Çağdaş Moldova şeiri - Qriqore Kiper

 

Qriqore Kiper (1959) - şair, nasir, ədəbi tənqidçidir. Moldovanın cənubunda, Kopanka kəndində anadan olub. Kişinyovda yaşayır. Moldova və Rumıniya Yazıçılar birliklərinin, Beynəlxalq PEN Təşkilatının üzvüdür. "Contrafort" jurnalı bədii şurasının üzvü, "Quadrat" dərgisinin məsul katibidir. "Güclə sezilən" (1990), "Falset" (1991), "Mavi dövr" (1997), "Çexov deyə öz-özümə söyləndim" (2001), "Roman-simulyakr" (2010), "Formallıqlar" (2015), "Violonçel və başqa səslər" (2000), "Ayaq altından sürüşən qum" (2014) şeir və nəsr kitablarının müəllifidir. Rumın ədəbiyyatı və poeziyasında üslub məsələləri ilə bağlı tədqiqatları, kitabları var. Bir çox milli ədəbi mükafatlara layiq görülüb.

 

 

Təsadüfi kəlmələr

 

Tanış küçə

boğazından yapışır.

Addımların

qan qoxuyur.

Zənginlərin zərif parçasına

təşviş birəsi düşüb.

Ümidsiz həyat

yatmış gözəlçədir.

Saatların zəngi

dodaqları kilidləyir.

İlham pəriləri təşvişlər

ah çəkirlər.

Qaranlığın zəmisi

bəlli sondur.

Maviliyi özüylə aparan vərəq

tikanlı məftil boyunca

qasid kimi çapır.

 

 

***

Biz buludların

yerdəyişməsini gördük,

bizə vətən ola biləcək məkana

qibtə elədik.

Çəməndə şüşə qırıntılarına bənzər

izlər gördüm və düşündüm ki,

bu şənbə naharından

sonrakı dibsizliyə enən

o kimsənindir.

Mən əbədi sadəlövhlüyü də gördüm,

var-gəl edən, narahat şəkildə,

quşlar kimi

yuxarıda həbs olunmuşdu,

bəlkə də

buludların damında.

Sübh vaxtı bir buynuz şeypur da gördüm,

ha cəhd elədimsə də

onda artıq heç bir səs qalmamışdı.

 

***

Gözlərim

köçəri quşların yolundadır.

Uzaqdadır Cənub.

Payız sönübdü.

Adamlar dostlarına

qəddar xəyanətləri düşünürlər.

Yarpaqların və sözlərin izlərinə aldanma.

İlk şaxtalar onları qəfil yaxalayacaq.

Yalnız seçkinlər kiminsə ardınca getmirlər.

Gedənlərin dönmədiyi ev kimi

hər şey adamı üzür, incidir, naməlumdur.

Hisslər sonuncu baxışların

müqavimətini qırır,

həyat davam edir:

o qədər dolğun ki,

səni yenidən tanımaq istərdim.

 

 

***

Küçələr toran keçidə dönür -

qaranlığın işi budur.

Fikir yenə uçur,

ona çatmaq olmur.

Zaman ilanı udub,

oyuncaq əsgər fiquru kimi,

bizi də udacaq.

Soyuqla yeni tanış olan

otlar görünür.

Qarın əridiyi məhəllələrdə belə

qış hələ uzanır.

Dünya dəyişəcək.

Mənə belə gəlir.

 

Kitabxana

 

Kitabxanam demək olar ki,

oxunmayıb.

Monterlan, Paveze, Klaus, Mann,

bizimkilərdən Urmuz...

Ayırıram onları,

necə ki, onlar da

həyatı ayırmışdılar.

Gecələr yaxınlaşır,

gündüz onlardan ayrılıram.

 

Qırx yaşında atam

 

Qış idi,

dəqiq də olmasa yadımdadır.

Atamın qırx yaşı tamam olurdu.

Qonaqlar bir müddət bəyaz işıqlı

otaqda oturdular.

Sonra da mövsümə uyğun

paltarlarını geyinib getdilər.

 

Atama elektrik üzqırxanı

hədiyyə eləmişdilər,

yaşıl qutudaydı:

əhəng rəngli sürüşkən parçaya

bükülmüşdü.

 

Birinci sinifdə dərslərə davam elədim,

ötən payızdakı pis qiymətlərim

keçmişdə qalmışdı -

lazımsız əşyalar yeşiyinə

atılmış bu yaşıl qutu barədə

xatirələr qədər də uzaq deyildi

amma.

 

 

Mütaliə

 

Yadımda deyil,

kitabı özümmü almışdım,

ya ola bilsin hədiyyə etmişdilər,

hər halda onu baqajda tapdım,

maşından.

Xatırlayıram, qışın sonu idi,

dəyişkən qar dənəcikləri

tökülürdü göydən.

O, üzqabığından ciddiyyətlə baxırdı,

hərçənd onun şeirlərinə etibar eləmirdim,

gücümü, sanki alırdı əlimdən,

özünü atılmış kimi hiss etməyə qoymayan

paltar kimi,

qadın kimi,

kainat kimi deyildi,

əsla heç bir yaxınlıq hiss etmirdim.

Amma üzqabığının nə günahı.

Gülməlidir.

Və sən onunla vidalaşırsan.

Tərcümələr Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!