifliyi seçim etməyi qəlizləşdirirdi, bax elə burda da Qanunu xatırlamalı oldum.
Öz-özümə "Hədd yoxdur" dedim və hər şey qaydasına düşdü. Əlbəttə, bu, dərhal baş vermədi, xeyli təbəddülatlar oldu, amma bir müddət sonra tarazlıq nöqtəsi də tapıldı.
Hərçənd, bunun üçün xeyli bilgi və bacarıqlar əldə etmək, bilmədiyin yeni dünya, yeni dil öyrənmək lazım oldu - bax beləcə, hekayə də oradan başladı.
Hə, dil barədə - mənimlə bir qrupda, dünya dilləri məktəbində Çindən, Tayvandan, İtaliyadan, Fransa və İngiltərədən gənclər də təhsil alırdı. Bəzilərinin babası yaşındaydım, amma mənim elmi dərəcələrimə və rütbəmə baxmayaraq təhsil yaşa baxmır. Yalnız qanun köməyimə gəldi, onsuz yarıtmazdım.
Avropa tipli sürücülük vəsiqəsi aldım. Hər şey hazır olduğu bir vaxtda tibbi komissiyadan keçməyə göndərdilər. Gəldim, bura isə xüsusi təyinatlı döyüşçülərdən tutmuş, sürücülərədək hər kəsin müxtəlif normativlər verdiyi mərkəzdir. Videooyunlar tipli xeyli elektron testlər və "bir topa" qurğular var. Hər şey avtomatlaşdırılıb, heç cür insan əli girmir. Əsas da orada 50 yaşlarında bir zənci qadın var, həkimdir. Deyəsən, onun xoşuna gəlmişdim, amma kömək etmək üçün əlindən bir iş gəlmirdi. Bu məqamda Qanunu xatırlamaq, özünə qısılmaq və... "sürət yığmaq" lazım gəldi. Verdim imtahanı, amma bu mərkəzin statistikasına görə, ilk cəhddə kəsilənlərin sayı 40 faiz təşkil edirmiş. Axı hamısı cavandı. Bəlkə hələ Qanunu kəşf edə bilməyiblər. Bu arada da kitablarım aktiv şəkildə başqa dillərə tərcümə olunmağa başladı. Təkcə fransız dilinə 3 hekayələr toplusunu tərcümə etdilər.
Hə, bir halda ki, "hədd yoxdur", üstəlik, 2015-ci ilin oktyabrında, birbaşa Parisin mərkəzində bu kitabların təqdimatını da keçirdim. Fransada ədəbiyyatdan danışmaq asan məsələ deyil - ora kitab oxuyan ölkədir, xiridarlar yetərincədir. Amma bu işin də öhdəsindən gəldim - Qanun köməyim oldu, Parisdəki terror aktlarına 10 gün qalmış çatdırdım.
Bax, indi mən Qanundan danışıram, ona inanıram, eyni zamanda xüsusi qeyd etmək istəyirəm ki, ayrı-ayrı hallarda, o özündə bir çox əlavələr və köməkçi variantlar da inikas etdirir. Məsələn, arzula, can at, məşq elə, sınaqdan keçir. Yaxud: boş yerə güc sərf etmə, optimal yollar axtar.
Həmçinin: mümkün olmayana inan. Və sair və ilaxır. Hər kəs Qanunda bir əlavə, müəyyənləşdirmələr tapa bilər, lakin əsas məsələ əlbəttə ki, başlanğıcdır - hədd yoxdur.
Bir yaxın tanışım var, istefada olan polkovnikdir, hərbi hava qüvvələrində xüsusi xidmətləri olan keçmiş pilotdur. Onun həyatı yüklənmələrlə (həm də təkcə fiziki mənada deyil) dolu olub. Və bütün bunlar izsiz ötüşməyib, üstəlik, çox ağır bir xəstəliyi də üzə çıxıb, hamımızın bildiyi, öz xatirələri əsasında yazılmış "Polad necə bərkidi" romanının müəllifi Nikolay Ostrovski kimi. Bax, o da Qanuna inanır və bu səbəbdən də hekayələr yazmağa başlayıb, üstəlik, dağ xizəkçiliyi ilə məşğul olur. Məncə, xəstəliyə qalib gələcək, axı hədd yoxdur.
Hə, dağ xizəkçiliyi demişkən: bax Qanunun məhdudiyyətsiz, belə demək mümkünsə, "təmiz formada" işlədiyi sahələrdən biridir. Artıq 44 ildir, xizəkçiliklə məşğulam, hər üzünü görmüşəm. Yadımdadı, ilk əvvəl alınmırdı. Alınırdı e, belə də... Di gəl, cəmi bir neçə il sonra yenə Qanun özünü göstərməyə başladı, indi ən qəliz qar yamaclarıyla süzmək aramla nəfəs almaq kimi yüngül gəlir mənə. Qanun da elə ona görə Qanundur ki, bizim iştirakımız olmadan yaşayır və işləyir. Yəni biz onun fəaliyyət dairəsinin içində və ya kənarında ola bilərik, lakin bunun Qanuna dəxli olmayacaq - bizə isə mütləq yansıyacaq.
Bir dəfə, necəsə, Kiyevdə cərrah, alim, ədəbiyyatçı, öz xəstəliyinə və nəfsinə gerçəkdən qalib gəlmiş Nikolay Mixayloviç Amasovun tərəfdarları ilə söhbətləşməli oldum. Bütün davranışları göstərirdi ki, o, Qanundan xəbərdar olub və buna ciddi riayət edib.
Hekayə yazanda anlayırsan ki, süjet həm də sənin iştirakın olmadan inkişaf etməyə başlayır, qəhrəmanlar sənsiz də öz həyatlarını yaşayır, hadisələrin məntiqi inkişafı, məlumat toplusu, düşüncələr və gəldiyin nəticələr - bunlar hamısı qətiyyən sənlik deyil. Hərdən məndə elə təəssürat yaranır ki, bütün bunları mən yox, bir başqası yazır. Kim? Bax bunu bilmirəm. Əgər təməl postulatı qəbul etsək, kənar müşahidəçi üçün (belə deyək - Proqramın Yaradıcısı) bizim bütün keçmişimiz, bu günümüz və gələcəyimiz eyni vaxtda mövcuddur, bu da o deməkdir ki, artıq hər sey deyilib və yazılıb. Dinlə, oxu və kağıza köçür.
Lakin Qanun heç də həmişə pozitivlərlə dolu olmur. Yaxşılıqların həddi olmadığı kimi, pisliklər də tükənməzdir. Alçaqlığın, qorxaqlığın, satqınlığın, kin-küdurətin də bir həddi yoxdur. Bunu unutmayın.
Yadımdadır, bir neçə il qabaq (məhz o dönəmlərdə həyatımda hər şey qəfil dəyişməyə başlamışdı) bizim də müştərimiz, iri bir müəssisənin nəzarətində olan qəzetdə məqalə oxuyurdum. Məqalə həm də mənə həsr edilmişdi, çirkab dolu eyhamlarla, mənim slavyan əsilli olmadığıma işarələr vurularaq yazılmışdı. Naməlum jurnalist yazının altına ləqəbi ilə imza atmışdı. Bu məni təəssüfləndirməkdən savayı, daha çox təəccübləndirdi - heç vaxt adım bu cür hallanmamışdı. Bundan başqa, interpretasiya olunmuş məlumatların çoxluğuna görə mənə elə gəldi ki, müəllif haqqımda daha çox bilir, nəinki orta statistik bir jurnalist.
Əvvəlcə qəzetin bilinən sahibinə zəng etdim və mənə qarşı bu qədər qərəzli aksiyanın səbəbini öyrənmək istədim. "Şəxsi heç bir şey", - deyə o cavab verdi, - "bu bizim ideoloji mövqeyimizdir, jurnalist, sadəcə, təlimata uyğun hərəkət edib". Düşünürəm: "Görəsən, bu jurnalist kimdir?". Yox, ona görə demirəm ki, yerində otuzdurum, ya da "ağzını yumum", Allah eləməsin. Sadəcə, məqalənin ümumi tərzində məhz bir şeyi hiss etdim - "şəxsiqərəzlik". Nə isə, axırı aydınlaşdırdım. Və... inana bilmirdim. Eşitdiklərimə inanmaq həqiqətən çətin idi. Bunu yazan adamla həmişə xoş davranmışam, əlimdən gələn qədər kömək etmişəm. Bundan savayı, onun da familiyası, özü necə deyib - "qeyri-slavyan" familiyasıdır. Qərara aldım ki, onunla danışım, zəng etdim, soruşuram: "Sən Allah, bu nə məsələdir?". Eyhamlar edirəm. "Məncə, siz də slavyan deyilsiz, axı. - Sizə elə gəlir, - deyə cavab verir, - yalnız ata tərəfdən, amma əsas məsələ bu deyil, yeri gəlsə familiyamı da dəyişərəm. Belə də ki, siz mənə neynəmisiz? Yeri gələndə, əhəmiyyətsiz şeylər. Necə olur ki, sizin hər şeyiniz var, mənim heç nəyim?!".
"Həə, - düşünürəm, - necə deyərlər, xoş niyyətlərlə...". Ümumiyyətlə, həyatda belə satqınlıq, küdurət və nadürüstlük halları ilə çox rastlaşmışam, amma neyçünsə bu hadisə məni ayrı cür təəccübləndirdi. Bəlkə hələ aradan az vaxt keçib?
Bax onda Qanunun mənfi təzahürləri barədə də düşünməyə başladım. Axı hər bir işin iki başı var, xeyir və şər necə isə bir-birinə yaxındı, təxminən "in-yan" kimi, görünür, hətta iç-içədirlər.
Yəni "xeyir və şəri sakitcə qucacaqsan?" (A.S.Puşkin, "Boris Qodunov"). Əlbəttə, Qanuna görə, qabiliyyətlərimiz hüdudsuzdur, bunları necə tətbiq etmək isə yalnız bizdən asılıdır. İndi mən daha yaxşı başa düşürəm ki, həyatın ən qiymətli anlarını qəzəb və nifrətə sərf etmək əbəsdir. Yaxşılığın həddi olmadığı kimi, minnətdarlıq hissinin də həddi yoxdur. Ona görə də bütün düşmənlərimi bağışlayıram. O jurnalisti də. Mən kiməm ki, onları ittiham edim? Qoy Allah bilsin, nə etmisənsə, ya bu dünyada, ya da o dünyada qarşına çıxacaq.
Yəni budur, biz buna görə yaşayırıq? Hələ 1916-cı ildə akademik Vladimir Mixayloviç Bexterev bu barədə demişdi: "Ölüm yoxdur, İlahi!". Yoxdur ölüm! Bunu sübut etmək də olar. Və tamamilə məntiqi olaraq sübut etmək. Şəxsiyyət ölmür!". Bəs bu nə deməkdir, Qanunun başqa üzüdür? Qanunun tətbiqi zamanı onun təsiri yaşda, necə deyərlər, aşkarda göründüyü qədər deyil, ən azı daxilən. 1886-cı ildə, ölümünə bir il qalmış, 23 yaşında Semyon Yakovleviç Nadson yazırdı:
Deməyin ki, "o ölüb". O yaşayır!
Qoy şikar da ovlansın - od hələ də püskürür,
Qoy çiçək də dərilsin - ətri hələ qoxuyur,
Qoy arfa da dağılsın - səsi qulağı deşir!
Burada da Qanunun başqa bir halını istedadın ilkin ənginliklərində görmüş oluruq. Və əlbəttə ki, bütün zamanların dayanıqlı, azadlıqsevər insanları istər şüuri, istərsə də qeyri-şüuri şəkildə, lakin daima Qanunu rəhbər tutaraq anlayırdılar ki, hədd yoxdur.
Yerin Cənub qütbünü kəşf edənlərdən biri, öz məqsədinə çataraq geri dönərkən yol yoldaşlarıyla birgə aclıqdan və şaxtadan həyatını itirmiş Böyük Britaniya Kral Donanmasının kapitanı Pobert Falkon Skotu xatırlayaq. Lord Alfred Tennison "Uilis" şeirində məhz belə sınmaz adamlardan söhbət açırdı:
Olsun, lap güçümüz tükənib,
Əvvəlki kimi, yerlə göy arasında oynamır,
Özümüzük; taleyin və illərin yorğunu,
ürəklərimiz mərdanə,
və inadımız çağırır bizi usanmadan,
savaşaraq axtarmaq, tapmaq, təslim olmamaq.
Sonradan bu şeirin axırıncı misrası xatirə lövhəsi kimi iri bir taxta xaçın üzərinə həkk olundu.
Əminəm, Qanun öz işini görməkdə davam edir. O, təbiətin bizə bəxş etdiyi fürsətləri hüdudsuz şəkildə genişləndirir. Ondan ayrılmayın, həyatınıza tətbiq edin və çox şeylərə nail olacaqsız.
Nəhayət, "No limits" barədə bu qədər.
Tərcümə etdi: Məqsəd NUR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!