Vislava Şimborska (1923-2012) - XX əsrin görkəmli polyak şairlərindəndir; 1996-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layıq görülüb. Yaradıcılığı üçün fəlsəfilik, mənəvi problemlərin araşdırılması, tövbəkarlıq və refleksivlik, ani və əbədi olanın, varlıq və yoxluğun əlaqələri xasdır; qrotesk və ironiya, lakonik məcaz və təşbehlər yaradıcılığının başlıca xüsusiyyətləridir.
Üç əsrarəngiz söz
"Gələcək" sözünü söyləmək bəs edir ki,
ilk hecanın keçmişə gömüldüyünü görəsən.
"Sükut" sözünü söyləmək bəs edir ki,
onu həmin andaca pozasan.
"Heç nə" deyirəm
və heç bir varlığa uyuşmayan "heç nə" baş verir.
Bacım üçün tərif dolu sözlər
Bacım şeir yazmır
və yəqin ki, bundan sonra şeir yazmayacaq da.
Anam da yazmırdı, ona oxşayıb,
bir az da atama, o da heç vaxt şeir yazmayıb.
Bacımın evində özümü rahat hiss edirəm:
əri dünya dağılsa belə şeir yazmayacaq.
Hərçənd bu, Adam Makedonskinin əsərinə bənzəyir,
amma olsun, qohumlarımdan heç biri şeir yazmayıb.
Nə köhnə şeir taparsan dolabında,
nə də təzə yazılmışı çantasında.
Nahara dəvət edəndə isə arxayınam:
oxunmaz bircə şeir belə süfrə arxasında.
Bacımın şorbaları həmişə sadəcə dadlıdır,
kofesi də əlyazmalara heç vaxt dağılmır.
Çoxlu ailələr var ki, orda şeir yazmırlar,
olsa-olsa, bəlkə də kimsə bir nəfər.
Hərdən poeziya nəsillərin şəlaləsitək tökülür ki,
bu da dəhşətli burulğanlar yaradır - belədi qarşılıqlı hisslər.
Bacım danışmağın əsl hekayə ustasıdır,
yazarlığı açıqcalardan və qısa mətnlərdən olasıdır -
adətən səfər vaxtı göndərər, səyahətdə,
eyni sözlərlə:
gələn kimi
hər şeyi,
hər şeyi
mütləq danışacaq.
Vyetnam
Qadın, adın nədir? - Bilmirəm.
Neçə yaşın var, hardansan? - Bilmirəm.
Bu yuvanı niyə qazırdın? - Bilmirəm.
Kimdən gizlənirsən? - Bilmirəm.
Barmağımı niyə dişləyirsən? - Bilmirəm.
Bilirsən axı, səni incitmərik?! - Bilmirəm.
Kimin tərəfindəsən? - Bilmirəm.
Müharibə gedir, bilməlisən axı... - Bilmirəm.
Hardadır kəndin? Salamatdırmı? - Bilmirəm.
Bunlar sənin uşaqlarındı? - Mənimdi.
Qoca professor
Zaman haqqında soruşdum:
cavan idik, sadəlövh, ağılsız,
çılğın, hazırlıqsız idik bir vaxtlar...
Azacıq nəsə qalıb, cavanlıqdan başqa, - dedi.
İnsan üçün nəyin yaxşı,
nəyin pis olduğunu yenə bilirmi, soruşdum.
Bu yalnışların ən ölümcülüdür, - dedi.
Gələcək barədə soruşdum,
yenə hər şeyi aydın görürmü.
Çoxlu tarix kitabı oxuyub, - dedi.
Yazı masasındakı çərçivəli fotonu soruşdum.
Vardılar, yox oldular. Qardaşım, əmioğlum,
qardaşımın arvadı, arvadım, arvadımın qucağında
qızım, qızımın qucağında pişiyi,
çiçək açmış albalı,
albalının üzərində isə
naməlum uçan quş, - dedi.
Xoşbəxt olurmu soruşdum.
İşləyirəm, - dedi.
Qalırlarmı hələ, dostları soruşdum.
Bir neçə keçmiş köməkçim
və onların da keçmiş köməkçisi,
xidmətçi pani Lüdmila,
çox, olduqca yaxın biri, amma xaricdədir,
həmişə gülümsəyən iki ktabxana işçisi,
qarşı tərəfdəki mənzildən Qrişa,
bir də Mark Avreli, - dedi.
Səhhətini, əhvalını soruşdum.
Kofe, araq, tütün,
bir də ağır xatirələri və əşyaları daşımaq
qadağan edilibdi, - dedi.
Özümü elə aparıram ki,
guya eşitmirəm.
Bağçanı, bağçadakı oturacağı soruşdum.
Axşamın aydınlığında səmaya baxıram.
heyrətlənirəm, orda nə qədər
nəzər nöqtəsi var - dedi.
Terrorçu
Bardakı bomba on üç iyirmidə partlayacaq.
İndi on üç on altıdır.
Hələ gələn olacaq.
Bəziləri gedəcək də.
Terrorçu küçəni əks tərəfə keçdi.
Bu onu hər cür xoşagəlməzlikdən qoruyacaq,
sanki kinodasan, elə dayan, bax.
Sarı gödəkçəli qadın içəri girir.
Qara eynəkli kişi çıxır.
Cinc geymiş uşaqlar söhbətləşirlər.
On üç on yeddidir, bir də dörd saniyə.
Bax e, bəxti varmış balacanın, motorollerinə əyləşir,
ucaboylu isə içəri keçir, baxsana.
On üç on yeddi və qırx saniyə.
Saçına yaşıl sancaq taxmış qız gəlir.
Avtobus onu görünməz edir, qəfil qarşısını kəsir.
On üç on səkkiz.
Qız görünmür.
Axmaq qız girdimi içəri, girmədimi,
içəridəkiləri çıxaranda biləcəyik.
On üç on qoqquz.
Nəsə heç kim girmir.
Əvəzində gombul, keçəl biri çıxır.
Ciblərini eşələyir gərək ki,
on üç iyirmiyə iyirmi saniyə qalmış
milət əlcəkləri üçün geri qayıdır.
Budur, on üç iyirmi.
Zaman artıq sürünür.
İndilərdə olmalıydı.
Yox, vaxtı deyil.
Hə, indi.
Bomba partlayır.
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!