Şeirlər - Robert VALZER

Əllinci yaş günü

 

Aprel ayında gözəl landşaftlı bir

şəhərcikdə doğuldum və orda

məktəbə getdim; müəllimlərlə rahiblər

məndən razı idi. İllər keçdi,

mən bankda işə düzəldim.

Sonra bəzi şəhərləri gəzdim - Bazel, Ştutqart

və Sürix. Burda gözəl və mehriban bir

qadınla tanış oldum, o, gah şəhərdə yaşayırdı,

gah təbiət qoynunda - xətri necə istəyirdisə

və o mənim diqqətimi Henrix Heyneyə cəlb etdi,

əlbəttə, Heynenin yaradıcılığını çox sonralar

layiqincə qiymətləndirə bildim.

O qadının adını ancaq mən bilirəm,

amma bu sirlilik məni bu qədər

sevindirirsə, onda onun adını nə üçün çəkməliyəm?

Müxtəlif yerlərdə işlədim,

məmnuniyyətlə iş yerlərimi dəyişdim,

təzə yer tapıb işlədim; bununla bərabər

fabriklərdə şeir yazdım,

o şeirləri sonra Bruno Kassirera nəşriyyatı

çap etdi, hətta bir az da təntənəli şəkildə.

Təxminən yeddi il Berlində

yaşadım, ciddi-cəhdlə proza yazdım,

sonra, cənab naşirlər daha mənə qonorar

ödəməyəndə İsveçrəyə - çoxlarının

dağlarına görə sevdiyi ölkəyə qayıtdım

və burda da ciddi-cəhdlə yazıçılığa

davam etmək niyyətində idim.

Bir də ayıldım ki, əlli yaşım tamam olub,

bunu mənə çallaşmış saçlarım xatırladır.

 

 

Siçan

 

Bir-iki gün qabaq evə gedəndə

yerdə siçan leşi gördüm.

İşə bax ha! - qışqırdım.

Nəfəs almır, ölüb?

Nə üçün qaçmır?

Yaşamağa macal tapmamış

həyatdan gedib.

Yaxşı, onda heç olmasa icazə ver

ömür yolunu təsvir edim.

Sən doğulanda yəqin,

təmtəraqlı sözlər deyilməyib,

heç xaç suyuna da salınmamısan.

Səni məktəbə göndərməyiblər

və müəllimlər də can qoymayıb

təhsil almağın üçün.

Elə birinci gündən həyatda

yolunu tapmağa çalışmısan.

Elmə, təhsilə və tərbiyəyə

qalanda isə

onlarsız da keçinmək olar.

İdmanla məşğul olmamısan,

piano və rəqs dərsi də almamısan.

Cəldsən - təbiətin belədir,

utanmağın nə olduğunu bilmirsən -

təbiətin belədir.

Heç ayaqqabının, şlyapanın və əlcəyin də

 nə olduğunu bilmirsən.

Həmişə eyni paltardasan.

Görəsən, sənin qardaşın, bacın,

əmin, xalauşağın var?

Ya da ərin?

Bu çətin suallara cavab

axtarmaq lazım deyil

yəqin ki.

Amma hər halda sən, əziz siçan,

heç vaxt heç nəyin qayğısını çəkməmisən.

Adamlar şübhə etməyə,

özünü üzməyə, dərk etməyə,

öz həyatını korlamağa meyillidir;

darıxmaq hissi onları

dəlilik həddinə çatdırır.

Sən həyatından razı idin,

heç nə fikirləşmirdin,

axı fikirləşmək, adətən

pis yerlərə aparıb çıxarır.

Məncə, sənin xəz üstündə

qaçmağı sevdiyini fikirləşməklə

səhv etmirəm, hə, siçan?

Yarpaq topası sənə ev idi

və daşların altında

uzanmaqdan həzz alırdın.

Adamların ayaqları altındakı otlar

sənin üçün böyük ağac idi,

hətta dovşan da sənə

azman kimi görünürdü.

Ən əsası isə pişiklərdən qorxurdun,

axı nə edirsən et,

problemlərdən qaçmaq olmur.

Səsin fitə oxşayırdı,

yerişin isə olduqca tələskən.

Sən nə almanca bilirdin,

nə fransızca, nə ingiliscə,

siçan dilində danışırdın -

o kifayət edirdi adi həyat üçün.

Heç vaxt işləməmişdin;

səyahətə də çıxmamışdın heç vaxt.

Nə olsun? Böyük tanrı

bütün yaratdıqları kimi, səni də

ovcunda saxlayırdı

və buludlar axıb gedirdi başının üstündən.

Di salamat qal! - bunu deyib

yoluma davam etdim.

 

 

Hekayə

 

Onu sevmədiyim an gəldi,

ya da bunu təsəvvür etdim,

sonra isə daha onu fikirləşməmək

xoşuma gəldi yəqin ki.

O mirvarili qız ağlında

heç belə şey tutmasa da,

bir dəfə mənə dedi: "Sən mənim ərimsən",

heç mən də buna inanmadım, amma hər halda

bütünlüklə onun idim; əgər gəzməyə çıxırdımsa,

özümə deyirdim: "O mənə icazə verib",

evdə də onun iradəsinə tabe idim.

Amma vəziyyət belə gətirdi ki,

heç o da məni saxlamadı,

mən axı ona bağlanıb,

ancaq ona tabe olmağa məcbur deyildim.

 

Tərcümə edəni: Həmid PİRİYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!