Pyedad Bonnet - Kolumbiya şairi, nasir, dramaturq və tərcüməçidir. 1951-ci ildə Antiokiyada, Amfali şəhərində anadan olub. Boqotada And Universitetində Humanitar elmlər fakültəsini bitirib; sonradan orda müəllim kimi fəaliyyətini davam etdirib. "Çevrə və kül" (1989), "Evdə heç kəs yoxdur" (1994), "Bu kədərli heyvan" (1996), "Günlərin yumağı" (1995), "Miraslar" (2008) və başqa şeir kitablarının müəllifidir. Kolumbiya Mədəniyyət Nazirliyinin Milli Poeziya Mükafatına (1994), Latın Dünyası Şairləri Mükafatına (2012) , Xose Lezam Lima Şeir Ödülünə (2014) və başqa ədəbiyyat mükafatlarına layiq görülüb. Poeziyanı yaradıcılığının əsas və vacib hissəsi hesab edir.
Günlərin yumağı
Bax burda, kor bir qəzəblə masanı döyəcləyirdi atam,
zərbdən şüşələr cingildəyirdi,
soyumuş şorbanın qabıq qoymuş səthi səyriyirdi.
Beləcə, mehriban pıçıltını tanımayan zərifliklə
böyüklərə hörməti anladır, qorxularını izhar edirdi atam.
Havadan asılı qalmışdı bizi ifşa edən barmağı,
sükut sözəbaxmayan qapı kimi
hönkürtümüzün qarşısını kəsmişdi.
İndi burda sidrdən masa və kətillərdi,
bir də kiminsə rahatlıq cəhdləridi,
o cümlədən yöndəmsiz meyvə səbətidir.
Uşaqlar hanı?
Onların atası və mehriban anaları hanı?
Qürubun şəfəqləri pəncərədən içəri keçir,
sürməyi qırmızıya dönür.
Bu lal-dinməz axşamda sükut elə qulaq deşir ki,
sanki Allah masaya yumruğunu çırpıb.
***
Atam anadan olan kimi qorxdu.
Ona elə həmin dəqiqə
kişilik borcunu xatırlatdılar,
qənaəti, işləməyi, dua eləməyi öyrətdilər.
Və beləcə, atam ləyaqətli adama çevrildi
(babam sağ olsaydı "əsl kişidir" söyləyərdi).
Amma necəsə zəncirli, buruntağlı itə çevrilmişdi,
qəlbinin dərinliyinə çəkilib gizlənmişdi
qorxusu atamın, mənim atamın.
Uşaqlıqda hər şeyə hüznlə tamaşa edərdi,
ağır və sübhün sakitliyi kimi təmiz ovucları idi
qocalıqdakı qazancı.
Bir də, bir də həmişə tənha idi, tənha.
Mən doğulan kimi narahat qəlbindəki hər şeyini
mənə bağışladı atam.
Hər şeyini, xüsusi bir nəvazişlə qorxusunu da.
Namuslu adam idi, hər səhər işə tələsirdi,
axşamları diksinirdi, bacardığı kimi gizlənirdi.
Özünə nisyə, kiçik bir ölüm də almışdı.
Çoxdandır baş çəkmirdi ona.
Amma borcunu ödəyirdi:
vaxtlı-vaxtında, ilbəil, unutmurdu,
namuslu, xeyirxah adam idi atam.
Çapıqlar
Çapıqlar, hətta ən dərini belə
əslində, çox gözəldi.
Hər biri bir ağrını xatırladır.
Və onların ötüb keçdiyini.
Yaddaş tikiş qoyur, yeri qalır,
ən yaxşı olmasa da,
ən etibarlı müalicədir.
Ağrını unutmayaq deyə, zaman
sağaltsa da, şikəst edir.
Yaşamaq uğrunda mübarizə
Dəniz xiyarında diqqətçəkən heç nə yoxdur,
bu heyvan (!) elə adı kimi yöndəmsizdir.
Nəhəng okeanın bumbuz soyuq dibində
hərəkətsiz, yorğun, çirkin
və əbədi olaraq qumsala gömülmüş,
bütün bu sualtı gözəlliklərdən xəbərsiz
və laqeyd şəkildə ömür sürür.
Bəllidir ki, yırtıcılar ona hücum edərkən
ölümcül təhlükəni duyan dəniz xiyarı
təkcə qarnındakı hər şeyi deyil,
öz içini belə qusur və
düşmən də bununla kifayətlənməli olur.
Bu təmizlənmə ayini onu ağrıdan xilas edir.
Yaşamaq üçün o öz-özünü boşaldır, düşkünləşdirir.
Özündən və başqalarından xilas olmaqla
varlıq beləcə qabıq qoyur.
Sonra isə dəniz xiyarı tədricən
öz içini yenidən bərpa edir, yenə də öz bildiyi kimi
suyun unudulmuş və sülh içindəki dibində yaşayır.
Yuxu görməyən adamlar barədə
Yuxu görməyən adamların sabahı təmiz olur -
təzə yuyulmuş küçələr kimi.
Düşmənlərinin qanı əllərinə bulaşmır,
şəhvət onlarn baxışlarını bulandırmır,
keçmiş sarıdan xiffətləri də olmur onların,
nə də dönüşü mümkün olmayanı
geri qaytarmaq üçün ağılsız cəhdləri də.
Yuxu görməyən adamlar utanğac, özlərini itirmiş,
öz düşüncələrinə qərq olmuş şəkildə gəzməzlər,
xatırə qırıntılarını toplamağı sevməzlər...
Heç kim onların keçmiş zamanların xatirə torlarını
güclə çəkən qocalar kimi yalnız onların özlərinə bəlli
və vacib olan şeylər barədə
bir nöqtəyə zillənib danışdıqlarını görə bilməz.
Amma hər necəsə
yuxu görməyən adamların ikinci həyatı var:
ola bilsin ki, yuxular qədər günahsız və gözəl deyil.
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!