Bədbəxtlər şəhəri... - "Vəziyyət ruscadır" - IV yazı - PƏRVİN

PƏRVİN

1868-ci il mayın 10-da "Russkiy vestnik" jurnalında nekroloq yayımlanır:

"Mərhum Saltıkovun dövrün ruhuna uyğun olaraq, nəhəng ədəbi istedadını sərf etməsi hesabına yaratdığı siyasi satira çətin ki, bir də əmələ gəlsin. Çünki zamanını yaşayıb və elə öz Yaradanının sağlığında təbii bir şəkildə ölüb. O heç bir siyasi partiyanın üzvü deyildi. Kifayət qədər tünd, qaramat və aydın olmayan dünyagörüşlü yazıçı kimi isə daha çox inkarçılıq və istehzaya yol verib, xalqında səfeh şəhər "Qlupovun" qlupovlularından yaxşı heç nə görməyib". 

Bəli, bu nekroloqdur. Yəni görkəmli bir insanın vəfatı haqda mətbuatda yayılan xəbər. Rus satirik yazıçısı Mixail Saltıkov-Şedrinin ölümündən sonra verilən bu mətnin altı da, üstü də qəzəbdi, kindi... Oxuyanda təəccübləndim, amma sonra düşündüm yəqin "ölənin dalısıyca danışmazlar" - adəti ancaq bizlərə məxsus qaydadı. Amma yadıma düşdü ki:

"Yanvarın 4-də tanınmış türk jurnalist və dramaturqu, "Molla Nəsrəddin" satirik jurnalının redaktoru Cəlil Məmmədquluzadə vəfat etmişdir.

Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin ədəbi təxəllüsü belədir) 1905-ci il inqilabından sonra fəhlə sinfinin yaxın yoldaşı kimi meydana çıxmış demokratik xırda burjuatürk ziyalıları qrupunun tipik nümayəndələrindən biridir. O öz jurnalında xurafatı, məişət qalıqlarını, feodal münasibətlərini qamçılamış, din xadimlərinin, türk burjuaziyasını və çar Rusiyasının müstəmləkəçilik siyasətini ifşa etmişdir.

Sovet həqiqəti şəraitində Molla Nəsrəddin sosializm quruculuğunun gur inkişaf sürətindən geri qalmışdır. Onun jurnalı öz əhəmiyyətini xeyli dərəcədə itirmişdir.

Bu yaxınlarda "Molla Nəsrəddin" jurnalı mübariz allahsızların döyüşkən orqanına - "Allahsız"a çevrilmişdir". 

Bu isə 1932-ci ildə "Bakinski raboçi" qəzetində yayımlanmış nekroloqdu. Göründüyü kimi, dahi Mirzə Cəlilin ölümü haqqındadır... Hər iki yazıçı aralarında təxminən yarım əsr fərqlə öz millətinin yaşam və düşüncə tərzinə, məişətinə, problemlərinə aid ağrılı məsələləri qələmə alıb, tənqidi realizm istiqamətini, satira janrını inkişaf etdirib, güldürərək düşündürməyə çalışıb. Elə isə nədir problem?! Əgər elə nekroloqlarda da deyildiyi kimi, bu sənətkarlar yaşadığı zamanın naqis cəhətlərini hədəfə alıbsa, "çar müstəmləkəçilik siyasətinə" qarşı çıxıbsa, dünyasını dəyişəndən sonra da onları belə qaralamağa, köhnənin qalığı kimi damğalamağa, millətini sevməməkdə ittiham etməyə səbəb nədir? Bəlkə həqiqəti söyləmələri? Yaxud problemlərin üstünə gur işıq salmaları? Qaraya ağ deyə bilməmələri?! Müqayisə təbii ki, yersizdi, amma Saltıkov-Şedrin yaradıcılığının dərinliyinə getdikcə, ələlxüsus "Bir şəhərin tarixçəsi" romanını oxuduqca məhz Mirzə Cəlil və onun taleyi, mübarizəsi göz önünə gəlir. Məsələ, sadəcə, eyni janrlarda, oxşar problemlərin qələmə alınmasında deyil... Həqiqətin, zəhər kimi acı gerçəkliyin göstərilməsindədir. Və bu sənətkarların yaşadığı dövrü, tarixi hadisələri gözdən keçirəndə başa düşürəm ki, ayrı cür mümkün də deyildi. Ədəbiyyatı ictimai həyatdan və zamanın axsaq tərəflərini Sənətdən ayrı görməyən ziyalı üçün susmaq çətin olardı. Elə bu susmamağın, çağdaşların da, gələcək nəsillərin də ittihamlarını gözə alıb ağı ağ, qaranı qara yazmağın özü də vətən sevgisi deyilmi? İntəhası, bu elə bir dövrdü ki, tünd boyalar daha çoxdu və Şedrin nekroloqunda deyildiyi kimi, - sənətkar "qaramat" dünyagörüşü (dünya e!) sərgiləməyə məcburdu...

Elə neçə həftədi ki, bundan danışıram... İstedadlı, xalqını işığa çıxarmaq istəyən, sənətdə inqilab, şüurlarda çevriliş etməyə çalışanlar ya boş bir səbəbdən dueldə ölüb gedir, ya da sürgünlərdə çürüyürdü. Qoqolsayağı öz-özünü "yeyib bitirmək" də elə-belə işdi. Yeri gəlmişkən, Qoqolun ölümü də əsərləri kimi fantastik, qəribə olmuşdu. Letargik yuxudan qorxan sənətkar öz fobiyalarının qurbanı idi... "Ölü canlar"ın ikinci hissəsini yandırmağı, "cəsədimin çürüməyini gözləyin" - deməyi, ölüm aclığı ilə sonunu yaxınlaşdırmağı indi psixiatorların araşdırma mövzusudur. Ancaq zamanı və bu zaman içində baş verənləri ayıq başla görən, üstəlik, bunları qələmə ala bilən sənətkarın halını anlamaq üçün elmi-psixiatrik təhlillərə ehtiyac da yoxdu. Hər şey aydındı... Böyük və zəngin bir imperiyanın vətəndaşı olan insan heçdi, sadəcə, alətdi, kütlə hakimiyyət əlində plastilindi... Və bu halından məmnundu! Ya da məmnunluq və xoşbəxtlik onun boynuna qoyulur... Amma bunları yazmaq, yatanları ayıltmaq da xatalıdı. Yaradıcı beyinin üsyan məqamı gəldisə, susa bilməz, yeni formalar tapmaq, Ezop dilində yazmaq, sanki hansısa uydurulmuş ölkənin olmayan camaatından danışmaq çıxış yoludu. Mixail Saltıkov-Şedrin də bu yolla gedir. Hələ ilk povestlərindən başı bəlalar çəkmiş sənətkarın ayrı yolu da yoxdu. "Ziddiyyətlər" və "Dolaşıq iş" əsərlərinə görə həbs edilən, sonradan Vyatkaya sürgün olunan Mixail Yevqrafoviç həqiqəti yazmağın fəsadlarından xəbərsiz deyildi. 1855-ci ildə sürgündən Peterburqa qayıtmasına, həm ictimai həyatında, həm karyerasında, həm də yaradıcılığında uğurlar qazanmasına baxmayaraq, yazıçı mövcud şəraitlə barışa, haqsızlıqlara göz yuma bilməzdi. Ona görə də "Quberniya oçerkləri"ndə təhkimçilik quruluşuna ikrahını, təhkimçi kəndlilərə mərhəmət hissini gen-bol yazır. Mənə görə isə yazıçının "yuxarılara" da,  "aşağılara" da münasibətini ən dəqiq ifadə etdiyi əsəri məhz "Bir şəhərin tarixçəsi"dir. Guya hansısa səlnaməçinin, arxivariusun əldə etdiyi, topladığı materiallar əsasında yazılmış roman gerçək hadisələrə eyhamlarla, tanınmış tarixçilərin yazılarına istehzalı istinadlarla, anaxronizmlərlə, qrotesk detallarla, simvolik soyadlarla və bürokratik absurdu parlaq şəkildə parodiya edən sənədlərlə doludur. Yazıçı özünü arxiv yayımçısı kimi qələmə verir, lakin "material"a müdaxiləsini də gizlətməyə çalışmır. Hələ sağlığında Şedrin tez-tez Qoqol ilə müqayisə olunurdu. "Bir şəhərin tarixi" bu müqayisənin əsaslı olduğunu  təsdiqləyir; yalnız bürokratiya dünyasını ələ saldığı üçün deyil, həm də ictimai bəlaları poetik və gerçək dəhşət kimi təsvir etdiyi üçün.

Beləliklə, Qlupov (bu adın da rusca "qlupiy" - "səfeh" sözündən götürülməsi təsadüf deyil) şəhərinin yaranma tarixçəsindən danışan sənətkar deyir ki, bu bədbəxtlər, onları pərişanlar adlandırır hansısa qəribə tayfalara qalib gəlib öz ölkələrin qurublar, intəhası ona rəhbər tapmaq bir az çətinləşib. Kimdən xahiş edirlərsə, bu şəhərin qubernatoru-başçısı olmaq istəmir. Nə baş verirsə, yuxarılar düşünürlər ki, axı axmaq adamlara rəhbərlik etməyə nə var... Ona görə bir-birinin ardınca çoxlu şəhər başçısı göndərilir Qlupova. Və bu başçılar da elə qlupovlulara "yaraşan" adamlar olur...

Başında beyin əvəzinə balaca bir musiqi aləti - orqan gəzdirən başçı ikicə söz deyə bilir - dağıdaram və dözmərəm... Əslində, bu sözlər də öz düşündüyü yox, başdakı mexanizmin çıxardığı səsdir. Xalq narazı qalır bundan, qoy lap söysün, dava eləsin, kimisə tutub içəri atsın amma daha iki söz yox da... Bəli, burada millətlə hakimiyyətin qarşılıqlı münasibəti satirik şəkildə təsvir edilir. Hər gələn başçının əndrəbadiliyindən təlaşlanan kütlə necəsə yaşamağa və qoyulan təzə qanunlara uyğunlaşmağa çalışır, özü də sevə-sevə...

Əslində, yazıçı bütün varlığı ilə hadisələri daha qədimə, çar hakimiyyətindən də əvvələ aparmağa, "getsin o günlər, gəlməsin" ovqatında danışmağa çalışır. Lakin dəmir yolu, teleqraf kimi anaxronizmlərlə hadisələrin harda təsvir olunduğuna da eyham vurur. Və əsər ictimai yükü, sosial problemlərin qabardılması səviyyəsi ilə yanaşı sənətkarlıq xüsusiyyətləri baxımından da diqqət çəkir. Belə ki, çağdaş ədəbiyyatşünaslıq Şedrini Svift ("Qulliverin səyahətləri") və Rable ("Qarqantua və Pantakruel") ilə müqayisə edir. Həqiqətən "Qlupovlular" haqda oxuduqca istər-istəməz Sviftin "cırtdanlar ölkəsi" ağıla gəlir. Və başa düşürsən ki, fiziki cırtdanlıq sadə məsələdi. Daxili cılızlıq və qaydalar qarşısında boynubüküklük daha ciddi problemdir... Və bu problemi görən, duyan sənətkarın belə acı reallığı dəqiqliyi ilə yazması çoxlarını qıcıqlandırırdı. Hələ öz zəmanəsində Şedrini "yeyib-içib harınlayan", "qınından çıxıb qınını bəyənməyən" adlandıranlar çox idi. Çar hakimiyyətinə bir növ danos göndərib "xalq düşməninin" yerini nişan verənlər də tapılırdı. Amma yazıçı bütün ittihamlara cavab verir, lazım gələndə "tarixilik" pərdəsini də çəkirdi yazdıqları üstünə.

"Mənim ədəbi yaradıcılığımın dəyişilməz predmeti - özbaşınalığa, yalana, xəyanətə, vəhşiliyə, boşboğazlığa qarşı etirazdı. Yazdıqlarımda nə qədər istəsəniz eşələnin, ayrı bir şey tapa bilməyəcəksiz..." Bunu əsərlərində müxalif düşüncə axtaranlara cavab olaraq deyirdi Mixail Yevqrafoviç, amma bir tərəfdən baxanda bunlara qarşı çıxmaq elə mövcud rejimi "anlatmaq" deyildimi? Sadəcə bu olanlara etirazla, millətə etirazı, ağrılı nöqtələrin yazılması ilə xalqa münasibət qarışdırılmamalıdı. Axı elə Şedrinin də Borodavkini, Uğryum Burçiyevi, Prışı xalq demək deyil. Heç bunlara tabe olub, diz üstə deyiləni edən də millət deyil. Bəlkə millət, xalq olmaq üçün "xammaldı" əslində... Ona görə də yazıçı əsərin sonunda məşum bir "O"nun gəlişini təsvir edir. "O"nu xalq qəzəbi tornadosu kimi yozanlar da var, amma bunun nə olduğu dəqiq açılmır... Bəli, Qlupovlar şəhəri də, əzazil Burçiyev də məhv olur və bu xalqın taleyinin necə olacağı sual altında qalır. Bəlkə əslində suala cavabı tarix verməlidi... Şedrin sonranın necə olacağını bilmirdi! Biz bilirik amma... Şedrinin tənqid etdiyi Çar hakimiyyətindən sonra dünyanı Stalinlər, Hitlerlər idarə etdilər. Dərinə gedəndə bütöv XIX əsr ədəbiyyatı "Hamı bir nəfərçün" ideyasının (Çünki "bir nəfər hamı üçün" elə-belə sözdü deyilir...) vahiməli tərəflərini izah edib... Puşkin - rus inqilabı mənasızdı, Dostoyevski - inqilab uşağın göz yaşına dəyməz - deyəndə, Tolstoy napoleonizm ideyasını yerlə-yeksan edəndə sanki yeni əsrdəki bəlaları öncədən görürdülər. Həyəcan təbili ilə oyatmaq istəyirdilər insanlığı... Amma:   

"Mən böyüyəndə, birdən-birə dəhşətli bir həqiqət açıldı qarşımda. Atamanlar, yönsüz Klemantinlər, mayor Prış və Uqryum-Burçeyevlər Saltıkov-Şedrindən daha çox yaşayıblar. Bax onda mənim ətraf mühitə münasibətim matəmə büründü".

Mixail Bulqakov yazırdı bunu... Və necə də haqlı idi. Ümumiyyətlə, Şedrin üslubu ən yaxşı sovet satiriklərinin, İlf və Petrovun, Y.Oleşin tərzinə,  Bulqakov və Platonovun yaradıcılığına müsbət təsir göstərdi.

Və 1952-ci ildə Stalin yoldaş çıxışında dedi ki - "Bizə Qoqollar lazımdı, Bizə Şedrinlər lazımdı..." Qoqollar, Şedrinlər Çar hakimiyyətinin "iç üzünü açıb göstərdiyi, ifşa etdiyi" üçün lazım idi... Hər halda, belə yozulurdu onların bütün mətnləri... Amma zamanın çərxi öz işində idisə hökm də qaçılmazdı. 1 il sonra Stalin öləcəkdi! Və ab-havanın mülayimləşməsi ilə yeni bir dövr, yeni bir era başlanacaqdı... Onda Qoqollar, Şedrinlər sənətdə başqa bir istiqamətin, axının mənbələrindən biri olacaqdılar!

Buna hələ çox var... Hələ insanı yazmaq, onun nə qədər "geniş" varlıq olduğunu anlatmaq lazımdı! Saltıkov nə qədər milli idisə, rus insanını yazırdısa, Dostoyevski bir o qədər dünyəvi idi... Bu haqda isə gələn dəfə!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!