"Mən hələ də adını sükutun içində eşidən bir sərsəriyəm..." - Şeirlər - Salvatore Kvazimodo

 

Kvazimodonun qızıl alması

Salvatore Kvazimodo (1901-1968) - italyan şairi, 1959-cu ilin Nobel mükafatçısıdır. 20 avqust 1901-ci ildə Siciliyada doğulub. Messina və Palermo Politexnik İnstitutunda təhsil alıb, 1938-ci ildən etibarən Milan Konservatoriyasında italyan ədəbiyyatını tədris edib.

Hermetizm məktəbinə aid olan şairin mətnləri incə ifadəliliklə fərqlənir, bu şeirlərdə şəxsi başlanğıc son dərəcə güclü şəkildə hiss edilir, belə ki, Kvazimodo daha çox fransız simvolizmi ilə bağlı bir isim kimi yadda qalıb. Kvazimodo bədii tərcümə ilə də ardıcıl şəkildə məşğul olub. İndiyə qədər də P.Nerudanın italyan dilinə ən yaxşı tərcüməçisi hesab edilir. Bundan başqa, Şekspirin dörd pyesini tərcümə edib. Onun "Yunan lirikası" toplusuna daxil olan tərcümələri möhtəşəmliyi ilə fərqlənir.

Salvatore Kvazimodonun şeirlərini ilk dəfə oxuyan hər kəs onların fərqli olduqlarını duyar; hiss edər ki, bu tipli mətnlər qarşısına heç zaman çıxmayıb. Demək, elə şeirlər var ki, başqa mətnlər kimi deyil, onlar bəlkə də oxucuların gözlərindən gizli qalmağı sevər, özləri seçib-sonaladıqları oxucunu tapmağa çalışarlar. Yəni sən nəyisə hiss edirsənsə, bunu səndən öncə və səndən daha gözəl hiss edən birini də nəzərə almaq lazımdır.

Bu mətnlərlə ilk ünsiyyət zamanı qəribə obraz axınını hiss edərsən, sanarsan ki, obrazlar məhz sən oxuduğun anda yaranır, yaxud hərəkətə gəlib səni istədikləri yerə apararlar. Onun lirikası incədən incə hisslərlə aşılanıb, bu təsvirdən bir az o yana adlaya bilsən, artıq dünyanın sonu, yoxluğun əvvəlini görə bilərsən, məhz bu mətnlər poeziyanın yerlə göylər arasında dayanıb hər şeyi, xırda bir pıçıltını da müşayiət etdiyini kəsdirərsən.  Başqa bir xətt də var: sən o şeirləri oxuduğun anda, yuxarıda bəllədiyimiz kimi, sənin təmasınla obrazların yaranması və hərəkətə gəlməsi xassəsi başqa bir cəhəti də qabardır: gerçəklik, həyatın sərt divarları, sanki gizli və mistik bir gücün əlləriylə mətnə gətirilir və dərhal da dağıdılıb yoxa çıxır. Bu oyun hisslərin, ürək döyüntülərinin son dərəcə orijinal şəkildə ifadəsini şərtləndirir. Şeirləri oxuyursan, onlarınm aşıladığı obrazları hiss edirsən, onların yanı-başında, yaxud arxasındakı gerçəklik divarlarını unudursan, bu üsul, gerçəkliyin mətndən mistik bir vasitə ilə dəf edilməsi oxucunu hiss və duyğulardan hörülmüş dünya ilə üz-üzə qoyur. Gerçəkliklə bu obrazlar arasında hansısa əlaqənin olmasını hiss etmirsən, bunun özü də həmin şeirləri çözmək yönündə müəyyən çətinliklər yaradır, bu şeirləri yarandıqları dildə oxumaq böyük zövq bəxş edir. Kvazimodonun təşbeh və metaforaları orijinal və bənzərsizdir. Bu şeirləri anlamaq üçün, belə deyək, başlanğıc hissin, ilk obrazın necə doğulması anını tutmalısan, əks təqdirdə şeirdəki məntiqdən baş açmaq çətin olar.

Simvolizmin ürəyinin başından axıb gələn bu obrazlar yan-yana düzüldükdə bəzən sənə elə gəlir ki, onlar ayrı-ayrı zamanların müşahidələridir və aralarında heç bir əlaqə yoxdur. Xarici gerçəkliyə marağın itməsi, onunla bağlılığın ən zəif nöqtədə qərar tutması şeirdə dərinlik ölçülərinin, dəruni aləmlərin sirlərinin obrazlara çevrilməsini şərtləndirib.

Kvazimodonun müharibəylə bağlı bir şeiri var, orda deyir ki, müharibə mənzərələri bizdən uzaqlaşdıqca onun iti süngüsü qəlbimizə daha dərindən batır, son zərbə kimi. Bu obrazda həm qaçılmazlıq var, müharibənin dəhşəti bütün çalarları ilə verilir, həm də ölkəni, vətəni sevməyin hər zaman yeni həyat, yeni dünya üçün başlanğıc olması incə şəkildə ifadə olunur.

Təqdim etdiyimiz tərcümələrin içində ilk şeir də vətənə həsr edilib.

Cavanşir YUSİFLİ

 

 

 

Salvatore Kvazimodo

 

Səndən başqa kimim var, ürəyim

 

Sənə olan eşqim dərddə batırır məni,

Ah, torpağım mənim, axşam

portağalların,

qızılı dəfnə yarpaqlarının

mübhəm ətrini hiss etdirəndə,

bir də o çağın şehi,

dağ çayı özüylə

qızılgüllərin ətrini

dodaqlarına qədər gətirir.

Ancaq nə vaxt ki, sənin sahillərinə yan alıram

şirin bir səs - bülbül səsi

küçələrin birindən qalxdımı, qorxu bürüyür məni

bilmirəm uşaqlığımmı, eşqmi toxunacaq mənə,

yaxud özgə səmaların qüssəsi

İtmiş şeylərin arasında gizlənirəm...

 

 

Güzgü

 

Budur, budaqlarda

Tumurcuqlar açılır,

Qəlbi sökülür tumurcuqların

təptəzə otların yaşılı

ürəyə su səpir,

sığallayır ürəyi,

gövdəsi ölmüş kimidir

hansısa çuxura yıxılıb, sanki...

 

Hər şeyi möcüzə kimi qəbul edirəm,

Mən buluddan düşən bir damcı suyam,

Bircə damcı -

Bir əlçim mavi səmanı

arxın üzündə əks etdirir, göstərir,

tumurcuqlarda gizlənən yaşıllığam

keçən gecə

bağrı söküldü,

açıldı.

 

Arxasıüstə talada uzanan

çiçəkli qadın

 

Gecə yağışlarını gözlərkən

Sirr gətirdi özüylə,

yəni buludlar necə dəyişdi

beşiklərdən laylalar dalğa-dalğa

axıb getdi;

mənsə ölmüşdüm o zaman.

 

Göylə yerin arasındakı şəhər

sonuncu sığınacaq yerimdi,

hər tərəfdən keçmişin

qadınları səsimə hay verirdi,

anamsa cavanlaşmışdı

ehmalca qızılgülləri dərib

çələng hörürdü mənə.

Gecə qapının ağzını kəsdirmişdi,

uduzlar

qızılı xətlərin üstüylə

süzüb gedir, işıq saçırdılar,

birdən məni gördülər

gizləndiyim yerdə

açıq bağları xatırlatdılar

bir də həyatın mənasını.

Ancaq arxasıüstə

talada çiçəklərin arasında uzanmış qadının

təbəssümü öldürdü məni...

 

Yatmış çayların saflığı

 

Xoşbəxt limanlarda tapıram səni,

gecə üzən gəmidə,

göydəndüşmə, xoşbəxt saatda,

demək olar yeni sevincin istiliyində,

səssiz yaşamağın acı firavanlığında.

 

Bakirə cığırlar

yatmış çayların saflığını imtahana çəkər:

mən hələ də

adını sükutun içində eşidən

bir sərsəriyəm,

o zaman ki, onlar ölmüş adamları çağırarlar.

Ölümsə artıq

ürəkdə bir yer, bir məkan adıdır.

 

Əlvida

 

Vaxtın necə keçdiyini bilmədən

günəş batdı.

Axşam məkanın son şəfəqləriylə

işıqlanacaq indi

uzun və yorğun kölgəmi hiss edirəm.

 

Hava necə zərif, necə yüngüldü,

meh də gözəl, gözəllər gözəli,

adamın əli gəlmir

nəyisə dəyişdirsin

əbədiyyət necə var eləcə qalsın,

ürəkdə hönkürtünün kəsib doğradığı aman kimi.

 

Ancaq bu bir axşam, bu bir gecədir

sevdiyim həyat batıb gedir, qərq olur.

Gün gözəl idi, ancaq çəkib getdi.

Səni də şeirim, canımdan çıxarıb bir yana qoyum,

Sənə də son dəfə əlvida deyim.

 

Gecə əsgərlər ağlar

 

Nə xaç, nə Qolqof çəkici,

nə də uşaqlığın müqəddəs xatirələri

müharibəni dayandıra bilər,

gücləri çatmaz buna.

Gecə, ölümün bir addımlığında

bu güclü əsgərlər ağlar

çoxdan, sülh vaxtı öyrəndikləri

sözlərin qabağında heydən düşüb

ölərlər

adsız çayların göz yaşları

axdıqca axar...

 

Onu Tanrı bilirəm

 

Onu Tanrı bilirəm

Sənin yanında olanı deyirəm

ağzını açdınmı

səsini elə gözəl dinlər ki...

 

Və gülər bir aşiq kimi. Birdən

onu görər-görməz ürəyim

sinəmdə tərpənər, səsin

 

dilimdə azıb qalar, sustalıb qalar.

Dəli bir alov dərimi bürüyər,

gözlərim qaralar, qanın hay-harayı

qulaqlarıma çatar...

 

Qan-tər içində əsirəm

solub-saralmış ot kimiyəm

vəcdlə ölümə doğru gedirəm.

 

Bu şirin alma

 

Bu şirin alma

ağacın təpəsində,

yarpaqların arasında

qızarır, hər gün bir az da şirinləşir

ağacın lap kəlləsində,

alma dərənlər unudublar onu

yox, yox, unutmayıblar,

ancaq hədər,

onu dərmək

kimsəyə nəsib olmaz...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!