"Bizim zəmidən bir ovuc saman qalacaq küləklərə..." - Şeirlər - Hacər FƏRHADİ

 

Çağdaş İran şairi və rəssamı Hacər Fərhadi 1984-cü ildə İsfahanda anadan olub. Bədii yaradıcılığa qəzəl yazmaqla başlayıb, sonra modern şeir formalarına üz tutub. 2010-cu ildə nəşr olunan "Sətirlər arasında bir ovuc daş" adlı ilk şeir kitabı İranda böyük rezonans doğurub, təqdir və tənqid olunub, müsabiqədə uğur qazanıb. Sonralar xanım Fərhadi daha çox rəssam kimi fəaliyyət göstərib, əsərləri ölkədə və xaricdə keçirilən bir çox sərgilərdə nümayiş etdirilib. 

 

Bir ovuc saman qalacaq küləklərə

 

Həkim deyiləm,

amma sənə on dəqiqə

küçənin kənarındakı daşların üstü ilə getməyi

məsləhət görürəm!

Anlayasan ki,

ağıllı olmaq yaxşı şeydir,

amma dəlilik

daha gözəldir!

 

Sənə yoluna çıxan

uşaqlara gülümsəməyi

tövsiyə edirəm.

Biləsən ki,

təmənnasız sevmək mümkündür hələ də.

 

Sənə təklif edirəm ki,

hərdən ucadan güləsən!

Harada olsan,

bir nəfər daim

sənin gülüşlərini gözləyir...

 

Həkim deyiləm,

amma sənə

məsləhət görürəm ki,

şad olasan!

Günəş hər səhər

bizim yaşamağımız üçün doğur!

Heç vaxt xəyali sabahı gözləmə...

Həyatdan sevinc payını elə bu gün götür...

Unutma,

məqsəd heç də həmişə

yolun sonundakı yer deyil!

Məqsəd

atdığımız addımlardan

həzz almaqdır!

 

Çayını iç,

sabahın dərdini çəkmə!

Bizim zəmidən

bir ovuc saman qalacaq küləklərə...

 

 

İçimdən bitib bu ağac

 

İçimdən bitib bu ağac.

Külək olsan,

əllərimi anlayarsan,

damarlarımı dinləyərsən.

 

İçimdən bitib bu ağac.

Külək olsan, keçərsən.

Qar olsan...

 

 

Domino

 

Gözünü qırpınca,

günlər

bir-birinin ardınca

qopub düşür.

Sonuncu parçası da

qəbir daşı olacaq.

Nəfəslər

 

Məcazla danışıram mən.

Və bu şeir

həmin otaq, həmin yerdir.

 

Yazıram "dalğa":

Sən qucağını dənizə aç,

əllərinlə mənə bax,

əllərimə bax!

 

Rahat ol, bağla pəncərəni!

Nəfəslərimiz

təzələyəcək

otağın havasını.

 

 

Sən məni tapmırsan

 

Bir göyərçin

yuva qurub

saçlarımda.

Bir hörümçək

tor bağlayıb

ağzımın üstündə.

 

Sən məni tapmırsan,

və yavaşca

ötüb keçirsən.

Dəniz

 

Dənizdir -

ayağını irəli qoyur,

ayağını geri çəkir...

 

 

Toxuduğum sözlər

 

Biri alt,

Biri üst...

Sözlərin kələfi

Aşağı enir millərdən.

 

Qarlı günlərdə

şeirlərimlə gəzə bilərsən.

Şeirlərimlə nəğmə oxuya,

şeirlərimlə isinə bilərsən.

 

***

Mənim toxuduğum sözlər

Sənin və heç kəsin

dərdinə dərman olmur.

 

Sənin ürəyin titrəyir,

mən isə

qulaqlarımı kar edirəm,

gözlərimi yumuram ki,

sükut qar kimi

sözlərimin üzərinə çöksün.

Qar kimi.

Və sən bu şeirin davamını

ağ oxuyasan...

 

Fars dilindən tərcümə: Məsiağa MƏHƏMMƏDİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!