Çağdaş Monteneqro şeiri
Slobodan Vukanoviç (1944) - Monteneqronun tanınmış ədiblərindəndir, peşəkar ədəbiyyatçıdır. Podqoritsada yaşayır. "Ulduz qələmləri", "Gəmi dəftərindəki qeydlər", "Monteneqronun kosmik köçü", "Sonra nə edək?", "Qaşıq-qayıq, qanadlı balıqlar xətib Yeromonaxı aparırlar", "Duman qoxulu evlər", "Zəriflər üçün deyil", "İnanmazsan, Amaliya yel dəyirmanına çevrildi", "Balet üçün beş libretto" və başqa şeir kitablarının, "Kəfkir-Açar", "Tucemil işıldaböcəkləri" romanlarının müəllifidir. Onlarca uşaq kitabları nəşr edilib. Əsərləri dərsliklərə salınıb, dram əsərlərinə quruluş verilib, 30-dan artıq toplu və antologiyalarda əsərləri əsaslı şəkildə yer alıb.
Artıq yoxdur
Qurbağa quruldayır,
Baxışlarım arzuları geyinir.
Qəfəsdəyəm.
Azadlıqdı arzum.
İlgək - qorxu bağının çiçəyidir.
Mahnılar ümid vermir.
Gələcək yoxdursa,
Keçmiş - cənnətdir.
Azadlıq qəfəsdən qurtula bilməz.
Baxışlarım arzuları geyinir.
An yüzildirsə,
Gözləmək əbədiyyətdir.
Zaman məni geridə buraxıb.
Geridəqalmışlığı düzəltmək olmur.
Zeytun ağacına səbrinə görə qibtə edirəm.
Qızılgülə qoxusuna və məğrurluğuna görə.
Bağışlama və etiraf bitib artıq.
Etibarlılıq müddəti uzadılmr.
Labirint
Əbədiyyət arzulayan o an ki var,
Bax həmin anda da öldün.
Ölüm gözəlliyin ödəncidir.
Düşüncə unudulmaqdan xilasdır.
Boş yerə düşmüş kometi
min illər sonra tamam başqa cür
anlamaq və yozmaq olar.
Hər şey başlanğıcdır.
Sərhəd kimi.
Heçlikdə bərabərlik.
Bütün məxluqatın bərabərliyi.
Arxeoloq mənanı axtarır.
Sən özün kimin haqlı olduğuna qərar ver.
Ya da Hamlet ol.
Çoxbilmişlik baş ağrıdır.
Qarışqa uzununa gedir,
quşlar hündürlükdə uçur.
Zeytun uzun zaman içində bar verir.
Əncir - anın şahıdır.
Labirint - taleyimizdir.
Qurbağa olmaq istəyirəm
Yağışlı hava kimi hiss edirəm özümü.
Küləkli hava kimi.
Yandırıram, günəşliyəm demək.
Bütün bunlar ötüb-keçəndə
bulanıq sudakı qurbağaya dönürəm.
Yulaf qoxusu məhv edib məni.
Sualları, yox qayğıları var.
Mən bitmiş və itmiş adamam:
narınginin ətrində,
süsən-sünbülün rəngində,
qadının dadında.
Dərman axtarmaq günahdır.
Axtarırsansa bədənini incidirsən.
Əhval - qəlbimin çərxidir.
Qurbağa olmaq istəyirəm.
Tərcümələr Səlim Babullaoğlunundur
İllüstrasiya: Aleksandr Şabanov "Labirint"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!