Aydının şeirlərinə "son söz"lərdən biri
"İnostrannaya literatura" jurnalının müxtəlif saylarında oxuduğu, xoşladığı əsərləri toplayıb bir "dəftər" düzəltmişdi. Öz jurnalını: üz qabığına Mariya Tüdorun, arxasına Edqar Deqanın portretini, arxa üz qabığına sulu boya ilə çəkilmiş natürmort, ondan əvvəl isə bir yapon miniatürü yapışdırmışdı. Səhifə sayından, sıralamadan, vərəqlərin sarılıq dərəcəsindən bilirsən ki, müxtəlif illərin nəşrləridir. Bəlkə, elə jurnalın həmin o xoşladığı əsərləri dərc olunan saylarından cırıb qoparmışdı. Yalnız bir yerdə - Tonino Querranın şeirləri olan "şmustitul"dakı qara flamasterlə edilən qeyddən anlaşılır ki, həmin hissə jurnalın 1979-cu ildəki VII sayına aiddir. Bir də mənim qeydim var girişdə: "08.01.2002".
XX əsr Azərbaycan poeziyasının bir çoxlarının bilmədiyi böyük isimlərindən, şairlərindən olan Aydın Əfəndinin dediyim "dəftər"ini mənə Həmid Herisçi bağışlayıb. Niyəsini özü bilir yəqin... O "dəftər"in arasında bir vərəq kağız da vardı: Aydının öz əlyazısı ilə bir şeiri. 18 il keçib həmin vaxtdan.
Bir ara çox vərəqləmişdim. Oxumuşdum. Aydının kimləri və niyə oxuduğunu, oxuduqlarının ona insan kimi, şair kimi necə təsir etdiyini çox çəkçevir eləmişdim. Bu, müəllimlərinin, öyrəndiklərinin, yəqin ki, hamısı deyil: Tonino Querra (şeirlər), Jan Pol Sartr ("Divar"), Takayuki Kiyöoka, Kotaro Takamura (şeirlər), Ceyms Coys ("Rəssamın gənclikdəki portreti"), Tomas Vulf ("Məğrur bacım ölüm")...
Bəzi cümlələrin altı xətlənib, məsələn: "Cəhənnəmin ən son, ən dəhşətli əzabı onun əbədi olmasıdır".
1959-cu ilin 26 noyabrında anadan olmuşdu Aydın Əfəndi (Aydın Niyazi oğlu Əfəndiyev). Deyirlər, gözəl riyaziyyatçıymış, elmi adın məsələyə elə bir dəxli yoxdur, hərçənd müdafiə də eləyibmiş. Bir müddət xaricdə, gərək ki, Finlandiya universitetlərinin birində mühazirə də oxuyubmuş.
Rusca yazırdı. Rusca rus şairlərindən daha yaxşı yazırdı. Bunu da eşitmişəm ki, Yusif Səmədoğlunun təqdimatıyla "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub bir vaxtlar. 1996-cı ildə dünyasını dəyişib. 37 yaşında. Şeirlərindən anlaşılır ki, həssaslığı üzündən "dərisi soyulubmuş", ya da başqalarına soyuq olduğundan bilərəkdən "itiribmiş" onu üst paltarı kimi. Və bu cür adamlar haqqında danışanda "öldü" sözündən sonra vergül qoyub, "çünki yaşaya bilmədi" yazmalısan. Yeri gəlmişkən, 18 ildi saxladığım "dəftər"də altı xətlənmiş cümlələrdən də biri budur: "Onun həyatı mənimkindən qiymətli deyildi". Heç vaxt görüşməmişik. Görüşmədiyimizə təəssüfləndiyim şairlərdən biridir. Bəzən stixiyasına görə Bodleri xatırladır Aydın. Amma təkcə stixiyasına görə yox və doğrusu, bir az da buna təəssüflənirəm. Aydın "mən"i olan poeziya(sı)nın və elə yaşantılarının da sərhədinə gəlib çatmışdı, dalana dirənmişdi - keçə bilsəydi, başqa ruhi müstəviyə qədəm qoyacaqdı. Yəni və yəqin, başqa cür də yazacaqdı. Olmadı.
Onun öz əlyazısı ilə təqdim etdiyimiz 1989-cu ilə aid "Həyat" şeirinin arxasında diyircəkli göy qələmlə və Aydının Eliotu anlayacaq qədər yaxşı bildiyi ingilis dilində "This bridge is the finest in London" və "He is my oldest friend" ("Bu, Londonun ən yaxşı körpüsüdür"; "O mənim ən qədim dostumdur") cümlələri yazılıb; sonra da rus dilində rənglərin adı: qara, qırmızı, ağ, boz, sarı, göy... Mənə, nədənsə, elə gəlir ki, bu, Aydının şeirlərinin və ovqatının spektrinin rəngləridir...Vərəqin lap aşağısında isə eyni xətlə, amma mürəkkəbdən bəlli olur ki, başqa diyircəkli göy qələmlə və hamısı da böyük hərflərlə bu sözlər yazılıb (latın qrafikası ilə): "Bismillahir-Rəhmanir-Rəhim". Yəni "(bu dünyada hamıya) Mərhəmətli və (o dünyada yalnız möminləri) Bağışlayan Allahın adı ilə".
Səlim Babullaoğlu
Aydın ƏFƏNDİ
Sənan Qurbanova
Əzizim Sənan,
mən şeiri
sən gözəlləri -
"özününkü"ləri, "özgə"ləri
sevdiyin kimi sevirəm,
inan!
And olsun, Aya -
o yatanda belə,
and olsun Günəşə -
məni oyadanda belə,
zəif ürəyimə,
tozlu üzümə,
bir də and olsun
olacaqların özünə:
bu heç də hamıya
lazım deyil!
Kamal Əhmədə
Kamal, biz yoldayıq
heçlikdən heçə,
ölü torpaqdan ölü təbiətə.
Olsun ki, həyatın heç asan deyil,
mən də bal yemirəm, yəqin, bilirsən.
Bizimki, bilirsən, yalnız şərabdı,
Xəyyam da içərdi bir vaxtlar ondan.
Sən qoru özünü, dühanı qoru.
O hələ gərəkdir sənin qızına,
"təkgöz" arvadına, mənə, hamıya,
xalqa, kainata, əbədiyyətə.
Özünə ada yarat
Yarat,
Özünçün yarat,
Arxayın və rahat,
Həyəcansız, şübhəsiz
Əyləncəsiz, fikirsiz, əndişəsiz
Amma özünçün yarat,
Amma özünü yarat,
Özünü hər zərrədə -
Otda, çəməndə, şehdə,
Ya meşədə, ya evdə,
Bizə isti olmaqçün
Bir az da odun uman, çır-cırpı arzulayan,
Sonuncu kömürüylə işım-işım bərq vuran
Həyətdə o közərən həmin tonqalda ərit.
Bəxtimiz də gətirib:
Bütün bu insanları, ölkələri, dünyanı
Həm ilk dəfə görürük,
Həm də sonuncu dəfə.
Gərək elə yaşayıb elə də öləsən ki,
yaşayıb görəsən ki,
hamının yeri isti, hamının qəlbi aram.
Yarat, özüncün yarat,
Yarat, özünü yarat,
Tənhalığında bərki.
Ana
Büsbütün donmusan,
Öz nimdaş paltonda dayanmısan
Bu sərt dekabrın fani saatında,
sonuncu avtobusu gözləyirsən,
və inanırsan ki, səma
mavi, parlaq mavi, masmavidir daima.
Amma oğlun boşluğa söykənib
hər şeyi görür.
Ana,
sənin oğlun tənhadır, tənha.
Ana,
oğlun heç kimi yarıtmadı da.
Ana,
oğlun naməlum yolların ayrıcında
bilmir nə etsin.
Bağışla
Bağışla ki,
gənc idim,
və səni
belə tez
itirdim.
Əgər
Əgər məni soruşsalar,
de ki, mən yoxam.
De ki, mən işdəyəm,
de ki, mən yoxam.
Vida naharına dəvət etsələr -
de ki, mən yoxam.
Məşhur tamaşaya bilet versələr -
de ki, mən yoxam.
De ki, gündoğana baxmağa getdim,
Və de: qayıdacam min ildən sonra.
Nəğmə
Mənə ölkələrdən danış -
uzaq və nağıl kimi olsun.
Mənə səyyarələrdən danış -
insanları kəpənək kimi olsun,
dalaşmasınlar,
cənnət kimi olsun yaşayışları.
Mənə eşqdən danış -
həqiqi, sədaqətli olsun,
yollardan danış -
sonu bilinməsin, uzun olsun.
Danış mənə:
zərrədə özünü necə tapırsan?
Bircə necə yaşadığımdan söz etmə,
bircə bu haqda heç kimə danışma.
Həyat
Adamlara inansan,
Ümid etsən hər kəsə
Aldadıb cib kəsərlər,
Sarsaqsan söyləyərlər,
Dəlixanaya atıb
Küçük kimi döyərlər.
Qazanc güdüb yaşasan,
Fənd-fellə yaltaqlansan,
Hamını yoluşdursan,
İşgüzar ad çıxarsan
Qusarsan, iyrənərsən
Özün də bu həyatdan.
Qoyun necə xoşdu, elə yaşayım,
Bacardığım kimi, öz ürəyimcə,
Hələ ki küləkdə gözləyir kölgə,
Hələ ki kölgəni pozmayıb külək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!